"Canlanır hər qarış
yer Sumqayıtda..."
Sentyabrın
16-da Sumqayıtın tarixində ilk dəfə olaraq
"Şəhər günü" keçirilib. Bayrama hərtərəfli
ciddi hazırlıq görülüb, təmizlik-abadlıq
işləri genişlənib. Hər kəs bayrama öz
töhfəsini verməyə çalışıb. Memarlar,
inşaatçılar, təmirçilər, kommunal xidmət
işçiləri, hətta idmançılar, musiqiçilər,
rəssamlar və şairlər də "Şəhər
günü"nü layiqincə qeyd ediblər.
Doğma Azərbaycanımızın
böyük uğurlarla müşayiət olunan inkişaf
yolunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən
müəyyənləşdirildiyi birmənalıdır. Ulu
öndər hələ sovet dövründə müttəfiq
respublikamızı dünyaya tanıda bilmiş, müstəqillik
illərinin əvvəllərindən isə gənc dövlətimizin
möhkəmləndirilməsi, onun sosial-iqtisadi
inkişafına nail olunması naminə məqsədyönlü
addımlar atmış, əhalinin rifah halının
yaxşılaşdırılması üçün həyat
əhəmiyyətli qərarlar qəbul etmişdir.
Ümummilli liderin arzularının, ideyalarının şəhəri
olan Sumqayıt da bu diqqət və qayğıdan kənarda
qalmamış, müstəqillik illərində
özünün daha sürətli inkişaf mərhələsinə
qədəm qoymuşdur. Respublikaya rəhbərlik etdiyi
dönəmlərdə gənclik şəhərinə 16 dəfə
səfər etmiş ulu öndərin atalıq
qayğısı sayəsində onun "kiçik Azərbaycan"
adlandırdığı Sumqayıt ildən-ilə, aydan-aya
böyümüş və gözəlləşmişdir.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev də varislik ənənəsinə
sadiq qalaraq ölkənin dinamik inkişaf konsepsiyasını
ardıcıl reallaşdırır, zamanın
çağırışlarına adekvat olan yeni əlavələrlə
zənginləşdirir. Dövlət
başçısının təkcə Sumqayıt şəhərinin
inkişafına göstərdiyi diqqətin miqyasları yetərincə
geniş və hərtərəflidir. Hər bir
sumqayıtlı doğma şəhərə gündəlik
dövlət qayğısından ruhlanır və sabaha daha
böyük inamla, nikbinliklə baxır.
Sumqayıtda əvvəlki
dövrlərdə də abadlıq-quruculuq işləri
aparılıb. Regional inkişaf üzrə Dövlət
Proqramında nəzərdə tutulan tədbirlər gənclik
şəhərindən yan ötməyib. Ancaq 2011-ci ilin əvvəlindən
Sumqayıtda yaranan canlanma xüsusilə diqqəti cəlb
edir. Quruculuq sahəsində yetərli təcrübəsi olan
Eldar Əzizov şəhərə icra hakimiyyəti
başçısı təyin ediləndən sonra sənayenin
dirçəldilməsi, sosial sferanın təzələnməsi
tədbirləri, necə deyərlər, bütün cəbhə
boyu aparılmağa başlayıb. Prezidentin
tapşırığı ilə bu işlər daha da sürətlənib.
Bir neçə istiqamətdə çox gözəl,
müasir infrastruktur layihələrin icrasına start verilib.
Elektrik enerjisi, qaz, su təchizatı sahəsində əsas
problemlər həllini tapır, yeni kanalizasiya sisteminin
yaradılması üçün addımlar atılır.
İndi şəhərdə abadlıq-quruculuq işlərinin
həyata keçirilmədiyi meydan, küçə yoxdur, -
desək, mübaliğə etmiş olmarıq.
Bu il iyulun 7-də
Sumqayıta səfər edən Prezident İlham Əliyev Nəsimi
adına dənizkənarı mədəniyyət və istirahət
parkında, Heydər Əliyev parkında, Cümə Məscidində,
habelə şəhərin girişində və digər ərazilərdə
görülən əsaslı yenidənqurma və abadlıq
işlərinin gedişi ilə tanış olmuş, 1
saylı Uşaq-Gənclər İdman Məktəbinin yenidənqurmadan
sonra açılışında iştirak etmiş,
"Kimyaçı" Mədəniyyət Sarayının
qarşısında yaradılacaq meydana və sarayın
inzibati binasına baxmış, Cənubi Qafqazın ən
böyük müasir kompleksində - Sumqayıt Texnologiyalar
Parkında yaradılan yeni müəssisələrdə
olmuş, tapşırıq və tövsiyələrini
vermişdir. Həmin gün şəhər ictimaiyyətinin
nümayəndələri ilə görüşən
dövlətimizin başçısı təəssüratlarını
bölüşmüşdür: "...Sumqayıt sakinləri
istəyirlər ki, Sumqayıt şəhəri gözəlləşsin,
abadlaşsın. Mən həmişə deyirəm ki, Bakı
dünyanın ən gözəl şəhərlərindən
biridir. Ümid edirəm ki, vaxt gələcək, biz
Sumqayıt haqqında da eyni sözləri deyə biləcəyik...
Bildiyiniz kimi, mən dəfələrlə Sumqayıtda
olmuşam, son illər ərzində haradasa altı-yeddi dəfə.
Əlbəttə ki, biz əvvəlki dövrdə daha
çox infrastruktur və şəhər təsərrüfatının
inkişafı üçün vacib olan məsələlərlə
məşğul idik. İlk növbədə elektrik
stansiyasının tikintisi, ondan sonra sənaye müəssisələrinin
işə salınması. İndi isə vaxt gəlib
çatıb ki, biz şəhərin, necə deyərlər,
estetik tərəfi ilə ciddi məşğul olaq və məşğul
da olacağıq... Əlbəttə, mən bundan sonra daha
tez-tez gələcəyəm. Əminəm ki, bu şəkillərdə
göstərilən mənzərə qısa müddət ərzində
reallığa çevriləcəkdir".
Qarşıya
qoyulmuş vəzifələrin
reallaşdırılmasından ötrü Prezident İlham Əliyevin
martın 15-də imzaladığı sərəncamla onun
2011-ci il dövlət büdcəsində nəzərdə
tutulmuş ehtiyat fondundan yenidənqurma, abadlıq və
yaşıllaşdırma işlərinin davam etdirilməsi
üçün Sumqayıt Şəhər İcra hakimiyyətinə
5 milyon manat məbləğində vəsait ayrılıb.
Azərbaycan
Prezidentinin "Sumqayıt paytaxt standartlarına tam
uyğunlaşdırılmalıdır"
tapşırığı hazırda gənclik şəhərində
əməli fəaliyyət proqramı kimi yerinə yetirilməkdədir.
Şəhərin yeni rəhbərliyi bu istiqamətdə
yorulmaz səylər göstərir. Parklarda yenidənqurma
işləri sürətlənib, küçələr
abadlaşdırılır, binalar görkəmini dəyişir,
yaşıllıqlar artırılır.
Eldar Əzizov
iyul ayında keçirilən şəhər fəallar
yığıncağında demişdi ki, Sumqayıtda
bütün işlər ölkə Prezidenti cənab İlham
Əliyevin tapşırıq və tövsiyəsi ilə həyata
keçirilir. İndi Azərbaycanın hər bir bölgəsində
Heydər Əliyev Mərkəzi və ya muzeyi fəaliyyət
göstərir. Sumqayıtda isə belə bir mərkəz
yaradılmayıb. İndi bu boşluğu doldurmaqdan
ötrü ulu öndərin adını daşıyan parkda
Heydər Əliyev Mərkəzi yaradılacaq ki, bu da şəhərin
hər bir sakininin ürəyincə olacaq.
Cari ilin yaz
aylarında Sumqayıt üçün xüsusi əhəmiyyət
daşıyan məsələ kimi onun simvolunun və gerbinin
yenidən işlənməsi məqsədilə müsabiqə
elan edilmişdi. Sözügedən yığıncaqda
müsabiqənin nəticəsini açıqlayan icra
başçı Sumqayıt gerbinin müxtəlif eskizlərini
monitor vasitəsilə diqqətə çatdıraraq
müsabiqə komissiyasının qalib saydığı
nümunəni təqdim elədi. Bu gerb sülhsevər və
pozitiv əhval-ruhiyyəli sahilyanı şəhərin tərəqqiyə
can atması ideyasını daha inandırıcı şəkildə
əks etdirir: üfüqlərdə göyərçin
silueti, aşağıda mavi Xəzər və dalğalar
üzərində "Sumqayıt" adı. Eskiz yekdilliklə
bəyənildi. Qərara alındı ki, Sumqayıt şəhəri
ilə bağlı olan bütün tədbirlərdə,
burada istehsal edilən bütün məhsullarda bu gerb əks
olunsun. Eyni zamanda, Sumqayıtın giriş hissəsinin, şəhər
icra hakimiyyətinin yeni tikiləcək binasının,
Fransanın Kann şəhərindəkinə uyğun
yaradılacaq bulvarın layihələri də şəhərin
daha gözəl gələcəyindən soraq verir.
Xatırlayıram
ki, bir neçə ay öncə Eldar Əzizov müsahibələrinin
birində Sumqayıt və sumqayıtlılar haqqında təəssüratlarını
söyləyərkən demişdi: "Şəhər memarlıq
baxımından Bakı və respublikanın başqa şəhərləri
ilə müqayisədə daha düzgün tikilmişdir.
Burada hər şeydə onu tikən memarların ruhu hiss
olunur. Şəhər öz səciyyəvi üslubu, enli
küçələri, geniş mikrorayonları,
çoxsaylı parkları, yaşıllıqları ilə
seçilir. Bu gün Sumqayıt Azərbaycanın ekoloji cəhətdən
ən təmiz şəhərlərindən biridir. Sakinləri
isə gülərüz və hər cəhətdən fəal
insanlardır. Bu insanların öz baxışlarını və
mövqelərini açıq ifadə etməsi onların fərqləndirici
xüsusiyyətidir. Bu xüsusiyyət onlara rəğbət
oyadır, lakin eyni zamanda, məsuliyyəti artırır".
Sumqayıtın
inkişafında əsas konseptual xətt ondan ibarətdir ki,
şəhər mühüm sənaye mərkəzi
olmalıdır. Bu proses fəal inkişaf edir. Prezidentin təşəbbüsü
ilə burada bəlkə də bütün postsovet məkanında
analoqu olmayan sənaye parkı yaradılıb. Yeni müəssisələr
tikilir. Bakı müəssisələrinin bir hissəsi
Sumqayıta köçürülür, lakin bunlar artıq əvvəlkindən
fərqli, yüksək texnologiyalara əsaslanan
istehsalatlardır. Sənaye limanının inşası barədə
qərar qəbul edilib. Müvafiq infrastruktur obyektləri
yaradılır, yeni iş yerləri açılır. Lakin
artıq orada uyğun ixtisaslara malik olan insanlar işləyə
biləcəklər. Buna görə də Prezidentin
tapşırığına əsasən, burada müvafiq
texniki peşə məktəbləri açılır.
Proseslər sürətləndikcə şəhərin əhalisi
də sürətlə artacaq.
Şəhərin
mövcud müəssisələrinin işində də
dönüş yaranıb. Yarım ildə Sumqayıtda
ümumi məhsul istehsalının həcmi 266 milyon manat,
ötən ilin müvafiq dövrü ilə müqayisədə
artım tempi 30,6 faiz təşkil edib. Ümumi daxili məhsulun
tərkibində qeyri-dövlət sektorunun payı 63 faiz olub.
Orta aylıq əməkhaqqı 230 manatdan 350 manata yüksəlib:
52 faiz artım müşahidə edilib. Kimya sənayesində
məhsul istehsalı iki dəfə, metallurgiyada üç dəfə,
yeyinti sənayesində 1,4 dəfə, yüngül sənayedə
1,3 dəfə artıb. Bütün maliyyə mənbələri
hesabına ayrı-ayrı sahələrin inkişafına 35
milyon manatdan çox investisiya yönəldilib.
Sumqayıtda
şəhərsalma və abadlaşdırma, deyildiyi kimi,
Bakı standartlarına yaxınlaşdırılır.
Sumqayıtın giriş yolları modernləşdirilir,
mikrorayonların abadlaşdırılması üzrə sakinlərin
arzuları nəzərə alınmaqla xüsusi proqram qəbul
edilib. Ölkə rəhbərliyinin bu prosesə həm
intellektual, həm də praktiki baxımdan rəhbərlik etməsi
sumqayıtlıları daha da ruhlandırır. Prezident
İlham Əliyev sumqayıtlılarla görüşündə
bütün layihələrin
reallaşdırılmasının konkret müddətlərini
müəyyən etməklə faktiki olaraq yeni
Sumqayıtın təməlini qoymuş olub.
Yeri gəlmişkən,
dövlət başçısının
tapşırığına əsasən, artıq bu gün
resursları tükənmiş köhnə binaların
sökülməsi, dövlət büdcəsinin vəsaitləri
hesabına əhalinin köçürülməsi və
şərti adı "Yeni Sumqayıt" olan ərazidə
təzə evlərin tikintisi haqqında layihə
hazırlanır. Orada ikinci dünya müharibəsindən
sonrakı dövrdə tikilmiş barak tipli ikimərtəbə
"qoca" evləri müasir göydələnlər əvəz
edəcək.
Elə şəhərin
girəcəyindən burada genişmiqyaslı
abadlıq-quruculuq işlərinin aparılması diqqət
çəkir. Yeni hazırlanan layihə üzrə əsas
giriş qapısı son dərəcə müasir görkəmdə
olacaq. Şəhərin yaxası sayılan "Sülh"
küçəsi başdan-başa yenidən qurulur. Səkilər,
yollar genişlənir, yöndəmsiz köşklər,
mağazalar götürülür və ya yeni üslubda təzədən
tikilib quraşdırılır. "Yol
inşaatçısı" MMC-nin əmək adamları
qoyduqları mərmər səki daşları ilə
yolları zövqoxşayan nizama salır, gözəlləşdirirlər.
Bu iş dəniz kənarındakı "Sülh göyərçini"
kompleksinə çatana qədər davam etdiriləcək: yəni
bütün küçə boyunca.
Sumqayıtın
görkəminə ciddi xələl gətirən
yarımçıq tikililərin, yöndəmsiz obyektlərin
sökülməsi şəhəri sevən hər kəsin ürəyincədir.
"Sülh" küçəsinin köhnə
avtovağzal ərazisindəki yarımçıq bina
neçə il idi ki, gözdağına çevrilmişdi.
Ulu öndərin abidəsi olan ərazinin
yaxınlığındakı bu tikili çirkab sularla,
zir-zibillə dolu idi. Şəhər məhkəməsi
haqlı olaraq onun sökülməsi barədə qərar
verdi.
Digər ərazilərdə
də tör-töküntülərin, yığılıb
qalmış tullantıların daşınması və
poliqonda zərərsizləşdirilməsi həyata
keçirilir. Çerkassı küçəsi boyunca
çoxlu söküntü aparılıb. 41-ci məhəllədən
18-ci mikrorayona qədər ərazidə bəzi sakinlər tərəfindən
qeyri-qanuni salınmış bostanların, toyuq hinlərinin,
heyvan damlarının, eybəcər çəpərlərin
sökülməsi və həmin yerlərin təmizlənməsi
tədbirlərini əksəriyyət bəyənir.
Yenidənqurmanın bir ünvanı da
"Azərbaycan" prospektidir. Ölkə rəhbərinin
tövsiyəsi ilə bu prospektdə - dənizkənarı
parkın ətrafında yerləşən yaşayış
binalarının fasadları klassik memarlıq üslubunda yenidən
qurulur. Ən azı səkkiz binanın görkəmi bu qaydada
dəyişdiriləcək və qədimlik koloriti ilə diqqət
çəkəcək. Bu binalar bir qədər köhnə
olduğuna görə əlavə işlərdən
ötrü ayrıca özüllər qazılır ki,
divarlara ağırlıq düşməsin.
Parka yaxın küçə və məhəllələr
başdan-başa abadlaşdırılır. Daha münasib yerə
köçürülmüş Nəsimi heykəlinin ətraf
əraziləri səliqəyə salınır,
yaşıllıq zolağı boyunca yerə
naxışlı tamet plitələr döşənir. 1-ci məhəllədəki
küçəyə baxan yaşayış binalarında
yenidənqurma işləri sürətlə aparılır.
Fransız tipli dam örtükləri uzaqdan diqqəti cəlb
edir. "A+A" şirkətlər qrupu hazırda 2-ci məhəllədəki
binalarda altfasadların sökülməsinə və
üzlüklərin çəkilməsinə başlayıb.
"Azərbaycan" prospektində yerləşən inzibati
binaların, sosial və xidmət obyektlərinin yeniləşdirilməsi,
ətraf ərazilərin abadlaşdırılması istiqamətində
də işlər davam etdirilir. "Bələdiyyə"
parkının yenidən əsl istirahət mərkəzlərindən
birinə çevrilməsi üçün də
güclü səylər göstərilir.
Mərkəzi poçt binasının ətrafı
göz oxşayır. Ərazi başdan-başa yeni görkəmə
salınıb. Naxışlı tamet plitələr, müasir
işıqlandırma sistemləri, yaşıllıq
zolaqları hər kəsi heyran edir. Sumqayıtda belə meydan
və xiyabanların sayı sürətlə artmaqdadır.
Heydər Əliyev parkının yeni layihəsi
təsdiqini tapdıqdan sonra burada işlər daha da genişlənib.
Artıq parkdakı zövqsüz, primitiv üsulla tikilmiş
iaşə obyektləri, çayxanalar və başqa bu kimi obyektlər
sökülüb. Əraziyə mozaik daşlar döşənir,
yeni oturacaqlar qoyulur, suvarma və işıqlandırma sistemləri
yeniləşdirilir. Yol kənarlarına daha müasir zibil
qutuları qoyulur. Parkda ucaldılacaq Heydər Əliyev Mərkəzinin
sayəsində bura əsl ziyarətgaha çevriləcək.
Sakinlər də, qonaqlar da
Sumqayıtın bugünkü vüsətini ürəkdən
bəyənirlər. Ötən həftə "Azərikimya"
İstehsalat Birliyində üçgünlük beynəlxalq
ekoloji konfrans keçirilirdi. Almaniya Federal Ekoloji Nazirliyinin,
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin
və bu ölkənin Azərbaycandakı səfirliyinin
nümayəndələrinin də qatıldığı tədbir
yüksək səviyyədə keçdi. Bu sətirlərin
müəllifi şahiddir ki, qonaqlar Sumqayıtı gəzərkən
gənc şəhərdən və burada görülən
işlərdən məmnunluqlarını gizlətmirdilər.
Sentyabrın 16-da respublikanın müxtəlif
şəhərlərindən və xarici ölkələrdən
Sumqayıta gəlmiş qonaqlar onun sakinləri ilə birlikdə
əzəmətli, maraqlı və gözəl bir mərasimin
- Şəhər günü bayramının şahidi oldular.
Bir gün əvvəl şəhərin bütün
küçələrini və yaşayış massivlərini
gəzib dolaşmış milli geyimli çaparlar dəstəsi,
habelə dəvə karvanı, süvarilər, idman avtomobilləri
Sumqayıt sakinlərini və qonaqları tədbirə səsləyən
digər görüntülər bayram mühiti
yaratmışdı.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov, hüquq mühafizə
orqanlarının, sənaye müəssisələrinin rəhbərləri,
habelə ictimaiyyətin nümayəndələri ümummilli
lider Heydər Əliyevin abidəsi önündəki meydanda
toplaşmışdılar. Abidənin önünə tər
çiçəklər qoyuldu.
Bayram qədim Corat kəndinin qala divarı
qarşısından başlandı. Hazırda
Sumqayıtın bir hissəsinə çevrilmiş müasir
qəsəbənin improvizə edilmiş meydanında qala
divarı tikilmişdir. Tamaşa burada yaradılmış
bazar meydanında və böyük gəmidə göstərilirdi.
Bütövlükdə bütün səhnədə 2 min ildən
çox tarixi olan qədim Coratın ab-havası
yaradılmışdı. Bayrama gələnlər Azərbaycanın
qədim adət və ənənələri, məişət
mərasimləri, xalq sənəti ustalarının nəsildən-nəslə
keçən folklor nümunələri, habelə məxsusi
bayram üçün uzunluğu 2,4 metr olan Corat
qutabını hazırlamış aşpazların məharətinə
heyran qalmışdılar.
Qədim topdan açılan atəş
böyük Roma sərkərdəsi Pompeyin öz ordusu ilə
birlikdə bayrama gəlməsini xəbər verdi. Ədəbi-bədii
kompozisiyanın iştirakçıları bir çox
maraqlı səhnələrə, o cümlədən
Sumqayıt şəhərinin yaranması adının tarixindən
bəhs edən səhnələrə tamaşa etdilər.
Sonra respublika hökuməti üzvlərinin,
Milli Məclisin deputatlarının, Azərbaycanda akkreditə
olunmuş diplomatik korpusun nümayəndələrinin, bir
sıra rayonların icra hakimiyyəti
başçılarının, qardaşlaşmış
şəhərlərin nümayəndə heyətlərinin
və başqalarının iştirak etdikləri şəhər
bayramı Sumqayıtda Kimyaçıların Üzeyir
Hacıbəyli adına Mədəniyyət Sarayı
qarşısındakı böyük meydanda davam etdirildi.
Burada bayram yürüşü - parad oldu.
Hərbi orkestrin ifa etdiyi marşın sədaları
altında əsgərlər Azərbaycanın böyük
dövlət bayrağını meydana gətirdilər.
Motosikletçilər Federasiyası və Fövqəladə
Hallar Nazirliyi nümayəndələrinin
çıxışı çox maraqlı oldu. Onlar idman
motosiklet texnikasının burada nümayiş etdirilən
müxtəlif növləri ilə çox çevik hərəkət
edirdilər. Motosikletlərdə, kartinqlərdə və
kvadrosikllərdə göstərilən tryuklar, dalğalar,
virajlar tamaşaçıları heyran qoydu.
Bayramın iştirakçıları
Sumqayıtın idman qəhrəmanlarını gurultulu
alqışlarla qarşıladılar. Dünya və Avropa
çempionatlarının mükafatlarına layiq
görülmüş 100-dən çox idmançı
meydandan keçdi. İki dəfə paralimpiya çempionu
olmuş "Şöhrət" ordenli İlham Zəkiyev,
olimpiya mükafatçıları Fuad Aslanov və Şahin
İmranov, dünya və Avropa çempionu Niyaməddin
Paşayev və digərləri Azərbaycan idmanının
şöhrətini artırmışlar.
Bayram yürüşündə qonaqlar -
Sankt-Peterburqdan gəlmiş təbilçilər qrupu,
Türkiyənin "Mehtep" qrupu, Dağıstanın
"Ləzginka" xalq kollektivi, Qaxın
"Şvidkatsa" xor kollektivi, İsmayıllı rayonunun
İvanovka kəndinin folklor qrupu, Qusarın "Ləzginka"
rəqs qrupu, Lənkəranın "Bacılar" folklor
qrupu, Salyan rayonunun "Cəngi" xalq kollektivi,
Şamaxının "Şirvan" nəfəsli alətlər
ansamblı, Şəkinin "Zorxana" rəqs qrupu,
Masallının "Halay" folklor qrupu da iştirak etdilər.
Raritet avtomobillərin paradı oldu. Aeromenlər və
böyük kuklalar uşaqların diqqətini cəlb edirdi.
"Şahin" respublika hərbi idman
oyununun qalibləri olmuş məktəblilərdən, habelə
şəhərin orta məktəblərinin şagirdlərindən
və məktəbəqədər tərbiyə müəssisələrinin
yetirmələrindən ibarət dəstələr son dərəcə
gözəl görünürdü.
Bayram kütləviliyi və al-əlvanlığı
ilə adamı valeh edirdi. Bütün bayram ərzində
meydanın üzərində səmada ümummilli lider Heydər
Əliyevin portretinin təsviri olan böyük aerostat
dalğalanırdı və o, Azərbaycanın ən yeni
tarixində liderin misilsiz xidmətlərini
xatırladırdı.
Buradakı 100 manqalda bişirilən ətirli
kabablardan bayrama gələnlərin hamısı daddı.
Axşam meydanda
quraşdırılmış böyük səhnədə
respublikanın və xaricdən gəlmiş incəsənət
ustalarının bayram konserti oldu. Konsert "Azərbaycan
Televiziya və Radio" QSC ilə canlı yayımlandı.
"Şəhər günü" Sumqayıtın gecə
səmasını bəzəyən son dərəcə
gözəl atəşfəşanlıqla başa
çatdı.
... Sumqayıt dinamik inkişaf edən bir
şəhərdir. Hər gün özü ilə bu şəhərə
yeni, mütərəqqi dəyişikliklər gətirir.
Ötəri bir baxışla da hiss olunur ki, abadlıq,
inkişaf hər hansı bir ayrıca sahədə getmir, məhz
çoxcəhətli xarakterə malikdir. Sənaye, digər
profilli istehsal müəssisələri, sosial sfera, infrastruktur
və digər sahələrdə sürətli tərəqqi
paralel şəkildə özünü göstərərək
bir-birini tamamlayır. Elə bu da Sumqayıtın
inkişafında hərtərəfli modernləşmənin təmin
olunmasında əsas rollardan birini oynayır.
Təhsil, səhiyyə, mədəniyyət
sahələrində islahatların aparılması, xidmət
səviyyəsinin yüksəldilməsi də əhali tərəfindən
məmnunluqla qarşılanır. Bu ildən futbol üzrə
Premyer Liqada Sumqayıt da təmsil olunmağa başlayıb.
Şəhər stadionunun əsaslı təmiri və yenidənqurulması
məsələsi də artıq gündəmdədir.
Özü də bu stadionun ölkədə ən
yaxşı idman mərkəzlərindən birinə
çevrilməsi hədəf götürülüb. Prezident
İlham Əliyevin açılışında iştirak
etdiyi 1 saylı UGİM-in dünya standartları səviyyəsində
yaradılması stadionun da qeyri-adi dərəcədə
gözəl olacağına inamı artırır.
Sumqayıtda dini-mənəvi dəyərlərə
də hörmətlə yanaşılır. Azərbaycanın
tolerantlıq ənənələri burada ciddi qorunur. Şəhərin
dindarları məscidin yenidən qurulması üçün
ölkə başçısına müraciət etmişdilər.
Azərbaycan Prezidentinin tapşırığına əsasən,
Sumqayıt Cümə Məscidində əsaslı təmir
işlərinə başlanıb. Məscidin yanında 26
metrlik minarənin ucaldılması üçün qazma
işləri sona yetib. Minarənin ucaldılması ilə
yanaşı, məscidin binasında da yenidənqurma
aparılır. Çox keçməyəcək ki, bu müqəddəs
ünvan da Sumqayıtın gözəl memarlıq abidələri
sırasına qatılacaq.
Sumqayıtlılar hazırda "Şəhər
günü"nün xoş təəssüratlarını
yaşayırlar. Bu bayram indən belə ənənə
halını alacaq. İlbəil daha da maraqlı və cəlbedici
olacaq. Güzəran yaxşılaşdıqca, həyat
gözəlləşdikcə bayramlar da həvəslə qeyd
edilir.
...Bu yaxınlarda dünyasını dəyişmiş
istedadlı şair Tofiq Məmməd Sumqayıtın
tanınmış ziyalılarından idi. Gözəl
şeirlərində taleyini Sumqayıtla bağlayan
bütün sakinlərin qəlbindən keçən
duyğuları ifadə edirdi:
Məndən hünər istə, məndən
iş istə,
Gör nələr, gör nələr
yaratmışam mən.
Sumqayıt böyüyüb əllərim
üstdə,
Onunla birlikdə boy atmışam mən.
İnanırıq ki, Sumqayıtın
bugünkü tərəqqisində zəhməti olanların
da beləcə öyünməyə mənəvi haqqı
olacaqdır.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.-
2011.- 18 sentyabr.- S. 5.