Tovuz yeni dərs
ilinə hazırdır
Yeni
dərs ili ərəfəsində Tovuzda olduq, bir sıra məktəblərə
baş çəkdik, təhsil ocaqlarının vəziyyəti
ilə maraqlandıq. Bəri başdan qeyd edək ki, son illər
rayonda təhsilin inkişafı ilə bağlı həyata
keçirilən tədbirlər, o cümlədən məktəblərin
maddi-texniki bazasının möhkəmləndirilməsi,
nizam-intizamın gücləndirilməsi, rayon icra hakimiyyətinin
və təhsil nazirliyinin, digər təşkilatların
qayğı və köməyi uğurlu nəticələr əldə
etməyə şərait yaratmışdır. Məsələn,
belə bir fakt diqqəti çəkir ki, bu il rayonun 1005 nəfər
məzunundan 638 nəfəri ali və orta ixtisas məktəblərinə
qəbul olunmuşdur.
Bu,
respublika üzrə çox yüksək göstəricilərdən
biridir. Onlardan 60 nəfəri müxtəlif ali hərbi məktəblərə
və hərbi liseyə daxil olanlardır. Yeri gəlmişkən,
qeyd edək ki, Tovuzda ali hərbi məktəblərə qəbulla
bağlı aparılan geniş izahat, təbliğat işi,
qazanılan təcrübə haqqında qəzetimizdə
ayrıca yazı dərc edilib. Rayon icra hakimiyyətinin
başçısı Tofiq Zeynalov bu məsələyə
özü nəzarət edir, yuxarı sinif şagirdləri,
onların valideynləri ilə görüşür, müxtəlif
tədbirlər həyata keçirir ki, bu da öz müsbət
səmərəsini verməkdədir və Tovuz respublikada həmin
işin təşkilinə görə öndə gedir.
Maraqlıdır ki, müstəqil Azərbaycanın təhsil tarixində ilk dəfə qızıl medala layiq görülən 37 nəfər məzundan biri Tovuzdakı M.Ələkbərov adına şəhər orta məktəbinin məzunu Sevinc Səmədzadədir. O, 690 bal toplayaraq respublikada ikinci ixtisas qrupu üzrə 690-700 bal toplayan 7 nəfərdən biri olmuş, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının beynəlxalq münasibətlər fakültəsinə daxil olmuşdur.
Ümumiyyətlə, bu il ali məktəblərə qəbul olunanlardan 16 nəfəri 600-dən, 67 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Son beş ildə rayondan ali məktəblərə qəbul olunanların sayı durmadan artır. Əgər 2006-2007-ci tədris ilində ali məktəbə sənəd vermiş 995 nəfərdən 312 nəfəri qəbul olunmuşdursa, bu il 1005 nəfərdən 487 nəfəri, başqa sözlə, təxminən yarısı tələbə adını qazanmışdır. Çox yüksək göstəricidir. Təbii ki, zəif məktəblər də var. Bunu doqquzuncu və onbirinci siniflərdə mərkəzləşmiş qaydada keçirilən imtahanın nəticələri də sübut edib. Məsələn, Ağbaşlar kənd tam orta məktəbini bitirən məzunların 40 faizi attestat almamış, qalanları isə heç biri ali məktəblərə daxil ola bilməmişdir. Qovlar qəsəbə 3 nömrəli məktəbdə də belə olmuşdur. Məktəb şagirdlərinin yarısı attestat almamış, ali məktəblərə imtahan verənlərdən isə heç biri tələbə adına layiq görülməmişdir. M.Musayev adına Əlimərdanlı kənd orta məktəbindən ali məktəbə sənəd verən 32 məzundan 30-u kənarda qalmışdır.
...Tovuzda 86 ümumtəhsil, o cümlədən 66 tam orta, 17 ümumi orta və 3 ibtidai məktəb fəaliyyət göstərir. Rayon təhsil şöbəsinin tabeçiliyində olan məktəbəqədər tərbiyə müəssisələrinin sayı isə 40-dır. Son yeddi ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Tovuzda 8 nəfər müəllim "Əməkdar müəllim", 3 nəfər müəllim "Tərəqqi" medalı ilə təltif edilmiş, təhsil nazirinin əmri ilə 9 nəfər müəllim "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuş, 4 nəfər müəllim Təhsil Nazirliyinin "Fəxri fərmanı", 4 nəfər müəllim isə nazirliyin "Təşəkkürnamə"sini almışdır.
2007-2008-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 19 avqust tarixli Sərəncamı ilə rayonun bir məktəbi "İlin ən yaxşı məktəbi" müsabiqəsinin, 3 nəfər müəllimi isə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qəlibi olmuşlar. 2009-2010-cu tədris ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu il 5 iyun tarixli Sərəncamı ilə rayonun A.S.Puşkin adına şəhər orta məktəbi "İlin ən yaxşı məktəbi" müsabiqəsinin, A.Hüseynov adına Aşağı Öysüzlü kənd orta məktəbinin coğrafiya müəllimi, "Tərəqqi medal"lı Həsənov İlqar Səlim oğlu "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşlar.
2010-2011-ci tədris ilində isə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 28 iyun tarixli Sərəncamı ilə rayonun M.Ələkbərov adına şəhər tam orta və Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbləri "İlin ən yaxşı məktəbi" müsabiqəsinin, M.Ələkbərov adına şəhər tam orta məktəbin riyaziyyat müəllimi Qasımov Rüfət Şəmşəd oğlu və A.S.Puşkin adına şəhər orta məktəbin ingilis dili müəllimi Abdiyeva Nuranə Xanoğlan qızı "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşlar.
Bütövlükdə ötən tədris ilində Tovuzda təhsil sahəsində qazanılan uğurların nəticəsi olaraq 2 məktəb, 4 müəllim, 2 məzun olmaqla 8 respublika səviyyəli nailiyyət Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiqlənmişdir.
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq rayonun məktəblərinə 625 kompyuter dəsti, 18 ədəd noutbuk verilmiş, beləliklə də 29 şagirdə 1 kompyuter nisbəti təmin edilmişdir. Rayonun ümumtəhsil məktəblərindən 12-si Təhsil Nazirliyinin internet şəbəkəsinə qoşulmuşdur.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi "Mədəd" humanitar təşkilatı ictimai birliyi ilə birgə Dövlət Proqramı çərçivəsində Tovuz rayonunun 262 nəfər orta ümumtəhsil məktəb direktoru, direktor müavini, kargüzar və tədris köməkçi heyəti işçiləri İKT-nin tədrisə tətbiqi sahəsində biliklərin əldə edilməsi məqsədi ilə 2010-cu il yanvar ayının 11-dən başlayaraq fevral ayının sonuna qədər "İnzibati-idarəetmə heyəti" təlim kurslarında iştirak etmişlər.
Bundan əlavə, həmin proqram çərçivəsində təhsil sisteminin pedaqoji heyətinin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş treninqlərə təlimçi qrupunun hazırlanması üçün 21 nəfər müəllim 6 günlük öyrədici treninqlərə cəlb olunmuşdur.
Son illərdə məktəblərin payız-qış mövsümündə qızdırılması sahəsində də bir sıra işlər görülmüşdür. Rayonun ümumtəhsil müəssisələrindən adi sobalardan istifadə etməklə 55 məktəb odun yanacağı ilə, 14 məktəb isə duru yanacaqla qızdırılır. Rayonun 17 məktəbi mərkəzləşdirilmiş istilik sistemi ilə qızdırılır. Rayonda olan 40 məktəbəqədər tərbiyə müəssisəsinin 10-u qazla, 30-u odun yanacağı il qızdırılır.
2010-2011-ci dərs ili ərəfəsində respublikada 9380 yerlik 26 məktəb istifadəyə verilmiş, 12 məktəb və 6 uşaq bağçası əsaslı təmir edilmişdir. 50-dən artıq rayonun ümumtəhsil məktəbinə 2009-2010-cu dərs ilində olduğu kimi, 27414 parta, 2315 yazı lövhəsi, 4313 müəllim stolu, 7662 müəllim stulu göndərilmişdir. 2011-2012-ci dərs ilini respublikada 12180 nəfər şagird yeni tikilmiş 47 məktəbdə qarşılayacaqdır. Bu sahədə Tovuzda da bir sıra işlər görülmüşdür. Belə ki, rayonun İsakənd kənd tam orta məktəbi üçün Dövlət Proqramı hesabına 180 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatmışdır və bu dərs ilindən istifadəyə veriləcəkdir.
Artıq rayonun X.Cəfərov adına Qazqulu kənd ümumi orta məktəbi üçün 80 şagird yerlik, M.Yusifov adına Məşədivəllər kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni binaların tikintisinə başlanmış, S.Kazımov adına Qovlar qəsəbə tam orta məktəbi üçün 640 şagird yerlik, N.Tusi adına şəhər tam orta məktəbi üçün 360 şagird yerlik yeni məktəb binalarının tikintisi üçün isə bütün sənədləşmə işləri hazırlanmışdır və yaxın günlərdə həmin məktəblərin də tikintisinə başlanacaqdır.
2011-2012-ci dərs ilində RTŞ-nin büdcə vəsaiti hesabına rayonun E.Bayramov adına Aşağı Ayıblı kənd tam orta və Qoşa kənd ümumi orta məktəbində əsaslı, 22 məktəbdə isə cari təmir işləri aparılmışdır.
...Tovuzda təhsilin inkişafı ilə bağlı çox iş görülüb. Rayon icra hakimiyyətinin diqqət və qayğısı, təhsil şöbəsinin tələbkarlığı xeyli müsbət irəliləyişlər əldə olunmasına kömək göstərib. Təbii ki, problemlər də az deyil və rayon təhsil şöbəsinin müdiri, respublikanın əməkdar müəllimi Şəmil Alıyev onları bu günlərdə keçirilən müəllimlərin konfransında diqqətə çatdırdı. Bildirdi ki, rayonda olan məktəbəqədər təhsil müəssisələri ikili tabelikdə olduğuna görə, işlər qənaətbəxş deyil. Uşaq davamiyyəti çox aşağı səviyyədədir, ərzaqla, istilik sistemi, inventar və avadanlıqlarla təminat zəifdir. Məktəbdənkənar müəssisələrin maddi-texniki bazasının zəifliyi, müstəqil binaların olmaması, bina tikintisinin heç bir proqramda nəzərdə tutulmaması narahatçılıq yaradır.
RTŞ-nin inzibati binasının uyğunlaşdırılmış binada yerləşməsi və qəza vəziyyətində olması, müasir avadanlıqlarla təmin edilməməsi ümumi işin gedişinə mənfi təsir göstərir.
Şöbə müdiri öz təkliflərini də irəli sürdü. Qeyd etdi ki, məktəbəqədər təhsil müəssisələrinin ikili tabeliyinin ləğv edilməsi işin xeyrinə olardı. Rayonun Baqqalı, Qalaboyun, Ağbaşlar və Papaqçılar kənd tam orta məktəblərinin tipi dəyişdirilərək ümumi orta məktəblərə çevrilsin və həmin məktəblərdə oxuyan sonuncu sinif şagirdləri yaxınlıqda yerləşən tam orta məktəblərdə təhsilə cəlb edilsinlər.
Məktəbdənkənar müəssisələr üçün yeni binaların inşası, inventar və avadanlıqlarla təmin olunması, rayon təhsil şöbəsi üçün yeni inzibati binanın tikintisi də gündəlikdə duran vacib məsələlərdən biridir. Yaxşı olardı ki, Təhsil Nazirliyi qeyd olunan problemlərin həllində Tovuz rayonuna köməklik göstərsin.
...Rayondakı Puşkin adına şəhər tam orta məktəbində olduq və buradakı şərait bizi heyran etdi. Avropa standartlarına cavab verən bir təhsil ocağıdır. Təhsil üçün nə desən var. 1999-cu ildə bu məktəbin 100 illiyi təntənə ilə qeyd olunub. Burada 917 şagirdin təlim-tərbiyəsi ilə 150 nəfər müəllim məşğul olur. Dərslər birnövbəlidir. Məktəbin direktoru Validə Hüseynova bildirdi ki, yaradılan şərait yüksək səviyyədə dərs keçməyə imkan verir. Təsadüfi deyil ki, ali məktəblərə qəbul olunanların sayı ilbəil artır.
M.Ələkbərov adına şəhər tam orta məktəbi də bizdə xoş təəssürat yaratdı. Məktəbin binası 1961-ci ildə hərbi qospital binası kimi inşa olunsa da, elə o vaxtdan təhsil ocağı kimi fəaliyyət göstərir. 600 nəfərdən çox şagirdin təhsil aldığı ikimərtəbəli bina səliqəsi, abadlığı ilə diqqəti cəlb edir. Elə qərb regionunda ilk qızıl medal olan şagird də bu məktəbin məzunudur. Məktəbin direktoru Namik Əliyev təhsilin incəliklərini bilən şəxs təsiri bağışlayır. Deyir ki, başqa yerlərdən fərqli olaraq, bizdə davamiyyət problemi yoxdur. Xüsusilə yuxarı sinif şagirdlərinin fərdi müəllimlərin yanında əlavə məşğələlər keçməsi səbəbindən dərs buraxmaq hallarını aradan qaldırmışıq. Özümüz kiçik "akademiya" yaratmışıq. Altı saatlıq dərslərdən sonra ali məktəbə daxil olmaq istəyənlər üçün kurslar təşkil etmişik. Məktəbin özündə təşkil olunan bu iş dərsburaxma hallarının qarşısını birdəfəlik alıb.
N.Tusi adına məktəbdə isə vəziyyət tamamilə fərqlidir. Məktəbin direktoru, respublikanın əməkdar müəllimi Valeh Məmmədov 25 ildən çoxdur ki, təhsil ocağına rəhbərlik edir. O, qeyd etdi ki, 1937-ci ildə tikilmiş və uyğunlaşdırılmış bu bina artıq öz ömrünü yaşayıb. Yəni nə qədər yamasaq da elə nimdaşdır ki, nimdaşdır. Yaxın vaxtlarda burada 1176 yerlik yeni məktəb binası ucaldılacaq və iki ildən sonra müasir sinif otaqlarında dərs keçə biləcəyik.
...Tovuz məktəbləri yeni dərs ilinə hazırdır. İnanırıq ki, tezliklə həllini gözləyən problemlər də aradan qaldırılacaq. Çünki burada təhsilə ölkə və rayon səviyyəsində gündəlik diqqət, qayğı var.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2011.- 13 sentyabr.- S.
6.