İstiqlal tariximizin
şanlı səhifəsi
Rusiyada 1917-ci il oktyabr
hərbi çevrilişindən sonra,
imperiyanın ərazisində yaşayan
müxtəlif millətlərin, habelə Azərbaycan
xalqının demokratik fikirli
ziyalıları öz dövlətlərini
qurmaq, müstəqilliklərini bərqərar
etmək yolunda mücadiləyə
başlamışdılar. Bu dövrdə Tiflisdə bolşeviklərin təşəbbüsü
ilə yaradılan və əksəriyyəti erməni-daşnak
və bolşeviklərdən ibarət olan
Hərbi İnqilab Komitəsi burada bolşeviklərin xeyrinə fəaliyyət
göstərməyin mümkünsüz olduğunu görüb
Bakıya köçmüşdü. Çar Rusiyası
dövründə uzun illər ərzində
"dünyanın neft paytaxtı" və
Xəzərdə ən böyük liman şəhəri - ticarət mərkəzi
kimi tanınan Bakıda yerli
türk, müsəlmanların say nisbətini azaltmaq üçün rus, erməni
və digər xalqları sərfəli şərtlərlə
buraya köçürmüşdülər.
Bakıya
gələn Hərbi İnqilab Komitəsi Türkiyə cəbhəsindən
gələn erməni-daşnak silahlı qüvvələriylə
birləşərək yerli bolşeviklərin köməyilə
burada üstünlüyü ələ alıb Bakı
Komunnasını yaratmışdılar. Tabeliyindəki 18 min
döyüşçünün 13 min əsgəri və
zabitlərin əksəriyyəti ermənilərdən ibarət
olan bu qanlı komitə çox qısa bir zaman fasiləsində
hakimiyyətdə olub xalqımıza qənim kəsilmişdi.
1918-ci ilin martında Bakıda və ətrafda 10 minlərlə
günahsız müsəlmanı qanına qəltan edən
komitənin erməni hərbi birləşmələri
Şamaxıda, Qubada, Lənkəranda və digər bölgələrdə
də yüzlərlə kəndin silahsız və
günahsız əhalisini qılıncdan keçirmiş,
güllələmiş, evlərini yandırmış,
yurdlarını viran qoymuşdular.
Bu
dövrdə Bakı həm də İngiltərə və
digər imperialist dövlətlərin maraq dairəsində
idi. İngilislər general Denstervilin komandanlığı
altında silahlı birləşmələrini Bakıya
göndərərək, Bakı komunnasının rəhbərlərini
həbs etmiş, "Sentrokaspi" hökümətini
yaratmışdılar. Lənkəran qəzasında isə
hakimiyyət erməni daşnaklarının da daxil
olduqları bolşeviklərin əlində
qalmışdı. Belə bir tarixi şəraitdə 1918-ci
il mayın 28 də Şərqdə ilk demokratik respublika olan
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra, onun
höküməti Bakını, Azərbaycanın digər
bölgələrini erməni-daşnak, rus-bolşevik və
ingilis işğalçılarından təmizləmək
üçün onsuz da çox çətin bir vəziyyətdə
bir neçə cəbhədə müharibə aparan
qardaş Türk- Osmanlı dövlətinə müraciət
etmişdi.
Azərbaycana
hərbi yardım göstərilməsinə razılıq
almaq üçün Türkiyəyə göndərilən
nümayəndə heyətinə Nağı Şeyxzamanov rəhbərlik
edirdi. Nümayəndə heyəti sultanla, baş nazir Tələt
Paşa, hərbi nazir Ənvər Paşa ilə
görüşərək, Azərbaycana hərbi yardım
göstərilməsinə razılıq aldı. Qərara
alındı ki, Azərbaycanda olan bütün silahlı birləşmələr
türk hərbi mütəxəssislərinin rəhbərliyi
ilə yenidən qurulsun. Bu məqsədlə Ənvər
Paşanın qardaşı Nuru Paşa Azərbaycana göndərildi.
Gəncədə qarşılanan Nuru Paşa burada vəziyyətin
çox gərgin olduğunu görüb, Osmanlı dövlətinin
rəhbərliyi qarşısında Azərbaycana hərbi
qüvvə göndərmək məsələsini
qaldırdı.
1918-ci il iyunun 4-də Batumidə iki dövlət arasında müqavilə imzalandı. Və müqavilənin 4-cü maddəsinə əsasən, Osmanlı dövləti Azərbaycan hökümətinə ölkənin müdafiəsi və qayda -qanunların təmin olunmasında silahlı qüvvə ilə kömək etməyə təminat verirdi. Mürsəl Paşanın komandanlığı altında 5-ci Qafqaz firqəsi (diviziyası) Azərbaycana göndərildi. Bu diviziya və Əliağa Şıxlinskinin komandanlığı altında olan, lakin mürəkkəb tarixi şəraitlə bağlı formalaşdırılmamış hərbi qüvvələr Qafqaz İslam Ordusu (QİO) adı ilə vahid strukturda birləşdirilmişdi. Bu hərbi quruma rəhbərlik Nuru Paşaya həvalə edilmişdi. Sentyabrın əvvəllərində Azərbaycana gəlmiş 15-ci firqə də onun tabeliyinə verilmişdi. Daşnak-bolşevik və Denstervil qüvvələrinə qarşı mübarizə məqsədi ilə səfərbər edilmiş Azərbaycan könüllü dəstələri də QİO-nun tabeliyinə verilmişdi. Qafqaz İslam Ordusunun Türk - Azərbaycan qüvvələri Gəncə ermənilərini tərksilah etdikdən sonra Qaraməryəm, Kürdəmir və Şamaxıda misilsiz şücaətlər göstərib, daşnak - bolşevik qoşunlarına ağır zərbələr endirib onları bütün cəbhə boyu geri çəkilməyə məcbur etmişdi.
Bakının yaxınlığına qədər ərazilər düşməndən azad edilmişdi. Birləşmiş qoşunlar şimal-Binəqədi və cənub - Ələt tərəfdən Bakıya yaxınlaşmaqda idi. Bakının azad olunması avqustun əvvəllərinə nəzərdə tutulmuşdu. Bakı şəhərinin azad edilməsi üçün ilk cidd-cəhd 1918-ci il avqustun 5-də göstərildi. Həmin gün Qafqaz İslam Ordusu şərq cəbhəsi komandanı Mürsəl Paşanın rəhbərliyi ilə Qurd qapısı istiqamətindən Bakıya doğru hücum oldu. Hücumun əsas zərbə qüvvəsini QİO hissələrinin şimal qrupu təşkil edirdi. Bu qrupun qüvvələri 9-cu, 10-cu, 13-cü və 38-ci türk alaylarının bölmələrindən, iki Azərbaycan süvari alayından, Sumqayıt dəstəsindən və digər bölmələrdən ibarət idi. Azərbaycan hərbi qüvvələrinin üstünlük təşkil etdiyi cənub qrupu isə Puta - Ələt arasında mövqe tutmuşdu. Polkovnik Həbib bəy Səlimovun rəhbərlik etdiyi bu qrupa Xəzərsahili ərazilərin və Bakıya aparan yolların təhlükəsizliyini təmin etmək tapşırılmışdı.
Avqustun 5-nə planlaşdırılan döyüşdə Qafqaz İslam Ordusu qüvvələri qarşısına qoyduğu vəzifələri yerinə yetirə bilmədi. General Denstervilin komandanlığı altında Bakıya gəlmiş ingilis hərbi hissələri ilə möhkəmləndirilmiş "Sentrokaspi" hərbi qüvvələri habelə onların köməyinə yetişən Bakı Komunnasına sadiq qüvvələr Qafqaz İslam Ordusu hissələrinin qarşısını ala bildilər. Gəncədən Bakıya qədər uzun və ağır döyüş yolu keçmiş Türk - Azərbaycan hərbi qüvvələrinin yorğunluğu, maddi və canlı itkilərin vaxtında bərpa edilməməsi halları da "Sentrokaspi" cəbhəsində yerləşən qüvvələrin gücünü artırdı. Hücum kifayət qədər uğurlu başlasa da sadalanan amillər, habelə döyüşün coğrafi baxımdan daha mürəkkəb olan bir istiqamətdə aparılması, düşmən qüvvələrinin yüksəkliklərdə mövqe tutması ciddi itkilərə gətirib çıxartdı.
Bakının azad edilməsini uğurla başa çatdırmaq üçün 5 avqust döyüşünün nəticələri Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa, Əlahiddə Azərbaycan korpusunun komandanı Əliağa Şıxlinski və onların rəhbərlik etdikləri qərargahlar tərəfindən ciddi təhlil olundu, ordu hissələrinin və Azərbaycan xalqının iradəsinin reallaşdırılması, hərbi qüvvələrin düzgün istiqamətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırıldı. Bu tədbirlərə hərbi qüvvələrin gücləndirilməsi, döyüş taktikasına yenidən baxılması, Bakıətrafı kəndlərin əhalisinin əvvəlcə 20-25, sonra isə 18-33 yaşa qədər səfərbər edilməsi, qoşun hissələrində və könüllü dəstələrdə döyüş ruhu və qələbə əzminin qaldırılması və s. daxil idi.
Əməliyyatı qələbə ilə başa çatdırmaq üçün, hər şeydən əvvəl, Bakı ətrafındakı hərbi qüvvələr möhkəmləndirildi. Bu qüvvələrə kömək üçün əlavə olaraq Süleyman İzzət Bəyin komandir olduğu 15-ci firqə Türkiyədən Azərbaycana göndərildi. Bu firqə Bakının şimalında, Biləcəri istiqamətində yerləşdirildi. Xidmətə yeni çağırılmış azərbaycanlılar hesabına 5-ci Qafqaz firqəsinin canlı itkiləri qismən bərpa edildi. Qüvvələrin silah-sursat və ərzaq ehtiyaclarının aradan qaldırılması üçün Azərbaycan hökuməti və Qafqaz İslam Ordusu komandanlığı tərəfindən lazımi tədbirlər görüldü. Təchizat və təminat işlərinin aparılması ilə əlaqədar 5 avqust döyüşündən sonra hərbi hissə və bölmələrdə yaranmış ağır mənəvi-psixoloji durum da aradan qaldırıldı.
Xalqın milli maraq və mənafeyindən irəli gələn son dərəcə gərəkli bir vəzifənin həyata keçirilməsinin - Bakının azad edilməsinin vacibliyi hərbi hissələrin şəxsi heyətinin könüllü dəstələrinin üzvlərinin əzmində və iradəsində öz əksini tapdı. Əsgər və zabitlərin döyüş ruhunun qaldırılması üçün hərbi hissələrin şəxsi heyətinə xüsusi müraciət də qəbul edilmişdi. Bakıətrafi kəndlərin əlində silah tuta bilən əhalisinin səfərbər edilmiş qüvvələri Maştağa dəstəsində, digər könüllü dəstələrdə və suvari bölmələrində birləşib Bakının şimal-şərqi boyunca uzanan doyüş xəttində mövqe tutmuşdular.
Qafqaz İslam Ordusu komandanlığı Bakının azad olunması üçün daha çevik taktikanı nəzərdən keçirməyə başladı. Qurd qapısı əsas zərbə istiqaməti kimi saxlansa da, əməliyyatın şəhərətrafı dairəvi xətt üzrə aparılması məqsədəuyğun sayıldı. Bakının azad olunmasına hazırlıq istiqamətində Abşeron yarımadasının bir sıra strateji əhəmiyyətli məntəqələrinin ələ keçirilməsi üçün mövqe döyüşləri aparıldı. Onların ən əhəmiyyətlilərindən biri Binəqədi döyüşü idi. 1918-ci il avqustun son günlərində baş verən bu döyüşün uğurla başa çatdırılması Nuru Paşaya "Sentrokaspi" - ingilis qüvvələrinin əhatə zolağını daha da daraltmaq imkanı verdi. Məhz bu döyüşdən sonra Bakıdakı ingilis qüvvələrinin komandanı, general Denstervil 1918-ci il sentyabrın 1-də Qafqaz İslam Ordusu qüvvələrinə müqavimət göstərilməsinin mümkünsüzlüyünü etiraf etdi.
Bakının azad olunması üçün keçirilən həlledici hücumun planı Nuru Paşa tərəfindən hazırlanmışdı. Hücuma lazımi hazırlıq işləri başa çatdıqdan sonra Nuru Paşa, Türk Ordusu şərq qrupunun komandanı Xəlil Paşa, Əlahiddə Azərbaycan korpusunun komandanı Əliağa Şıxlinski və digər yüksək rütbəli zabitlər Bakı ətrafına gəldilər.Qafqaz İslam Ordusu komandanlığının qərargahı Güzdəkdə, 5-ci Qafqaz firqəsinin qərargahı Qobuda, 15-ci Türk firqəsinin qərargahı isə Masazırda yerləşdirilmişdi. Hücum planına əsasən, 5-ci firqə Qurd qapısı-Xırdalan xətti arasında, 15-ci firqə isə Biləcəri istiqamətindən başlayaraq, Zığ burnuna qədər olan ərazidə yerləşdirilmişdi. Əlahiddə Azərbaycan korpusuna daxil olan milli hərbi hissələr və könüllü Azərbaycan dəstələri də bu firqələrin əməliyyat tabeliyinə verilmişdi. 4-cü Azərbaycan piyada alayı, süvari və topçu bölmələri 5-ci firqənin hücum sahəsində iştirak edirdilər. Azərbaycan milli qüvvələrinin süvari alayları, Maştağa qəsəbəsi və digər könüllü dəstələr isə 15-ci firqə komandanlığının tabeliyinə verilmişdi.
Biləcəridən başlayaraq Zığ burnuna qədər olan xətt boyunca, əsasən, Azərbaycanın milli qüvvələri döyüşürdülər. Ümumi hücum planına əsasən, 15-ci firqənin əməliyyat sahəsində yerləşdirilmiş Türk - Azərbaycan qüvvələri qarşı tərəfin qüvvələrini parçalamaqla, Qurd qapısı istiqamətindən hücuma keçən hissələrin sürətlə Bakıya girməsinə zəmin yaratmalı idilər. Sentyabrın 13-də axşam Nuru Paşa tərəfindən imzalanan həlledici hücum əmrinə əsasən, Türk hərbi hissələrinin 9-cu, 10-cu, 13-cü, 56-cı piyada alayları və topçu bölmələri Qurd qapısı istiqamətində qərar tutmuşdular. Əmrə əsasən, 9-cu və 56-cı alaylar gecə başlanacaq hücumla atəş açmadan "Sentrokaspi" və ingilis qüvvələrinin ilk müdafiə xəttini ələ keçirməli və sonra hücumu davam etdirərək, qarşı tərəfin 2-ci müdafiə xəttini də nəzarət altına almalı, yalnız bundan sonra ələ keçirdikləri mövqelərdə möhkəmlənməklə, səhərin açılmasını gözləməli idilər. Arxada qalan alayların və topçu bölmələrinin yetişməsi ilə Bakıya doğru hücum davam etdirilməli idi.
Qafqaz İslam Ordusu qüvvələri sentyabrın 14-nə keçən gecə başlanan hücumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdilər. "Sentrokaspi" - ingilis qüvvələrinin son dərəcə güclü müqavimətinə baxmayaraq, hissə və bölmələrin çevik və sürətli fəaliyyəti əsgər və zabitlərin, habelə Azərbaycan könüllülərinin mərdliklə, əzmkarlıqla döyüşməsi, Nuru Paşanın əməliyyatı məharətlə idarə etməsi, ordunun ehtiyatda saxlanılan 106 və 107-ci alaylarının vaxtında və yerində döyüşə qatılması qarşı tərəfin bütün ümidlərini puça çıxartdı. Sentyabrın 14-də "Sentrokaspi" - ingilis qüvvələrinə ağır zərbə endirdi. Elə həmin günün axşamı ingilis qüvvələri Bakını tərk etdilər. Sentyabrın 15-də isə döyüşlər o qədər də uzun sürmədi. Bakını nəzarətdə saxlamağa çalışan qüvvələr xarici ölkələrin konsulluqlarının nümayəndələrinin iştirakı ilə aparılan danışıqlarda şəhəri təhvil verməyə razı olduqlarını bildirməyə məcbur oldular. Bununla da Bakının azad olunması üçün Türk - Azərbaycan qüvvələrinin apardıqları ikigünlük əməliyyat parlaq qələbə ilə başa çatdırıldı.
Beləliklə, 1918-ci il
sentyabrın 15-də Qafqaz İslam
Ordusu Bakını və bir
qədər sonra bütün
Azərbaycanı düşmənin caynağından xilas etdi. Sentyabrın 15-i
müqəddəs Qurban bayramı
gününə təsədüf edirdi.
Hər yerdə qurbanlar kəsilir, qazanlar asılırdı. Camaat
toy-bayram edirdi, öz xilaskarına-Qafqaz İslam
Ordusuna onun bütün əsgər və zabit
heyətinə minnətdarlıq, Allaha dualar edirdi. Milli hökumətin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin səhifələri
müjdələrlə, qələbə sevinci
ilə dolub-daşırdı. Bakının azad
olunması, Qafqaz İslam
Ordusunun qardaş
köməyi qəzetin 1-ci səhifəsində yer almışdı.
(ardı
var)
Hacı Mehman FƏRZULLAYEV,
naşir-publisist
Xalq qəzeti.- 2011.- 18 sentyabr.- S.
4.