Azərbaycan
"Qlobal rəqabət indeksi"
reytinqində 87 ölkəni arxada qoymuşdur
Bu
gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə
görə ən öndə gedən dövlətlər
sırasındadır.Ölkəmizdə həyata keçirilən
çoxşaxəli islahatlar dövlətin
sütunlarını gücləndirərək vətəndaşların
rifah halının daha da yaxşılaşdırılması
üçün əsaslı baza formalaşdırmış,
respublikamızın beynəlxalq münasibətlər sistemindəki
mövqeyi möhkəmlənmişdir. Görülən
işlərin məntiqi yekunu olaraq, Azərbaycan beynəlxalq
qurumların hesabatlarında da islahatçı ölkə
kimi yerini tutmuşdur. Bu isə onu deməyə əsas verir
ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi
ilə uğurla reallaşdırılan siyasi kurs Azərbaycanı
böyük uğurlara aparan ən doğru yoldur. Heç də
təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən
respublikamızda həyata keçirilən sosial-iqtisadi
islahatların sürətlənməsi bu ilin ötən
aylarında da inkişaf dinamikasının möhkəmlənməsinə
səbəb olmuş, iqtisadiyyatın daha da güclənməsi
üçün əlverişli imkanlar yaratmışdır.
Azərbaycan
iqtisadiyyatının uğurlu inkişafı, onun davamlı
artımı, maliyyə ehtiyatlarımızın
çoxalması, konstruktiv borclanma siyasəti, habelə onun
böhrana qarşı nümayiş etdirdiyi
dayanıqlılıq beynəlxalq təşkilatlar tərəfindən
yüksək qiymətləndirilməkdədir. Dünyanın
nüfuzlu reytinq agentlikləri və maliyyə institutları
ötən ildə olduğu kimi, bu ildə də ölkəmizin
makroiqtisadi vəziyyəti barədə qənaətbəxş
qiymət verib, nikbin proqnozlarını açıqlayıb. Məsələn,
Davos İqtisadi Forumu çərçivəsində yenicə
işıq üzü görən "Qlobal rəqabət
indeksi"nin 2011-2012-ci illər üçün tərtib
edilmiş cədvəlində Azərbaycan 55-ci yerdə qərarlaşıb.
"Qlobal
rəqabət indeksi 2011-2012" hesabatına istinadən
verdiyi məlumata görə, ötən ilə nisbətən
Azərbaycan reytinqdə iki pillə irəliləyib.
Tərtib
edilmiş cədvələ ümumilikdə 142 ölkə
daxil edilib. Birinci yerdə İsveçrənin qərarlaşdığı
qlobal reytinq cədvəlində Ermənistan 92-ci yerdə
mövqe tutub. Azərbaycan indeksinə görə 87 ölkəni,
o cümlədən Türkiyə, Rusiya, Latviya, Slovakiya,
Qazaxıstan və bir sıra digər ölkələri də
geridə qoyub.
Qeyd
edək ki, "Qlobal rəqabət indeksi" müxtəlif
ölkələrin iqtisadi rəqabət qabiliyyətini müəyyən
edir. Bura müxtəlif meyarlar (ümumilikdə, 110 meyar), o
cümlədən, bu və ya digər ölkənin
makroiqtisadi göstəriciləri, infrastruktur, təhsil, rabitə
və digər sahələrin inkişaf səviyyəsi aiddir.
"Qlobal
rəqabət indeksi"ndə diqqət yetirilən məqamlardan
biri əhalinin sosial vəziyyətinin
yaxşılaşdırılması ilə
bağlıdır. Nəzərə alaq ki, bu sahədə son
illər bir sıra müsbət nəticələr əldə
edilmişdir. Faktlara diqqət yetirək. Son altı-yeddi ildə
ölkədə 2 mindən çox məktəb, 400-ə
yaxın tibb müəssisəsi, 29 Olimpiya idman mərkəzi
tikilib. Bölgələrdə yaradılan sosial infrastruktur,
xüsusilə müasir tələblər səviyyəsində
fəaliyyət göstərən səhiyyə müəssisələri
mühüm əhəmiyyət kəsb edir.
Əhalinin sosial müdafiəsi sahəsində mühüm uğurlar əldə edilmişdir. Sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəyə, o cümlədən əlillərə, veteranlara, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə xüsusi diqqət yetirilir. Son illərdə Bakı şəhərində 243 mənzilli 3, regionlarda isə 272 mənzilli 12 yaşayış binası və 200 fərdi yaşayış evi tikilmişdir. Bununla yanaşı, ölkə Prezidentinin iştirakı ilə qaçqın və məcburi köçkünlər üçün Qəbələdə 2 yaşayış binası və 188 şagird yerlik məktəb, Yevlaxda 612, Ağdamda isə 689 ailə üçün zəruri infrastruktura malik olan qəsəbələr istifadəyə verilmişdir.
2003-2010-cu illərdə və hazırda Azərbaycanın, demək olar ki, bütün rayonlarına səfərlər edən Prezident İlham Əliyev insan amilinə necə yüksək dəyər verdiyini, bütün fəaliyyətində vətəndaşların maraq və mənafeyini, firavanlığını uca tutduğunu təsdiqləmişdir. Prezident İlham Əliyev bildirmişdir: "İqtisadi inkişaf templərinə görə Azərbaycan son 7 il ərzində dünyada bənzəri olmayan sürətlə inkişaf etmişdir. İqtisadiyyatmız təxminən 3 dəfə artmışdır. Sənaye istehsalımız 3 dəfə yüksəlmiş, yoxsulluq 5 dəfə azalmışdır. Biz artıq böyük maliyyə imkanlarına malikik. İqtisadiyyatımız artıq çoxşaxəlidir.
Müstəqilliyimiz möhkəmlənir. İqtisadi imkanlarımız, regiondakı rolumuz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Eyni zamanda, ölkədə iqtisadi və sosial məsələlər öz həllini tapmaqdadır. Son 7 il ərzində büdcə xərclərimiz 12 dəfə artmışdır. Maaşlar, pensiyalar dəfələrlə artmışdır".
Sosial məsələlərin həlli daim dövlətin diqqət mərkəzindədir. Azərbaycanda həyata keçirilən ən ciddi sosial layihələrdən biri aztəminatlı vətəndaşlara ünvanlı sosial yardımları nəzərdə tutan xüsusi dövlət proqramının həyata keçirilməsidir. Ünvanlı sosial yardım sisteminin tətbiqi üçün ilkin tədbir kimi qanunvericilik bazası formalaşdırılmış, Milli Məclisdə "Ünvanlı sosial yardım haqqında" Azərbaycan Respublikasının Qanunu hazırlanaraq qüvvəyə minmişdir. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarı da mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Ehtiyac meyarının həddi 2008-ci il yanvarın 1-dən 45 manat, iyulun 1-dən 55 manat, 2009-cu il yanvarın 1-dən 60 manat, 2010-cu il yanvarın 1-dən 65 manat məbləğində təsdiq edilmişdir.
Azərbaycanın son illərdə büdcə zərfində sosialyönümlü xərclərin prioritetliyi iqtisadiyyatda bu sahənin üstünlüyünü bir daha təsdiqləyir. Bu siyasətin real nəticələri isə insanların gündəlik həyatında öz təcəssümünü tapır. Sosial sahəyə diqqətin ildən-ilə artırılması ölkə vətəndaşlarının rifah halının yüksəlməsi ilə nəticələnir. "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliklər Azərbaycanda həyata keçirilən sosial islahatların çox mühüm elementini ifadə edir və vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə inteqrasiyasının tamamlanmasına yönəldilmişdir. Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycan əmək pensiyasının baza hissəsinin məbləğinə görə MDB ölkələri arasında Qazaxıstandan sonra 2-ci yeri tutur. Beynəlxalq Pensiya və Sosial Fondları Assosiasiyasının məlumatına əsasən, hazırda MDB ölkələri arasında ilk üçlükdə Qazaxıstan (164,19 ABŞ dolları), Azərbaycan (108,07 ABŞ dolları), Rusiya (102,43 ABŞ dolları) qərarlaşmışlar.
Minimal pensiyanın məbləğinə görə, sonrakı yerlərdə Ukrayna (95,85 ABŞ dolları), Belarus (86,84 ABŞ dolları), Özbəkistan (64,42 ABŞ dolları), Moldova (56,55 ABŞ dolları), Gürcüstan (48,61 ABŞ dolları), Ermənistan (28,57 ABŞ dolları), Qırğızıstan (22,27 ABŞ dolları) və Tacikistandır (16,83 ABŞ dolları).
Baltikyanı ölkələrdə isə pensiyanın minimum məbləği belədir:
Estoniya 185,61 dollar, Litva
150,43 dollar, Latviya 101,64 dollar.
Dövlətimizin başçısının yürütdüyü sosial
islahatların əsas
istiqamətləri əhalinin
məşğulluğunun təmin
edilməsindən, yeni
iş yerlərinin açılmasından və
paralel olaraq sosial müdafiə məsələlərində ünvanlılıq
prinsipinə üstünlük
verilməsindən, aztəminatlı
ailələrin həyat
səviyyəsinin yüksəldilməsinə
şərait yaradılmasından
ibarətdir. Bu da öz səmərəsini
verir. Azərbaycanda əhalinin gəlirləri
2011-ci ilin ötən
aylarında da artıb. Belə ki, ötən
ilin müvafiq dövrü ilə müqayisədə əhalinin
gəlirləri 16 faiz
çoxalıb. Əhalinin
adambaşına düşən
gəlirləri 14,5, orta aylıq əməkhaqqı isə
12,5 faiz artmışdır.
"Qlobal rəqabət
indeksi"ndə nəzərə
alınan mühüm
cəhətlərdən biri
də uğurlu makroiqtisadi göstəricilərdir. Bu, Azərbaycanın son illərdəki
sosial-iqtisadi inkişafında
özünü aydın
büruzə verir.
Belə ki, ölkədə makroiqtisadi sabitlik, strateji valyuta ehtiyatlarının artımı
və səmərəli
istifadəsi, milli valyutanın sabitliyi təmin edilmiş, sahibkarlığa dövlət
dəstəyi gücləndirilmiş,
qeyri-neft sektorunun inkişaf sürəti neft sektorunu üstələmişdir. Uğurların əldə olunmasında
görülən işlərin
sistemliliyini təmin edən dövlət proqramlarının, xüsusilə
regionların sosial-iqtisadi
inkişafına dair hər iki proqramın
əhəmiyyətli rolu
danılmazdır. Yeri gəlmişkən,
burada bir məqamı qeyd etmək istərdik. Dövlətimizin başçısı İlham Əliyev ikinci regional proqramın icrasını da daim diqqət mərkəzində saxlayır,
mütəmadi şəkildə
yerlərdə olur, görülən işlərlə
ciddi şəkildə
maraqlanır, qarşılaşılan
problemlərin həlli
ilə bağlı konkret tapşırıqlar
verir.
Hazırda ikinci regional Dövlət Proqramında nəzərdə
tutulan bütün təxirəsalınmaz layihələr
öz həllini tapır. Hər il onların həllinə dövlət
büdcəsindən böyük
məbləğdə vəsait
ayrılır. 2013-cü ilə qədər Azərbaycanda əsas infrastruktur layihələrinin
başa çatması
nəzərdə tutulur.
Buraya yolların, su xətlərinin çəkilməsi,
qazlaşdırma, elektriklə
təchizat və digər infrastruktur layihələri daxildir.
Son iki ildə
ölkə iqtisadiyyatında
15 faiz artım müşahidə olunub.
Buna sözsüz ki, regionların inkişafına yönəldilmiş
proqramların icrası
da təkan verib. Azərbaycan iqtisadiyyatına sərmayə
qoyuluşu davam edir. Təkcə keçən il ölkə iqtisadiyyatına
15,5 milyard dollar sərmayə qoyulub. Sahibkarlara dövlət dəstəyi
nəticəsində özəl
sektor xeyli inkişaf edib. Bu gün iqtisadiyyatımızın
80 faizdən çoxu
özəl sektorda cəmləşib.
Ölkəmizin uzunmüddətli davamlı
inkişafını təmin
etmək məqsədilə
qarşıdakı illərdə
kompleks və sistemli proqramlar həyata keçiriləcək. 2011-2014-cü
illərdə ölkəmizin
valyuta ehtiyatlarının
möhkəmlənməsi üçün
etibarlı zəmin yaranacaq. Nüfuzlu beynəlxalq maliyyə
institutlarının proqnozlarına
görə, bölgədə
zəngin neft ölkələrindən olan
Azərbaycanın valyuta
ehtiyatları qarşıdakı
5 ildə əhəmiyyətli
dərəcədə artacaq.
Milli gəlirin dünya ölkələri üzrə
bölgüsünə görə,
Azərbaycanın mövqeyi
əhəmiyyətli dərəcədə
yüksələcək. Azərbaycan yaxın beşillikdə yüksək gəlirli ölkələr qrupuna daxil olacaq və
respublikamız regionun
ən inkişaf etmiş dövlətinə
çevriləcək.
Azərbaycanın iqtisadi inkişafında, ölkəmizin neft-qaz ixrac edən dövlət kimi tanınmasında, əhalinin
sosial rifahının yaxşılaşmasında neft
amilinin rolu danılmazdır. Azərbaycan Prezidenti İlham Əliyevin bu il sentyabrın
9-da Xəzərin "Abşeron"
blokunda yeni böyük qaz yatağının kəşfi
münasibətilə mətbuata
açıqlamasında da
bu məsələ öz ifadəsini tapmışdır. Dövlət
başçısı demişdir:
"Abşeron" yatağı
üzrə birinci beynəlxalq kontrakt 1997-ci ildə imzalanmışdır.
O vaxt görülən
işlər nəticə
verməmişdir və
2005-ci ildə kontrakta
xitam verilmişdir. Ancaq biz inanırdıq. Azərbaycan geoloqları,
Azərbaycan Dövlət
Neft Şirkətinin mütəxəssisləri inanırdılar
ki, "Abşeron"
yatağında məhsuldar
laylar vardır. Bu inam, eyni zamanda, xarici tərəfdaşlar tərəfindən
də ifadə edilmişdir. Bu qarşılıqlı
maraq əsasında
2009-cu ildə "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Abşeron"
yatağı üzrə
ikinci kontrakt imzalanmışdır. Bəlkə də
dünya praktikasında
bu çox nadir hallarda rast gəlinən
bir məsələdir
ki, bir yataq
üzrə ikinci dəfə də kontrakt imzalansın. Kəşfiyyat işləri hazırda
deməyə əsas verir ki, nəticə
də oldu. Bir daha demək istəyirəm ki, Abşeronda çox böyük qaz yatağı kəşf edilmişdir.
Bu bizə imkan verəcək ki, öz qaz strategiyamızı
daha da inamla
irəliyə aparaq, Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan xalqının
maraqlarını təmin
edək. Uzun müddət bundan
sonra, onilliklər bundan sonra Azərbaycan
qaz ixrac edən ölkə kimi dünya miqyasında özünü
göstərəcək və
bizim ölkə kimi əhəmiyyətimiz
şübhəsiz daha
da artacaqdır".
Prezident İlham Əliyev həmçinin demişdir
ki, bizim enerji siyasətimiz bir məqsədi - Azərbaycan xalqının
maraqlarını təmin
etmək və regional
əməkdaşlığı dərinləşdirmək məqsədini
güdür. Bu istiqamətdə
çox vacib addımlar atılmışdır.
Bu gün çoxşaxəli
enerji-nəqliyyat infrastrukturu,
yeddi neft-qaz kəməri vardır.
Bu gün Azərbaycan
nefti və qazı müxtəlif istiqamətlər üzrə
Avropa və dünya bazarlarına çatdırılır. Azərbaycan ənənəvi olaraq neft ölkəsi kimi tanınırdı.
Bu gün isə
Azərbaycan daha çox qaz ixrac edən ölkə kimi dünya üçün əhəmiyyətlidir. Ölkəmiz bu imkanlardan səmərəli şəkildə
istifadə edir.
Yeni inkişaf
mərhələsində makroiqtisadi
sabitlik qorunub saxlanılacaq, ölkənin
enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi
üçün sistemli
tədbirlər davam etdiriləcək, iqtisadiyyatın
diversifikasiyası genişləndirilməklə
neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək. Prezident
İlham Əliyevin bəyan etdiyi kimi, respublikamız qarşıdakı illərdə
güclü dövlət
kimi regionda söz sahibi olmaqla yanaşı, dünya iqtisadiyyatında da öz mövqeyini
daha da möhkəmləndirəcək:
"Çünki bütün
qəbul olunmuş proqramlar ona gətirib çıxarır
ki, Azərbaycan sürətlə, uğurla
inkişaf edir və yaxın zamanlarda dünyanın inkişaf etmiş ölkələri sırasına
daxil ediləcəkdir.
Beləliklə, biz ölkəmizin uzunmüddətli və dayanıqlı inkişafına
nail olacağıq".
Vaqif BAYRAMOV
Xalq qəzeti.-2011.- 11 sentyabr.- S. 1.