Siyəzən neftçilərinin əhval-ruhiyyəsi yüksəkdir

 

"Azneft" İstehsalat Birliyinin qabaqcıl neft-qazçıxarma müəssisələrindən olan "Siyəzənneft" NQÇİ-nin kollektivi də "Neftçilər Günü" peşə bayramını yüksək iqtisadi göstəricilərlə, əsl bayram əhval-ruhiyyəsi ilə qeyd edirlər. Son illər neftqaz hasilatına dair proqnoz tapşırıqlarına artıqlaması ilə əməl edən bu şərəfli peşə sahibləri ənənəyə sadiq qalaraq cari ilin ötən aylarında da yeni uğura imza atmışlar.

 

İdarənin "qara qızıl" ustaları yanvar-avqust aylarında 30 min 480 ton əvəzinə 30 min 823 ton neft hasil edərək tapşırığa 101,1 faiz əməl etmişlər. Xatırladaq ki, bu göstərici 2010-cu ilin eyni dövründəkindən 3329 ton çoxdur. Hesabat dövründə idarə üzrə 5 milyon 870 min kubmetr qaz hasil olunmuşdur ki, bu da proqnoz tapşırığın 118,8 faiz yerinə yetirilməsi deməkdir. Xatırladaq ki, hasil edilmiş "mavi yanacağın" 6 milyon 362 min kubmetri neftli, 610 min kubmetri isə təbii qazdır. Qaz hasilatı sahəsində əldə edilmiş bu göstəricini həm də kollektivin peşə bayramına böyük töhfəsi hesab etmək olar.

"Siyəzənneft" NQÇİ-nin rəisi Zülfüqar Səlimov bütün bu uğurların başlıca səbəbini neft sənayesinə, neftçilərə göstərilən dövlət qayğısının təzahürü kimi dəyərləndirdi. O qeyd etdi ki, Dövlət Neft Şirkəti və "Azneft" İstehsalat Birliyi rəhbərliklərinin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizin ən qocaman neft-qazçıxarma müəssisəsi sayılan "Siyəzənneft" NQÇİ-də son illər böyük yüksəliş hiss olunur. Artıq bir neçə ildir ki, neftqaz hasilatı üzrə proqnoz tapşırıqları vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirilir. Bu da neftçilərə peşə bayramlarını nikbin əhval-ruhiyyə ilə qeyd etməyə imkan verir. İdarə rəisinin dediyinə görə, neftqaz hasilatı sahəsində yüksək nailiyyətlərin qazanılmasında təşkilati-texniki tədbirlərin də böyük rolu olmuşdur. Belə ki, hasilatın sabit saxlanması məqsədilə işlək quyu fondu üzərində mühəndis işləri son zamanlar daha gücləndirilmiş, fəaliyyətsiz quyuların bərpa edilib yenidən istismara qaytarılmasına, eləcə də geoloji-texniki tədbirlərin səmərəli şəkildə həyata keçirilməsinə diqqət xeyli artırılmışdır. Hazırda idarənin ümumi istismar fonduna 1071 quyu daxildir ki, onlardan da 691-i işlək quyulardır. Həmin quyulardan isə biri fontan üsulu ilə istismar olunur.

Hazırda idarənin istismar fonduna daxil olan fəaliyyətsiz quyuların bir çoxunda yüksək qalıq ehtiyatlarının olduğu güman edilir. Bu səbəbdən də son zamanlar həmin quyuların yenidən işlək fonda qaytarılması ilə bağlı geniş tədbirlər həyata keçirilir. Cari ilin yanvar-avqust aylarında fəaliyyətsiz quyulardan 39-u yenidən istismara qaytarılmışdır ki, onlardan da 445 ton əlavə neft alınmışdır. Bundan əlavə, "Siyəzənneft" NQÇİ-nin istismar etdiyi yataqlar uzun illər işlənmədə olmasına baxmayaraq, burada çıxarılması mümkün olan neft ehtiyatları hələ kifayət qədərdir. Məhz buna görədir ki, həmin sahələrdə qazma işləri getdicə vüsət alır. Təkcə onu qeyd etmək kifayətdir ki, cari iln səkkiz ayında qazmadan 6 yeni quyu alınmışdır ki, bu quyulardan da 1749 ton əlavə neft hasil edilmişdir. Yeri gəlmişkən, hesabat dövründə ötən ilin səkkiz ayı ilə müqayisədə qazmadan bir quyu artıq alınmışdır. 2011-ci ilin səkkiz ayı ərzində hasil olunan neftin 92,9 faiziya 28 min 629 tonu keçici quyuların, 1,4 faiziya 445 tonu fəliyyətsiz fonddan daxil olan quyuların, 5,7 faiziya 1749 tonu isə yeni quyuların payına düşmüşdür.

Məlum olduğu kimi, neftqaz hasilatının artırılmasında cari və əsaslı təmir işlərinin, eləcə də texniki-geoloji tədbirlərin əhəmiyyətini nəzərə alan kollektiv bu sahələrdə də mühüm uğurlara imza atmışdır. Belə ki, yanvar-avqust aylarında "Siyəzənneft"in təmir briqadaları tərəfindən mədənlərdə 12 əsaslı və 2969 cari təmir işi həyata keçirilmişdir ki, bu da quyuların sabit rejimdə işləməsinə imkan yaratmışdır. Bundan əlavə, ötən aylarda həyata keçirilmiş 16 geoloji tədbir hesabına 1321,5 ton əlavə neft çıxarılmışdır. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. 2011-ci ilin səkkiz ayında mədənlərdə 537 texniki tədbirin həyata keçirilməsi isə əlavə 1235,5 ton neft hasilatına imkan yaratmışdır.

"Siyəzənneft" NQÇİ-nin istismar etdiyi Siyəzən monoklinalı neft yatağı Bakı şəhərindən 80 kilometr şimal-qərbdə yerləşir. Neft yatağına Çandahar-Zarat, Siyəzən-Nardaran, Sədan, Əmirxanlı və Zağlı-Zeyvə sahələri aiddir. 1939-cu ildə Siyəzən monoklinalının Siyəzən-Nardaran sahəsinin cənub-şərq hissəsində qazılmış 5 saylı kəşfiyyat quyusu ilə yatağın sənaye əhəmiyyəti təsdiq olunmuşdur. İki il sonra isə həmin yatağın sənaye üsulu ilə işlənməsinə başlanmışdır. Ötən 70 il ərzində burada qazılmış çoxsaylı quyular, eləcə də neft-qaz hasilatı ilə bağlı həyata keçirilmiş tədbirlər ərazinin ekologiyasına təsirsiz ötüşməmişdir. Məhz buna görə də son illər idarə üzrə bir sıra vacib ekoloji proqramlar həyata keçirilir. Belə ki, ölkə Prezidenti İlham Əliyevin 2006-cı ildə imzaladığı sərəncamla təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" na uyğun olaraq "Siyəzənneft" NQÇİ-də ətraf mühitə təsir edən amillərin qarşısının alınması, su hövzələrinin təbii keyfiyyətinin bərpası üçün ərazilərin tullantı sularından təmizlənməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası, geniş sahələrdə abadlaşdırma işlərinin aparılması və digər zəruri tədbirlər həyata keçirilmişdir.

Cari ilin səkkiz ayında "Siyəzənneft" NQÇİ-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində də bir sıra vacib işlər görülmüş, neftçilərin sosial və əmək şəraitinin daha da yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır. Bütün bunlar, eləcə də ölkəmizin neft strategiyasının uğrları öz növbəsində 70 yaşlı neft-qazşıxarma müəssisənin kollektivini yeni-yeni nailiyyətlərə ruhlandırır.

 

 

Mirbağır Yaqubzadə

 

Xalq qəzeti.- 2011.- 20 sentyabr.- S. 9.