Dünya Səhiyyə Təşkilatının
61-ci sessiyasının Bakıda keçirilməsi tarixi hadisədir
Artıq
Azərbaycan ictimaiyyətinə məlum olduğu kimi,
sentyabrın 12-də Bakıda Dünya Səhiyyə Təşkilatı
Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işinə
başlayıb. Tədbirdə dünyanın 53 ölkəsindən,
Mərkəzi və Şərqi Avropa, Müstəqil Dövlətlər
Birliyi ölkələrindən səhiyyə sahəsində
çalışan 400-dən çox nümayəndə
iştirak edir.
Belarus,
Estoniya, Gürcüstan, Litva, Moldova, Qazaxıstan,
Qırğızıstan, Türkmənistan, Özbəkistan,
Ukrayna, Almaniya, Türkiyə və s. ölkələr
Bakı sessiyasında təmsil olunur. Sessiyada Avropa səhiyyə
sisteminin son durumu ilə bağlı hesabat dinlənilib, eyni
zamanda, təşkilatda aparılan islahatlar, qarşıda duran
vəzifələr müzakirə edilir. Tədbir sentyabrın
15-dək davam edəcək. Bu, çox möhtəşəm
bir tədbirdir. Məlum olduğu kimi, BMT-nin nüfuzlu
qurumlarından olan Dünya Səhiyyə Təşkilatı
dünyanın səhiyyə sistemində olan problemləri
araşdırır və onlarla bağlı müvafiq təklif
və tövsiyələrini verir. Hazırda Bakıda davam edən
növbəti, 61-ci sessiyada da beynəlxalq miqyasda səhiyyə
sahəsini əhatə edən problemlər nəzərdən
keçirilir, müzakirə edilir, səhiyyədə yeni
Avropa siyasətinin işlənib hazırlanması,
qeyri-infeksion xəstəliklər, vərəm, şəkərli
diabet, narkomaniya və s. kimi mürəkkəb, bütün
dünya üçün mühüm əhəmiyyət kəsb
edən məsələlərlə bağlı fikir
mübadiləsi aparılır.
Bəri
başdan onu da qeyd edim ki, Bakı qonaqları özünəməxsus
yüksək qonaqpərvərlik ənənələri ilə
qarşıladı. Sentyabrın 12-də Səhiyyə
Nazirliyinin aparıcı mütəxəssisləri, məsul
işçiləri qonaqların qəbul edilməsi ilə məşğul
oldu, onları şəhərimizin tarixi və mədəni
abidələri, gəzməli, görməli yerləri ilə
tanış etdilər. Qonaqlar Bakının son illər ərzində
gözəl və müasir bir şəhərə
çevrildiyini, iqtisadi inkişaf istiqamətində
aparılan ardıcıl və məqsədyönlü siyasətin
nəticəsi olaraq Azərbaycanda çox böyük tərəqqiyə
nail olunduğunu qeyd etdilər.
"Gülüstan"
sarayında təşkil edilən tədbirdə iştirak edən
Azərbaycan Prezidenti cənab İlham Əliyev qonaqları hərarətlə
salamladı və Azərbaycanın son illərdə
apardığı siyasət, əldə etdiyi sosial-iqtisadi
nailiyyətlər haqqında çox geniş və ətraflı
çıxış etdi. Bu çıxış qonaqlarda belə
bir təəssürat oyatdı ki, Azərbaycan dünyada
çox böyük sürətlə inkişaf edən
ölkələrdən biridir, bütün sahələrdə
olduğu kimi, səhiyyə sahəsində də böyük
islahatlar aparılır, ölkənin bütün
regionlarında 400-dən çox səhiyyə ocağı ya
tikilib, ya da mövcud tibb müəssisələrində
müəyyən yenidənqurma işləri
görülüb, respublikanın 14 bölgəsində
müasir müalicə-diaqnostika mərkəzləri
açılıb. Bu da imkan verir ki, xəstələr
birbaşa yaşadıqları yerlərdə tamhəcmli
müayinə və müalicə ala bilsinlər. Qeyd olundu ki,
bizim gənclər artıq dünyanın bütün
inkişaf etmiş ölkələrində təhsil
alırlar. Gələcəkdə səhiyyə sistemimizdə
çalışacaq gənc mütəxəssislər öz
işlərini tamamilə dünya standartlarına uyğun
şəkildə qura biləcəklər və əhaliyə
yüksək səviyyəli tibbi xidmət göstərəcəklər.
Sessiya zamanı çıxışlarda qeyd edildi ki, belə bir möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq qurumların ölkəmizə çox yüksək münasibətindən xəbər verir və bu, respublikamızda keçirilən geniş miqyaslı, dünya səviyyəli tədbirlər silsiləsindən növbətisidir. Bu tədbir, eyni zamanda, bizim səhiyyənin müstəqillik dövründə, xüsusilə son illərdə genişmiqyaslı islahatlar aparmasının, bu sahədə yüksək nailiyyətlər qazanmasının nəticəsidir.
Səhiyyə nazirimz Oqtay Şirəliyev də Azərbaycan səhiyyəsinin keçdiyi inkişaf yolu haqqında geniş məlumat verərək qeyd etdi ki, bütün bunlar ölkə rəhbərliyinin, eləcə də Heydər Əliyev Fondunun əhalinin sağlamlığı məsələlərinə böyük diqqət yetirməsi nəticəsində mümkün olmuşdur. Nazir bildirdi ki, əvvəllər bizim xəstələr müalicə almaq üçün respublikadan kənara getməyə can atırdısa, indi Azərbaycanda müasir dünya standartlarına uyğun müalicə ocaqları və tibbi avadanlıqlar var. Məhz buna görədir ki, artıq xarici ölkələrdən müalicə üçün Azərbaycana gəlirlər. Belə müasir müalicə ocaqları arasında Milli Onkoloji Mərkəzin, Oftalmoloji Elmi Mərkəzin, Cərrahiyyə Elmi Mərkəzinin, Talessemiya Mərkəzinin, Uroloji Mərkəzin, Travmotologiya İnstitutunun, Ortopediya Mərkəzinin və s. adlarını çəkmək olar. Bütün bu mərkəzlərdə tibb elminin ən son nailiyyətlərinə əsaslanan müasir müayinə-müalicə kompleksi yaradılıb. Azərbaycan bir sıra digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də bu kimi göstəricilərinə görə dünyada nüfuz qazanmaqdadır.
Qonaqlar ictimai səhiyyənin bu və digər problemi ilə əlaqədar çıxışlarında bildirdilər ki, Azərbaycan özünün son illərdəki nailiyyətləri ilə bir çox Avropa dövlətləri üçün nümunə ola bilər. Bu tədbir avropalı qonaqlara, eyni zamanda, Azərbaycanın müasir, mədəni bir dövlət, Azərbaycan xalqının dünya xalqları ilə bir ailədə, mehriban qonşuluq şəraitində yaşamağa qadir bir xalq olduğunu göstərdi. İnanırıq ki, Bakıdan qayıdanda bu qədər qonaq özü ilə Azərbaycan haqqında ən xoş xatirələr aparacaq. Həm də bizim ən ağır problemimiz olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi öz ölkələrində yayacaqlar. Biz sessiya çərçivəsində onlarla bu mövzuda da geniş söhbətlər aparmış, münaqişənin səbəbləri və ondan çıxış yolları haqqında məlumatlar vermişik.
Onu da qeyd etmək istəyirəm ki, qonaqlar sessiyanın təşkili ilə bağlı da yüksək fikirlər söyləyirlər. Hətta deyənlər var ki, bilmirik Parisdəyik, Londondayıq, Nyu-Yorkdayıq. Onlar özlərini öz evlərindəki kimi rahat hiss edirlər. Onların qarşılanması, yerləşdirilməsi, otellər, multimedia sistemi, tədbirlərin keçirildiyi zallar o qədər yüksək səviyyəlidir ki, onlar özlərini inkişaf etmiş Avropa ölkəsində olduğu kimi hiss edirlər. Eyni zamanda, Azərbaycan xalqı haqqında da qonaqlarda çox yüksək təəssürat yaranıb. Bunu biz onlarla söhbətlər zamanı görür, eşidirik. Hesab edirəm ki, belə tədbirləri gələcəkdə də davam etdirmək lazımdır. Gələn il Bakının "Eurovizion"a ev sahibliyi etməsi də respublikamızın müsbət imic qazanmasında böyük rol oynayacaq. Hazırkı beynəlxalq səhiyyə tədbirinin Bakıda keçirilməsi isə həm dünya, həm də Azərbaycan səhiyyəsinə böyük töhfə verəcək, Azərbaycan səhiyyəsinin dünya səhiyyəsinə inteqrasiyasına kömək edəcək.
Vaqif VERDİYEV,
Travmotologiya və Ortopediya
İnstitutunun direktoru
Xalq qəzeti.- 2011.-
14 sentyabr.- S. 7.