Azərbaycan - Monteneqro əlaqələri yeni
inkişaf mərhələsinə qədəm
qoyur
Ölkəmizin Balkan regionundakı iqtisadi-siyasi
mövqeləri möhkəmlənir
Bizim ikitərəfli
münasibətlərimiz çox uğurla və deyə bilərəm ki, çox böyük sürətlə inkişaf
edir. Qısa müddət ərzində həm
siyasi, həm iqtisadi
sahələrdə məsləhətləşmələr
aparılmışdır. Hər iki tərəf
bu əlaqələrin inkişafı üçün dəyərli töhfələrini
verir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Mən
bir daha sevinirəm ki, münasibətlərimiz artıq
mövcuddur. Bizim aramızda yaranmış dost münasibətlərimiz
ölkələrimizin və xalqlarımızın
firavanlığı naminə inkişaf edəcəkdir.
Filip VUYANOVİÇ,
Monteneqro Prezidenti
Sürətli inkişafı ilə
beynəlxalq aləmin diqqətini cəlb edən Azərbaycan
Respublikası ilə əlaqələri möhkəmləndirmək,
etibarlı tərəfdaş kimi onunla yaxın münasibətlər qurmaq, beynəlxalq və regional
məsələlərdə eyni mövqeyi paylaşmaq istəyən
dünya dövlətlərinin
sayı daha da
artmaqdadır.
Cənubi
Qafqazda maraqları olan Qərb ölkələri,
iqtisadiyyatı region iqtisadiyyatının 75 faizini, ixrac
potensialının isə 90 faizini təşkil edən Azərbaycan
ilə əməkdaşlığı gücləndirməyə
xüsusi diqqət yetirirlər. Rəsmi Bakı isə həmin
dövlətlərlə üst-üstə düşən
strateji mənafe birliyi çərçivəsində ikitərəfli
səmərəli münasibətlərin qurulmasına
xüsusi önəm verir. Bu mənada ölkəmizin Mərkəzi
və Şərqi Avropa ölkələri ilə əlaqələrinin
genişləndirməsi mühüm əhəmiyyətə
malikdir. Monteneqro Prezidenti Filip Vuyanoviçin Azərbaycana ilk dəfə
rəsmi səfərə gəlməsi də həmin strateji
xəttin daha da gücləndirilərək davam etdirilməsi
baxımından önəmlidir.
Prezident Filip Vuyanoviçin ölkəmizə rəsmi səfəri barədə qeydlərimizə keçməzdən öncə Monteneqro haqda oxucularımıza qısa məlumat vermək yerinə düşərdi. Məlum olduğu kimi, Serbiya ilə ittifaqın dağılmasından sonra Monteneqro 2006-cı il iyunun 3-də müstəqilliyini elan etmişdi. Həmin il mayın 21-də keçirilən seçkilərindən sonra Monteneqroda qurulan yeni hökumət xarici siyasətdə də öz istiqamətini müəyyənləşdirmişdir. Bu günədək 105 ölkə tərəfindən tanınan və 85 ölkə ilə diplomatik əlaqələr quran rəsmi Podqoritsa Avropa Birliyinə və Şimali Atlantik İttifaqına - NATO-ya inteqrasiyanı, regional əməkdaşlığı, qonşuluq münasibətlərinin qorunub saxlanmasını, eyni zamanda, mühüm dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsini özünün əsas prioriteti hesab edir. Ölkə qısa zamanda, 2007-ci il yanvarın 18-də Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının üzvləri sırasına daxil olmuş, həmin ilin oktyabr ayında Avropa Birliyi ilə "Sabitləşdirmə və Birləşmə Sazişi" (Stabilization and Association Agreement) imzalamışdır. Hazırda Monteneqro Ümumdünya Ticarət Təşkilatına üzvlük istiqamətində fəaliyyətini davam etdirir. Monteneqronun NATO-ya inteqrasiyası isə ölkə və regionun stabilliyini poza biləcək potensial təhlükənin, etiraz və risklərin qarşısını almaq ucun ən yaxşı təhlükəsizlik zəmanətidir.
Azərbaycan ilə əlaqələrə gəlincə, öncə onu qeyd edək ki, hər iki ölkənin tarixində bənzərlik elementləri çoxdur. Belə ki, həm Azərbaycan, həm də Monteneqro vaxtilə başqa ölkələrin tərkibində yaşamışdır. Müstəqillik tariximiz o qədər də böyük deyildir. Amma hər ikisi müstəqillik dövründə çox böyük və uğurlu inkişaf yolu keçmişdir. Həm Monteneqroda, həm Azərbaycanda müxtəlif millətlərin, müxtəlif dinlərin nümayəndələri dostluq şəraitində, bir ailə kimi yaşayırlar və bu amil də ölkələrimizi birləşdirir.
Azərbaycan ilə Monteneqro arasında ilk diplomatik əlaqələr 2008-ci il aprelin 24-də rəsmi Bakı ilə Podqoritsa arasında diplomatik əlaqələrin yaradılması haqqında protokol imzalandıqdan sonra quruldu. 2006-cı ildə Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev yenicə müstəqillik əldə etmiş Monteneqronun Baş naziri Milo Çukanoviç ilə görüşmüşdür. 2010-cu ilin oktyabrında ilk dəfə olaraq Azərbaycan Monteneqroya səfir təyin etmişdir. Keçən il noyabrın 25-də Monteneqronun xarici işlər naziri və Avropa İnteqrasiyası naziri Milan Roçen Azərbaycana rəsmi səfər etmişdir. Bu il mayın 4-də isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Milan Roçenin dəvəti ilə Monteneqroya rəsmi səfər etmişdir. Səfər zamanı keçirilən görüşdə iki ölkə arasında qarşılıqlı ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunmuş, iqtisadi və turizm, təhsil sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu qeyd edilmişdir. Tərəflər ölkələr arasında əlaqələrin və əməkdaşlıq sahələrinin artırılması üçün hüquqi müqavilə bazasının genişləndirilməsi barədə razılığa gəlmişlər.
Monteneqro Prezidenti Filip Vuyanoviçin ilk dəfə olaraq Azərbaycana rəsmi səfərə gəlməsi isə əlaqələrin inkişafında yeni mərhələnin başlanmasından xəbər verir. Monteneqro Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi təkbətək görüşdə və dövlət başçılarının geniş tərkibdəki danışıqlarında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğu vurğulanmışdır. Beynəlxalq və regional məsələlər ətrafında müzakirələr aparan hər iki ölkənin lideri eyni mövqedən çıxış etdiklərini və münasibətlərin daha da gücləndirilməsində həmfikir olduqlarını bildirmişlər.
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro Prezidenti Filip Vuyanoviçlə keçirdiyi birgə mətbuat konfransında bəyan etmişdir ki, Bakı ilə Podqoritsa arasında siyasi sahədə heç bir problem yoxdur və iqtisadi əlaqələrin inkişafı ikitərəfli münasibətlərin inkişafında aparıcı rol oynayacaqdır: "Hesab edirəm ki, iqtisadi sahədə əməkdaşlığımızın başlaması üçün məhz investisiya və iqtisadi inkişaf məsələləri ön planda olmalıdır. Eyni zamanda, ölkənizin turizm infrastrukturuna Azərbaycan şirkətlərinin böyük marağı vardır. Azərbaycanın nümayəndə heyəti bir müddət əvvəl ölkənizi ziyarət etmiş və çox gözəl təəssüratlarla qayıtmışdır. Ona görə hesab edirəm ki, ikitərəfli əlaqələrimizin hərtərəfli inkişafı üçün çox gözəl şərait yaradılmışdır. Əminəm ki, yaxın zamanlarda biz bu əməkdaşlığın çox gözəl nəticələrini görəcəyik".
Monteneqro Prezidenti Filip Vuyanoviç Azərbaycan investorlarının Monteneqroya maraq göstərməsindən məmnun olduğunu bildirmişdir. Qarşı tərəf sərmayələrin qoyuluşu istiqamətində bütün zəruri tədbirləri görməyə hazırdır. Artıq Monteneqroda əlaqədar sahələr üzrə tenderlərə başlanılıb. Ölkədə hava yolu və limanla bağlı böyük layihələr həyata keçiriləcəkdir. Rəsmi Podqoritsa ümid edir ki, Azərbaycan şirkətləri də bu tenderlərdə iştirak edəcək və ölkəyə sərmayə qoyacaqdır.
Dövlət başçımız əməkdaşlıq üçün maraq doğuran digər sahələri də qeyd etmişdir. Onların arasında nəqliyyat və energetika sahələri önəmli yer tutur. Bu sahələrdə də təcrübə mübadiləsi aparıla, hər iki ölkə Azərbaycanın həyata keçirdiyi çox böyük energetika və nəqliyyat layihələrində də səmərəli şəkildə əməkdaşlıq edə bilərlər. Regional əməkdaşlıq məsələsində də dövlətlərimiz arasında heç bir fikir ayrılığı yoxdur. Rəsmi Bakı hesab edir ki, Balkan regionu ilə Cənubi Qafqaz regionu arasında əlaqələr daha da sıx olmalıdır, əməkdaşlıq daha da güclü olmalıdır. Azərbaycanın irəli sürdüyü təşəbbüslər, Monteneqro və ona qonşu olan ölkələrlə əlaqələrimiz Balkan regionu ilə əməkdaşlığın inkişafına göstərdiyimiz maraq və diqqətdən irəli gəlir.
Qeyd etdiyimiz kimi, 2006-cı ildə müstəqilliyini elan edən Monteneqro qısa müddət ərzində həm NATO, həm Avropa İttifaqı ilə əlaqələrini genişləndirmiş və bu təşkilatlara inteqrasiya yolunda böyük məsafə qət etmişdir. Bu, bəlkə də, dünya tarixində rekord göstəricidir. Monteneqronun yüksək səviyyəli rəsmi şəxsləri məhz bu məsələlərdə ona daim dəstək olan Azərbaycan Respublikasına dərin hörmət və minnətdarlıqlarını hər fürsətdə dilə gətirirlər. Ölkənin Prezidenti xüsusilə vurğulamışdır ki, "biz sülhməramlı missiyaların həyata keçirilməsində də çiyin-çiyinə çalışmışıq. Bizim ölkənin NATO-ya sıx inteqrasiyasında da Azərbaycanın dəstəyini hiss etmişik".
Onu da demək yerinə düşər ki, rəsmi Bakının daimi dəstəyini qazanan Monteneqro Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və onun ərazi bütövlüyünü tanıdığını bəyan edir. Rəsmi Podqoritsa da yaxın zamanlarda bu ədalətsizliyə son qoyulmasının, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunmasının, BMT Təhlükəsizlik Şurasının erməni işğalçılarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsinin icra edilməsinin tərəfdarıdır. Çünki bu məsələ nəinki bizim üçün, bölgə üçün, dünya üçün təhlükə mənbəyidir və münaqişənin tezliklə həll edilməsi, Azərbaycanı özünün yaxın tərəfdaşı, eyni zamanda Avropanın enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsi hesab edən bütün ölkələrin marağındadır. Həmin ölkələr arasında Monteneqro da xüsusi yerə malikdir. Prezident Filip Vuyanoviç Monteneqro dövlətinin məsələyə konkret münasibətini bəyan edərək demişdir: "Biz BMT-nin və Avropa İttifaqının mövqeyinə də şərik çıxırıq. Biz hesab edirik ki, beynəlxalq təşkilatlar bu problemin mahiyyətinə bələddir və müvafiq qətnamələrin də dəstəklənməsi çox vacibdir. Onların həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir".
Monteneqro Prezidenti Filip Vuyanoviçin Azərbaycana səfəri uğurla başa çatmışdır. Bir çox ekspertlər belə hesab edirlər ki, bu səfərdən sonra iki ölkə arasındakı münasibətlər tamamilə yeni bir mərhələyə qədəm qoyacaq və özünün inkişaf dövrünü yaşayacaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin iştirakı ilə iki ölkə arasında 4 mühüm sənədin - "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Monteneqronun Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş"in, "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş"in, "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş"in, "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş"in imzalanması da belə deməyə əsas verir. İkisi iqtisadiyyat, biri mədəniyyət, digəri isə turizm sahələrini əhatə edən həmin sazişlər, mahiyyət etibarilə çox mühüm sənədlərdir. Bu da hər iki ölkənin gələcək əlaqələrinin inkişafına və münasibətlərin daha yüksək səviyyədə davam etdirilməsinə xidmət edəcəkdir.
Göründüyü kimi, sürətlə inkişaf edən Azərbaycan Respublikasının dünyanın bir sıra dövlətləri ilə əlaqələri genişlənir, mövqeləri güclənir, beynəlxalq aləmdəki nüfuzu durmadan artır. Bu gün hər bir azərbaycanlı ölkəmizin yüksəlişi ilə fəxr edir. Cənubi Qafqaza nəzər yetirən istənilən dost ölkənin lideri burada iqtisadi inkişafın Azərbaycan möcüzəsinin yaşandığını heyranlıqla izləyir, böyük nailiyyətlər əldə etdiyinə görə, Azərbaycan xalqını təbrik edir. Monteneqro Prezidenti Filip Vuyanoviçin səmimi duyğularını ifadə edən bu sözləri də hər bir azərbaycanlıda qürur hissi oyadır: "Azərbaycanın iqtisadi göstəriciləri və dinamik inkişafı bizi bu gün çox sevindirir. Biz bu gün bunun şahidi oluruq və əminəm ki, Azərbaycanın sürətli inkişafı bundan sonra da davam edəcəkdir. Bu isə Azərbaycan vətəndaşlarının firavan ölkədə yaşamasını təmin edəcəkdir. Eyni zamanda, buradan mən bütün Azərbaycan vətəndaşlarına da ehtiramımı bildirmək istərdim ki, onlar da ölkənin inkişafına öz müsbət töhfələrini verirlər".
Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.- 18 sentyabr.- S.
1.