Su dəyirmanları
Ötənlərimizdən,
itənlərimizdən...
Xalqımızın məişət mədəniyyəti
tarixində min illər boyu su dəyirmanlarının
özünəməxsus yeri olub. Dünyada baş verən
elmi-texniki tərəqqi öküz-at qüvvəsi ilə
cüt-kotanı, oraq-mərəndi ilə taxıl
biçinini, xırmanlarda vəl-carcarla heşan
döyümünü aradan qaldırmış traktor, kombayn
özü ilə yeniliyə meydan açmışdır. Təbiidir
ki, daha primitiv üsulla - cüt-kotanın, vəlin, yaxud su dəyirmanlarının
gücü ilə indi milyonlarla insanın taxıl məhsullarına
olan gündəlik tələbatını ödəmək
mümkün deyildir. Müasir elektrik taxıl məhsulları
emalı müəssisələri, dəyirman-elevatorlar dənin
üyüdülüb çeşidlənməsini tələbat
üzrə bir göz qırpımında tamamilə ödəyir.
Təkcə Naxçıvanda gün ərzində 450-500 tonadək
taxıl məhsulları məhz belə emal müəssisələrində
üyüdülür.
Bəs
əsrlər boyu xalqımızın məişətinin
ayrılmaz hissəsi kimi tarixə düşmüş,
bugünkü nəsillərin çoxunun görmədiyi,
haqqında təsəvvürü belə olmayan su dəyirmanları
insanların həyatında nə kimi rol oynamışdır?
...Culfa
rayonunun Kırna kəndində unudulub yaddan
çıxmış su dəyirmanı bu yaxınlarda
dövlət qayğısı ilə bərpa edilib yenidən
camaatın istifadəsinə verilmişdir. Muxtar respublikada digər
su dəyirmanlarının da bərpasına diqqət yetirilməsi
əhaliyə, xüsusən yaşlı nəslin nümayəndələrinə
böyük sevinc gətirmişdir. Radio, televiziya və mətbuatın
olmadığı dövrlərdə su dəyirmanları,
xırmanlar, kənd meydanları, bazar-dükanlar həm də
informasiya mərkəzi rolunu oynamışdır. Qonşu kəndlərdə,
mahallarda nə yeniliklər olubsa, məhz bu yerlərdə əhalinin
ünsiyyəti ilə yayılıb.
Su dəyirmanlarına
el arasında "Şeytan karxanası" da deyilir. Karxana
kiçik müəssisə deməkdir: daş karxanası,
duz karxanası, kərpic karxanası bu qəbildəndir. Belə
rəvayət edirlər ki, Nuh peyğəmbər dəyirman
düzəldirmiş. Birdən şeytan böyürdən
çıxıb soruşur:
- Nə
düzəldirsən, ya peyğəmbər?
Peyğəmbər
deyir: - Dəyirmandı, ay şeytan. Bax, bu novudu, bu pəridi,
bunlar alt və üst daşlarıdı, bu dənliyi, o da
unluğudu, dən tökülən şiyranı əlimlə
tərpədirəm ki, daşın boğazına dən gəlsin.
Şeytan
dəyirmandan eşiyə çıxır, əlində bir
taxta qolçası ilə qayıdıb Nuh peyğəmbərə
deyir:
- Al,
bu da məndən. Adı da olsun çax-çax, bağla dən
tökülən şiyrana, bir ucunu da qoy hərlənən
daşın üstə, daş fırlandıqca dəni
daşın boğazına gətirəcək, ta əlinlə
ipi tərpətməyə ehtiyac qalmayacaq.
O gün, bu gün dəyirmana "Şeytan karxanası" da deyirlər. Hələ bu harasıdı? Toyxanalara da "Şeytan karxanası" deyilir. Bəzən toylarda qalmaqal, qovğa olanda bu kəlam işlədilir. Çünki başqa bir rəvayətdə deyilir ki, Dədə Qorqud qopuzu, sazı düzəltmiş, ancaq onların səs dəyişən pərdəsi olmamışdır. Şeytan Dədə Qorquda sazın pərdəsini öyrətmişdir. Odur ki, toy şənliklərində həmişə intizamı gözləyən oğullara etibar edirlər ki, şuluq salan olmasın, dava-dalaş düşməsin.
Su dəyirmanları, adətən, sulu çeşmələrin yatağından bir qədər kənarda, sel tutmayan yerlərdə tikilər. İndiki metal, azbest boru olmayan əyyamlarda ox kimi düz söyüd-qələmə ağacları kəsilər, qol-budağı təmizlənib 10-12 metr uzunluğunda nov düzəldilərdi. Əvvəlcə kərki ilə ağacın bir üzü başabaş iki qarış enində yonulardı. İçərisi səliqəli dülgərin əli ilə iskənədən keçirilib hamarlanardı. Sonra ağac qolçaları ilə novun üzü bərkinərdi. Dəyirmanın saz işləməsində novun uzunluğu əsas şərtdi.
Şahbuzun Keçili kəndində 90 il ömür sürmüş dəyirmançı, dülgər və dəmirçi işləyən Yaqub babanın bir gün Şuşaya yolu düşür. Baxır ki, su dəyirmanının novu çox uzun, ayaqdan pərə su tökülən yeri isə armudu stəkan ağzı tutumunda dar olduğundan hətta az miqdar su ilə güclü təzyiq yaranır və dəyirman daşı dəni əhəng kimi üyüdür. Gəlib Keçilidə işləyən altı dəyirmanın hamısının novlarını təzədən düzəldir. Gödək nov az təzyiq yaradar, dəyirman zəif işləyər. Buna el arasında "sərənov" deyilər.
Dəyirmanın alt daşı tərpənməz olar, üst daş fırlanar. Bunun üçün bəzi polad qatlı oxun üst ucu fırlanan daşa "təvər" deyilən alətlə birləşər. Oxun su pərini fırladan alt ucuna hər daş dözməz. Ağırlıq "püst" adlanan həmin oxa düşdüyündən polad qatı bərk olan duppanda oyuq açılıb püstün ayağı həmin oyuğa qoyulur. El arasında buna "nəcara" deyilir. Suyun novda təzyiqi gücləndikcə su pəri daşın fırlanma sürətini artırır. Təzyiq düşəndə daş da zəif fırlanır, dəni yaxşı üyütmür. Bütün güc "püst", "təvər"ə düşür. Bəzən bir adamı təbdən çıxaranda məsəldi, deyərlər: "Dəyirman kimi, püstdən, təvərdən çıxıb". Odur ki, dəyirman çox sürətlə işləyəndə bəzən təvər püstdən çıxır, daş oynağı dəyirmanı uçura bilər. Ustalar buna da əncam çəkiblər. "Davana" deyilən pərgar yeri daşı qaldırıb endirməklə dəyirmanın "köpünü" alır, fırlanmanın sürətini normaya endirir.
Ölkəmizə təbii sərvətləri uca Tanrı böyük səxavətlə verib. Culfa rayonundakı Darı dağ dünyada təkcə yeraltı qaynar müalicəvi suyunun yüksək təzyiqlə çağlaması ilə məşhur deyildir. Ərdəbildən, Təbrizdən, Urmiyadan ta Dərbəndə, Qarsa, Ərzurumadək su dəyirmanlarında işlədilən daşların gen-bol yatağı məhz Darı dağdadır.
Ərəfsə kəndində Cəlil baba
yaşayırdı. Pələng
biləkli, enli kürəkli, uca boylu idi. Boy-buxununa
görə yeməyi və işləməyi də vardı.
Qonşu Ləkətağ kəndində qonaq
olarkən mənə Cəlil kişinin 40 ildən çox dəyirman
daşını tək-tənha kəsərkən min illik dədə-baba
üsulunu necə yaşatmasından söhbət
açdılar. O, hər daşı bir öküzə,
inəyə, ya da bir köhlən ata dəyişərmiş.
Daş yatağında dəyirman
daşının ölçüsünü tutub iti alətlərlə
daşın dairəvi yerini açarmış. Üzbəüz altı, səkkiz yerdən çəpəndaz
oyuq açıb oraya quru söyüd çivləri
çalarmış. Sonra da yataqları su
ilə doldurarmış. Quru söyüd
çivləri suda şişdikcə təzyiq göstərib
daşı yatağından oynadıb qopararmış. Usta deyərmiş ki, bu illər ərzində kəsdiyi
hər yüz daşdan cəmi ikisi-üçü ortadan
sınarmış. Qalanların
hamısı yatağından salamat qoparmış. Kəsilən daşın ortasına boğazlıq
açar, zəncirlə, ya da möhkəm kəndirlə
daşı öküz sürütməsi ilə aparılacaq
yerə gətirərmişlər. Qiymətini
behləşib neçə böyun öküz qoşqusu ilə
mahaldan-mahala sürüyüb apararmışlar.
Su dəyirmanlarının öz üstünlükləri
vardı. Əgər dünyanın müasir elektrik taxıl
emalı müəssisələri dənin qabığı
alınmaqla nişasta hissəsini una çevirirsə, kəpəyi
ayrıca fraksiya kimi mal-qara yeminə ayırırsa, su dəyirmanı
arpa, buğda, çovdar, darı, vələmir, nə gəldisə,
hamısını bütöv üyüdür. İpək nənələr təndiri
çatıb lavaş, yuxa, qalın, dəstana, tapı,
yarımoxlov, səngəh, sacəppəyi kimi atlını
atdan salan əsl pəhriz çörəkləri bişirərdilər.
Məhz su dəyirmanlarında üyüdülmüş undan
100 il çörək yeyənlərdə
"şəkər xəstəliyi"ndən əsər-əlamət
belə olmamışdır. Sən demə, su dəyirmanı
əsl sağlamlıq mənbəyidir. Su
dəyirmanının unundan tutulan xəmirin kündəsi təndirdə
küt gedəndə də onun dadı damaqdan getmir.
Dədə-babadan hamamdı, dəlləkxanadı, bir də
su dəyirmanıdı - burada nobat (növbə - red) tutarlar,
halaypozanlıq salmazlar. Dəyirmançı üyüdülən
dənin çəkisinə görə "şahad"
alar. Bəzən kasıbçılıq dövrlərində
1 çərək (4 kq), 1 batman (8 kq), 1 pud (16 kq), yaxud
bütov soyulmuş keçi dərisindən olan
dağarcığa (15-20 kq) görə dən gətirəni
nobatda nəzərə alarmışlar, buna el arasında
"ağnağar" deyilər. Hətta dəyirmançı
elan edərmiş ki, bəs filan gün
"ağnağar"dı, kimin az
miqdarda nə dəni varsa gətirsin, üyüdüb yola
salaq. Bu da insaf- mürvətdən soraq verərmiş.
Dəyirman daşı 15-20 gündən bir
düşürülüb dişənər. Bu zaman dəyirmançı
linglərin köməyi ilə üst daşı
qaldırıb iki daşın arasına uşaq
yastığı irilikdə arxası nisbətən
nazilmiş qarağac parçası qoyar. Buna
"gillan" deyilir. Gillanın köməyi
ilə daş qaldırılıb boğazına qarağac
lingi salınaraq ehmalca unluğa salınar. Dəyirmançı iti alətlə daşı mərkəzdən
kənara doğru narın şırımlar aça-aça
dişəyər ki, daş dəni yaxşı
üyütsün, dişəkdən düşəndə dəni
yarmaça edir. Hətta, qoca adamlar bir-biri ilə
görüşüb əhval tutanda soruşarlar:
- Dəyirman
necədi, dişəkdən düşməyib ki? Yəni dişin necədi, bir şey yeyə bilirsənmi?
Dişənmiş daşı əvvəlki
üsulla, gillanın köməyi ilə yerinə qaytararlar.
Dən üyüdülər, daşınıb
evlərdə taxta unluğa yığılar. Taxta unluq unu ilboyu saf saxlar. Elə ki, dəyirmanda
dən qurtardı, dəyirmançı kəndin axar-baxar
yerinə çıxıb, əlini qulağının dibinə
apararaq var gücü ilə çağırar:
- Ay dəən,
ay dəən!!!
Bu sədadan o saat kənddə xəbər tutarlar ki, dəyirmanda
fürsət var, dən aparaq. Dəyirmanda
qış vaxtı daşdan kiçik çəlvərə
düzəldərlər. Belə çəlvərədə
düşən közdə daşa fətir yaparlar. Dənər inək yağında
soğançalı xəmirdən kündə tutub fətir
yaparlar. Qıpqırmızı qızarar,
dadından doymaq olmaz. Hətta, birinin
sağlamlığı soruşulanda deyərlər:
-
Maşallah, qıp-qırmızı fətir kimidi.
Dəyirmanla
bağlı atalar sözləri də var:
- Dəyirman
öz bildiyini edər, çax-çax baş ağrıdar.
- Söz
dəyirmandakıdı (keçəl Həmzə ilə
Koroğlunun əhvalatı).
- Dəyirmanın
boğazına ölü salsan diri çıxar.
- Suyu
sovulmuş dəyirman kimidi.
-
Üstümü unlu görüb, dəyirmançı bilir.
Su dəyirmanları həm də elatın şenlik yeri
olub. Bir
gülməcənin də yeri gəlib:
Deyir bir xırsızın gözü fağır bir dəyirmançını
yaman almışdı. Dəyirmana dən gətirəndə o, əlindəki
söyüd ağacına tumar çəkə-çəkə
səsini qaldırarmış:
-
Söyüd, sənə verirəm öyüd, yetirdin dəyirmana,
dəni nobatsız üyüt! Deyib də
yazıq dəyirmançını tutarmış
söyüd şallağına. Dəyirmançı
o saat qorxudan gəlib xırsızın at-qatır
yükünü açar, dəni dəyirmana daşıyar,
papağı ilə dənliyi, unluğu
silib-süpürüb, dənini üyüdüb onu tez yola
salarmış.
Bir
gün yenə xırsız at-qatırı yükləyib dəyirmana
gəlir və başlayır deməyə: - Söyüd, sənə
verirəm öyüd, yetirdin dəyirmana, dəni nobatsız
üyüt!
Baxır ki, bu dəfə dəyirmançı onun
pişvazına çıxmadı, yükü
açmadı, kisələri daşımadı. Əlində
söyüd ağacı qeyzlə girir dəyirmana. Görür dəyirmançı, yanında da bir dən
sahibi uzanıb yatıb. Dəyirmançını tutur
şallağa, ikinci adam məsələdən
hali olunca xırsız bir-ikisini də ona çəkir. Sən demə, bu dəfə dən üyüdən
tərəkəmə imiş, yanında da zoğal
ağacı. Tərəkəmə yerdən
qalxıb tez sırıqlısını qoluna bəlgə
edir. Çəkib zoğal
ağacını xırsızın boynunun kökünə
birini ilişdirir. Vurub uzadır unluğun
qabağına. Haçandan-haçana
xırsızın huşu özünə gəlir. Ayılıb baxır ki, əlindəki söyüd
ağacı da sınıb, qalıb talaşası.
Söyüdün sınıq yerini öpə-öpə
deyir:
-
Söyüd, sənə verirəm öyüd, gəldin dəyirmana,
neynək, qoy qabağa düşsün zoğal, zoğaldan
sonra sən üyüt, üyütdün də tez qayıt...
Qədim su dəyirmanlarımız xalqımızın
miras qalmış canlı abidələridir. Naxçıvan
çuxurunun Milas, Bist, Kolanı, Keçili, Kükü,
Qızıl, Qışlaq, Buzqov, Nehrəm, Xal-xal, Vayxır, Mərəlik,
Külüs, Qarabağlar, Aralıq, Qarxun, Tənənəm
kimi yaşayış məntəqələrində 3-4, bəzən
5-6 su dəyirmanı olub.
Güney Qışlaqlı 72 yaşlı Qələndər
Təhməzov deyir ki, kəndimizdə üç su dəyirmanı
var idi. Camaat tonlarla çöl armudu qurudardı. Payızda dəyirmançılar car çəkərdilər
ki, bəs bu gün armud günüdür. Armudu
üyüdərdilər qovat kimi, bal
dadardı. Ciblərimizi doldurub yeyərdik.
Arpa buğda ununun gözünə
qatılıb təndirdə yapılanda ətri kəndi
bürüyürdü. Özü də
neçə-neçə dərdin dərmanı.
Su dəyirmanları el-obanın gün-güzəran yeri
kimi, tarixdə dəfələrlə camaatı
aclığın girdabından xilas edib. Müasir dəyirmanlarla
yanaşı, unudulmuş su dəyirmanlarının bərpası
da vacibdir. Öncə pəhriz müalicəsi
mənbəyi kimi.
Unutqanlıqdan uçulub-sökülmüş su dəyirmanlarından
xalq şairi Məmməd Arazın doğulduğu Nursu kəndində
də olub. Şair bərk xəstələnmişdi. Nənnisi, beşiyi qalan kəndinə gələ
bilmirdi. Bir gün Şahbuz
dağlarının şah çiçəklərindən
bir dəstə tutub ona ərmağan göndərdim. Təbii
ki, çiçək arasında söz payı da var idi:
İşləmir
dəyirman, suyu sovrulub,
Dişəkdən düşübdü, daşı
ovulub.
Çax-çaxı,
pəri muzeyə qoyulub,
Ta yoxdu
nobatı bil, Məmməd Araz.
Yel baba
xırmanı nəzərdən salıb,
Vəllərin mürgüsü heşanda qalıb.
Heybədən,
çantadan çiyninə salıb,
Yemliyə, turşəngə gəl, Məmməd Araz.
Bu yaxınlarda Kırna kəndində qədim su dəyirmanının
bərpası və açılışı münasibətilə
keçirilən tədbirdə iştirak etdim. Neçə
onilliklər boyu insanlara xidmət etmiş qədim su dəyirmanı
əvvəlki şövq ilə işləməyə
başladı. Atalar sözüdü: Su gələn arxa
bir də gələr!
Regionların sosial inkişafı tarixi abidələrimizin
hamısına yeni həyat verir. Təki, su dəyirmanlarımıza
da yeni nəfəs verilsin, qəribsədiyimiz dəyirmançılarımızın
səsi gəlsin:
Çünki
oldun dəyirmançı,
Çağır
gəlsin dən, Koroğlu!
Qaşdar ƏLİYEV,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü, fenoloq,
Naxçıvan Muxtar Respublikası,
Şahbuz rayonu
Xalq qəzeti.- 2011.- 11 sentyabr.- S.
6.