Səhiyyəmizin
öz uğurları ilə öyünməyə haqqı var
Dünya Səhiyyə Təşkilatının
Avropa Regional Komitəsinin Bakıda keçirilən 61-ci
sessiyasının işi bütün dünyada dərin maraq
doğurur. Azərbaycanın təcrübəli alim və həkimləri
də sesiyanın işini dərin maraqla izləyirlər. Bu
mühüm tədbir barədə Cəbrayıl Rayon Mərkəzi
Xəstəxanasının baş həkimi Hüseyn Əhmədov
öz təəssüratlarını əməkdaşımızla
bölüşərkən bunları bemişdir:
- Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsi kimi nüfuzlu bir qurumun növbəti sessiyasının ölkəmizdə keçirilməsi olduqca əlamətdar hadisədir. Belə bir mötəbər tədbirin Azərbaycan paytaxtında təşkil olunması, təbii ki, bütün həmkarlarım kimi, məni də çox sevindirir.
Ümid edirəm ki, Avropanın ən müxtəlif ölkələrindən Azərbaycan paytaxtına təşrif buyurmuş insanlar bizim gənc dövlətimizdə son illər ərzində səhiyyə sahəsində böyük işlər görüldüyünün şahidi olacaqlar. Mən çox istərdim ki, onlar bilsinlər ki, Azərbaycan vətəndaşlarının sağlamlığı müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin daim diqqətində olmuşdur. Dahi siyasətçi xeyirxah, şərəfli və məsuliyyətli həkim peşəsinə böyük qiymət verirdi. Azərbaycan xalqının bütün ziyalıları kimi, həkimlər də bu böyük şəxsiyyətin qayğı və diqqətinə daim layiq olmağa çalışıblar.
Mən bu məqamda həyatda şəxsən rastlaşdığıım bir faktdan da söz açmaq istərdim. 1960-cı illərin ortalarında N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki Azərbaycan Dövlət Tibb Universiteti-red) pediatriya fakültəsində təhsil alırdım. Əlaçı tələbərdən idim. İnstitutda bizə olduqca savadlı, görkəmli alim və həkimlər dərs deyirdilər. Onların içərisində bir müəlliməmiz öz dərin biliyi və yuksək insani keyfiyyətləri ilə tələbələrin xüsusi rəğbətini qazanmışdı. Bu müəllimə dahi siyasətçi Heydər Əliyevin sevimli həyat yoldaışı, görkəmli oftalmoloq alim, böyük qəlbli insan Zərifə xanım Əliyeva idi. O illərdən indi çox vaxt ötüb. Biz artıq səhiyyə sistemində böyük təcrübə qazanmış insanlarıq, çoxlarımızın saç-saqqalı ağarıb. Nə gizlədim, səhiyyə sahəsində xeyli xidmətlərimiz var. Amma hər dəfə tələbə yoldaşlarımızla görüşəndə o kövrək tələbəlik illərini, sevimli müəllimlərimizi, xüsusilə akademik Zərifə xanım Əliyeva kimi hörmətli pedaqoqlarımızı dərin hörmətlə yad edirik, əziz müəllimlərimizin qiymətli tövsiyələrinə əməl etməyə çalışırıq.
Bütün bunları ona görə deyirəm ki, şəxsən mənim fikrimcə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin səhiyyə sahəsinə xüsusi diqqət göstərməsi təsadüfi deyil. Dövlət başçımız məhz ulu öndər Heydər Əliyev və akademik Zərifə xanım Əliyeva kimi görkəmli şəxsiyyətlərin ailəsində tərbiyə alaraq böyüyübdür. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin siyasi xəttini və dövlətçilik ənənələrini böyük uğurla davam etdirir. Dövlətimiz indi bütün sahələrin, o cümlədən səhiyyənin inkişafına hər cür qayğı göstərir. Biz səhiyyə işçiləri, qocaman həkimlərdən tutmuş gənc həkimlərə qədər hər birmiz Azərbaycan səhiyyəsində son illər baş vermiş geniş və müsbət dəyişikliklərin şahidi olur və buna çox sevinirik.
Mən uzun illərdir ki, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasına rəhbərlik edirəm. Bildiyiniz kimi, Cəbrayıl rayonu 1993-cü ilin 23 avqustunda erməni silahı qüvvələri tərəfindən işğal olunubdur. Cəbrayılın rayon mərkəzində 1980-ci illərdə böyük bir xəstəxana binası ucaldılmışdı. Lakin mən təsəvvür etmirdim ki, işğaldan bir neçə il keçəndən sonra Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Biləsuvardakı Cəbrayıl müvəqqəti qaçqın qəsəbələrində yenidən əvvəlkindən də gözəl, yaraşıqlı, hər cür müasir tibb avadanlıqları ilə təchiz olunmuş böyük bir xəstəxana kompleksi inşa etmək mümkün olacaqdır. Bu, gündən-günə qüdrətlənən Azərbaycan dövlətinin hünəri ilə ərsəyə gəlmişdir. Bu xəstəxananın açılışında hörmətli dövlət başçımız İlham Əliyev şəxsən iştirak etmiş, kollektivimizi bu münasibətlə ürəkdən təbrik etmiş, böyük uğurlar arzulamışdır. Azərbaycan dövlətinin bu qayğısı bizi, əlbəttə çox ruhlandırır və məcburi köçkün soydaşlarımızın sağlamlığının keşiyində daha məsuliyyətlə durmağa sövq edir.
Qəlbən əminəm ki, Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin Bakıda keçirilən növbəti sessiyası qitədə səhiyyə üçün taleyüklü sənədlərin qəbulu ilə nəticələnəcək. Bu mühüm tədbirin XXI əsrdə Avropa ölkələrinin səhiyyə sahəsindəki yeni siyasətinin formalaşdırılmasına öz müsbət təsirini göstərəcəyinə də şübhə etmirəm. Bir də inanıram ki, qonaqlar Azərbaycan səhiyyəsinin qısa zaman kəsiyində əldə etdiyi uğurlarla yaxından tanış olacaqlar, ölkəmizin gündən-günə gözəlləşən paytaxtından, onun qonaqpərvər sakinlərindən xoş duyğularla ayrılacaqlar.
Söhbəti
yazdı: M.HACIXANLI
Xalq qəzeti.- 2011.- 14 sentyabr.- S.
7.