Vətən
torpağı uğrunda mübarizənin ön sırasında
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev istər ölkə
ictimaiyyətinin nümayəndələri, istər xarici
ölkələrin dövlət başçıları ilə
görüşlərində, istərsə də
ayrı-ayrı beynəlxalq təşkilatlardakı
çıxışlarında dönə-dönə
vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi
beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
olunmalıdır. Bu, Azərbaycanın birmənalı və dəyişməz
mövqeyidir, Azərbaycanın ərazi
bütövlüyü məsələsi hər hansı
danışığın mövzusu ola bilməz. Hazırda
Ermənistanın ölkəmizə təcavüzü nəticəsində
yaranmış bu münaqişənin həlli istiqamətində
ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə
danışıqlar davam etdirilir və sülh prosesi
açıq-aşkar Azərbaycanın mövqe
üstünlüyü şəraitində aparılır.
Amma
bir həqiqət də var ki, məhz bu məqsəd - Azərbaycanın
ərazi bütövlüyü və suverenliyinin qorunub
saxlanması uğrunda birinci Qarabağ müharibəsi illərində
xalqımızın ən qeyrətli, ən mübariz
oğulları canlarını fəda ediblər. Doğrudur,
erməni təcavüzünün başlandığı ilk
günlərdən başlayaraq atəşkəs
razılaşmasının əldə olunduğu 1994-cü
ilin mayınadək bütün Ermənistan-Azərbaycan cəbhəsi
boyu Vətənimizin sadiq keşikçiləri düşmənə
cəsarətlə müqavimət göstəriblər, ancaq
təəssüf ki, müharibənin birinci mərhələsi
torpaqlarımızın 20 faizinin Ermənistanın
işğalı altına düşməsi ilə nəticələnib.
Özünün güclü havadarlarına arxalanan, yeri gəldikcə
onların ən müasir hərb maşınının
köməyindən istifadə edən nankor və xəyanətkar
ermənilər Dağlıq Qarabağı və onun ətrafındakı
yeddi rayonumuzu zəbt etməyə nail olublar.
Dövlət
müstəqilliyini yenicə bərpa etmiş, hələ ordu
quruculuğu məsələlərinə lazımınca diqqət
yetirə bilməmiş Azərbaycan Respublikası isə
Qarabağ cəbhəsində dişinə qədər
silahlanmış amansız və qəddar düşmənlə
üz-üzə qalsa da, müqavimət əzmini
sındırmayıb. Azərbaycanın vətənpərvər
oğulları doğma torpaqların müdafiəsinə
qalxıblar. İlk mərhələdə könüllülərdən
ibarət hərbi dəstələr şəklində
formalaşmış Milli Ordumuz bir sıra cəbhələrdə
düşmənə layiqli cavab verib, hətta bütün
Dağlıq Qarabağ ərazisini yağılardan təmizləməyə
az qala müvəffəq olub. Təəssüf ki, müxtəlif
səbəblər üzündən sonradan bir çox
mövqelər yenidən düşmənə təslim edilib,
arada çoxlu şəhidlər verməli olmuşuq.
Azərbaycan
torpaqlarının bütövlüyü uğrunda şəhid
olmuş vətənpərvər oğullarımızdan biri də
Nəsib Mikayıl oğlu Məlikovdur. O, 1994-cü il
sentyabrın 11-də qəhrəmancasına həlak olub. Bu il
şəhidin ölümündən 17 il keçir. Anası
Lətifə Xəlilova, demək olar ki, hər gün
oğlunun Şəhidlər Xiyabanında olan məzarına
baş çəkir, hər il oğlunun ölüm
günündə onun xatirəsini yad etməyi özünə
borc bilir.
Nəsib
Məlikov 1969-cu il yanvarın 8-də Bakıda anadan olub.
1988-1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi
xidmətdə olub. Sonrakı həyatını da hərb
işinə bağlamaq istəyərək Azərbaycan
Müdafiə Nazirliyinin Bakı ətrafındakı hərbi
hissələrindən birində kiçik komandir kimi xidmətə
başlayıb. Bu günlərdə redaksiyamızda olan
anası Lətifə xanım bildirdi ki, Nəsib fiziki cəhətdən
sağlam, uca boylu, enli kürəkli, eyni zamanda, mənəvi
cəhətcə mətanətli, cəsur bir gənc olub. Elə
bu xüsusiyyətlərinə görə Müdafiə
Nazirliyi 1992-ci ildə onu hərbi təhsilini davam etdirmək
üçün qardaş Türkiyə Respublikasına
göndərib. Nəsib Məlikov Ankara Hərbi
Akademiyasında mükəmməl hərbi təhsil alıb, türk
hərbçilərindən hərb elminin sirlərini öyrənib.
Akademiyanı müvəffəqiyyətlə başa vuraraq Azərbaycana
qayıdıb və doğma Vətənində xidmətini
davam etdirib.
Nəsibin
hərbi xidmətinin əsas dövrü Ermənistan-Azərbaycan
cəbhəsində qızğın döyüşlərin
getdiyi zamana təsadüf edib. Azərbaycan Prezidenti Heydər Əliyevin
hakimiyyətə ikinci dəfə qayıdışından
sonra ordumuzun əsgərləri düşmənə
qarşı daha böyük inamla döyüşürdülər.
Hətta cəbhənin bəzi istiqamətlərində ciddi qələbələr
də əldə olunub, bəzi şəhər və kəndlərimiz
işğaldan azad edilib. Tükiyədə hərbi təhsil
almış Nəsib Məlikov da bu və ya digər cəbhələrdə
döyüşlərin fəal iştirakçısı
olub.
Nəsib
Qarabağın azadlığı uğunda döyüşlərə
Ağdərə cəbhəsində qoşulub. Bu cəbhədə
qəhrəman Azərbaycan oğulları həm düşmənin
ərazilərimizin daxilinə doğru irəliləməsinin
qarşısını alır, həm də ona ağır zərbələr
endirirdi. Türk hərb sənətinin dərinliklərinə
yaxşı bələd olan Nəsib də erməni hərbi
birləşmələrinə dəfələrlə istər
ağır texnika, istərsə də canlı qüvvə cəhətdən
ciddi zərbələr endirib, onu ağır itkilər verməyə
məcbur edib. O, özünün qorxmazlığı və
şücaəti ilə bir neçə döyüşdə
fərqlənib. Qazanılmış mövqeləri axıradək
əldə saxlamaq, yaralanmış döyüş
yoldaşlarını düşmənə əsir
düşməkdən xilas etmək üçün Nəsib
sinəsini sipər etməyi bacarır, eyni zamanda, bəzən
fiziki imkanlarına, uca boyuna, qüvvətli qollarına güvənərək
az qala ölümlə oynamaqdan qorxmurdu. Elə bu
ehtiyatsızlığı üzündən döyüşlərin
birində - 1994-cü ilin sentyabrında o, nankor düşmən
gülləsinə tuş gəldi...
Sonradan
Vətən bu cəsur oğlunun xatirəsini əbədiləşdirməyi
unutmadı. Hazırda Bakının Sabunçu rayonundakı
küçələrdən biri Nəsib Məlikovun
adını daşıyır. Ankara Hərbi
Akademiyasındakı şəhidlər lövhəsində Nəsibin
də şəkli bərq vurur. Ən vacibi isə Nəsib
kimi mərd oğulların Vətən yolunda candan keçərək
yeni nəsillər üçün unudulmaz örnək
qoymasıdır. Bu cür qəhrəmanlıq nümunələri
ikinci Qarabağ döyüşlərində bizə çox
lazım olacaq...
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2011.- 10 sentyabr.- S.
6.