Təhsilimizə
qayğı və diqqət məsuliyyətimizi daha da artırır
Danılmaz faktdır ki, Azərbaycan
təhsilinin yüksək sürətlə inkişafı məhz
ulu öndər Heydər Əliyevin
adı ilə bağlıdır. Ulu
öndər 1969-cu ildə hakimiyyətə gəldiyi dövrdən
Azərbaycanda orta və ali
təhsilin yüksək səviyyədə inkişafı, o cümlədən ölkədən kənarda
kadr hazırlığı
başlandı.
Məhz
ümummilli lider Heydər Əliyev 70-80-ci illərdə
keçmiş ittifaqın 50-dən artıq şəhərinin
170-dən çox ali məktəbində ölkəmizin elm,
təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini
əhatə edən 250-dən çox ixtisas üzrə 15
mindən artıq azərbaycanlı gəncin ali təhsil
almasına şərait yaratmışdır. Bütün bu
işlər Azərbaycan xalqının gələcəyi
üçün idi. Çünki ulu öndər Heydər Əliyev
hər zaman bütün sahələrə olduğu kimi, gənclərə
və gənclərin təhsilinin yüksək səviyyədə
olmasına böyük qayğı və diqqət göstərib.
1970-ci ilə qədər ölkədən kənarda təhsil
alanların 40 faizi azərbaycanlı idisə, 70-ci illərin
sonu və 80-ci illərin əvvəllərində bu rəqəm
97,7 faizə çatmışdı. Həmçinin, həmin
illərdə ölkə ərazisində orta və ali məktəblərdə
çalışan müəllimlərin öz ixtisasları
üzrə daha da təkmilləşməsi və yüksək
səviyyədə tədris metodlarına yiyələnmələri
üçün seminarlar hazırlanırdı və təbii
ki, bu seminarlar onların fəaliyyətinə öz müsbət
təsirini göstərirdi.
Müstəqil
Azərbaycanın təhsil sistemindəki nailiyyətlər də
ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Çünki ölkəmizi çətin
vəziyyətlərdən xilas edən ümummilli lider Heydər
Əliyev bütün sahələrə olduğu kimi, təhsil
sahəsinə də xüsusi diqqət və qayğı ilə
yanaşdı. Heydər Əliyevin təhsilimizə göstərdiyi
qayğının arxasında onun "Təhsil millətin gələcəyidir"
fikri durmuşdu. Azərbaycanın müstəqilliyinin ilk illərinə
nəzər saldıqda görürük ki, təhsil sahəsində
müxtəlif çətinliklər, problemlər yaşanırdı.
Bu problemlər məktəblərin yenidən qurulmasında, dərsliklərin
və təhsil proqramlarının yenidən tərtib edilməsində
özünü göstərirdi. Təbii ki, bütün
bunlar nəzərə alınaraq yeni məktəblərin
tikilməsi, yeni dərs metodlarının tətbiq olunması
və digər yüksək səviyyəli işlərin
icrası ardıcıl və nizamlı şəkildə
aparıldı və hazırda bu işlər davam etdirilir.
Ümummilli
lider Heydər Əliyevin layiqli davamçısı, ölkə
Prezidenti İlham Əliyev də ulu öndərin siyasi kursuna
sadiq qalaraq, digər sahələrlə yanaşı, təhsilimizə
də yüksək qayğı göstərir. Bu gün Azərbaycan
məktəblərində şagirdlərin müasir
texnologiyalarla bağlı məlumat alması və kompyuterlərdən
yüksək səviyyədə istifadə edə bilməsi
üçün dərslər təşkil olunur. Bu da təhsilin
inkişafı üçün atılan addımdır. Cənab
Prezident İlham Əliyevin 10 iyun 2008-ci il tarixli Sərəncamı
ilə təsdiq olunmuş "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" çərçivəsində görülən
işlər də böyük uğurla davam etdirilir. Belə
ki, həmin proqrama əsasən, ayrı-ayrı məktəblər
"Elektron məktəb" pilot layihəsinə qoşulub.
Həmçinin, məktəblərə verilmiş kompyuter dəstləri
yenilənir. Milli Təhsil Portalının yaradılması, təhsil
sisteminin informasiyalaşdırılması, ümumtəhsil məktəblərinə
yeni kompyuterlərin verilməsi və digər işlərin
görülməsi üçün xeyli vəsait xərclənib.
Azərbaycan təhsilinin keçmişinə və
bugününə baxarkən, yalnız inkişafdan, yüksək
səviyyəli işlərin görülməsindən
qürurla danışmaq olar. Təhsilə göstərilən
bu diqqət və qayğı azərbaycanlıların, Azərbaycan
millətinin, ölkəmizin gələcəyi olan şagirdlərin,
tələbələrin, gənclərin daha savadlı,
bilikli, ağıllı, intellektual formada böyüməsi
üçün edilən xidmətlərdir.
Azərbaycan
təhsilinə xüsusi diqqət və qayğı ilə
yanaşan Heydər Əliyev Fondu və onun rəhbəri, millət
vəkili, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyeva ölkədə yeni məktəblərin
tikilərək istifadəyə verilməsində öz
köməyini əsirgəmir. 2005-ci ildə Heydər Əliyev
Fondu tərəfindən həyata keçirilən "Yeniləşən
Azərbaycana yeni məktəb" proqramı ölkəmizin
bütün ərazisində böyük sevinclə
qarşılandı. Belə ki, bu proqramın həyata
keçirilməsi məqsədilə ən ucqar rayon və kəndlərdə
yeni məktəblər tikilib. Həmçinin, onu da qeyd etmək
lazımdır ki, yeni məktəblərin tikilməsi ilə
yanaşı, həm də uzun illərdən bəri təmir
olunmayan və çox yararsız vəziyyətə
düşən məktəblərin yerində müasir
avadanlıqlarla təchiz olunmuş məktəblər
ucalıb. Bütün bunlar Heydər Əliyev Fondunun
prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
ölkədə təhsilin inkişafına göstərdiyi
qayğı və diqqətin sübutudur.
Bu gün təhsil müəssisələrimizdə məktəblilərin təlim-tərbiyəsində və onların şəxsiyyət kimi həyata hazırlanmasında fədakarlıqla çalışan, öz fənnini dərs dediyi şagirdlərə dərindən sevdirən müəllimlərimiz çoxdur. Bu müəllimlərin əsas məqsədləri ondan ibarətdir ki, onlar öz tələbələri ilə əməkdaşlıq edə bilir, onları yaradıcı düşünməyə, tədqiqatçılığa istiqamətləndirməyi bacarır, şagirdlərdə öz potensial imkanlarına inam yaradır. Bütün sahələrdə olduğu kimi, özünün yüksək peşəkarlıq nümunəsi ilə fərqlənən müəllimlərimiz ölkə başçısının qayğı və diqqətindən kənarda qalmayıb. Cənab Prezident İlham Əliyev müəllimlərə xüsusi diqqət və qayğı ilə yanaşır və bu özü də təhsilimizə olan qayğının bir hissəsidir.
Ölkəmizin iqtisadiyyatı günü-gündən güclənir və iqtisadiyyat gücləndikcə, bütün sahələrə olduğu kimi, təhsil sahəsinə yönəldilən dövlət vəsaiti də ildən-ilə artır. Ona görə də Azərbaycan təhsili bu gün öz inkişafının mühüm bir mərhələsini yaşamaqdadır.
Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında deyib: "Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və görürük ki, o ölkələr, sözün əsl mənasında, inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır və aparılır".
Prezident deyib ki, ölkənin bütün ali məktəblərində maddi-texniki baza möhkəmlənib, təmir, yenidənqurma işləri aparılıb, lazımi avadanlıqlar əldə edilib. Onun sözlərinə görə, orta məktəblərdə də analoji proseslər gedir: "Son illər ərzində Azərbaycanda iki mindən artıq məktəb tikilib və əsaslı təmir olunub, avadanlıqla, kompyuterlərlə təchiz edilib. Biz elə etməliyik ki, uşaqlarımız, yeniyetmələrimiz gənc yaşlarından ən mütərəqqi təcrübə ilə tanış olsunlar və ardıcıllıqla öz təhsil səviyyələrini artırsınlar. Biz çalışacağıq ki, dünyada mövcud olan ən qabaqcıl təcrübəni Azərbaycanda tətbiq edək. Elə etməliyik ki, təhsil sahəsində bütün problemlər həllini tapsın. Bildiyiniz kimi, dövlətin təhsil məsələlərinə olan diqqətini biz, eyni zamanda, təhsilə ayrılan xərclər ilə də ölçə bilərik. Bu xərclər ildən-ilə artır və Azərbaycanın dövlət büdcəsində təhsil xərcləri hərbi xərclərdən sonra ikinci yerdədir. Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı, çox güman ki, təhsil xərcləri birinci yerdə olacaqdı. Biz təhsilə ayrılan xərclərdən çox böyük səmərə ilə istifadə etməliyik. Bir daha demək istəyirəm ki, son illər Azərbaycanda bu sahədə dərinləşən islahatlar düzgün istiqamətdə aparılır. Biz bütün dünyada gedən prosesləri bilirik, izləyirik və ölkəmiz üçün ən məqbul variantı seçməklə təhsilimizin səviyyəsini artırmalıyıq".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı göz qabağındadır. Bir fikir verin, son vaxtlar cənab Prezidentimiz az qala hər bir məktəbə gedir, oradakı şəraitlə maraqlanır, təmir, bərpa, tikinti işlərinin gedişi ilə şəxsən özü maraqlanır, konkret tapşırıqlarını verir, onun nəticəsinə nəzarət edir. Ölkə başçısının bu sahəyə diqqəti bizim məsuliyyət hissimizi artırmalıdır.
Bu sahədə son vaxtlar Gəncə şəhərində də böyük canlanma var. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev məktəblərin, o cümlədən ali və orta ixtisas məktəblərinin, məktəbəqədər müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün xüsusi diqqət və qayğı göstərir. Özü tədris ocaqlarına baş çəkir, onların vəziyyəti ilə maraqlanır, pedaqoji kollektivlərlə, bütövlükdə təhsil işçiləri ilə tez-tez görüşür. Bu yaxınlarda təhsil işçiləri ilə keçirdiyi daha bir görüşdə qeyd etdi ki, hamı təhsilə kömək göstərməlidir. Bütün bunlar bizi hədsiz sevindirir. İcra hakimiyyəti başçısının məktəblərdə nizam-intizamın gücləndirilməsi, vahid məktəbli geyim formasına keçirməsi, ölkənin ali hərbi məktəblərinə daha çox məzunun daxil olması və digər vacib işlərlə bağlı verdiyi tövsiyə və tapşırıqları həyata keçirmək üçün əlimizdən gələni etməliyik.
Yadımdadır ki, cənab Prezidentimiz Yevlaxda 1 nömrəli orta məktəbin yeni binasının açılışında çıxış edərkən demişdi: "Biz elə etməliyik ki, Azərbaycanda bərbad, qəzalı vəziyyətdə heç bir məktəb qalmasın. Yevlaxda da məktəb tikintisi çox sürətlə gedir. Deyə bilərəm ki, regionların arasında bəlkə də ən sürətli məktəb tikintisi prosesi məhz Yevlaxdadır. Son illərdə 20-dən çox məktəb tikilib və təmir olunub".
Belə bir fakt bizdə yaxın gələcəyə ümid yaradır ki, o zaman Yevlaxa rəhbərlik edən Elmar Vəliyev indi bizim şəhərin icra hakimiyyətinin başçısıdır. Demək, tezliklə Gəncə də regionda ən çox məktəb tikintisi və bərpası olan şəhərə çevriləcəkdir. Etiraf edək ki, son illər şəhərdə bu sahədə heç bir irəliləyiş olmayıb.
Rəhbərlik etdiyim Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının da işindən söhbət açmaq istərdim. Məlumdur ki, Azərbaycan Müəllimlər İnstitutu və onun filialları məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaranıb. On bir il əvvəl, 2000-ci il iyunun 13-də Azərbaycan Müəllimlər İnstitutunun və onun yerlərdə filiallarının yaradılması ilə əlaqədar ulu öndərin imzaladığı fərman müəllim əməyinə verilən qiymətin daha bir bariz nümunəsi idi. Yaradılmış filiallardan biri də Gəncə filialı idi. Təbii ki, ilk vaxtlar çətinliklərimiz çox olurdu. Əslində, filialın elə bir güclü malddi-texniki bazası yox idi. Doğrudur, filial Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhərindəki təsərrüfathesablı Məişət Kollecinin bazasında yaradılmışdı. Amma onlar müasir tələbləri ödəmirdi. Bir müddətdən sonra bizə yeni tədris korpusları verildi. Ciddi təmir-tikinti, abadlıq işlərinə başladıq. Bilirdik ki, layiqli müəllim kadrları hazırlamaq üçün ilk növbədə güclü maddi-texniki baza lazımdır. Çox keçmədi ki, yüksək səviyyədə təmir olunmuş laboratoriyalar, auditoriyalar, fənn kabinetləri tələbələrin ixtiyarına verildi. Həyət-bacada səliqə-sahman yaratdıq, ağac, gül kolları əkdik. Fəvvarələr, abidələr düzəltdik. Bütün bu işlər haqqında daha geniş danışmaq istəmirəm. Çünki məsuliyyətli bir işi bizim kollektivə həvalə ediblərsə, onun öhdəsindən nəyin bahasına olursa-olsun gəlməliyik.
Bizim başlıca vəzifəmiz layiqli müəllim kadrları hazırlamaqdan ibarətdir. Sevinirik ki, son vaxtlar müəllim peşəsinə maraq daha da artıb. Bir vaxtlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanlarından sonra xeyli boş yerlərimiz qalırdı. İndi elə deyil. Axın çoxdur. Hətta 400, 500 və daha çox balla institutumuza qəbul olunan tələbələr var. Bir faktı da qeyd etmək istəyirəm ki, professor Aqiyə xanım Naxçıvanlı Azərbaycan Müəllimlər İnstitutuna rektor təyin edilən vaxtdan filiallarda, o cümlədən Gəncə filialında tədrisin keyfiyyəti, nizam-intizam xeyli yüksəlib, işə münasibət dəyişib, neqativ hallara qarşı mübarizə gücləndirilib. Yay və qış imtahan sessiyalarının obyektiv şəraitdə keçirilməsi üçün ən müxtəlif təsirli tədbirlərdən istifadə edirik. Valideynlərin də daxil olduğu xüsusi komissiya imtahan və laborator sessiyaların gedişinə ciddi nəzarət edir. Burada yaradılmış "qaynar xətt" işlək mexanizmə çevrilib. "Açıq qapı" günləri, yerli televiziya kanalları ilə edilən müraciətlər öz müsbət səmərəsini verir. Yay və qış imtahan sessiyaları nazirliyin əmrinə uyğun olaraq monitorinq yolu ilə həyata keçirilir. Onun gedişini baş institutun nümayəndələri də müşayiət edir və nəticələr birlikdə müzakirə olunur. Biz əminik ki, mənimsəmə faizini formal şəkildə yüksəltməklə uzağa gedə bilmərik. Bu, gec-tez özünü tədrisin keyfiyyətində göstərəcək. Təkcə müəllimlərin mühazirələri, ədəbiyyat kifayət deyil. Əyaniliyə daha çox diqqət yetiririk. Tələbələr filialın korpuslarındakı monumental işlərlə hər gün qarşılaşırlar. Divarlara nəfis şəkildə həkk olunmuş hikmətli sözlər, "Dil xalqın sərvətidir", "Azərbaycanlıların soyqırımı" və sair bu kimi monumental abidələr və onların önündə keçirilən tədbirlər bu baxımdan mühüm rol oynayır.
Filialımızda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən stendlər xüsusi maraq doğurur. İnstitutun 750 yerlik akt zalı şəhərin ən böyük salonlarından biri sayılır. Burada tez-tez görkəmli şəxsiyyətlərin yubileyləri keçirilir, tanınmış yazıçı və şairlərlə, elm adamları, idmançılarla görüşlər təşkil olunur.
...Yeni dərs ili başlanır. Belə bir vaxtda Gəncənin bu günü haqqında söhbət açmamaq mümkün deyil. Çünki Azərbaycanın az qala bütün şəhər və rayonlarından olan tələbələrimiz üçün Gəncənin özü bir məktəbdir.
Qədim Nizami yurdunun büsatı ilə hər birimiz fəxr edirik. Şəhərin dünəni, bu günü haqqında söhbət açmaq bir qəzet yazısına sığmaz. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaxından dəstəyi və köməyi ilə şəhərə sanki ikinci həyat verilmişdir, irimiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır.
Şəhərin elə bir yeri yoxdur ki, orada geniş abadlıq-quruculuq işləri aparılmasın. Binaların dam örtükləri tamamilə dəyişdirilir, fasadlar təzələnir, yollar genişləndirilir, kommunikasiya xətləri yenidən qurulur, qaz, su, elektrik təchizatı ilə bağlı yeni layihələr həyata keçirilir. Bu günlərdə Göygöldən şəhərə çəkilən xəttin anbarının təməlqoyma mərasimində iştirak etdik. Göygöldən saniyədə 200 litr su alacağıq. Qızılqaya və Şəmkir su hövzəsi də daxil olmaqla saniyədə 1400 litrdən çox su şəhərə daxil olacaq. Bilirsiniz, gəncəlilər necə sevinirdilər?!
Seviniləsi, fəxr olunası o qədər işlər var ki... Gəncəyə Bakı istiqamətindən daxil olan yola baxın, görün tanıya bilirsinizmi? Nizami prospekti tamam dəyişir, Heydər Əliyev prospekti şəhərin ən gözl prospektinə çevrilir. Heydər Əliyev, Nizami Gəncəvi mərkəzlərinin inşa olunması, yeni müəssisələrin yaradılması, hamısının adını sadalaya bilmədiyimiz neçə-neçə yeni obyektlər Gəncəmizi tanınmaz edəcək.
Gəncə dəyişir, gözəlləşir və o, tezliklə dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Təbii ki, təhsilimiz, onun bazası da təkmilləşəcək, daha da inkişaf edəcəkdir. Bizə göstərilən qayğı, diqqət məsuliyyətimizi daha da artırır.
Yeni dərs iliniz mübarək!
Ramiz MƏMMƏDOV,
Azərbaycan Müəllimlər
İnstitutu
Gəncə filialının
direktoru, fizika-riyaziyyat
elmləri doktoru, professor,
respublikanın əməkdar müəllimi
Xalq qəzeti.- 2011.- 17 sentyabr.- S.
9.