Gəncədə
bütün təhsil müəssisələri
nümunəvi olmalıdır
Təhsil
işçilərinin sentyabr konfransında bu fikirlər
toplantının əsas məğzini təşkil etdi. Gəncədə
keçirilən təhsil işçilərinin
konfransında belə bir fikir dönə-dönə
vurğulandı ki, şəhərdə aparılan nəhəng
abadlıq-quruculuq və yenidənqurma işləri
adamların ürəyindən xəbər verir, ölkə
Prezidenti İlham Əliyevin apardığı daxili və
xarici siyasət dəstəklənir, dövlətə,
dövlətçiliyə inam daha da güclənir.
Bütün
sahələrdə bir coşqunluq hiss olunur. Təhsildə də
hərtərəfli uğurlar qazanılması
üçün səylər səfərbərliyə
alınır. Xüsusilə, təhsilin maddi-texniki
bazasının möhkəmləndirilməsi
üçün şəhərin rəhbərliyi müntəzəm
iş aparır. Şəhərdəki 45 nömrəli
yardımçı məktəbin yüksək səviyyədə
əsaslı təmiri onu göstərir ki, Gəncənin
bütün təhsil ocaqları tezliklə ən nümunəvi
tədris müəssisələrinə çevriləcəklər.
Bu il 15, 30, 43 nömrəli məktəblərdə əsaslı
təmir işlərinin aparılması, 3 nömrəli
uşaq bağçasının əsaslı təmiri və
2 nömrəli uşaq bağçasının sökülərək
yerində yeni müasir binanın inşa olunması dövlət
planına salınmışdır.
Şəhər
təhsil idarəsinin rəisi Mahal Əliyev məruzə ilə
çıxış edərək Gəncədə ötən
müddətdə görülən işlər haqqında məlumat
vermişdir.
Şəhərdən
bu il 1992 nəfər ali məktəbə qəbul
imtahanlarında iştirak etmiş, 787 nəfər məzun tələbə
adını qazanmışdır ki, bu da abituriyentlərin
39,51 faizini təşkil edir. Bu göstərici ötən ilə
nisbətən 5 faiz, 2006-cı illə müqayisədə
16,6 faiz yüksəkdir. Ötən illərin məzunlarından
ali məktəblərə daha 257 nəfər qəbul
olunmuşdur. Beləliklə, ümumilikdə 1044 nəfər
tələbə adını qazanmışdır. İlkin
statistik məlumata görə- 500-dən çox bal
toplayanların sayı da əvvəlki illərə nisbətən
xeyli çoxalmışdır. Belə ki, əgər ötən
il bu rəqəm 121 nəfər təşkil edirdisə, bu il
137 nəfərə yüksəlmişdir.
M. Əliyev şəhərdə aparılan nəhəng abadlaşdırma və quruculuq işlərinin gəncəlilər tərəfindən dərin razılıq hissi ilə qarşılandığını qeyd edərək diqqəti təhsilə göstərilən qayğıya yönəltmişdir. Qeyd olunmuşdur ki, şəhərdə təhsil işçilərinin ən yaxşılarını seçib-yerləşdirmək üçün məqsədyönlü iş aparılır. Bir sıra məktəb direktorları dəyişdirilmişdir. Bundan əlavə, iki məktəbdənkənar müəssisənin, uşaq-gənclər idman məktəbinin, respublika Təhsil İdman Məktəbinin Gəncə filialının, 3 məktəbəqədər müəssisənin rəhbərləri yeniləri iə əvəz edilmişdir.
Məruzədə məktəbəqədər tərbiyə müəssisələrinin vəziyyətindən söhbət açılmışdır. Şəhər təhsil idarəsinin tabeliyində 2010/2011-ci tədris ilində 42 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərmiş, 4325 nəfər uşaq 224 qrupda komplektləşdirilmişdir.
Uşaqların təlim-tərbiyəsi ilə 418 nəfər pedaqoji işçi məşğul olmuşdur.
Məktəbəqədər təhsil müəssisələrindən 1200-dək 6 yaşlı uşaq 1-ci sinfə qədəm qoyacaqdır.
Bu sahədə müəyyən problemlərin olduğunu da deyən məruzəçi mövcud nöqsanların tezliklə aradan qaldırılması məqsədilə lazımi tədbirlərin işlənib hazırlandığını, yaxın vaxt ərzində həyata keçiriləcəyini diqqətə çatdırmışdır.
Bu tədris ilində 33 və 40 nömrəli məktəblərdə hərtərəfli monitorinq aparılmış, nəticəsi ayrılıqda hər bir məktəbdə müzakirə edilərək müsbət işlərlə yanaşı, buraxılmış nöqsanlar geniş müzakirə edilmişdir. Buraxılmış nöqsanlara görə məsul işçilərə intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
İstər monitorinq aparılan məktəblərin, istərsə də digər məktəblərin rəhbərləri yeni dərs ilinin ilk günlərindən qeyd olunan nöqsanların aradan qaldırılması üçün ciddi iş aparmalıdırlar.
Məruzəçi məktəbdənkənar müəssisələrin fəaliyyətinə diqqəti yönəldərək demişdir ki, son illər məktəblilərin asudə vaxtlarının səmərəli təşkilini, istedadlı uşaqların üzə çıxarılması və onların inkişaf etdirilməsini təmin etmək məqsədi ilə məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, onların fəaliyyətinin gücləndirilməsi ilə bağlı müəyyən işlər görülmüşdür. Ötən dərs ili ərzində şəhər təhsil idarəsinin tabeçiliyində 8 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir ki, həmin məktəblərdə 718 qrupda 8000-dən çox şagird əhatə olunmuşdur.
Amma bütün bunlarla yanaşı, məktəbdənkənar müəssisələrin fəaliyyətində müəyyən çatışmazlıqlar da vardır. Belə ki, fəaliyyətində yol verdiyi nöqsanlara görə Uşaq Yaradıcılıq Mərkəzinin və Uşaq evinin rəhbərliyi dəyişdirilmiş, hazırda həmin müəssisələrdə uşaqlar üçün lazımi şərait yaradılır.
Müəllimlərin işə qəbulu, onların dərs yükünün tənzimlənməsi, xüsusilə rəhbər kadrların seçilib yerləşdirilməsi sahəsində ciddi nöqsanlara yol verilmişdir. Heç təsadüfi deyildir ki, bu gün məktəblərimizdə, xüsusilə ibtidai sinif müəllimlərinin dərs yükü ilə təmin olunmasında çox ciddi problemlə qarşılaşmışıq. Məsələni tənzimləmək üçün son beş ildə müəllimlərin sayı 2007-ci ildəki 4731-dən bu il təqribən 4000-nə endirilmiş, 400-dən çox pedaqoji işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Ümumiyyətlə, il ərzində 19 təhsil müəssisəsinin rəhbəri ilə bağlanmış əmək müqaviləsi bu və digər səbəbdən ləğv edilmişdir. Onların əvəzinə kadr seçimi məsələsi bilavasitə şəhər rəhbərinin nəzarəti altında həyata keçirilir. Bu işdə ali məktəbi fərqlənmə diplomu ilə bitirənlərə xüsusi üstünlük verilir. Təqvim ilinin əvvəlindən bu günə kimi 21 gənc müxtəlif vəzifələrə irəli çəkilmişdir və onların hamısı göstərilən etimadı doğruldur.
Məruzə ətrafında müzakirələrdə çıxış edənlər son dövr ərzində əldə olunmuş nailiyyətlər, mövcud çatışmazlıqlar və onların həlli yolları barədə danışmış, təkliflərini irəli sürmüşlər.
Konfransa Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yekun vurmuşdur. O, təhsil işçilərini yeni dərs ili münasibətilə təbrik etmiş, diqqəti yol verilən nöqsanların tezliklə aradan qaldırılmasına yönəltmiş, şəhərin bütün təhsil ocaqlarının nümunəvi olması üçün konkret tapşırıqlarını vermişdir.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2011.- 17 sentyabr.- S.
9.