Müstəqilliyimizin
bərpasının 20 illiyi . Müstəqilliyimiz
qürur mənbəyimizdir
Azərbaycan
dövlət müstəqilliyini yenidən bərpa etdikdən
sonra tarixi hadisələrlə zəngin olmuşdur. İyirmi
il müstəqillik yolunda inamla, qətiyyətlə irəliləyən
ölkəmiz artıq dünyanın inkişaf etmiş
dövlətləri sırasına qoşulub. SSRİ-nin
süqutundan sonra müstəqillik əldə etmiş müttəfiq
respublikalarla müqayisədə Azərbaycan sürətlə
inkişaf etmiş, bəzi sahələr üzrə təkcə
regionda deyil, dünyada öncül yerlərdə olmuşdur.
Bu uğurlar ildən-ilə daha da artmış, əhəmiyyətli
islahatlar aparılmış və ölkəmiz
iqtisadiyyatın inkişaf tempinə görə dünyada lider
dövlətə çevirilmişdir. Azərbaycanın
müstəqillik tarixində yaddaşlara birdəfəlik həkk
olunan çoxlu sayda əlamətdar hadisələr baş
vermişdir. Belə tarixi hadisələrdən biri də Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin yenidən
bərpasının iyirminci ildönümüdür.
Müstəqilliyimiz
qürur mənbəyimizdir. Hər birimiz - dünyada
yaşayan bütün azərbaycanlılar müstəqil Azərbaycanın
qazandığı uğurlarla fəxr edir, ölkəmizin
beynəlxalq aləmdəki nüfuzunun daha da yüksəlməsi,
mövqelərinin möhkəmlənməsi və dünyada
söz sahibi olması üçün bütün imkanlardan
istifadə edirik. Əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuş siyasi və iqtisadi
strategiyanın möhtərəm Prezidentimiz İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın
beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirmiş,
ölkəmizin iqtisadi qüdrətini, gücünü
artırmışdır.
1991-ci
il oktyabrın 18-də Azərbaycanın öz müstəqilliyini
yenidən bərpa etməsindən ötən iyirmi il ərzində
ölkəmizin inkişafı kəşməkeşli yollardan
keçmiş, bəzən müstəqilliyini itirmək təhlükəsi
ilə üzləşmişdir. SSRİ-nin
dağılması ilə müstəqil milli dövlətçiliyin
qurulması üçün tarixi bir şans qazanmış Azərbaycan
idarəetmədə naşı olan rəhbərlərin cəsarətsizliyi,
qeyri-prinsipial mövqe nümayiş etdirməsi nəticəsində
ciddi problemlərlə qarşılaşmışdı. Həmin
dövrdə baş verən hadisələr, həm daxildə,
həm də qlobal geosiyasi konteksdə cərəyan edən
ictimai-siyasi proseslər müstəqilliyimizin ilk illərində
hakimiyyətdə olan şəxslərdə
çaşqınlıq yaratmış, onların
qeyri-yetkinliyi və dövlət idarəçiliyindəki səriştəsizliyi
vətəndaş qarşıdurması yaratmışdır.
Ölkədə baş qaldırmış xaos, anarxiya və
özbaşınalıq getdikcə daha geniş vüsət
alır, XX əsrin əvvəlində qurulmuş Azərbaycan
Xalq Cümhuriyyəti dövrünün ibrət
götürülməmiş mənfi təzahürlərinin
təkrarlanması təhlükəsi yaranırdı. O
dövrdə də - 1918-ci il may ayının 28-də Azərbaycan
öz istiqlaliyyətini elan etdikdən sonra bir sıra obyektiv və
subyektiv səbəblər üzündən müstəqilliyimiz
davamlı olmadı. Cəmi 23 ay yaşayan Azərbaycan Xalq
Cümhuriyyətinin uzunmüddətli olmamasının səbəblərindən
biri də xalqı arxasınca sona qədər aparmağa qadir
olan liderin yoxluğu idi. Söz yox ki, XIX-XX əsrin tarixi zaman
kəsiyində bir sıra milli klassiklər və görkəmli
maarifçilər azərbaycanlıların milli mənlik
şüurunun oyanışında böyük rol
oynadılar. Hətta onlardan bəziləri həm də
müstəqil Azərbaycan dövlətinin
yaradılmasının təməlini qoymuşlar.
Azərbaycan Demokratik Respublikasının yaradılması tarixdə bu insanların adı ilə qalacaq. Lakin tarix sübut etmişdir ki, hər zaman xalqı arxasınca apara bilən liderin olması ən vacib şərtlərdəndir. Yalnız belə bir lider - xalqın inandığı, etibar etdiyi, dövlət idarəçiliyində zəngin təcrübəsi olan müdrik şəxsiyyət qarşıya çıxan problemlərin aradan qaldırılmasında düzgün seçim edir və xalq düçar olduğu ağır bəlalardan qurtulur. 1993-cü ildə Azərbaycan xalqı öz nicat yolunu ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etməsində tapdı.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" elmi əsərində yazır: "Tarix sübut etmişdir ki, dövlətin, cəmiyyətin və qlobal proseslərin inkişafını müəyyən edən başlıca amillərdən biri şəxsiyyət fenomenidir. Tarixi proseslərə obyektiv surətdə təsir göstərən bütün başqa amillər konkret ictimai-siyasi, geosiyasi, sosial-iqtisadi şəraitdən asılıdır. Şəxsiyyətin rolu isə prioritet kimi çıxış edir, çünki məhz konkret şəxsiyyət özünün fəaliyyəti və qəbul etdiyi qərarlarla xalqların, dövlətlərin tarixinə və dünya nizamına təsir göstərə bilər. Bəşəriyyətə ən qədim zamanlardan bəri çox görkəmli insanlar, şəxsiyyətlər məlumdur, dünya tarixinin ayrı-ayrı dövrləri, bütöv epoxalar, millətlərin keçmişi və bu günü onların adı ilə bağlıdır. Bu tarixi şəxsiyyətlər öz əməlləri ilə xalqların həyatında o qədər dərin iz qoyurlar ki, millətin və dövlətin inkişafının həmin dövrü konkret görkəmli siyasi şəxsiyyətlərin ideyalarının təcəssümünün nəticəsi kimi onların adları ilə səciyyələndirilir.
Bir çox xalqların tarixi təcrübəsi milli tarixin böhranlı zaman kəsiyində məhz müəyyən şəxsiyyətin sayəsində ölkədə vəziyyətin necə dəyişməsinə, həyati əhəmiyyətli məqsədlərə nail olmaq üçün cəmiyyətin və onun ən yaxşı nümayəndələrinin sıx birləşməsinə dair parlaq misallarla zəngindir. Bu baxımdan nisbətən yaxın tarixdən misallar göstərmək olar. Mustafa Kamal Atatürk və 1920-ci illərdə müasir Türkiyə Cümhuriyyətinin yaradılması; Konrad Adenauer və müharibə nəticəsində dağıdılmış Almaniya Federativ Respublikasının 1950-ci illərdə bərpası; Şarl de Qoll və 1960-cı illərdəki narahat Fransa; Li Kuan Yu və 1965-ci ildə Sinqapurun yaranması; Franklin Ruzvelt və 1930-1940-cı illərdə ABŞ-ın timsalında dünya hegemonunun formalaşması.
Azərbaycan xalqının ən yeni tarixində belə bir şəxsiyyət ümummilli lider Heydər Əliyev - sözün həqiqi mənasında millətin və dövlətçiliyin xilaskarı olan insan öz cəsarəti, təcrübəsi və işləri ilə indiyəqədərki bütün dəyərlər və siyasi oriyentirlər sisteminin fövqünə ucalmış şəxsiyyət olmuşdur. Heydər Əliyevi tarixi şəxsiyyətlər sırasına çıxaran, vətəndaş və siyasi hünəri müxtəlif təhdidlərə və təqiblərə rəğmən siyasətə qayıtmaq və Azərbaycanın taleyini öz əlinə almaq qətiyyətindən ibarət idi".
1993-cü ilin yayından Azərbaycan müstəqillik tarixində yeni mərhələyə qədəm qoydu. Ulu öndərin rəhbərliyi altında ölkədə genişmiqyaslı işlərin həyata keçirilməsinə başlandı. Nəzərdə tutulmuş işlərin icrasından ötrü ilk növbədə davamlı ictimai-siyasi sabitlik yaradılmalı, demokratik islahatlar aparılmalı, müstəqil dövlət kimi tanınmaq istiqamətində beynəlxalq qurumlarla əməkdaşlıq etməli, dünya birliyinə inteqrasiya olunmaq əsas şərtlərdən idi. Ulu öndər Ermənistanla atəşkəsə nail olduqdan sonra nəzərdə tutduğu proqramın yerinə yetirilməsi üçün gərgin fəaliyyətə başladı. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanmasına nail olmaqla Azərbaycanın beynəlxalq aləmdə mövqelərini xeyli möhkəmləndirdi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması ilə ölkədə hakimiyyət bölgüsünün qanuni-hüquqi əsasları bəyan olundu. Dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və referendum yolu ilə qəbul olunmuş Azərbaycanın Konstitusiyası beynəlxalq təşkilatların ekspertləri tərəfindən yüksək qiymətləndirildi. 2001-ci il yanvarın 26-da Azərbaycan Respublikası Avropanın və bütövlükdə dünyanın ən mötəbər təşkilatlarından biri olan Avropa Şurasına üzv qəbul edildi. Bununla da ölkəmiz dünyanın inkişaf etmiş aparıcı demokratik dövlətləri ailəsinin bərabərhüquqlu üzvü oldu. Bu, yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda demokratiya və hüquqi dövlət quruculuğu istiqamətində atdığı ardıcıl addımların sayəsində mümkün idi. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin, dövlət idarəçiliyindəki zəngin təcrübəsinin nəticəsidir ki, hazırda Azərbaycan dünyada sivil, demokratik, qanunun hakim olduğu bir dövlət, azad cəmiyyət kimi qəbul olunur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ulu öndərin həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində Ermənistanın işğalçı dövlət olması rəsmən öz təsdiqini tapdı. Münaqişənin kökləri barədə dünya birliyinə müfəssəl məlumat verən ulu öndər problemin ədalətli, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipləri çərçivəsində həlli üçün səylərini bir an da olsa əsirgəmədi. Bu istiqamətdə danışıqların aparılması ilə yanaşı, eyni zamanda, Azərbaycan Milli Ordusunun formalaşdırılması və gücləndirilməsinə də xüsusi diqqət yetirirdi. Ümumiyyətlə, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, əbədi olması və müstəqil ölkəmizin beynəlxalq aləmdə tanınması, əlaqələrinin genişlənməsi və möhkəmlənməsində xidmətləri o qədər çoxdur ki, saymaqla qurtaran deyil. Ulu öndərin xalq, Vətən qarşısında ən böyük xidmətlərindən biri də İlham Əliyev kimi praqmatik düşüncəli, məntiqli, geniş dünyagörüşə malik bir şəxsiyyəti yetirməsidir. Onun yarımçıq qalmış işləri bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir.
2003-cü ildə Azərbaycan öz tarixinin yeni mərhələsinə qədəm qoydu. Müstəqil milli dövlətçiliyin qorunub saxlanılması, eyni zamanda, dünya birliyinə inteqrasiyası Prezident İlham Əliyevin həyata keçirdiyi prioritet vəzifələrdən idi. İlham Əliyev 2003-cü il oktyabrın 31-də andiçmə mərasimində Azərbaycan xalqını çox ciddi şəkildə narahat edən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində qətiyyətli addımlar atılacağını söyləmişdir. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə Azərbaycanın iqtisadi, siyasi və mədəni sahələrdə qazandığı uğurlardan söhbət açmış, həyata keçirilmiş islahatların mahiyyəti barədə məlumat vermiş və qarşıda duran vəzifələri diqqətə çatdırmışdır. Azərbaycanın ən mühüm probleminə - Dağlıq Qarabağın işğal edilməsinə öz münasibətini bildirmişdir. Prezident İlham Əliyevin dünya birliyini münaqişənin nizamlanmasında "ikili standartlara" son qoymağa çağırışı çox ciddi bir mesaj olmuşdur. Dövlətimizin başçısı öz mövqeyini çox qətiyyətlə və cəsarətlə bildirərək demişdir: "Biz torpaqlarımızın işğal edilməsi ilə heç vaxt barışmayacağıq, Azərbaycan öz ərazilərini nəyin bahasına olursa-olsun, azad edəcəkdir".
2003-cü ilə qədər Azərbaycanda geniş xalq təbəqələrinin dövlət başçısının ətrafında sıx birləşməsi, müstəqilliyimizin əbədiyyətə çevirilməsində həmrəylik nümayiş etdirilməsi həyata keçirilən islahatlar nəticəsində daha da möhkəmləndirildi. Çünki Prezident İlham Əliyev ən əvvəl əhalinin maddi rifahının yaxşılaşdırılması və yüksəldilməsi, ölkənin hər bir vətəndaşının sosial probleminin aradan qaldırılması, insanları çox ciddi narahat edən yeni iş yerlərinin açılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirməyə başladı və strateji baxışlarını reallığa çevirdi. Ölkədə yaradılmış davamlı ictimai-siyasi sabitlik, dövlət başçısının cəsarətli, qətiyyətli, bəzən də reallığa hesablanmış riskli addımları xəyallarda əfsanə kimi qalan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini reallaşdırdı. Sonra isə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlanıldı. Azərbaycan öz təbii sərvətlərini heç bir ölkənin vasitəçiliyi olmadan dünya bazarlarına çıxarmaq imkanı qazandı. Bununla da ölkəmiz dünya birliyində öz mövqelərini daha da möhkəmləndirdi və iri infrastruktur layihələrin reallaşdırılmasında gücü, qüdrəti və təcrübəsi olan müstəqil dövlət imici qazandı.
Hələ 2004-cü ilin əvvəlində qəbul edilmiş və sonrakı dörd ildə həyata keçirilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı yeni iş yerlərinin açılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi və yoxsulluğun azaldılması sahəsində böyük rol oynadı. Proqram çərçivəsində qarşıya qoyulmuş bütün vəzifələr yerinə yetirildikdən sonra 2008-2013-cü illər üçün yeni Dövlət Proqramı qəbul edildi. Hazırda bu proqram da uğurla həyata keçirilir. Möhtərəm Prezidentimiz regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerinə yetirilməsi ilə şəxsən tanış olmaq üçün 2003-cü ildən bu vaxta qədər respublikanın 70-dən artıq rayon və şəhərinə 200-ə yaxın səfər etmişdir. Bu fakt dövlət başçımızın bölgələrin inkişafına, yeni iş yerlərinin yaradılmasına və əhalinin məşğulluğunun təmin olunmasına diqqət və qayğısının təzahürüdür.
Azərbaycan Prezidentinin iqtisadi strategiyanı düzgün müəyyənləşdirməsinin nəticəsi olaraq müasir Azərbaycanın qida məhsullarına olan tələbatının daxili istehsal hesabına təmin olunması artıq zərurətə çevrilib. Bu da ölkədə ərzaq bazarını genişləndirməyə şərait yaratmışdır. Ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə "2008-2015-ci illərdə əhalinin ərzaqla etibarlı təmin edilməsi üzrə Dövlət Proqramı"nın həyata keçirilməsinə başlanmışdır. Azərbaycan Prezidentinin təsdiqlədiyi Dövlət Proqramı ölkədə yoxsulluğun aradan qaldırılması və davamlı inkişafın təmin edilməsi, habelə regionların sosial-iqtisadi inkişafı üzrə əvvəlki dövlət proqramlarını uğurlu şəkildə tamamladı. Bu proqram aqrar, regional-iqtisadi və sosial siyasətdən ibarət uzun müddət üçün əhalinin həyat şəraitinin yaxşılaşdırılmasının möhkəm təməlini qoydu.
Azərbaycanın iqtisadi qüdrətinin, gücünün artması ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirmişdir. Dövlət başçımızın təşəbbüsü ilə irəli sürülmüş Azərbaycanın ilk orbital peykinin buraxılması layihəsi çərçivəsində işlər davam edir. Bu layihənin əhəmiyyətini qiymətləndirməmək olmaz. Çünki artıq Azərbaycan dünya miqyaslı layihələrin reallaşdırılmasında da özünü sınayır. Digər iri layihələrin reallaşdırılmasında qətiyyətlik nümayiş etdirərək böyük təcrübə qazanmış ölkəmizin ilk orbital peykin buraxılması layihəsini də uğurla tamamlayacağına şübhə ola bilməz. Bu layihə iqtisadiyyatdan daha çox informasiya baxımından əhəmiyyətlidir və Azərbaycanın müasir uğurlu ölkə statusunu təsdiqləyir.
Azərbaycanın müstəqilliyi dövründə gəncliyə, gənclərə həmişə diqqət və qayğı göstərilmiş, onların müasir dövrlə ayaqlaşmaları, hərtərəfli biliyə malik olmaları mükəmməl təhsil almaları və dünya birliyinə fəal inteqrasiyası üçün hər cür şərait yaradılıb. Həm ulu öndər Heydər Əliyev, həm də möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəyə rəhbərlik etdikləri dövrdə gənclərə daim qayğı göstərilmiş, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində bir-birindən əhəmiyyətli tədbirlər həyata keçirilmiş, müxtəlif dövlət proqramları təsdiqlənmişdir. Prezident İlham Əliyev 2011-ci ilin aprel ayında "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması haqqında sərəncam imzalamışdır. Bu dövlət Proqramı artıq təsdiq olunmuşdur. Onu da qeyd edək ki, vacib və əhəmiyyətli sənəd 2005-2009-cu illərdə ölkənin gənclər sektorunun inkişaf proqramının uğurla həyata keçirilməsinin məntiqi davamıdır. Dövlət aparatına, ictimai fəaliyyətə, dövlət müəssisələrinin idarə edilməsinə, elmi-tədqiqat fəaliyyətinə daha çox gənclərin cəlb olunması Azərbaycan Prezidentinin həyata keçirdiyi uzunmüddətli kadr siyasətinin əsasını təşkil edir. Bu da ondan irəli gəlir ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra onun qorunub saxlanılması və davamlı olmasının əsas yükü gənclərin üzərinə düşmüşdür. Həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev bunu çox yüksək dəyərləndiriblər.
Prezident İlham Əliyevin ulu öndərin siyasi kursuna sadiqliyi, düşünülmüş daxili və xarici siyasəti, demokratik islahatlara böyük önəm verməsi, insan hüquq və azadlığının qorunmasında beynəlxalq aləmdə yüksək qiymətləndirilən qərarlar qəbul etməsi, milli-mənəvi dəyərlərimizin dünya miqyasında uğurlu təbliği, həmçinin İlham Əliyev şəxsiyyətinin fenomeni müasir Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da artırdı.
Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasının 20-ci ildönümünü böyük təntənə ilə qarşılamağa hazırlaşırıq. Bu bayramın respublikamızın bütün bölgələrində təmtəraqlı keçirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev 21 yanvar 2011-ci il tarixli sərəncam imzalayıb.
İyirmi il ərzində ölkəmiz tarixi əlamətdar hadisələrlə daha da zənginləşmiş, dünya miqyaslı nailiyyətlərə imza atmışdır. Bu müddət ərzində Azərbaycan dünyanın qüdrətli dövlətləri sırasına qoşulmuşdur. Təbii ki, Azərbaycanın inkişafı bu vaxta qədər qazanılmış uğurlarla kifayətlənməyəcək. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin məntiqli davamı müstəqil Azərbaycanın adını daha yüksəkliyə qaldıracaq.
Mirkazım KAZIMOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2011.- 11 sentyabr.- S.
4.