Azərbaycan
Respublikasında əfvetmə institutunun
yaradılması Heydər Əliyevin adı ilə
bağlıdır
Bütün
ömrünü Azərbaycan xalqının tərəqqisi və
inkişafına həsr etmiş ümummilli lider Heydər Əliyevin
titanik fəaliyyəti zaman keçdikcə daha aydın
görünür və hiss edilir. Görkəmli dövlət
xadimi 1969-cu ildə birinci dəfə hakimiyyətə gəldiyi
dövrdə Azərbaycan Sovet İttifaqında geridə
qalmış ölkələr sırasında idi. Qısa
zamanda bütün sahələrdə dönüş yaradan
Heydər Əliyev respublikamızın gələcək
inkişaf proqramının təməlini qoydu. Kənd təsərrüfatının
inkişaf etdirilməsi, üzümçülüyün və
pambıqçılığın yeni mütərəqqi
metodlarla əkilib-becərilməsi üçün xüsusi
göstərişlər verildi. Yeni-yeni zavod və fabriklərin
tikintisi, yaşayış massivlərinin salınması,
yaşıllıqların artırılması ilə
bağlı və digər mühüm əhəmiyyət kəsb
edən qərarlar qəbul olundu. Elm və təhsilin səviyyəsinin
yüksəldilməsi, gənclərin peşəkar kadrlar
kimi yetişməsi üçün SSRİ-nin müxtəlif
ali məktəblərində təhsil almağa göndərilməsi
sabaha - Azərbaycan Respublikasının müstəqilliyinə
hesablanmış addımlar idi.
Bütün
sahələrdə olduğu kimi hüquq-mühafizə
orqanlarında da peşəkar kadrların yetişdirilməsi
işində 1969-1982-ci illərdə böyük işlər
görülmüşdür. Təsadüfi deyil ki, bu gün
həmin orqanlarda çalışanların bir çoxu Heydər
Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə
və xaricdə təhsil alan şəxslərdir. Həyata
keçirilən məqsədyönlü tədbirlər Azərbaycanın
demək olar ki, bütün sahələrini - mədəniyyət,
ədəbiyyat, incəsənət, sənaye, kənd təsərrüfatı
və digər sahələri əhatə edirdi. Sadə zəhmət
adamından tutmuş partiya və dövlət xadimlərinə
kimi, hamı özünü əmin-amanlıq, stabillik şəraitində
hiss edirdi. Çünki millətin önündə onun
güvəndiyi və etibar etdiyi bir lider dururdu. Məhz Heydər
Əliyevin yorulmadan xalqımızın xoşbəxt gələcəyi
naminə fədakarcasına gördüyü işlər
hamımızın ürəyindən xəbər verirdi.
1982-ci ildə ulu öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunması onun Azərbaycanda başladığı işləri daha geniş planda davam etdirməyə yeni imkanlar yaratdı. İttifaq miqyasında iri müəssisələrin tikintisinin məhz respublikamızda aparılmasında ümummilli liderin müstəsna xidmətləri oldu.
O dövrdə SSRİ-yə rəhbərlik edən ermənipərəst qüvvələr Heydər Əliyev şəxsiyyətindən çəkinərək onunla açıq mübarizə aparmayaraq arxadan zərbə vurmaq istəyirdilər. Bu məqsədlə respublikamızda "Özbəkistan variantı"nı tətbiq etməyə çalışırdılar. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinın birinci katibi, ermənipərəst M.Qorbaçovun dostu və məsləkdaşı T.Qdlyanın "Özbəkistanın pambıq işi" ilə bağlı istintaq zamanı özbək xalqının başına açdığı məşəqqətləri həmin dövrdə yaşayanlar yaxşı xatırlayırlar. T.Qdlyanın məktəbini keçmiş şantaj və riyakarlıq ustası A.Lıskovun rəhbərlik etdiyi istintaq qrupu "Şəmkir əməliyyatı"na başladı. 8-10 nəfərlik qrup çox keçmədən 300 nəfərədək artırıldı. Hər cür imtiyaza malik istintaq qrupu sözün həqiqi mənasında "firon"luq edir, qarşılarına qoyulan məqsədə çatmaqdan ötrü dörd ildə təqribən on minlərlə insanı sorğu-suala çəkərək təzyiq və hədə-qorxu yolu ilə ifadə alır, rayondakı bir neçə sovxozun 1979-cu ildən 1982-ci ilədək olan fəaliyyətləri ilə bağlı istintaq aparırdılar. Həmin dövrdə mən Şəmkir rayon prokurorunun müavini işləyirdim və prokuroru əvəz edirdim. Bir gün rayon partiya komitəsinin birinci katibi Əjdər Əsədov məni yanına çağırıb büronun qərarını verdi. Qərarda A.Lıskovun rəhbərlik etdiyi istintaq qrupu tərəfindən fəaliyyətləri ilə bağlı istintaq aparılan sovxozlardan bir neçəsinin 1983-1984-cü illərdəki fəaliyyətləri ilə əlaqədar araşdırma aparmaq tapşırılırdı. Məqsəd Moskvanın istintaq qrupunun Heydər Əliyevə və xalqımıza qarşı həyata keçirdikləri qərəzli və mənfur hərəkətlərin qarşısını almaq idi. Yoxlama zamanı sovxozların bir illik fəaliyyətini araşdıran qrupumuz bir milyon manatdan artıq dövlət əmlakının mənimsənilməsini aşkarladı və faktla bağlı tərəfimdən cinayət işi başlandı. Moskvanın istintaq qrupu vəziyyətlə tanış olanda artıq gec idi. Müxtəlif vasitələrlə bizə təzyiqlər göstərib cinayət işini xitam etməyə cəhd göstərsələr də, istəklərinə çata bilmədilər. Beləliklə, ermənilərə xidmət göstərən A.Lıskov Azərbaycanda başladığı "Özbəkistan variantı"nı başa çatdıra bilmədi. Moskvanın nəzərdə tutduğu planlar alt-üst oldu və istəyi puça çıxdı.
Bütün bunları xatırlatmaqda məqsədim o zaman özümüzü arxasız-dayaqsız hiss etməyimizi diqqətə çatdırmaqdır. Sadə insanlardan tutmuş rayon rəhbərliyinə qədər hər bir namuslu vətəndaş Heydər Əliyevi arzulayır, onun respublikada olmamasından təssüflənirdilər. Çünki onlar yaxşı bilirdilər ki, dahi siyasətçi Azərbaycanda olsaydı heç vaxt imkan verməzdı ki, xalqımızın günahsız övladlarına qarşı haqsızlıqlar olsun. O, bütün ömrü boyu humanizm və ədalət prinsiplərini, qanunların aliliyinin təmin edilməsi üçün bütün imkanlarını və bacarığını səfərbər edirdi.
Ümummilli lider 1993-cü ildə xalqın təkidli tələbi və xahişi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra digər sahələrdə olduğu kimi qanunçuluğun möhkəmləndirilməsi istiqamətində də yeni qanun və sərəncamlar imzalandı.
Dünya praktikasında məhbusların əfv olunması və amnistiya qərarlarının tətbiq edilməsi çoxdan mövcuddur. Çünki cəmiyyət mövcud olandan bu günədək insanlar cəzanın humanistləşdirilməsi yolunda yeni üsullar axtarırlar. Məqsəd cəzanın yeni cinayətlərin törədilməsi üçün vasitə yox, islaholma prosesinə əhəmiyyətli təsir göstərilməsinə nail olmaqdır. Məlumdur ki, XX əsrdə bəşəriyyət bir çox dəyərlərə nail olub - demokratik ənənələr formalaşıb, ölüm hökmü inkişaf etmiş ölkələrin çoxunda ləğv edilib. Cəza siyasətinin humanistləşdirilməsi üçün islahatlar aparılıb. Cəzaçəkmə yerlərində saxlanılan şəxs hiss edir ki, onun da hüquq və azadlıqları qorunur, insan haqlarına hörmət edilir. Dövlət məhkumların düzgün islah olunması, cəmiyyətə yararlı şəxsiyyət kimi qayıdışına çalışır.
Qeyd olunan dəyərlər Azərbaycan Respublikasında 1993-cü ildən sonra bərqərar olmağa başladı. Həyata keçirilən islahatlar cəza siyasətinin humanistləşdirilməsi yolunda uğurlu addımlar atmağa şərait yaratdı. Milli Konstitusiyamız qəbul edilənədək ulu öndər Heydər Əliyevin fərman və sərəncamları ilə humanizm və insani dəyərlər cəmiyyətimizin üzvlərinə tətbiq olundu. O dövrdə müstəqil dövlətimizin Əsas Qanunu qəbul edilmədiyindən yeni sahəvi qanunlar, normativ hüquqi aktlar da yox idi. Ona görə də demokratik dövlət quruculuğu proqramları mərhələ-mərhələ həyata keçirilir, onun əsasları yaradılırdı.
Demokratik dəyərlərin, insan haqlarına hörmət və ehtiramın, humanizmin təzahürü olaraq ümummili lider müxtəlif fərman və sərəncamlar imzaladı. Xidmət etdiyi hərbi hissələri, döyüş bölgələrini qoyub qaçan - fərarilik edənləri ulu öndər bağışladı. Çoxlarının düşündüyünün əksinə olaraq, fərarilərin böyük əksəriyyəti öz hərbi hissələrinə qayıdaraq vicdanla, namusla xidmət etdi. Bundan əlavə əsgərlərin fərariliyinə səbəb olan neqativ hallar ardıcıl və qətiyyətlə aradan qaldırılmağa başladı.
Bu tədbirlər əslində dövlət ədalət prinsiplərinin həyata keçirilməsində birinci mərhələ idi. Bundan sonra əfvetmənin tərbiyəvi əhəmiyyətini, vətəndaş cəmiyyətinin formalaşmasında rolunu, hüquqi dövlət quruculuğunda səmərəliliyi nəzərə alınaraq 1995-ci ildə ümummilli lider Heydər Əliyev çoxdan unudulmuş əfvetmə institunu bərpa etdi və onun daimi fəaliyyətdə olması üçün müvafiq tapşırıqlar verdi. Həmin il 1207 nəfərin barəsində əfv fərmanı imzalandı. Diqqət çəkən məqam odur ki, həmin fərmanların üçü Konstitusiyamızın qəbul olunması gününədək imzalandı. Belə ki, ilk əfv fərmanı 5 iyul 1995-ci ildə 15 nəfər barəsində imzalandı. İkinci əfv fərmanı isə oktyabr ayının 18-də imzalandı. Həmin fərmanda əfv olunanların 502 nəfəri hərbi qulluqçular, 106 nəfəri isə hərbi çağırışdan və səfərbərlikdən boyun qaçıran şəxslər idi. Yəni əfv olunanların hamısı hərbi cinayətlər törətdiklərinə görə həbs olunmuşdular.
Üçüncü əfv fərmanı ilk milli Konstitusiyamızın qəbulu ilə bağlı ümumxalq səsverməsindən bir gün qabaq, yəni noyabr ayının 11-də, dördüncüsü isə dekabr ayının 27-də imzalandı. Bu fərmanlarda da hərbi cinayətlər törədən şəxslər üstünlük təşkil edirdi. Burada xüsusi diqqət çəkən məqam ondan ibarət idi ki, bu fərmanla ölüm cəzasına məhkum edilmiş 7 nəfər də əfv edildi. O vaxt bu hadisə cəmiyyətdə müsbət mənada sensasiya doğurmuşdu.
Təhlillər göstərir ki, ümummilli liderin bütün humanist qərarları ölkənin inkişafına, cinayətkarlığa qarşı səmərəli mübarizəyə xidmət edirdi. Humanizmin tərbiyəvi əhəmiyyəti getdikcə cəmiyyətin sağlamlaşdırılmasında daha səmərəli rol oynayır, hüquqi dövlətin inkişafı üçün etibarlı zəmin yaradırdı.
1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul etdiyimiz Konstitusiya dünyəvi dəyərlərin normalarına cavab verən demokratik sənədlər üzərində bərqərar oldu. Bundan sonra yaranan bütün normativ hüquqi sənədlər Əsas Qanunumuzda təsbit olunmuş insan hüquq və azadlıqlarının maksimum qorunması tələblərinə tam uyğun hazırlandı.
Qeyd etdiyimiz bu yeniliklər hüquqi dövlət quruculuğunda cəza siyasətinin humanistləşdirilməsi istiqamətində görülən işlərin tərkib hissəsi idi. Beləliklə ulu öndər əfvetməni islah prosesinin, hüquqi, demokratik və dövlət quruculuğu işinin fövqünə qaldırdı. Xalqımızın milli mənəvi dəyərlərinə əsaslanaraq sübut etdi ki, cinayətkarların islah olunmasında cəzanın ağırlığı yox, humanizm daha çox əhəmiyyət kəsb edir.
Mən 1993-1997-ci illərdə cəzaçəkmə müəssisələrində qanunların icrasına nəzarət üzrə Bakı prokuroru işləmişəm. Həmin dövrlərdə ümummilli liderimizin cəza siyasətinin humanistləşdirilməsinin islah prosesinə necə müsbət təsir etdiyinin dəfələrlə canlı şahidi olmuşam.
Cinayətkarlığa qarşı mübarizə təcrübəsi göstərir ki, ölüm cəzası belə cinayətkarlığı azalda bilmir. Yalnız qanunların mükəmməlliyi və humanistliyi sayəsində cinayətkarlığa qarşı səmərəli mübarizə aparmaq mümkündür. Bunu ölkəmizin təcrübəsindən də aydın görmək olar.
Gəlin, bir məqama diqqət yetirək: Azərbaycan Respublikası Cinayət Məcəlləsindən ölüm cəzasının çıxarılması ilə bağlı məsələyə 1998-ci il fevral ayının 10-da Milli Məclisdə baxıldı. Ümummilli liderimizin humanist bəyanatına parlament üzvlərinin münasibəti birmənalı oldu. Həmin günlərdə ölüm cəzasının icrasını 128 nəfər gözləyirdi. Doğrudur, onlar barəsində məhkəmə qərarları düzgün çıxarılmışdı. Lakin təsəvvür edin, 128 nəfərin ailə üzvləri, qohum-əqrabası da onları gözləyirdilər. Bu halın özü çox ağır idi. Bir cinayətkara görə onlarla, yüzlərlə insan əziyyət çəkir, ağır mənəvi, psixoloji sarsıntılar keçirməli olurdu. Ölüm cəzasının ləğvi cəmiyyəti həqiqi mənada silkələdi. Nəinki öz vətəndaşlarımız, inkişaf etmiş demokratik dövlətlər də Azərbaycan Respublikasının tam dünyəvi əsaslar üzərində inkişafına əmin oldular. O günlər sevinən minlərlə vətəndaşımızın bir daha dövlətə inamları artdı, ölkəmizin inkişafına daha ürəklə kömək etməyə başladılar.
Ölkəmizdə əfvetmə institutu bərpa ediləndən sonra Heydər Əliyevin imzaladığı əfv fərmanları, onun təşəbbüsləri ilə Milli Məclisin qəbul etdiyi amnistiya aktları penitensiar sistemdə aparılan islahatların əsas özəyinə çevrildi. Ümumilikdə Heydər Əliyev 1995-2003-cü illərdə 32 əfv fərmanı imzaladı. Bu sənədlərdə diqqət çəkən məsələ odur ki, ümummilli liderimizin həyatına sui-qəsd edənlər də əfv edilirdilər. Bütün bunlar cəmiyyətdə dövlətə, onun qurucusuna böyük inam yaradırdı. Digər tərəfdən isə əfvetmənin tərbiyəvi əhəmiyyətini artırırdı.
1990-cı illərin əvvəllərində qanunların pozulması adi hal almışdı. Sovet dövründən miras qalmış, heç bir sosial şəraiti olmayan cəzaçəkmə yerlərində vəziyyət cox ağır idi. Ona görə də penitensiar sistemdə islahatlar mühüm vəzifələrin həyata keçirilməsini tələb edirdi. Ümummilli lider Heydər Əliyev bu islahatları daha keyfiyyətlə və sürətlə aparmaq üçün, ailə və cəmiyyətin sağlamlaşdırılmasına səmərəli kömək etmək, vətəndaş cəmiyyətini formalaşdırmaq məqsədi ilə 6 dəfə amnistiya aktı qəbul edilməsilə bağlı çıxış etdi. Milli Məclisin qəbul etdiyi bu amnistiya aktları 50 mindən artıq insana şamil edildi. Azadlığa buraxılanlar bir çoxlarının düşündüyü kimi, cəmiyyətdə heç bir gərginlik yaratmadı, əksinə, onun sağlamlaşdırlmasına, qanunçuluğun möhkəmləndirilməsinə, hüquqi dövlət quruculuğuna əhəmiyyətli təsir göstərdi. Eyni zamanda, bu qərarlar Azərbaycan Respublikasının dünyada nüfuzunun artmasında da mühüm rol oynadı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü ilin oktyabr ayında andiçmə mərasimi zamanı bəyan etmişdir ki, Heydər Əliyev siyasi kursu, onun müəyyən etdiyi strategiya bundan sonra da davam etdiriləcək. Cənab İlham Əliyevin imzaladığı ilk fərman və sərəncamlar aydın göstərdi ki, ölkənin inkişafında yeni mərhələ başlanır və ümummilli liderin siyasəti davam edir.
Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı ilk aylarda - 29 dekabr 2003-cü ildə 165 nəfərin barəsində əfv fərmanı imzalandı. Növbəti ildə dörd dəfə belə humanist qərar qəbul olundu. Mart ayının 17-də, may ayının 5-də, sentyabr ayının 3-də və dekabr ayının 29-da yüzlərlə məhbus cəzalarının çəkilməmiş hissəsindən azad edildilər. Bu fərmanlarla ömürlük həbs cəzasına məhkum edilmiş bir neçə məhbus da azadlığa buraxıldı. Bütün bunlar isə cəmiyyətdə böyük razılıqla qarşılandı.
Daha sonra 2005-ci ildə iki, 2006-cı ildə iki, 2007-ci ildə bir, 2008-ci ildə iki, 2009-cu ildə bir, 2010-cu ildə iki və nəhayət 2011-ci il ildə bir dəfə əfv fərmanı imzalandı. Ümumilikdə 2003-cü ildən bu günədək 16 əfv fərmanı imzalanmış, bir amnistiya aktı haqqında qərar qəbul olunmuşdur.
2008-ci il avqust ayında 96 nəfər, 2009-cu il dekabr ayında 71 nəfər, 2010-cu ilin mart ayında imzalanmış əfv fərmanı ilə azadlıqdan məhrum edilmiş 62, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 7 məhkum cəzalarının çəkilməmiş hissələrindən azad edilmiş, ömürlük azadlıqdan məhrum edilmiş bir məhkumun cəzası 20 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənmiş, bir nəfər cərimə cəzasından azad olunmuşdur. 2010-cu ilin dekabr ayında imzalanmış əfv fərmanı isə bütövlükdə 92 məhbusa şamil edilmişdir. 26 may 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv fərmanı 90 nəfər azadlıqdan məhrum edilmiş şəxslərə şamil olunmuşdur.
2009-cu ildə Azərbaycan Respublikasının Milli Məclisi Novruz bayramı münasibəti ilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya elan edilməsi haqqında qərar layihəsini qəbul etmişdir. Qərara əsasən təqribən 9 min şəxsə amnistiya şamil edilmiş, onlardan 1700-dək məhkum azad olunmuşdur.
Bir məqamı da xüsusi qeyd etmək istəyirəm ki, göstərilən fərmanların və amnistiya qərarlarının vaxtında və qısa müddətdə icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov və ədliyyə naziri Fikrət Məmmədov rəhbərlik etdikləri qurumlara müvafiq göstərişlər verərək əfv olunmuş və amnistiya qərarları tətbiq edilmiş şəxslərin vaxtında azadlığa buraxılmalarını nəzarətdə saxlayırlar. Ümumiyyətlə, son zamanlar Zakir Qaralovun Azərbaycan Respublikasının Baş prokuroru işlədiyi dövrdə yürütdüyü məqsədyönlü kadr siyasəti və ölkəmizdə aparılan hüquqi islahatlar, işə qəbulun şəffaflığının təmin edilməsi məqsədilə keçirilən test imtahanları nəticəsində prokurorluq orqanlarında peşəkar, vətənə və xalqa sədaqətli kadrların sayı xeyli artmışdır. Demək istəyirəm ki, cənab Prezidentin imzaladığı müvafiq əfv fərmanları və qəbul olunmuş amnistiya aktları ən qısa müddətdə yerinə yetirilir, məhkumlar vaxtında azadlığa buraxılırlar.
Əfv etmək insanları sülhə, birliyə, əmin-amanlığa çağırır. Ümummilli lider Heydər Əliyev milli dəyərlərimiz olan humanizm prinsipini bir ənənəyə çevirdi. Bu gün həmin dəyərlər Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanımızı qüdrətli dövlətə çevirmək üçün var qüvvəsi ilə çalışan cənab prezidentin humanizm prinsiplərini də inkişaf etdirməsi hamı tərəfindən yüksək qiymətləndirilir. Çünki dövlətimizin ədalət və humanizm prinsiplərinə sadiqliyi həm bəşəri, həm də milli dəyərlərimizə söykənən xoş əməllərdəndir.
Zahir TAĞIYEV,
prokurorluq orqanlarının
veteranı
Xalq qəzeti.- 2011.- 15 sentyabr.- S.
5.