"Turizmə dəstək"
Gənclər Koalisiyasının yeni
uğurları
2011-ci
ilin "Turizm ili" elan olunması ilə əlaqədar
dünən "Avropa" otelinin "Bakı" zalında
Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi
ilə "Turizmə dəstək" Gənclər
Koalisiyası "Ölkəm mənim" adlı musiqili
layihəsinin və yeni web-saytının təqdimatını
keçirdi.
"Turizmə
dəstək" Gənclər Koalisiyası Mədəniyyət
və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə
2011-ci ilin fevralında təsis edilmişdir. Turizmin
inkişafına dəstək göstərmək məqsədilə
proqram layihələri həyata keçirməyi
planlaşdıran koalisiyanın yaradılması həm də
ölkə Prezidenti İlham Əliyevin təşəbbüsünə
dəstək oldu. Əsas məqsəd ayrı-ayrı dövlət,
qeyri-hökumət və gənclər təşkilatlarına
KİV-ləri, turizm şirkətlərini, ümumiyyətlə,
müvafiq təsir imkanları olan hüquqi və fiziki şəxsləri
cəlb etmək, əhali arasında maarifləndirmə tədbirləri
və aksiyaları təşkil etmək, eləcə də
ölkəmizin turizm potensialının üzə
çıxmasına kömək olmaqdır.
Mədəniyyət
və Turizm Nazirliyinin təşkilati dəstəyi, "Azpetrol"
və "Mətanət A" şirkətlərinin,
"Atlant" İstirahət və Turizm Mərkəzinin
maliyyə dəstəyi ilə ərsəyə gələn
"Ölkəm mənim" layihəsinin təşkilatçıları
daxili turizmin inkişaf etdirilməsini, bu sahədə
qazanılan uğurları, mədəniyyət və incəsənəti
təbliğ etmək məqsədilə müvafiq klip çəkilişlərini
həyata keçirərək ictimaiyyətə təqdim etdilər.
Layihənin
rəhbəri "Turizmə dəstək" Gənclər
Koalisiyasının baş koordinatoru Ramiz Alıyevdir. Klipin
musiqisi Fidan Süleymanovaya, sözləri Həbib Azəriyə
və Fuad Zəngəzura, aranjimanı isə Vüqar Camalzadəyə
məxsusdur.
Maraqla
qarşılanan musiqi layihəsində Nadir Qafarzadə, Bahar Lətifqızı,
Rəşad İlyasov, Sevda Yəhyayeva, Fidan Süleymanova, Babək
Niftəliyev, Yaşar Yusub, Malik Həsənov və Aysel
İbrahimova iştirak edirdilər.
Tədbirdə
Milli Məclisin deputatı Etibar Hüseynov, "Atlant"
İstirahət və Turizm Mərkəzinin direktoru Tahir Qədəşov,
"Mətanət A" şirkətindən Fuad Qafarlı və
"Azpetrol" şirkətinin nümayəndəsi İlqar
Əliyev çıxış edərək 2011-ci ilin
"Turizm ili" elan olunmasının turizmin inkişafına
verdiyi töhfələrdən, koalisiyanın həyata
keçirdiyi tədbirlərdən danışaraq təqdim
olunan yeni layihə və web-saytın
açılışı münasibəti ilə bu sahədə
əməyi olanları təbrik etdilər, onlara yeni-yeni
uğurlar arzuladılar.
Tədbirdə
dövlət və hökumət rəsmiləri, Milli Məclisin
üzvləri, turizm mütəxəssisləri, turizm şirkətlərinin
və gənclər təşkilatlarının rəhbərləri,
QHT-lərin təmsilçiləri, turizm təhsili alan tələbələr
və müvafiq qurumların nümayəndələri
iştirak edirdilər.
Aida ŞÜKÜRLÜ
Xalq qəzeti.- 2011.- 20 sentyabr.- S.
10.