Ordumuz yüksək döyüş hazırlığına malikdir

 

90-cı illərin əvvəllərindən bu günümüzədək ordumuzun keçdiyi uğurlu inkişaf yolu bu sahədə həyata keçirilən dövlət siyasətinin milli maraqlar üzərində qurulmasından xəbər verir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Silahlı Qüvvələrimizin qarşısında geniş perspektivlər açan fundamental ideya və prinsiplərin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi müvafiq sahədə görülən işlərin effektini ikiqat artırmış və özündə günün tələblərini ifadə edən strateji əhəmiyyətli tədbir və islahatların həyata keçirilməsini zərurətə çevirmişdir.

 

Dövlət büdcəsindən orduya ayrılan xərclərin ilbəil artırılması, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, şəxsi heyətin ixtiyarında olan silah-sursatın və hərbi texnikaların modernləşdirilməsi Silahlı Qüvvələrimizin döyüş hazırlığı sahəsində yeni keyfiyyət göstəricilərinə yiyələnməsi üçün kifayət qədər ciddi baza rolunu oynamışdır. Təkcə onu demək kifayətdir ki, son yeddi il ərzində dövlət büdcəsindən orduya ayrılan xərclər 14 dəfədən çox artırılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2004-cü il sərəncamı ilə Müdafiə Nazirliyi hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə maaşlarının orta hesabla 1,5 dəfə artırılması ordu mənsublarında böyük ruh yüksəkliyi yaratmaqla bərabər, ölkədə hərbi vətənpərvərlik tərbiyəsini daha da gücləndirmişdir. Müvafiq istiqamətdə həyata keçirilən tədbirlərin sonrakı illərdə də sistemli şəkildə davamlı xarakter daşıması ordu quruculuğu işinə tamamilə yeni forma və məzmun vermiş, Silahlı Qüvvələrimizin həyatında növbəti uğurlu bir mərhələnin əsasını qoymuşdur.

Azərbaycan Prezidentinin 23 yanvar 2006-cı il tarixli sərəncamı ilə hərbi qulluqçuların rütbə maaşları 2 dəfə, hərbi qulluqçuların sığorta məbləği isə 10 dəfə artırılmışdır. Belə ki, xidməti vəzifəsini yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinə əgər 1100 manat ödənilirdisə, 2006-cı ildən bu məbləğ 11000 manat olmuşdur. Bundan əlavə, xidməti vəzifəsini yerinə yetirərkən yaralanan, sağlamlığını bu və digər dərəcədə itirən hərbi qulluqçulara ödənilən sığortanın məbləği də paralel olaraq 2006-cı ildən artırılmışdır.

Hərbi qulluqçuların yaşayış şəraitinin yaxşılaşdırılması da dövlət başçısının daim diqqət mərkəzində saxladığı məsələlərdəndir. Son illər Vətən müdafiəçilərinin ixtiyarına verilmiş, geniş yaşayış sahəsinə malik yüzlərlə mənzil ordu mənsublarının müvafiq istiqamətdə zaman-zaman üzləşdiyi ciddi problemləri tamamilə aradan qaldırmışdır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2006-cı ilin iyul ayında Azərbaycan Respublikasının hərbi qanunvericilik aktlarına edilən əlavə və dəyişikliklər isə müvafiq sahədəki vəziyyəti daha da yaxşılaşdırmışdır. Bu əlavələr hərbi qulluqçulara hər il növbəti məzuniyyətə çıxarkən əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatının verilməsini və müvəqqəti mənzil kirayəsi üçün ödənilən kompensasiyanın hər ay konkret məbləğdə müəyyənləşdirilməsini, onların hər bir ailə üzvü üçün isə həmin məğləğin 50 faizinin müəyyən edilməsini nəzərdə tutur. Müvafiq sənəddə xidməti mənzillərin tikintisinin dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilməsi də öz əksini tapıb. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il 23 iyun tarixli sərəncamına əsasən xidməti mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçular üçün xidməti yaşayış evlərinin tikilməsinə də əlavə olaraq 5 milyon manat vəsait ayrılmışdır. Azərbaycan Prezidentinin göstərişi ilə müıxtəlif hərbi qarnizonlarda sosial, mədəni və məişət obyektləri ilə birlikdə 5 hərbi şəhərcik kompleksinin inşası uğurla həyata keçirilməkdədir. Onu da xüsusi vurğulamağa ehtiyac var ki, ötən il Milli Məclisin 18 iyun tarixli növbədənkənar sessiyasında müdafiə və təhlükəsizlik xərclərinin daha 400 milyon manat artırılması 2010-cu ilin bütün hərbi xərclərinin 2 milyard 150 milyon dollaradək yüksəlməsi deməkdir.

Ötən il sentyabrın 20-də ölkə başçısının imzaladığı növbəti sərəncamla Müdafiə Nazirliyi və digər güc strukturlarında çalışan hərbi qulluqçuların, xüsusi rütbəsi olan əməkdaşların və dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılmışdır. Nəhayət, Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2011-ci il tarixli sərəncamı ilə Müdafiə Nazirliyi hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 25 faiz, dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə maaşları isə orta hesabla 10 faiz artırılmışdır. Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrinin yaradılmasının 93-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə yuxarıda qeyd olunan bu və digər məqamlara toxunaraq demişdir: "Azərbaycan Silahlı Qüvvələrinin daha da möhkəmləndirilməsi naminə böyük xidmətlər göstərən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin etmək istərdim ki, onun ordu quruculuğu ilə əlaqədar qarşımıza qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirəcəyik".

Beləliklə, dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunan Silahlı Qüvvələrimizin əsas inkişaf prioritetini müəyyənləşdirən ən ümdə cəhət, heç şübhəsiz, yüksək döyüş hazırlığıdır. Hələ ötən il Silahlı Qüvvələrimizin 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimində də hərbi qulluqçularımız əsl peşəkarlıq nümunələri sərgiləmiş, qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəlmişlər. Bu təlimi izləyən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordu mənsublarının nümayiş etdirdiyi döyüş hazırlığından və əldə etdiyi yüksək nəticələrdən məmnun qaldığını bildirmişdir.

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən bu il Beyləqan-Füzuli istiqamətində keçirilən genişmiqyaslı komanda-qərargah təlimləri də ordumuzun yüksək döyüş hazırlığı ilə müşayiət olunmuşdur. Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilən, müxtəlif qoşun növlərinin cəlb olunduğu bu təlimə müasir standartlara cavab verən və yüksək döyüş qabiliyyətinə malik hərbi texnikanın, modern radiolokasiya stansiyalarının, avtomatlaşdırılmış komanda məntəqəsinə malik zenit-raket bölmələrinin, kompyutermultimedia avadanlığı ilə təmin olunmuş mobil komanda-qərargah və rabitə kunqlarının cəlb edilməsi qarşıya qoyulan döyüş tapşırıqlarının yüksək səviyyədə yerinə yetirilməsi üçün əsaslı zəmin yaratmışdır. Təlimin bütün mərhələlərində hərbi texnikaların manevr və atəş imkanlarından məharətlə bəhrələnən hərbi qulluqçularımız döyüş təyyarə və vertolyotları ilə yüksək pilotaj sərgiləmiş, dəqiq aviasiya zərbələri ilə hədəfləri zərərsizləşdirmişlər.

Müdafiə naziri təlimə yekun vurarkən hərbçilərimizin döyüş hazırlığı səviyyəsindən razı qaldığını ifadə etmiş, fərqlənən hərbi qulluqçuları mükafatlandırmışdır. Ümumiyyətlə, hər il Silahlı Qüvvələrimizin şəxsi heyəti hərb sənətinin müasir tələblərinə cavab verən 70-dən artıq müxtəlif xarakterli təlimlərdə uğurla iştirak edir, yeni bilik və vərdişlərə yiyələnir, dövlətin və xalqın etimadını doğrultmağa çalışır.

 

 

İbrahim RÜSTƏMOV,

əməkdar jurnalist

 

Xalq qəzeti.- 2011.- 17 sentyabr.- S. 8.