GoMap.az Azərbaycanın ilk
mükəmməl elektron xəritəsidir
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin Analitik təhlil və proqram təminatı
şöbəsinin müdiri Qabil Abbasov söhbət zamanı
əvvəlcə Azərbaycanın elektron xəritəsi olan
GoMap.az və onun çoxsaylı yeni servisləri haqda
oxucularımıza məlumat verdi. Bildirdi ki, bu yaxınlarda
GoMap.az turist naviqatorunda yeni servislər əlavə
olunmuşdur. Portalın istifadəçiləri artıq bir
sıra yeni imkanlardan istifadə edə biləcəklər.
Belə ki, bildiyiniz kimi, GoMap.az Turizm Naviqasiya Portalı nəinki
regionda, həmçinin dünyada bir çox ölkələr
tərəfindən yaradılan sistemlərdən öz servis
və funksionallığına görə seçilir.
Portal yaradılarkən qlobal coğrafi informasiya sistemləri dərin təhlil edilmişdir. "Turizm
Məqsədli Coğrafi
İnformasiya Sistemi
(CİS) və Naviqasiya"
layihəsi Mədəniyyət
və Turizm Nazirliyi və Transxəzər Regionunun aparıcı sistem inteqratorlarından biri olan SİNAM şirkəti
tərəfindən yaradılmışdır.
Portalın ictimaiyyətə təqdimatı
bu ilin baharında
keçirilmişdir. Təqdimatdan
sonra az
müddət keçməsinə
baxmayaraq, portal üzərində
çalışan Mədəniyyət
və Turizm Nazirliyi və SINAM şirkəti elektron xəritə üzərində
böyük iş aparmış, yeni servislər əlavə edilməklə yanaşı,
istifadəçilərin istəklərinə
uyğun olaraq mövcud funksionallıqlar
da təkmilləşdirmişdir.
Yeniliklərdən biri də
"Müəssisələrin kataloqu" xidmətidir.
Sözügedən kataloq vasitəsilə
obyektin dəqiq yerini və ona aid məlumatı daha tez tapmaq
imkanı yaranmışdır.
Q. Abbasov vurğuladı
ki, naviqasiya vasitəsilə marşrut
yaratmaq mümkündür.
Bundan əlavə, GoMap.az elektron
xəritəsində Bakı
və Sumqayıtın
ictimai nəqliyyat vasitələrinin (avtobuslar)
marşrut xətlərini
xəritə üzərindən
izləmək imkanı
verən yeni servis də istifadəyə verilmişdir.
Bu funksionallıq ictimai nəqliyyatın dayanacaq yerlərini müəyyənləşdirməyə də imkan verir.
İstifadəçi həmin dayanacaqların
yaxınlığında olan
maraq nöqtələrini
xəritədə tapa
bilər. Bu isə istifadiçilər,
o cümlədən turistlər
üçün rahatlıq
deməkdir.
-GoMap.az internet-portalında
istifadəçilər üçün
daha hansı interaktiv funksionallar tətbiq edilmişdir?
- Qeyd etməliyəm ki, istifadəçilərin
xəritədə işləmələri
üçün əlavə
imkanlar da yaradılmışdır. Bu imkanlardan "mənim obyektlərim" bölümü
istifadəçilər tərəfindən
fərdi xəritələr
yaratmaq, həmin xəritələrə obyekt
və yollar əlavə etmək, oraya şərhlər yazmaq, həmçinin istifadəçinin sistem vasitəsilə yaratdığı
xəritələri dostları
ilə paylaşmaq imkanı verir. İstifadəçilər həmçinin xəritə
üzərində səyahət
üçün öz
marşrutlarını yarada
bilərlər. İstifadəçilərin rahatlığı üçün Gomap.az portalı
dünyanın ən böyük sosial şəbəkəsi olan
Facebook.com ilə inteqrasiya
edilmişdir. Artıq Facebook
istifadəçiləri
http://www.facebook.com/pages/GoMap.az ünvanında
GoMap.az-dan yararlana bilərlər.
-Qabil müəllim, bəs xəbərlər bölümünün yaradılmasında
məqsəd nədir?
-Xəbərlər həm qonaqlarımıza, həm
də yerli istifadəçilərə ölkəmizdə,
mədəniyyətimizdə, turizm sahəsində operativ və maraqlı məlumatları
əldə etməyə
imkan verir. Həmçinin xəbər oxuyan
istifadəçi ölkə
daxilində olan xəbərlərin məkanını
da xəritədə görə bilər.
-Siz eyni zamanda,
qeyd etdiniz ki, bəzi funksionallar
təkmilləşdirilmişdir. Bu haqda oxucularımıza
ətraflı məlumat
verməyinizi istərdik.
-Portalın dizaynında bəzi dəyişikliklər
edilmişdir. Bundan əlavə,
axtarış sistemi təkmilləşdirilmişdir. Yeni axtarış sistemi məntiqi alqoritm prinsipi əsasında qurulmuşdur. Məsələn, axtarış zamanı restoran əvəzinə resoran yazılarsa, sistem yazılmış səhv sözə yaxın olan restoran sözünün əsasında axtarış
prosesini yerinə yetirir. Bir sıra yeniliklər
və funksionallar haqqında isə öncə məlumat vermişdim. Bunlarla yanaşı,
maraq nöqtələrinin
sayı artmaqdadır.
Həmçinin istifadəçilər tərəfindən də
yeni maraq nöqtələri əlavə
edilir. Bir çox istifadəçilər
xəritədə olan
obyektləri haqda geniş məlumatları xüsusi menyu vasitəsilə daxil edirlər. Fürsətdən istifadə edərək
demək istəyirəm
ki, SİNAM şirkəti
hələlik obyektlər
haqda geniş məlumatları portala təmənnasız daxil edir. Ona görə də
sahibkarları, bu imkandan yararlanaraq öz obyektləri haqda məlumatları xəritədə yerləşdirməyə
çağırıram.
-GoMap.az internet-portalını
necə qiymətləndirirsiniz?
-Qeyd edim ki,
Azərbaycanda indiyə
qədər belə bir iş mövcud
deyildir. Bu layihə
Azərbaycanda ilk elektron
xəritənin yaradılmasına
imkan vermişdir.
Bu xəritədən bütün qurumlar və ictimaiyyət tam yararlana bilər. Xəritədəki yolların, obyektlərin
koordinatları peyk vasitəsilə xüsusi cihazlardan istifadə etməklə təyin edilmişdir.
Azərbaycan Turizm Naviqasiya Portalı bu gün Azərbaycana gələnlər üçün
elektron bələdçi
və məsləhətçidir. Geniş tələblərə
cavab verə biləcək səviyyədə
məlumatlara və servislərə malik olan GoMap.az geniş funksionallığına görə
həmçinin GPS dəstəkləyən
mobil telefon və qurğularla da real rejimdə istifadə imkanı verən bir sistemdir.
GoMap.az dünyada mövcud
elektron xəritə sistemlərindən daha dəqiq detalları və məlumatları ilə fərqlənir. Bu sistemdə
şəhər, rayon, küçə
və s. adların təhrif olunması mümkün deyil.
Nəzərdə tutulduğu kimi,
portal yalnız turizm obyektlərini deyil, həmçinin respublika üzrə müxtəlif
obyektləri (mədəniyyət,
turizm, səhiyyə, təhsil, nəqliyyat və s.), yerləri, şəhərləri, yolları,
kəndləri, çayları,
gölləri və
s. bir sözlə, bütün Azərbaycanı
və onun müxtəlif sahələri
üzrə resurslarını
əhatə edir. Qeyd etmək lazımdır ki, naviqasiya sisteminin elektron xəritəsinə
63 000-dən çox obyekt
(POİ), 4 530 yaşayış məntəqəsi, 3 300 mədəni-tarixi
abidə, 70 şəhər
və yaşayış
məntəqəsi üzrə
ünvanlı məlumat,
670 000 bina və tikili, 43 000 kilometr yol (hərəkət qaydaları və yol nişanları daxil olmaqla), 23 770 kilometr yaşıllıq sahələri və meşələr və s.
məlumatlar daxil edilmişdir. Üç dildə (Azərbaycan,
ingilis və rus) fəaliyyət göstərən elektron xəritə istənilən
bir tikili miqyasına qədər böyüdülür. Elektron xəritə,
həmçinin mövcud
olan digər bu tip sistemlərlə inteqrasiya edilmişdir.
Demək
olar ki, Gomap.az sisteminin bütün informasiya bazasının üzərinə Google Satellite-da
olan Azərbaycan xəritələrini yerləşdirmək
mümkündür. Ən əsası
odur ki, qlobal analoqlardan fərqli olaraq Gomap.az resursunda Azərbaycanın
işğal olunmuş
ərazilərində yerləşən
obyektlər, küçələr
Azərbaycan hökuməti
tərəfindən müəyyən
olunmuş adlarla verilmişdir.
-Siz GPS funksionalının
olmasını qeyd etdiniz. Bu sistem Gomap.az-la artıq inteqrasiya olunmuşdur?
-GPS funksionalı olan bütün mobil telefonlar və digər mobil qurğular Gomap.az portalının
naviqasiya sistemindən
istifadə edə bilərlər. GPS vasitəsilə xəritədə
istifadəçinin məkanı
müəyyən olunur
və o, istədiyi
son nöqtəni təyin
edib GPS vasitəsilə
hərəkət edə
bilər. Qeyd etməliyəm
ki, bunun üçün mobil telefonlara əlavə heç bir proqram yükləmək lazım deyildir.
Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 20 sentyabr.- S.
10.