Qazmaçılar
"Neftçilər Günü"nü yüksək nailiyyətlərlə qeyd edirlər
Azərbaycanın
neft-qaz sənayesinin inkişafında qazmaçıların əməyi
olduqca böyükdür. Təsadüfi deyil ki, son illər
Dövlət Neft Şirkəti üzrə neft və qaz
hasilatının artıqlaması ilə yerinə yetirilməsinə
mühüm töhfələr verən bu fədakar insanlar
ölkəmizin dəniz və quru sahələrində
bir-birinin ardınca müxtəlif dərinlikli quyular qazaraq
neftçilərə təhvil verirlər. Elə cari ilin əvvəllərindən
etibarən yeni-yeni əmək nailiyyətlərinə imza atan
qazmaçılar ötən səkkiz ay ərzində də
104088 metr qazma işi həyata keçirməyə müvəffəq
olmuşlar.
Bütün
bu uğurların əldə olunmasında Kompleks Qazma
İşləri Trestinin "Neft Daşları" Dəniz
Qazma İşləri İdarəsinin kollektivi də xüsusi
fəallıq göstərmişdir. Təsadüfi deyil ki,
yeraltı zənginliyə yol açan dəniz
qazmaçıları hər il olduğu kimi, bu dəfə də
"Əsrin müqaviləsi"nin ildönümünü və
"Neftçilər Günü" peşə
bayramını şən əhval-ruhiyyə, yüksək
uğurlarla qeyd edirlər. Son illər ölkəmizin neft sənayesinə,
bu sahədə çalışan bütün işçilərə
dövlət qayğısının xeyli
artırılmasında ruhlanan fədakar dəniz adamları
plan və tapşırıqları bir qayda olaraq vaxtından əvvəl
və artıqlaması ilə yerinə yetirirlər.
Hazırda
"Azneft" İstehsalat Birliyinin istismar etdiyi "Neft
Daşları" və "Darvin bankəsi"
yataqlarında çalışan qazmaçılar 2011-ci ilin
yanvar-avqust aylarının qazma planına 100 faiz əməl edərək
nəzərdə tutulmuş 24730 metr əvəzinə 24735
metr qazma işi həyata keçirmişlər. Hesabat
dövrü ərzində dəniz qazmaçıları 18
quyuda qazma işlərinə başlamışlar.
Bütövlükdə isə ilin səkkiz ayında qazmadan
qurtaran 19 quyu sifarişçilərə təhvil
verilmişdir. İş prosesinin düzgün təşkili,
materiallardan daha səmərəli istifadə edilməsi, eləcə
də nəqliyyatın işinin məqsədəuyğun
şəkildə qurulması idarə üzrə yüksək
iqtisadi səmərə əldə olunmasına imkan
yaratmışdır.
Bütövlükdə
isə fəaliyyət göstərdiyi illər ərzində
açıq dənizdə yüzlərlə quyu qazıb
neftçilərə təhvil verən "Neft
Daşları" Dəniz Qazma İşləri İdarəsinin
kollektivi ölkəmizin iqtisadi həyatında, neft sənayesinin
inkişafında mühüm rol oynamışdır. Ölkəmizin
qocaman qazma idarəsi bu gün də neft sənayesinin
qabaqcıl müəssisələrindən sayılır. Təsadüfi
deyil ki, son illər açıq dənizdə aparılan bir
çox mürəkkəb qazma əməliyyatları məhz
bu kollektivə etibar olunur. Bu etimadı əməli işi ilə
doğrultmağa çalışan fədakar
qazmaçıları qarşıda daha yeni, məsul vəzifələr
gözləyir. Belə ki, hazırda 2415, 2521, 620 və 1100
saylı meydançalarada sifarişləri vaxtında və
keyfiyyətlə yerinə yetirən qazmaçılar
yaxın vaxtlarda 660 saylı meydançada əlavə iki
quyunun qazıntısına başlamağı
planlaşdırırlar. Həmin quyulardan isə biri cari ilin
sonunadək sifarişçiyə təhvil veriləcək.
İdarənin rəisi Mirsədir Musayev də bizimlə
söhbəti zamanı nikbinliyini gizlətmədi. Dedi ki, xalqımızın
ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə
işlənib hazırlanmış Azərbaycanın yeni neft
strategiyasının hər bir uğuru neft sənayesində
çalışan insanlar üçün, sözün əsl
mənasında əlamətdar hadisə, bayramdır. Ulu
öndərin siyasətini uğurla davam etdirən möhtərəm
Prezidentimiz İlham Əliyevin son illər neft sənayesində
çalışanların əməyinə verdiyi yüksək
qiymət Dövlət Neft Şirkətinin bütün əmək
kollektivləri kimi idarəmizin işçilərini də
yeni nailiyyətlərə ruhlandırmaqla yanaşı, bizi
işə daha məsuliyyətlə yanaşmağa sövq
edir. Qarşıda bizi gözləyən vəzifələrin
öhdəsindən gəlmək üçün isə daha
böyük səylə çalışacağıq.
Dövlət Neft Şirkəti
və Kompleks Qazma
İşləri Tresti rəhbərliklərinin
diqqət və qayğısı isə bizə əlavə stimul verir. Kollektivimiz
cari iln sonunadək qazma işləri apardığı meydançalarda daha 10 quyunun qazıntısına başlamağı
və onları sifarişçiyə təhvil verməyi
planlaşdırır. Yeri gəlmişkən,
660 saylı meydançada
qazıntısı planlaşdırılan iki
quyu üçün
tikinti-quraşdırma işlərinə bu
ayın axırlarında, qazma işlərinə
isə oktyabr ayının əvvəllərində
başlanması nəzərdə tutulur.
Bütövlükdə isə qazmaçılarımız ilin sonunadək daha 10855 metr qazma işi
həyata keçirməlidirlər. Dövlət
qayğısı, neft sənayesində
çalışanların əmək şəraitinin və sosial məsələlərinin həlli istiqamətində
mühüm işlərin həyata
keçirilməsi isə onu deməyə
əsas verir ki, kollektiv bu vəzifənin
də öhdəsindən bacarıqla gələcəkdir.
Yeri gəlmişkən, dəniz
qazmaçılarının fəaliyyət göstərdikləri
"Neft Daşları" yatağı
62 ildir ki, istismar edilməsinə baxmayaraq,
burada çıxarılması mümkün olan ehtiyatlar hələ çoxdur.
Təsadüfi deyil ki,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev neftçilərin
qarşısında burada hasilatın
yaxın illərdə 1 milyon 200 min tona
çatdırmağı başlıca vəzifə kimi qoymuşdur. Hazırda
bu məsul vəzifənin yerinə
yetirilməsi üçün "Neft Daşları" yatağında yeni özüllər
quraşdırılır. Bu da yaxın vaxtlarda "Neft Daşları" Dəniz Qazma
İşləri İdarəsinin kollektivi
üçün əlavə sifarişlərin
alınmasına, yeni qazma
tapşırıqlarına geniş imkanlar yaradır. Elə gələn il idarə üzrə 33900 metr
qazma işlərinin
aparılmasının nəzərdə tutulması da bunu təsdiqləyir. Qazma işlərinin isə 2521, 1100, 620, 670,
720 və 660 saylı meydançalarda
aparılması planlaşdırılır. Xatırladaq ki, 670 və 720 saylı meydançalar
yenicə istifadəyə verilmişdir. "Darvin bankəsi"
yatağında yerləşən 670 saylı meydançada
qazma işləri üçün
tikinti-quraşdırma və buruqquraşdırma işlərinə
bu ayın ortalarında, qazma
işlərinə isə gələn ilin
yanvar ayında başlanması nəzərdə
tutulur. 720 saylı meydançada
tikinti-quraşdırma və qazma işlərinə
isə gələn ilin yanvar
və iyun aylarında başlanılacaq. Bütün bunlar isə
ölkəmizin qabaqcıl qazma müəssisələrindən
olan "Neft
Daşları" Dəniz Qazma
İşləri İdarəsinin kollektivinə göstərilən
növbəti etimaddan xəbər verir.
Mirbağır Yaqubzadə
Xalq qəzeti..- 2011.-20 sentyabr.- S.
9.