Hüquq mədəniyyətinin davamlı
inkişafı daxili işlər
orqanlarının diqqət mərkəzindədir
Hüquq
mədəniyyəti və hüquq düşüncəsi
müasir hüquq nəzəriyyəsinin tədqiqat predmetinə
daxil olan aktual mövzulardan biridir. Bu hüquqi hadisələrə
olan böyük maraq tarixən əsaslı və
qanunauyğundur. Belə ki, ölkədə həyata
keçirilən hüquqi dövlət quruculuğu, vətəndaş
cəmiyyətinin bərqərar olunması, konsolidasiyalı
demokratiyanın yaranması qanunauyğun haldır ki,
hüququn bütün subyektlərindən yüksək
hüquq mədəniyyəti və hüquq düşüncəsi
tələb edir.
Hüquqşünaslıqda
hüquq mədəniyyətinin anlayışına dair fikir
müxtəlifliyinin olmasına baxmayaraq, bu gün həmin
kateqoriyadan daha çox ölkənin hüquq sisteminin,
hüquqi hadisələrin, institutların inkişaf səviyyəsini
öyrənmək üçün istifadə olunur. Bu da onun
bir hüquqi fenomen kimi metodoloji xarakterini müəyyən
edir.
Bu
kontekstdə hüquq mədəniyyəti ölkədə
demokratik dövlət və hüquq quruculuğunu təmin edən,
cəmiyyətin harmonik inkişafının özünəməxsus
formasıdır.
Fenomenal
hadisə kimi, hüquq mədəniyyəti hüquqi tərəqqini,
ümumbəşəri dəyərləri, insan və vətəndaş
hüquq və azadlıqlarını, qanunçuluq və
hüquq qaydasını təmin edən təkmil
institutların yaranması, sosial ziddiyyətləri aradan
qaldırmağa imkan verən hüquqi mexanizmlərin səmərəli
fəaliyyətini ehtiva edir.
Hüquq
mədəniyyətinin mühüm struktur elementi kimi hüquq
və hüquqi institutlar cəmiyyətin əsrlər boyu
yaratdığı maddi və mənəvi dəyərləri
qoruyur, zorakılığın və
özbaşınalığın qarşını alır,
hüququn bütün subyektlərini hüquqazidd əməllərdən
çəkindirir, hüquqauyğun davranışda isə
konformist və marginal meyilləri istisna edir.
Hüquq
mədəniyyəti bir tərəfdən ölkənin
hüquqi sistemini ümumbəşəri dəyərlərlə
zənginləşdirir, digər tərəfdən isə
xalqı kosmopolitizmdən, onun mədəniyyətinə yad
olan elementlərin mənfi təsirindən qoruyur.
Bu
müstəvidə tam məsuliyyətlə vurğulamaq olar
ki, canlı bir orqanizm kimi çıxış edən
hüquq mədəniyyətinə qayğıkeş
münasibət sosial tərəqqinin əsas şərtlərindəndir.
Cəmiyyətin
hüquq mədəniyyəti hər şeydən əvvəl
əhalinin hüquq düşüncəsinin inkişaf səviyyəsindən
asılıdır. Hüquqi fenomenləri düzgün dərk
etmək, insan və vətəndaş hüquq və
azadlıqlarını ali dəyər kimi qiymətləndirmək,
mübahisələri hüquqi vasitələrlə həll
etmək və bu zaman kompromisə üstünlük vermək,
dövlət orqanlarının, vəzifəli şəxslərin,
vətəndaş cəmiyyəti institutlarının, vətəndaşların
müvafiq hüquqi biliklərə malik olması, insanların
ölkə qanunlarına, məhkəməyə və digər
hüquq-mühafizə orqanlarına pozitiv emosional münasibəti
hüquq düşüncəsini xarakterizə edən
meyarlardır.
Hüququn
mənbəyi kimi hüquq düşüncəsi
hüquqyaratma prosesinə, onun nəticəsinə
böyük təsir göstərir. Alman filosofu Hegelin təbirincə
desək hüquq düşüncəsinin sayəsində
qanunverici, "zəmanəsinin ruhunu tutur" və onu
hüquqi aktlarda əks etdirir.
Hüquq
düşüncəsi hüquq realizə prosesində, o
cümlədən hüquqi işlərin həllində,
hüquq tətbiqetmə aktlarının, habelə
bütün növ konkret hüquqi qərarların qəbulunda
tənzimləyici rol oynayır. İnsanların əksəriyyətinin
hüquq qaydalarına şüurlu şəkildə, öz
daxili inamı əsasında əməl etməsi bir daha
hüquq düşüncəsinin tənzimləyici rola malik
olmasını göstərir.
Hüquq
düşüncəsinin səviyyəsi nə qədər
yüksəkdirsə, ölkədə qanunçuluq və
hüquq qaydası bir o qədər möhkəmdir.
Hüquq-mühafizə
orqanlarında çalışan şəxslər peşəkar
hüquq düşüncəsinə malik olmalıdır.
Hüquqşünasların hüquq düşüncəsi nəzəri
olmalıdır. Elmin isə əsas məqsədi onlara
yüksək ixtisaslı mütəxəssis olmağa, ciddi və
ardıcıl olaraq qanunçuluğa əməl etməyə
imkan verən hüquq düşüncəsinin xüsusiyyətlərini
aşılamaqdır.
Peşəkar
hüquqşünasın hüquqa və onun tətbiqi təcrübəsinə
münasibəti fərqli olmalıdır. Bu ilk növbədə
onun hüquqla, qanunverici ilə yüksək səviyyədə
razılığı, qanunun tətbiqinin vacibliyi, zəruriliyi,
özünün ədalətliliyi, qanunçuluq və
hüquq qaydasına dəqiq və dönmədən əməl
etməsində ifadə olunur.
Hüquqşünasların
hüquqi zəkasının və hüquqi hisslərinin
xüsusiyyətləri peşəkar yanaşmalarda ifadə
olunur. Onlar hüquqi tənzimetmənin təkmilləşdirilməsi,
hüququn tətbiqi prosesində yaranan kolliziya və boşluqların
aradan qaldırılmasına dair təkliflərin mənbəyidir.
Dövlət
orqanlarının səmərəli hüquqtətbiqetmə və
hüquq-mühafizə fəaliyyəti isə müxtəlif
amillərdən asılıdır. Bu kontekstdə dövlət
orqanlarının strukturunda demokratik islahatların
aparılması, hüquq-mühafizə fəaliyyətində
günün reallığına əsaslanan ümumbəşəri
hüquqi dəyərlərin tətbiqi, məhkəmələrin
böyük nüfuza malik olması hüquq mədəniyyətinin
təkmil xarakterindən xəbər verir.
Hüquq
mədəniyyətinin bütün tərkib hissələrinin
daşıyıcıları - fərdlər, insanlar qrupu və
bütövlükdə əhalidir. Məhz bu subyektlərin
hüquq mədəniyyətinin sintezi son nəticədə cəmiyyətin
hüquq mədəniyyətini yaradır. Bu kontekstdə
ümumi hüquq mədəniyyətinin tərkib hissəsi
olan daxili işlər orqanları əməkdaşlarının
peşəkar hüquq mədəniyyətinin öyrənilməsi
və daimi təkmilləşdirilməsi demokratik, hüquqi
dövlət quruculuğunda böyük önəm kəsb
edir.
Daxili
işlər orqanlarının hüquq mədəniyyətinin
səviyyəsi ilk növbədə aşağıdakı
meyarlar əsasında ölçülür:
1.
Daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən
təkmil qanunvericilik bazasının mövcudluğu. Bu
gün polisin səmərəli fəaliyyətini tənzimləyən
müvafiq normativ baza formalaşmışdır.
Xüsusilə
qeyd etmək istəyirəm ki, bu qanunlar eyni zamanda, Avropa
Şurası Venesiya Komissiyasının ekspertizasından
keçərək müsbət rəy almışdır. Bu
beynəlxalq orqanın rəyinə görə "Polis
haqqında" Azərbaycan Respublikasının Qanunu insan
hüquqları sahəsində beynəlxalq standartlara tam cavab
verir.
Ölkəmizdə
qanunçuluq və hüquq qaydasının etibarlı təminatı
daxili işlər orqanlarında sahəvi normativ-hüquqi
aktların qəbuluna da zərurət yaradır. Baxmayaraq ki,
beynəlxalq təcrübədə sahəvi orqanların fəaliyyətinin
tənzimlənməsində qanunlara üstünlük verilir,
lakin qanunvericilik sisteminin iyerarxiyasında öz hüquqi
qüvvəsinə görə ali olan Konstitusiya və
qanunlarımızın səmərəli realizə
olunmasında bəzən qanunqüvvəli aktların da
özünəməxsus rolu vardır.
Daxili
işlər orqanlarının hüquqyaratma fəaliyyətində
Azərbaycan Respublikasının Konstitusiyasında və beynəlxalq
müqavilələrdə nəzərdə tutulan insan və
vətəndaş hüquqlarına və azadlıqlarına
ciddi əməl olunur.
2.
Daxili işlər orqanlarının davamlı
inkişafını təmin edən struktur islahatların həyata
keçirilməsi.
Müasir
dövrdə ictimai münasibətlərin daha ahəngdar və
intensiv inkişafı cinayətkarlığın kəmiyyət
və keyfiyyət göstəricilərinin də dəyişməsinə
səbəb olur. Belə bir vəziyyətdə cinayətkarlıqla
mübarizənin daha səmərəli aparılması,
qanunçuluğun qorunması, ölkədə əlverişli
iqtisadi-siyasi, sosial inkişafın davamlı olması
üçün asayişin mühafizəsinin peşəkarlıqla
həyata keçirilməsi, polis-vətəndaş münasibətlərinin
daha yüksək səviyyəyə qaldırılması məqsədilə
daxili işlər orqanlarında əhəmiyyətli struktur
islahatları aparılmışdır.
Daxili
işlər orqanlarında aparılan islahatlar, təbii ki,
qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində
öz müsbət nəticəsini verir. Lakin dünya təcrübəsi
göstərir ki, ölkənin hüquq-mühafizə sistemi
nə qədər təkmil olsa belə, cəmiyyətin
demokratiya və hüquqi mədəniyyəti zəifdirsə
və o, ictimai asayişin mühafizəsini yalnız polisin vəzifəsi
hesab edərək özünü bu işdən kənarlaşdırarsa,
yüksək nəticələr əldə etmək olduqca
çətindir. Bu baxımdan ölkəmizdə ictimai
asayişin mühafizəsində səmərəli fəaliyyəti
təmin etmək məqsədilə daxili işlər
orqanları ictimaiyyəti də bu işə cəlb etmək
üçün müəyyən tədbirlər
görür.
Böyük fərəh hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan yalnız dinamik iqtisadi inkişaf tempinə görə deyil, həm də cinayətkarlığa qarşı mübarizə və əmin-amanlığın qorunması sahəsində lider dövlətlərdəndir.
Bütün bunlar həm həyata keçirilən kompleks profilaktik tədbirlərin, həm də daxili işlər orqanlarının digər hüquq-mühafizə strukturları ilə qarşılıqlı işgüzar əməkdaşlığının nəticəsidir.
Görülən işlərin nəticəsidir ki, respublikamız cinayətkarlığın səviyyəsinə görə uzun illərdir ki, MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkələrdən biri hesab olunur.
3. Daxili işlər orqanlarında xidmət edən əməkdaşların yüksək hüquq mədəniyyəti və onların daimi təkmilləşdirilməsi. Ümumilikdə ölkəmizin daxili işlər oraqlarında mövcud olan yüksək hüquq mədəniyyəti burada xidmət edən hər bir əməkdaşın hüquq düşüncəsinə pozitiv təsir göstərir, hüquqi nihilizmi (qanunlara sayğısız münasibət) istisna edir, peşəkar fərdi hüquq mədəniyyətinin formalaşmasının təməlini yaradır. Bu müstəvidə hüquqi tərbiyənin böyük rolu inkar olunmazdır.
Hər şeydən əvvəl unutmaq olmaz ki, peşəkar hüquq düşüncəsinin təməlində şəxsin ailə tərbiyəsi, psixoloji və fiziki sağlamlığı, əxlaqi və mənəvi keyfiyyətləri dayanır. Daxili işlər orqanlarında xidmət edən şəxs yüksək ailə tərbiyəsinə, əxlaqa, yüksək mənəviyyata malik olmalıdır. Qanunçuluğun və hüquq qaydasının qorunması yolunda hətta öz həyatından da keçməyi bacarmalıdır. Daxili işlər orqanlarına məhz bu cür şəxslər qəbul olunur və onlarda peşəkar hüquq mədəniyyətinin formalaşması üçün hüquqi tərbiyə tədbirləri həyata keçirilir.
Polisdə xidmətin yüksək vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, bilik, geniş dünyagörüşü, elm, təhsil və təcrübə tələb etdiyini vurğulayan ümummilli lider Heydər Əliyev professional səviyyənin yüksəldilməsini, xidmətin müasir tələblərə, beynəlxalq təcrübəyə uyğun qurulmasını daxili işlər orqanlarının qarşısında bir tələb kimi qoymuşdu.
Bu proqram vəzifələrin yerinə yetirilməsi üçün nazirlik sistemində video-konfrans texnologiyasına əsaslanan "Virtual Tədris Mərkəzi", habelə Baş Kadrlar İdarəsinin, Polis Akademiyasının, respublikanın 11 şəhər-rayon polis orqanının bazasında təlimlərin video-konfrans formatında keçirilməsinə imkan verən xüsusi tədris sinifləri yaradılmışdır. Akademiyada idarəetmənin təşkili fakültəsi təsis olunmuş, müasir tədris korpusları, elmi-metodik kabinetlər, laboratoriyalar, kriminalistik təlim otaqları, xüsusi təchiz edilmiş auditoriyalar, idman kompleksi, sıra meydanları və s. tikilərək istifadəyə verilmişdir. Analoji tədbirlər A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbdə də görülmüşdür. Gənc kadrların tədris müəssisələrində aldıqları nəzəri bilikləri praktikada istifadə etməsinə, xidmətdə möhkəmlənməsinə və inkişafına bütün lazımi şərait yaradılmış, nəzəriyyə ilə təcrübənin uzlaşdırılmasına xüsusi önəm verilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində yüksək ixtisaslı kadr potensialı, peşəkar özək formalaşmış və onun möhkəmlənməsinə yönələn tədbirlər məqsədyönlü şəkildə davam etdirilir.
Eyni zamanda, əməkdaşların peşə biliyinin, bacarıq və vərdişlərinin formalaşdırılması və inkişafı, xidmət şəraitinə uyğunlaşmağa köməklik göstərməsi, peşə-etik qaydalarına uyğun olan xidməti davranış vərdişlərinin, fəal vətəndaş və həyat mövqeyinin, xidmətə məsuliyyətli və şüurlu münasibətin formalaşdırılması, xidməti vəzifələrin yerinə yetirilməsi zamanı meydana çıxan çətinliklərin aradan qaldırılmasına mənəvi və psixoloji dəstəyin verilməsi, müvafiq normativ-hüquqi aktların, daxili işlər orqanlarının tarixi və ənənələrinin öyrənilməsi sahəsində böyük rolu olan hamilik institutunun işinin də təkmilləşdirilməsi daxili işlər orqanlarının diqqət mərkəzindədir.
Daxili işlər orqanları əməkdaşlarının peşəkar hüquq mədəniyyətinin və hüquq düşüncəsinin formalaşması və yüksəldilməsində böyük məsuliyyət bu orqanlara hüquqşünas kadrlar hazırlayan DİN-in Polis Akademiyasının üzərinə düşür.
Təhsilin səviyyəsini müasir standartlara uyğunlaşdırmaq, tədrisin keyfiyyətinin monitorinqini həyata keçirmək, təhsil sisteminin informasiyalaşdırılması, Avropa təhsil məkanına inteqrasiya ilə bağlı bəzi tədbirlərin həyata keçirilməsi, elmin inkişafı məqsədilə Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanan hüquqi sənədlər fəaliyyətimizin əsas normativ bazasın təşkil edir.
Yüksək ixtisaslı hüquqşünas kadrlar hazırlayan təhsil müəssisəmizdə beynəlxalq standartlar səviyyəsində hərtərəfli islahatlar aparılmış, zəngin fondu, elektron kataloqu olan kitabxana yaradılmışdır. Akademiyanın qarşısında duran əsas vəzifə mükəmməl biliyə, yüksək mənəvi-psixoloji keyfiyyətlərə, xüsusi fiziki hazırlığa, möhkəm iradəyə və qətiyyətə malik polis zabitləri hazırlamaqdır. Təhsil müəssisəmizdə müdavimlərdə zabit qüruru, saf mənəviyyat formalaşdırmaq üçün xüsusi səylər göstərilir, tədris prosesində ən mükəmməl, praktikada özünü doğruldan metodlar tətbiq edilir, tələbələrdə qətiyyət, vətənpərvərlik, humanizm kimi dəyərlər aşılanır.
Avropa ali təhsil məkanına inteqrasiya tələblərinə müvafiq olaraq Boloniya təhsil prosesinə, biliyin yeni qiymətləndirilmə sisteminə keçid qarşımızda yeni vəzifələr də yaratmışdır.
Həmin vəzifələrin uğurla yerinə yetirilməsi üçün, bu gün tədrisdə cari nəzarət prosesində interaktiv və inteqrativ metodların, müasir informasiya texnologiyalarının tətbiqinə, konstruktivizmə, ənənəvi-klassik mühazirələr də daxil olmaqla mühazirə press-konferensiya, problematik evristik, video, əks-əlaqə elementlərini özündə ehtiva edən mühazirə növlərindən istifadəyə mühüm yer verilir.
Bu sahədə sistemli şəkildə təşkilati-əməli işin həyata keçirilməsi, o cümlədən müasir və təkmil yeniliklərin tətbiq edilməsi, əməkdaşların həm peşəkarlıq səviyyəsinin artırılması, həm də mənəvi yetkinləşməsi üçün müvafiq tədbirlərin görülməsi davam etdirilir.
Ceyhun SÜLEYMANOV,
Azərbaycan Respublikası
DİN-in
Polis Akademiyasının Dövlət
və hüquq
nəzəriyyəsi
kafedrasının rəisi, əməkdar
müəllim, dosent, polis polkovniki
Xalq qəzeti.- 2011.- 17 sentyabr.- S.
7.