Dövlət qayğısı uğurlara etibarlı təminat yaradır

 

Son illər ölkə iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesinin infrastruktur imkanları əsaslı şəkildə yeniləşdirilir. Dənizdə və quruda yeni-yeni sosial obyektlər inşa olunur. Bütün bu tədbirlər neft və qaz hasilatının artırılmasına, neftçilərin sosial şəraitinin yaxşılaşdırılmasına imkan yaradır.

 

Həmin işlər isə Dövlət Neft Şirkəri "Neftqaztikinti" Trestinin fədakar inşaatçıları tərəfindən həyata keçirilir. Neft sənayesinin infrastruktur imkanlarının genişləndirilməsinə mühüm töhvələr verən inşaatçılar "Əsrin müqaviləsi"nin imzalanmasının 17-ci ildönümünü və "Neftçilər Günü" peşə bayramını mühüm layihələrin icrası sahəsihdə qazandıqları uğurlarla, xoş ovqatla qeyd edirlər.

"Neftqaztikinti" Trestinin 8 saylı Tikinti-Quraşdırma İdarəsi kollektivinin bayram əhval-ruhiyyəsi də olduqca yüksəkdir. Bu isə ölkənin neft sənayesi üçün ilin bir sıra mühüm buraxılış obyektlərinin məhz bu kollektivə tapşırılması və göstərilən etimadın layiqincə doğruldulması ilə bağlıdır. Trestin qabaqcıl müəssisələrindən sayılan 8 saylı Tikinti-Quraşdırma İdarəsi fəaliyyət göstərdiyi 33 il ərzində ölkəmizin neft sənayesi üçün bir sıra vacib sosial və infrastruktur obyektləri tikib istifadəyə vermişdir. İdarənin inşaatçıları bu gün də neft sənayesi üzrə həyata keçirilən mühüm tikinti-quraşdırma işlərinin önündə gedirlər. Təkcə onu qeyd etmək kifayətdir ki, son illər dənizdə inşa olunmuş bir sıra hidrotexniki qurğular, estakadalar, suyun dərinliyi 70 metrədək olan ərazilərində quraşdırılmış stasionar dəniz özülləri məhz bu kollektivin gərgin əməyinin bəhrəsidir. Bundan əlavə, idarənin kollektivi quruda bir sıra neft və qaz kəmərləri çəkir, neftyığma və kompressor məntəqələri, sosial obyektlər inşa edir. Bütövlükdə isə istehsalat təyinatlı obyektlərin əsaslı tikintisi və təmiri ilə məşğul olan 8 saylı Tikinti-Quraşdırma İdarəsi hazırda Pirallahı sahəsində, eləcə də Qala, Buzovna və Balaxanı ərazilərində stasionar dəniz özüllərinin, estakadaların, yanalma körpülərinin, neft-qaz-mədən hidrotexniki qurğularının, texnoloji xətlərin, sosial və sənaye obyektlərinin tikintisi və təmirini həyata keçirir.

Dövlət sifarişlərinin vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməsi kollektivə olan inamı getdikcə artırır. Təsadüfi deyil ki, son zamanlar bir sıra vacib tikinti-quraşdırma və təmir işləri məhz bu idarənin inşaatçılarına həvalə olunur. Hazırda onlar "Darvin bankəsi" yatağında 12 ədəd istismar quyusunun qazılması üçün 720 saylı stasionar dəniz özülünün tikintisi sahəsində qızğın iş aparırlar. Artıq layihədə nəzərdə tutulmuş 9 dayaq blokunun, eyni sayda aralıq seksiyanın, 4 minik və 7 yanalma meydançasının, 2 piyada körpüsünün və digər hidrotexniki qurğuların tikintisi başa çatmaq üzrədir. Xatırladaq ki, ümumi sahəsi 4 min kvadratmetrə yaxın olan stasionar özülün dənizdə quraşdırılması bu ilin sonunadək tamamlanacaq.

"Qərbi Abşeron" yatağında 120 saylı stasionar dəniz özülünün texnuki avadanlıqların quraşdırılması üçün yenidən qurulması işlərinin də ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Adı çəkilən obyektdə 4 minik və 7 yanalma meydançası, 45 ədəd müxtəlif texnoloji avadanlıq və digər qurğu və məişət obyektləri tikilib neftçilərin sərəncamına veriləcək.

"Bulla dəniz" yatağında 90 saylı axtarış quyusunun qazılması üçün 29 saylı stasionar dəniz platformasının genişləndirilməsi və yenidən qurulması da 8 saylı Tikinti-Quraşdırma İdarəsinin kollektivinə tapşırılan mühüm işlərdəndir. Artıq layihə üzrə nəzərdə tutulmuş işlərin böyük əksəriyyətini uğurla tamamlayan inşaatçılar bu obyekti də cari iln sonunadək təhvil vermək əzmindədirlər.

Qeyd etdiyimiz kimi, idarənin əsas fəaliyyət sahələrindən biriquru ərazilərində lazımi infrastruktur layihələrinin icrası ilə bağlıdır. H. Z. Tağıyev adına NQÇİ-nin Buzovna sahəsindəki 3 və 4 saylı neft və qzçıxarma sexlərinin neftyığma sahəsinin və neftin, suyun kompleks hazırlanması və vurulması məntəqəsinin tikintisi obyekti isə ölkənin neft sənayesi, eləcə də ekoloji tarazlığın qorunması üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Xatırladaq ki. layihə çərçivəsində obyektdə 17 ədəd müxtəlif tutumlu neftsu yığımı çəninin, 2 ədəd qaz separatorunun, eyni sayda neft, su, qumqaz ayırıcı separatorunun, 4 ədəd qumtutucu qurğunun, həmçinin 4 inzibati-məişət binasının, bir keçid məntəqəsinin, 3 nasosxananın və iki yarımstansiyanın tikintisi nəzərdə tutulur. Bundan əlavə, H. Z. Tağıyev adına NQÇİ-nin 3 və 4 saylı mədənlərindəki quyuları neftyığma məntəqələri ilə birləşdirən müxtəlif diametrli 12 kilometr və həmin məntəqələri bir-biri ilə əlaqələndirən 8 kilometr uzunluğunda boru kəmərləri çəkilməlidir. Artıq bütün işlərin 80 faizini uğurla yerinə yetirən inşaatçılar obyekti gələn ayın sonunadək təhvil verməyi qarşılarına məqsəd qoymuşlar.

2011-ci ilin səkkiz ayında isə kollektivin gücü ilə Pirallahı adasında, eləcə də Dübəndi terminalında bir sıra mühüm işlər həyata keçirilmişdir. Belə ki, inşaatçılar bir qədər əvvəl "Abşeronneft" NQÇİ-nin yeni tipli əks-osmos qurğusunun tikintisini müvəffəqiyyətlə başa çatdırmışlar. Xatırladaq ki, dəniz suyunu şirinləşdirən yeni qurğu Pirallahı qəsəbəsinin içməli su təchizatının xeyli yaxşılaşdırılmasına imkan yaratmışdır. İdarənən təmir briqadaları Dübəndi terminalındakı köhnə rezervuar parkında 5 min kubmetrlik bir neçə neft çəninin təmirini də müvəffəqiyyətlə başa çatdırmışlar. Bundan əlavə, ötən müddətdə qurudakı mədən ərazilərini yaşayış sahələrindən ayıran 8 kilometr uzunluğunda hasar çəkilmişdir.

Kollektiv ölkə üzrə həyata keçirilən ekoloji tədbirlərdə də yaxından iştirak edir. Məhz inşaatçıların gücü ilə neft axıdılan bir sıra açıq kanallar qapalı sistemə keçirilmişdir. Bu isə həm itkilərin qarşısının alınmasına, həm də ekoloji tarazlığın bərpasına mühüm töhfə sayıla bilər. Bununla yanaşı, idarənin kollektivi Bakı qəsəbələrinin sosial problemlərinin aradan qaldırılmasında, abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin həyata keçirilməsində də xüsusi fəallıq göstərir. Bu yaxınlarda Sabunçu qəsəbəsində min metrdən artıq açıq kanalizasiya sisteminin 500 millimetrlik polad borular vasitəsilə qapalı sistemə keçirilməsi ərazidəki layçirkab sularının axıdılmasını təmin etmişdir.

İdarənin rəisi Oqtay Bəyəliyev qeyd etdi ki, Dövlət Neft Şirkəti, eləcə də "Neftqaztikinti" Tresi rəhbərliklərinin diqqət və qayğısını daim hiss edən inşaatçılar ilnin sonunadək tapşırılan bütün işlərin öhdəsindən layiqincə gəlmək əzmindədirlər. Azərbaycan dövlətinin neft sənayesində çalışan bütün işçilər kimi inşaatçılara göstərdiyi qayğı isə yeni uğurlara etibarlı təminat yaradır.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2011.- 20 sentyabr.- S. 9.