Qax: uğurlardan söz açmırlar, uğura yol açırlar

 

Demək olar ki, Azərbaycanın əksər kəndlərində olmuşam. Deməli, ölkəmizin bütün guşələrinə gedən yollardan keçmişəm. Çayların, kanalların, sututarların üstündə çox körpülər görmüşəm. 150, 200, 300 metrlik körpülər həm gözəlliyinə və möhkəmliyinə, həm də bölgə əhalisinin rahatlığının təmin olunmasına görə böyük əhəmiyyət kəsb edir. Hətta elə körpülər tikilib ki, ətraf kəndlərin sakinlərinin on illərdən bəri səkkiz-on kilometrlik yolu qət etmək üçün 40 kilometr dolanmasının qarşısını alıb. Yəni, körpülərimiz çoxdur. Şəhər nəqliyyatının hərəkətini nizamlamaq üçün tikilən yeni körpüləri də nəzərə alsaq, burada "çox" sözü də göstəricini tam ifadə etmir. Amma...

 

...Amma indiyədək mən hansısa bölgədə 700 metr uzunluğunda körpünün tikilməsi barədə heç nə yazmamışdım. "Heç nə oxumamışdım" ifadəsini ona görə dilimə, daha doğrusu, qələmə, gətirmirəm ki, bəlkə belə bir körpünün tikilməsi başqa bir bölgədə də planlaşdırılır. Qərəz, avqustun ortalarında Qaxda olarkən öyrəndim ki, Şəki və Qax şəhərlərini birləşdirən, uzun illər təmirsiz qaldığına görə az qala sıradan çıxan köhnə yol yenidən tikilir. Bəlkə də bu cümlə gündəlik həyatımız üçün adiləşən xəbərlərdən biri kimi qəbul edilə bilər. Çünki cəmi 35 kilometr uzunluğunda olan bir yolun yenidən çəkilməsi o qədər də qeyri-adi layihə deyil. Öyrənəndə ki, həmin yolun üzərində bir neçə körpü olacaq və Kürmük çayının üzərində uzunluğu 700 metr olan müasir körpü tikiləcək... doğrusu, heyrətlənmədim, sevindim. Çünki bu yol biz bölgə müxbirləri üçün də çoxsaylı yazıların mövzusuna çevriləcək.

Ümumiyyətlə, Qaxda olarkən qələmə alacağım yazının bir çox fraqmentlərini dəqiqləşdirmişdim. Sonradan daha aktual olan üç məqam ortaya çıxdı. Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin Armudlu kəndinin sakinləri ilə görüşməsi, "Azəryol Servis" Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə Türkiyənin "Polad" Yol Tikinti Şirkətinin Qax-Şəki yolunun yenidən çəkilməsinə başlaması və nəhayət, 2010-2011-ci dərs ilinin sonunda abituriyentlərin ali məktəblərə qəbul göstəricisi üzrə kənd rayonları arasında birinci yeri Qax rayonunun tutması. Əslində bu xəbərlərin hər biri ayrı-ayrılıqda yazı mövzusu idi. Buna baxmayaraq, biz nəinki həmin üç xəbəri, hətta Qaxda görüb-eşitdiklərimizin hamısını bir yazıda cəmləşdirmək qərarına gəldik. Əlbəttə, bir qədər geniş şəkildə söz açarkən də əvvəlcə yol məsələsindən başlamaq şərtiylə.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla yerinə yetirilməsi sayəsində ölkəmizin digər bölgələrində olduğu kimi, Qax rayonunda da tikinti-quruculuq işləri geniş vüsət alıb. Rayonda turizmin imkanlarından və aqrar sahənin potensialından daha səmərəli istifadə olunması üçün genişmiqyaslı işlər görülməkdədir. Bunlardan biri də daha böyük sosial-iqtisadi əhəmiyyət daşıyan müasir yol infrastrukturunun yaradılmasıdır. Son dövrlər istər rayondaxili yolların, istərsə də şəhərin küçələrinin yenidən qurularaq əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülməkdədir. Təkcə cari ilin ötən dövrü ərzində 16 saylı Yol İstismarı İdarəsi tərəfindən rayonda yolların saxlanmasına 279 min manat vəsait xərclənib. Qorağan-Qax-Zaqatala magistral avtomobil yolunun 21-23 kilometrində və Qax-İlisu-Sarıbaş yolunun 11-13 kilometrində asfalt örtüyün cari və əsaslı təmiri işləri aparılıb. Qorağan-Qax-Zaqatala magistral yolunun Qax-Güllük hissəsində yola 30 min kubmetr qum-çınqıl tökülmüş, Ləkit çayı üzərində körpünün tikintisinə başlanılıb. Bütün bu işlərə 300 min manat vəsait xərclənib. Qax-Qaxbaş yolu tamamilə yenidən inşa olunaraq genişləndirilib, ətrafı abadlaşdırılıb. İlisu kəndinin girəcəyində 1 kilometr uzunluğunda yol yenidən işlənərək genişləndirilir. İlisu kəndi ilə Sarıbaş kəndini birləşdirən yolda inşa olunmuş müasir körpü artıq istifadəyə hazırdır. İlin sonunadək Qax şəhərinin 8 küçəsində büdcə vəsaiti hesabına yolların əsaslı təmiri nəzərdə tutulur. Hazırda təmir işlərinə başlanıb.

Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən büdcədən abadlaşdırma üçün nəzərdə tutulmuş vəsait hesabına şəhərin 4 küçəsində, parkmeydanlarda abadlıq və təmir işləri nəzərdə tutulub və hazırda bu işlərə başlanılıb.

Yuxarıda qeyd etdiyimiz Qax-Şəki yolunun yenidən çəkilməsi isə bir il müddətində başa çatdırılacaq. Qısa müddətdə köhnə yoldayolun kənarında genişmiqyaslı torpaq işləri görülüb və çınqıl döşənməsinə başlanılıb.

Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin Armudlu kəndinin sakinləri ilə görüşü barədə eşidəndə elə bildim ki, rayon rəhbərinin görüşü kəndin problemləri ilə tanış olmaq məqsədi daşıyır. Armudluda isə məlum oldu ki, bu görüş Musa müəllimin kənd sakinləri ilə ikinci görüşüdür. O, sadəcə əvvəlki görüşdə sakinlərin qaldırdığı problemlərin aradan qaldırılmasının vəziyyəti ilə tanış olurmuş. İcra başçısının Qaşqaçay inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahin Ramazanov qeyd etdi ki, son görüşdə sakinlər tərəfindən qaldırılmış içməli su probleminin aradan qaldırılması və kənd yolunun təmir edilməsi məsələləri əsasən həll edilmişdir. Elə həmin problemlərin həll edilməsinin nəticəsidir ki, rayon rəhbərinin "daha hansı problemlər var?" - sualından sonra kənd sakinlərindən Bəxtiyar Ağayev, Bayram Məmmədov, Kamal Cəlilov və Tahirə Seyidəliyeva çıxış edərək yeni təkliflərini söylədilər. Onlar Qaşqaçay üzərində yeni körpünün tikilməsini, Qax-Qaşqaçay avtobus marşrutunun Armudlu kəndinədək uzadılmasını, kənddə daha müasir mağazanın tikilməsini təklif etdilər. Rayon rəhbəri sakinlərin təkliflərinin reallaşdırılması üçün yerindəcə konkret tapşırıqlar verdi. Qeyd olundu ki, rayonun bütün kəndləri kimi Armudluda da turizmin inkişaf etdirilməsi vacibdir.

... Əvvəllər insanlar bu qəbildən olan görüşləri sırf sosial-iqtisadi məsələ kimi qiymətləndirirdilər. Hər kəs çalışırdı ki, daha çox məsələ qaldırsın və daha çox layihənin reallaşdırılmasına nail olsun. İndi isə elə deyil. İndi açıq şəkildə məlum olur ki, hamıda bir vətəndaş təəssübkeşliyi formalaşıb. İnsanlar başçı ilə görüşə hansısa sosial problemin həlli üçün deyil, dövlətə, dövlət başçısına, dövlətçiliyə sədaqətin, inamın nümunəsi kimi gəlirlər. Bunu Armudluda eşitdiyim söhbətlər bir daha sübut edirdi.

Qaxda eşitdiyim mühüm xəbərlərdən biri də yuxarıda qeyd etdiyim kimi rayon təhsil şöbəsinin fəaliyyəti ilə bağlı idi. İlkin nəticələrə görə, bu rayon respublikanın kənd rayonları arasında orta məktəb məzunlarının ali məktəblərə qəbul olunmasında faiz etibarı ilə birinci yeri tutur. Tam orta məktəblərin onbirinci siniflərini bitirən məzunların 30 faizi, yəni 150 nəfəri ali məktəblərə qəbul olunub. Ötən il bu göstərici 134 nəfər idi. Ali məktəblərə qəbul olunanların 16 nəfəri 600-dən çox, 49 nəfəri isə 500-700 arası bal toplayıb. Şəhər 2 nömrəli məktəb-liseyin məzunu Polad Nəbiyev 671, şəhər 2 nömrəli məktəbin məzunu Məmmədcamal İsmayılzadə 667, Poladla eyni məktəbdən olan Leyla Məhəmmədli isə qəbul imtahanında 661 bal toplayıb. İndi bu məzunların uğurlarını dilə gətirmək asan, onların göstəriciləri ilə fəxr etmək isə qürurvericidir. Ancaq düşünəndə ki, bu göstəricilərin arxasında 11 illik müəllim zəhməti, 17-19 illik valideyn qayğısı dayanır, adam istər-istəməz bu gənclərin müəllimlərinə də, valideynlərinə də minnətdarlıq hissi ilə yaşayır. Bu məqamda rayon təhsil ictimaiyyətinin, xüsusən, fənn müəllimlərinin zəhməti daha yüksək qiymətləndirilməlidir.

Yeri gəlmişkən xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elan olunmuş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" respublika müsabiqəsində Qax rayonunun təhsil müəssisələri də fəal iştirak edirlər. Builki müsabiqənin yekunlarına görə şəhər 1 nömrəli tam orta məktəb respublikanın "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibləri sırasındadır. Şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nazlı İsmayılova isə "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərindəndir.

Bu gün Qaxda çox böyük tikinti-quruculuq və abadlıq işləri həyata keçirilir. Bu prosesi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası, Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi dövlət başçısının sərəncamı ilə elan olunmuş "Ekologiya ili", "Turizm ili" və digər bu kimi mühüm amillər daha da sürətləndirir. Rayon mərkəzində 4 mərtəbəli yaşayış kompleksinin, Qaxbaş kəndində 9 mərtəbəli yaşayış binasının, 2 mərtəbəli ticarət mərkəzinin, "El-resort" hotelinin 2 mərtəbəli konfrans zalının, İlisu kəndindəki Səngər Bulaq istirahət mərkəzində 4 mərtəbəli hotelin, Qarabaldır kəndində süd məhsulları emalı müəssisəsinin tikintisinin uğurla davam etdirilməsi həmin fikirlərin təsdiqi kimi qəbul edilir.

Tikintisinə yeni başlanan obyektlər çox olsa da, istifadəyə verilən binaqurğular da elə o qədərdir. Qaxbaş kəndində mehmanxananın, rayonlararası avtovağzalın, YAP-ın yeni inzibati binasının, Alatəmir kəndində "Qax Mineral Suları" zavodunun, Qapıçay çayından Güllük kəndinin əkin sahələrinin suvarılması üçün tikilən suötürücü stansiyanın, rayon mərkəzində və Əmbərçay kəndində baytarlıq laboratoriyalarının tikintisi başa çatdırılıb. Əmbərçay kəndində Qarabağ müharibəsi əlili üçün 2 otaqlı fərdi yaşayış evi də vətən müdafiəçisinin istifadəsinə verilib. Rayon elektrik şəbəkəsinin binası əsaslı təmir edilib, rayon baytarlıq idarəsi üçün isə yeni inzibati binanın tikintisinə başlanılıb. Fərdi mülkiyyətçilər də tikinti, quruculuq prosesində özünəməxsus söz sahibləridir. Bu il Qaxda məhz onların təşəbbüsü və vəsaiti ilə 65 fərdi ev, 13 sahibkarlıq obyekti tikilib.

"Qax yeni inkişaf mərhələsini yaşayır" deyənlər tamamilə haqlıdırlar. Çünki bu gün rayonda əhalinin dayanıqlı şəkildə elektrik enerjisi, təbii qaz, istilik və içməli su ilə təmin edilməsi üçün dövlətin qarşıya qoyduğu bütün tapşırıqlar yüksək səviyyədə yerinə yetirilir. Təhsil, səhiyyə, mədəniyyət, idman və rabitə müəssisələrinin fəaliyyəti günün tələbləri səviyyəsində qurulub. Ancaq rayon iqtisadiyyatının mühüm sahələrindən olan kənd təsərrüfatının inkişaf etdirilməsinə daha böyük diqqət və qayğı göstərilir. Ona görə də rayonda kənd təsərrüfatı məhsulları istehsalı manatla götürəndə sənaye məhsulu istehsalından təxminən on dəfə çoxdur. Bu göstəricidə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin, "Aqrotex" servis xidmətinin və MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yerli qurumlarının xidməti böyükdür.

...Bir qaxlı müəllim tanıyıram. Paytaxtda bir neçə ali məktəbdə və Əzim Əzimzadə adına rəssamlıq kollecində işləyib. Hazırda Dövlət Rəssamlıq Akademiyasında rəsm kafedrasının müdiri işləyən peşəkar heykəltaraş Soltan Hacıyevi deyirəm. Qaxın Qaxmuğal kəndindəndir. Qax Rayon İcra Hakimiyyətinin binasına xüsusi zinət verən - mərmərdən yonulmuş Heydər Əliyev portret-büstünün müəllifidir. Soltan müəllim deyir ki, Bakı bu gün dünyanın ən gözəl, ən ali inkişaf mərhələsinə çatmış şəhərlərindən biridir. Amma Qax məni hər gün, hər an özünə çəkir.

...Elədir, Soltan müəllim. Qax elə bizi də hər gün, hər an çəkir. Amma neyləyəsən, bizim taleyimizə paytaxtda yaşayıb bir neçə rayonda işləmək yazılıb. O da bəxtdəndir ki, həmin bir neçə rayonun biri elə Qaxdır.

P.S. Ötən həftə Qaxda gördüyüm bir lövhə heç zaman yadımdan çıxmayacaq. Müəllimlərin ənənəvi sentyabr konfransı 2 nömrəli orta məktəb-liseydə keçirilirdi. Konfransdan sonra məktəbin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxdıq. Onuncu sinif şagirdi Günel Muxtarova etnoqrafik bir nümunə - nənni hazırlamış və həmin nənniyə qlobus qoymuşdu. Üstü yarıya qədər örtülmüş qlobus nənnidə rahatca "yatmışdı". Planetə sülh, dünyaya əmin-amanlıq arzulamağın bundan yaxşı ifadəsinin olacağına inanmıram. Günel təkcə özünün yox, həm də bütün qaxlıların, hətta bütün azərbaycanlıların arzusunu ifadə etmişdi.

 

 

İlqar HƏSƏNOV

 

        Xalq qəzeti.- 2011.-13 sentyabr.- S. 6.