Neftçilər
Vətənimizin tərəqqisi naminə bundan sonra da əzmlə
çalışacaqlar
Dünyanın
neft sənayesi tarixinə mühüm yeniliklər
yazmış Azərbaycan Respublikasının adı beynəlxalq
ictimai dairələrdə 1994-cü ildən- nüfuzlu xarici
neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin
imzalanmasından sonra daha geniş əks-səda
doğurmuşdur. Ölkəmizin müasir yüksəliş
dövrü də elə o vaxt - xalqımızın
ümummilli lideri Heydər Əliyev tərəfindən
işlənib hazırlanmış yeni neft
strategiyasının uğurları ilə
başlanmışdır. Məhz həmin strateji kursun həyata
keçilməsi nəticəsində Azərbaycan nefti tarixdə
ilk dəfə mənsub olduğu xalqa xidmət etməyə
başladı. Gənc, müstəqil Azərbaycan dövləti
ölkənin təbii sərvətlərindən sərbəst
surətdə istifadə etmək imkanı qazandı. Azərbaycanın
dünya birliyində mövqeyinin yüksəlməsi artıq
hamı tərəfindən birmənalı şəkildə
qəbul olunur. İndi Azərbaycan Cənubi Qafqaz
dövlətləri arasında liderdir.
Ölkəmizin
sosial-iqtisadi inkişafı getdikcə sürətlənir,
abadlıq-quruculuq işləri daha böyük miqyas alır,
şəhər, kənd və qəsəbələrin
siması tamamilə dəyişir, xalqımızın maddi
rifah halı durmadan yüksəlir. Əlbəttə ki,
bütün bu uğurların təməli Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən
işlənib hazırlanmış və hazırda ölkə
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında uğurla davam etdirilən yeni neft strategiyası ilə
qoyulmuşdur. Ulu öndər Heydər Əliyev demişdir:
"1994-cü ildən Azərbaycan dövləti
özünün yeni neft strategiyasını həyata
keçirir və bu strategiyanın da əsas mənası, əsas
prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən,
o cümlədən, neft və qaz sərvətlərindən
Azərbaycan xalqının rifahı naminə daha da səmərəli
istifadə etməkdən ibarətdir".
Bu
strategiya müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın
güclü və qüdrətli bir dövlətə
çevrilməsinə yönəlmiş müdrik
siyasi-iqtisadi konsepsiya, uzaqgörənliklə
hazırlanmış dəqiq fəaliyyət planıdır.
Azərbaycanın o zamankı məhdud maliyyə imkanları
ilə neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz
təbii sərvətin Qərb bazarlarına
çıxarılmasının qeyri-mümkünlüyünü
nəzərə alan ulu öndərimiz Heydər Əliyev məsələnin
həll yolunu Qərb şirkətləri ilə milli maraqlara
söykənən əməkdaşlığın
qurulmasında görmüş və bütün geostrateji
çətinliklərə baxmayaraq, qısa bir müddətdə
bu möhtəşəm konsepsiyanı gerçəkləşdirməyə
nail olmuşdu. 1994-cü il sentyabrın 20-də Bakıda
dünyanın 11 transmilli neft şirkəti ilə
çağdaş tariximizdə "Əsrin müqaviləsi"
kimi məşhur olan qlobal neft müqaviləsinin təntənəli
şəkildə imzalanması ilə Xəzər dənizi
hövzəsində və bütün postsovet məkanında
beynəlxalq əməkdaşlığın bünövrəsi
qoyuldu. Xəzərin Azərbaycan sektorunda yerləşən
"Azəri", "Çıraq" yataqlarının və
"Günəşli" yatağının dərinlikdə
yerləşən hissəsinin birgə mənimsənilməsini
nəzərdə tutan bu sazişin reallaşması təkcə
respublikamız üçün deyil, Qərbin bir sıra
aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və
Orta Asiya regionu ölkələri üçün də
strateji əhəmiyyət daşıyırdı. Saziş
regionda digər qlobal layihələrin gerçəkləşdirilməsi
üçün də imkan yaratdı, Xəzərdə
maraqları təmin olunmuş bir çox aparıcı Qərb
dövlətlərinin Azərbaycanla bütün sahələrdə
genişmiqyaslı əməkdaşlığa
marağını artırdı, beynəlxalq maliyyə
qurumları ilə münasibətlərdə keyfiyyətcə
tamamilə yeni bir mərhələnin əsasını qoydu.
1994-2010-cu illər ərzində Azərbaycanın neft-qaz
sektoruna 40 milyard ABŞ dollarına yaxın sərmayə
yatırıldı, bir çox yataq və perspektiv strukturlar
üzrə irimiqyaslı layihələrin həyata
keçirilməsinə imkanlar açıldı. Ötən
dövrdə Azərbaycan Prezidentinin verdiyi səlahiyyətlər
çərçivəsində ARDNŞ və xarici neft
şirkətləri arasında hasilatın pay
bölgüsü tipli 33 saziş imzalandı və 20 ölkəni
təmsil edən 53 enerji şirkəti quruda və Xəzərin
Azərbaycan sektorunda yerləşən yataqlar üzrə
aparılan neft-qaz əməliyyatlarına cəlb olundu.
Aparılan
hesablamalara görə, Azərbaycanın təsdiq olunmuş
karbohidrogen ehtiyatları şərti yanacaqla 4,2 milyard ton,
proqnoz karbohidrogen resursları isə 10 milyard ton həcmindədir.
Hazırda ölkəmizin quru və dəniz əraziləri
üzrə qazmaya hazırlanmış fondda 40-dan çox
struktur mövcuddur. Beynəlxalq şirkətlər bu gün də
həmin strukturlara böyük maraq göstərirlər.
Xarici sərmayələrin qorunmasında ölkəmizin
nümayiş etdirdiyi öncül təcrübə, habelə
qazanılan nailiyyətlər onları buna təşviq edir. Təsadüfi
deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
bu vacib məqama toxunaraq demişdir: "Neft-qaz strategiyamız
həm uğurludur, həm də uzunmüddətlidir. On
beş ildən çoxdur ki, bu siyasət aparılır. Azərbaycanın
neft-qaz yataqlarına maraq azalmır".
Xarici
tərəfdaşlarla yeni imzalanan sazişlərdə ARDNŞ-in
həm hüquqi, həm də iqtisadi statusu xeyli yüksəlmişdir.
Bu da təsadüfi deyil. Dövlət Neft Şirkəti indi
artıq dünya enerji sektorunda özünə layiqli yer tutan
çoxsahəli sənaye kompleksidir.
Xarici tərəfdaşlarla aparılan işgüzar əməkdaşlıq çərçivəsində qazanılmış qabaqcıl təcrübə, tətbiq olunan müasir texnologiyalar şirkətin hərtərəfli inkişafına zəmin yaratmışdır. Onun strukturu təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılmış, idarəetmə sistemi optimallaşdırılmış, potensial və aktivləri müqayisəyəgəlməz dərəcədə artmış, birgə layihələrdə Azərbaycan dövlətinin təmsilçisi olaraq rolu daha da yüksəlmişdir. İndi şirkət öz daxili imkanları hesabına quruda və dənizdə bütün növ neft-qaz əməliyyatları aparmağa qadirdir və bunun üçün güclü maliyyə resurslarına, müasir maddi-texniki bazaya, zəngin təcrübəyə, elmin ən yeni nailiyyətləri ilə silahlanmış kadr potensialına malikdir.
Ölkəmizdə neftin və qazın hasilatı sahəsində ilbəil rekord göstəricilər qazanılır ki, bu nailiyyətlərdə də şirkətimiz mühüm rol oynayır. "Əsrin müqaviləsi" çərçivəsində ilk neftin hasil olunduğu 1997-ci ildən sonrakı dövrdə ölkə üzrə neft istehsalı sürətlə inkişaf etmiş, təxminən 5,6 dəfə artaraq, 9 milyon tondan 2010-cu ildə 50,7 milyon tona çatdırılmışdır. Ötən il hasil edilmiş neftin 8,4 milyon tonu Dövlət Neft Şirkətinin payına düşmüşdür. Cari ilin yanvar-avqust aylarında isə ölkədə neft hasilatı 31,7 milyon ton təşkil etmişdir ki, bunun da 5,6 milyon tonu ARDNŞ tərəfindən çıxarılmışdır. Şirkətin əməkçiləri işlənmədə olan yataqlarda istismarın intensivləşdirilməsi, yeni quyuların qazılması, lazımi təmir-bərpa işləri aparmaqla köhnə quyuların istismar fonduna daxil edilməsi istiqamətində mövcud imkanları səfərbər edərək, neft hasilatının sabit saxlanılması üçün səylərini əsirgəmirlər. Həyata keçirilmiş tədbirlərin nəticəsidir ki, ötən il ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 136324 metrlik qazma işi görülmüş, bunun da 127858 metri istismara, 8466 metri kəşfiyyata (o cümlədən, 1785 metr struktur axtarış qazmasına) aid olmuşdur.
2011-ci il sentyabrın 1-nə olan məlumata əsasən, ARDNŞ-in istismar quyu fondu 9333 ədəd təşkil etmişdir ki, bunların da 6720-si işlək fonddadır. Ötən il fəaliyyətsiz fonddan 127 quyu istismara qaytarılmış, nəticədə əlavə olaraq 35 min 730 ton neft hasil edilmişdir. Bu ilin yanvar-avqust aylarında isə fəaliyyətsiz quyulardan 208-i işlək fonda daxil edilmiş, bu da əlavə 42 min ton neftin hasilatına imkan yaratmışdır. 2010-cu il ərzində "Azneft" İstehsalat Birliyinin neft və qazçıxarma idarələrində 4644 geoloji və texniki tədbir həyata keçirilmiş, nəticədə əlavə olaraq 240 min 635 ton neft hasil edilmişdir. 2011-ci ilin 8 ayında aparılmış 3400 texniki-geoloji tədbir isə 160 min ton əlavə neft hasilatına zəmin yaratmışdır. Neft və qaz hasilatında davamlı artıma nail olmaq üçün yeni platformaların inşası xüsusi önəm daşıyır. Son illər şirkətimizdə böyük kapital xərci hesabına yeni özüllər tikmədən mövcud özüllərdən yüksək hasilatlı quyular qazılmasına üstünlük verilir, yataqların səmərəli işlənilməsi və hasilatın optimallaşdırılması üçün mövcud platformalarda yenidənqurma işləri aparılır. Hazırda "Bulla Dəniz" yatağında 29, "8 Mart" yatağında 730, "Ələt-dəniz" yatağında isə 63 nömrəli platformalar daha artıq quyuların qazılması məqsədi ilə genişləndirilir. Zəruri hallarda yeni platformaların tikintisi də diqqətdən yayınmır. Ötən il "Neft Daşları" yatağında 12 quyuluq 2521 nömrəli platforma tikilib istismara verilmişdir. Bu il isə həmin yataqda 12 quyuluq 2585 nömrəli platformanın təhvil verilməsi nəzərdə tutulmuşdur. Hazırda "Günəşli" yatağı üçün 7, "Neft Daşları" yatağı üçün 753 və 755, "Palçıq Pilpiləsi" yatağı üçün isə 1351 nömrəli platformaların tikintisi uğurla davam etdirilir.
Ölkəmizdə hasil olunan karbohidrogenlərin qəbulu, saxlanılması və dünya bazarlarına çıxarılması yeni neft strategiyasının ən mühüm tərkib hissələrindən biri olaraq daim diqqət mərkəzindədir. Ötən müddətdə bu istiqamətdə də böyük uğurlar qazanılmışdır. Şaxələndirilmiş ixrac neft və qaz kəmərləri sisteminin qurulması Azərbaycanın enerji müstəqilliyini təmin etmiş, Avropa və digər uzaq regionların yüksək keyfiyyətli karbohidrogen resursları ilə təminatı üçün yeni perspektivlər açmış, Xəzəryanı ölkələrdə hasil olunan enerji daşıyıcılarının nəql edilməsi baxımından sabit tranzit dəhlizi kimi respublikamıza real imkanlar yaratmışdır. Bu sırada təhlükəsiz ixrac neft və qaz kəmərləri sistemi, yeraltı qaz anbarları, neft terminalları, etibarlı dəmir yolu və dəniz daşımaları şəbəkəsi xüsusi qeyd olunmalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün bu infrastrukturu karbohidrogenlər hasil edən digər ölkələrə təqdim etməyə hazır olduğumuzu yüksək tribunalardan dəfələrlə bəyan etmişdir.
Hazırda Azərbaycandan ABŞ, Çin, İngiltərə, Almaniya, Fransa, Hindistan, İsrail, Cənubi Koreya, Braziliya, İndoneziya, Çili, İspaniya da daxil olmaqla dünyanın 33 ölkəsinə xam neft və neft məhsulları ixrac edilir. İlkin neftin dünya bazarına çıxarılması üçün 1997-ci ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa neft boru kəmərləri istifadəyə verilmişdir. Hər birinin ötürücülük gücü ildə 6 milyon ton təşkil edən həmin kəmərlər bu gün də Azərbaycan neftinin müxtəlif istiqamətlər üzrə nəql edilməsində mühüm rol oynayır. Lakin Azərbaycanın neft nəqli sisteminin başlıca arteriyası, əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməridir. Haqlı olaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin qalibiyyətli neft strategiyasının şah əsəri sayılan bu misilsiz layihə məhz ulu öndərin gərgin səyləri nəticəsində 2006-cı ildə gerçəkləşmişdir. BTC əsas ixrac boru kəməri Avrasiya regionunda ən iri və unikal mühəndis qurğularından olub, dünyada enerji təhlükəsizliyinin əsas elementlərindən biridir və Azərbaycan neftinin təhlükəsiz və fasiləsiz ixracında əvəzedilməz rol oynayır. Bu gün ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyan BTC, eyni zamanda, ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, eləcə də neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir. Hazırda sutkada 40-50 min barrel həcmində Türkmənistan nefti də BTC vasitəsilə Azərbaycan ərazisindən tranzitlə Avropa bazarlarına ötürülür. Artıq kəmərin illik ötürücülük qabiliyyəti 60 milyon tona çatdırılmışdır. Bu həcmin artırılması istiqamətində mütəmadi iş aparılır. Hazırda BTC sutkada 1,2 milyon barrel neftin Səngəçal terminalından Aralıq dənizi sahillərinə ixrac edilməsinə imkan yaradır. Ötən müddət ərzində bu kəmərlə 166 milyon tondan artıq Azərbaycan nefti, 3 milyon tona yaxın isə Türkmənistan nefti nəql olunmuşdur.
Dünyada təbii qaza olan tələbat və marağın xüsusilə yüksəldiyi son illərdə Azərbaycan özünü beynəlxalq birliyə etibarlı qaz istehsalçısı və ixracatçısı kimi təqdim edə bilmişdir. 2004-2010-cu illərdə ölkə üzrə qaz hasilatı 5,2 dəfə artırılaraq 5 milyard kubmetrdən 26,3 milyard kubmetrə çatdırılmışdır. Ötən il ölkə üzrə hasil olunmuş qazın təxminən 7,2 milyard kubmetri ARDNŞ-in payına düşmüşdür. Bu il isə ölkədə 27,9 milyard kubmetr qaz hasil olunacağı nəzərdə tutulur ki, bunun da 7,2 milyard kubmetrinin Dövlət Neft Şirkəti tərəfindən çıxarılacağı proqnozlaşdırılır. "Azər-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunan səmt qazının həcminin artırılması, ARDNŞ-in qaz proqramı üzrə görülən kompleks tədbirlər, habelə 1999-cu ildə kəşf olunmuş zəngin "Şahdəniz" yatağının istismara verilməsi Azərbaycanın enerji baxımından tam müstəqilliyini təmin etməyə imkan vermiş, təbii qaz ixrac edən ölkələr sırasına daxil olmasına zəmin yaratmışdır. Bir neçə il əvvəl qaz idxal edən Azərbaycan bu gün artıq özü Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstana qaz ixrac edir.
Bu gün neftçilərimiz öz peşə bayramları ilə birlikdə "Şahdəniz" yatağının işlənilməsinə dair müqavilənin imzalanmasının 15-ci ildönümünü də qeyd edirlər. "Şahdəniz" hazırda dünyanın dəniz akvatoriyalarında işlənilən ən iri qaz-kondensat yataqlarından biridir. Onun sübut olunmuş ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir. 2006-cı ildən hasilata başlanılmış yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində 12 hasilat quyusunun istismarına imkan verən SD-A qazma və hasilat platforması tikilib istifadəyə verilmiş, dənizdən sahilədək 100 kilometr uzunluğunda sualtı boru kəmərləri çəkilmişdir. Ötən il "Şahdəniz" yatağından təxminən 6,9 milyard kubmetr qaz və 1,9 milyon ton kondensat hasil olunmuşdur. Yataq istismara veriləndən indiyədək isə buradan 27,3 milyard kubmetr qaz və 7,3 milyon ton kondensat çıxarılmışdır. Hazırda yataqda orta gündəlik hasilatı 18-19 milyon kubmetr qaz və 4 min ton kondensat olan 3 quyu istismar edilir.
"Şahdəniz-1" layihəsi üzrə hasil olunan qazın Gürcüstan və Türkiyəyə ixrac edilməsi məqsədilə Cənubi Qafqaz qaz boru kəməri tikilib istifadəyə verilmişdir. 2006-cı ildən etibarən "Şahdəniz" qazı Səngəçal terminalında ilkin emaldan keçirilərək, ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə nəql olunur. 2010-cu ildə yataqdan hasil edilən 6,9 milyard kubmetr həcmində qazın 1,8 milyard kubmetri Azərbaycana verilmiş, 0,5 milyard kubmetri Gürcüstana, 4,3 milyard kubmetri isə Türkiyəyə ixrac olunmuşdur. Bu ilin yanvar-avqust aylarında Gürcüstana 0,4 milyard kubmetr, Türkiyəyə isə 2,5 milyard kubmetr "Şahdəniz" qazı ixrac edilmişdir. Artıq yatağın işlənilməsinin ikinci mərhələsinə hazırlıq işləri başa çatmaq üzrədir. İnkişaf konsepsiyasına əsasən, bu mərhələdə əlavə hasilat ildə minimum 16 milyard kubmetr səviyyəsinə çatdırılmalı, bunun üçün 30 hasilat quyusu istismara verilməli, yeni SDB platforması və kommunikasiya sistemi tikilməlidir. İkinci mərhələ üzrə ilk qazın hasil olunması isə 2017-ci ilə proqnozlaşdırılır.
ARDNŞ son dövrdə istər xarici tərəfdaşlarla birlikdə, istərsə də müstəqil olaraq Xəzərin dərinsulu hissələrində yerləşən mürəkkəb qaz strukturlarında kəşfiyyat və qazma işlərini uğurla həyata keçirməyə qadir olduğunu sübut etmişdir. Uzun fasilədən sonra "Ümid" perspektivli strukturunda daxili resurslar hesabına başlanmış kəşfiyyat işləri ötən il böyük müvəffəqiyyətlə nəticələnmişdir. Dənizin 58 metr dərinliyində quraşdırılmış stasionar özüldən qazılan 8 saylı birinci quyuda güclü qaz axını alınmış və beləliklə də, Xəzərin Azərbaycan sektorunda yeni bir qaz-kondensat yatağı kəşf olunmuşdur. İlkin hesablamalara görə, yatağın çıxarıla bilən ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir. Hazırda yatağın ehtiyatlarının dəqiqləşdirilməsi məqsədilə qazılan ikinci quyuda işlər uğurla davam etdirilir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra kəşf edilmiş ilk yataq olaraq "Ümid"də alınan nəticələr, həm də Xəzərin Azərbaycan sektorunda məhsuldarlıq perspektivlərini yüksəltmiş, yeni lay və yataqların açılması ehtimalını artırmışdır. Yeri gəlmişkən, artıq "Babək" strukturunun ehtiyatları 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat həcmində qiymətləndirilir. Neftçilərin peşə bayramı ərəfəsində ölkəmizin qaz ehtiyatlarının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edən daha bir əlamətdar hadisə baş vermişdir. ARDNŞ və onun layihə üzrə tərəfdaşları - Fransanın TOTAL və GdF şirkətləri tərəfindən "Abşeron" qaz-kondensat yatağının kəşf edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məruzə olunmuşdur. Dövlət başçısı bu hadisəni yüksək qiymətləndirmiş və yeni yatağın açılması münasibətilə xalqımızı təbrik etmişdir. Dövlətimizin başçısı "Abşeron" yatağının kəşf olunmasını Azərbaycan geoloqlarının, ARDNŞ mütəxəssislərinin bu strukturda məhsuldar layların olduğuna həmişə dərin inam bəslədiklərini xüsusi vurğulamışdır. Mütəxəssislərimizin ilkin hesablamalarına görə, "Abşeron" yatağında 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində karbohidrogen ehtiyatlarının olduğu ehtimal edilir.
Ötən ilin oktyabrında ARDNŞ ilə bp Exploration (Azərbaycan) şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi imzalanmışdır. Hazırda bp-Azərbaycan şirkəti ilə "Kaspian Geofizikal" müştərək müəssisəsi tərəfindən həmin strukturda 3 D seysmik tədqiqat işlərinin aparılmasına hazırlıq işləri tamamlanma mərhələsindədir. Qarşıdakı dövrdə Almaniyanın RWE şirkəti ilə "Naxçıvan" perspektiv strukturunda kəşfiyyat işlərinə başlanılması da nəzərdə tutulur. Bu strukturda 300 milyard kubmetr qaz və 40 milyon ton kondensat ehtiyatı olması gözlənilir. "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun dərinlikdə yerləşən qaz ehtiyatlarının işlənilməsi məsələsi də baxılma mərhələsindədir. İlkin qiymətləndirmələrə əsasən, burada da qaz ehtiyatları 300 milyard kubmetr civarındadır.
Son illərdə ARDNŞ-in əsas fəaliyyət istiqamətlərindən birini yeni qaz proqramının həyata keçirilməsi təşkil etmişdir. Proqram çərçivəsində şirkətin müstəqil işlədiyi qaz-kondensat yataqlarında quyuların yerləşmə şəbəkəsi təkmilləşdirilmiş, yeni quyular qazılıb istismara verilmiş, mövcud kommunikasiyalar yenidən qurulmuş, boru xətləri çəkilmiş, əlavə neft-mədən obyektləri tikilmişdir. Yeni tələblərə cavab verən mükəmməl texniki sistemin yaradılması nəticəsində gündəlik texnoloji sərf və itkilər minimuma endirilmiş, qazma və istismar qurğuları modernləşdirilmiş, səmərəli texnika-texnologiyalar tətbiq edilmişdir. Müasir idarəetmə və nəzarət sistemləri ilə təmin olunmuş yığım-nəql şəbəkəsi yaradılmış, yeni kompressor stansiyaları tikilmiş, mövcud stansiyalar genişləndirilmiş və yenidən qurulmuşdur.
Həyata keçirilən layihə və proqramlar üzrə görülən işlər, eləcə də perspektiv strukturların potensialı nikbin proqnozlar üçün əsas verir. 2015-ci ildə ölkə üzrə neft hasilatının 50-55 milyon tona, qaz hasilatının isə 30 milyard kubmetrə çatdırılacağı nəzərdə tutulur. Deməli, region və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolu qarşıdakı illərdə daha da artacaqdır. 2020-ci ilədək Avropanın enerji istehlakının 70 faizinin, 2030-cu ilədək isə 85 faizədək hissəsinin idxal hesabına təmin ediləcəyi barədə ekspert rəyləri fonunda bu, xüsusən böyük əhəmiyyət kəsb edir.
Ölkəmizdə qaz hasilatının getdikcə yüksəldiyi, mühüm ehtiyat həcmlərinin toplanılması üçün münbit şəraitin yarandığı bir dövrdə yeraltı qaz anbarlarının əhəmiyyəti daha da artır. Hazırda Qaradağ və Qalmazda 2 yeraltı qazsaxlama anbarı fəaliyyət göstərir. Dövlətimiz və onun rəhbəri İlham Əliyev tərəfindən ARDNŞ qarşısında əhalinin və iqtisadiyyatın təbii qaza olan tələbatının davamlı təminatı, ölkənin ixrac potensialının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan həmin anbarların tutumunun iki dəfəyədək genişləndirilməsi prioritet vəzifə olaraq qoyulmuşdu. Şirkət bu vəzifənin öhdəsindən layiqincə gəlmiş, yeraltı anbarların aktiv saxlama həcmi tarixdə ilk dəfə olaraq 3,1 milyard kubmetrə çatdırılmışdır.
Respublikanın daxili qaz təchizatı sisteminin yenilənməsi son illər ARDNŞ üçün xüsusi aktuallıq kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə "Azəriqaz" İstehsalat Birliyi şirkətin tərkibinə daxil edildikdən sonra ölkədə qazlaşdırmanın yeni mərhələsi başlanmışdır. Bu məqsədlə aparılan tikinti-quraşdırma və təmir-bərpa işləri respublikanın bütün ərazisini əhatə edir. Qaz təsərrüfatının, paylayıcı sistemin dünya standartlarına uyğunlaşdırılması, sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülmüş təxirəsalınmaz tədbirlər artıq öz bəhrəsini verməkdədir. Ötən il və bu ilin 8 ayı ərzində Azərbaycanın 114 yaşayış məntəqəsi qazlaşdırılmış, 127 minə yaxın abonentə "mavi yanacaq" verilmişdir. Bu dövrdə ölkədə ümumilikdə 7 min 400 kilometr uzunluğunda müxtəlif diametrli yeni qaz kəmərləri çəkilmiş, 9 qazpaylayıcı stansiya quraşdırılmış, 30 qaztənzimləyici məntəqədə, həmçinin 2530 kilometr uzunluğunda qaz kəmərində əsaslı təmir aparılmışdır. Görülmüş işlər onu deməyə əsas verir ki, 2013-cü ilədək ölkə ərazisinin 95 faizi "mavi yanacaq"la tam təmin olunacaqdır.
ARDNŞ-in neft emalı kompleksində istehsal edilən məhsullar ölkənin daxili təlabatını tam şəkildə ödəyir və xarici ölkələrə ixrac olunur. Ötən il neft emalı zavodlarında 6 milyon tona yaxın məhsul istehsal olunmuş, bunun təqribən 2,5 milyon tonu ixrac edilmişdir. Təkrar emal qurğularının gücündən səmərəli istifadə olunması nəticəsində açıq rəngli neft məhsullarının çıxımı proqnoza nisbətən 2,7 faiz artmış, emalın dərinliyi 92,6 faizə qaldırılmışdır. Cari ilin 8 ayının nəticələri də uğurludur: 4 milyon 267,8 min ton xam neft emal edilərək proqnoza 100 faiz əməl olunmuşdur. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 103,6 min ton çoxdur. 8 ayda ölkənin daxili bazarında 2 milyon 349 min ton neft məhsulu satılmışdır ki, bunun 32,3 faizini avtomobil benzinləri, 44,2 faizini kerosin və dizel yanacaqları, 23,5 faizini isə maye qazlar, bitum, soba mazutu və s. məhsullar təşkil etmişdir. 1269,8 min ton neft məhsulu, yaxud şirkətin emal kompleksində istehsal olunmuş məhsulların 35 faizi ixrac olunmuşdur.
Qaradağ Qaz Emalı zavodunda təbii və səmt qazlarının təmizlənməsi və emalı prosesləri ilbəil təkmilləşdirilir. Cari ilin əvvəlindən zavodda 2 milyard 623,4 milyon kubmetr qaz emal edilərək 2 milyard 592,8 milyon kubmetr təmizlənmiş qaz, 40,4 min ton maye qaz və qaz benzini istehsal olunmuşdur. Zavodun modernləşdirilməsi, illik gücünün 8 milyard kubmetrə çatdırılması aktual məsələlərdəndir və bunun üçün texniki-iqtisadi əsaslandırma sənədi hazırlanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 aprel 2010-ci il tarixli "Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" sərəncamı əsasında "Azərikimya" Dövlət Şirkəti ARDNŞ-in tabeliyinə verildikdən, "Azərikimya" İstehsalat Birliyi yaradıldıqdan sonra əsas hədəflərimizdən biri də bu sahədə fəaliyyətin gücləndirilməsi, neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin yüksəldilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılmasıdır. Ötən müddətdə bu istiqamətlərdə ciddi irəliləyişə nail olmuşuq: son illərdə ilk dəfə etilen istehsalatının layihə gücü səviyyəsində işləməsi təmin edilmiş, məhsulların çıxım səviyyəsi yüksəldilmiş, xammala qənaət olunmuş, balans itkiləri minimuma endirilmiş, beləliklə məhsulun maya dəyəri aşağı salınaraq rentabellik artırılmışdır. Ən əsası isə birliyin müəssisələrində texnoloji prosesin tamlığı təmin edilmişdir. Cari ilin ilk 6 ayında tələbatın yüksək olduğu etilen, polietilen, propilen və butilen-butadien fraksiyası istehsalı 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 45-60 faiz artmışdır. Bu, son illərin ən yaxşı göstəricilərindəndir. Hazırda birliyin istehsal etdiyi məhsulların böyük bir hissəsi xaricə - MDB və Baltikyanı ölkələrə, Türkiyəyə, Çinə, İtaliyaya, Rumıniyaya, Maltaya, ümumilikdə 20-yə yaxın ölkəyə ixrac edilir. Kimya məhsullarının ixrac coğrafiyasını daha da genişləndirməyi nəzərdə tuturuq.
Bu gün Türkiyə Respublikasının ən iri neft-kimya müəssisəsi olan "Petkim" Holdinqi ARDNŞ-in idarəçiliyindədir. Son illərdə bu holdinqin iqtisadi mövqeyi güclənmiş, istehsal etdiyi məhsullar Türkiyə bazarının təqribən 30 faizini əhatə etmişdir. 2010-cu ildə konsernin tərkibinə daxil olan 7 fabrikdə istehsalın ümumi həcmi rekord səviyyəyə çatdırılmışdır. "Petkim"in xammala, əsasən də, naftaya olan tələbatının ödənilməsi, idxaldan asılılığının aradan qaldırılması məqsədilə ARDNŞ onun nəzdində yeni neft emalı zavodunun tikintisini planlaşdırır. Təməli yaxın vaxtlarda qoyulacaq Egey Neft Emalı Zavodunun emal gücü ildə 10 milyon ton neft təşkil edəcəkdir. Burada istehsal olunacaq məhsulların Türkiyə bazarı ilə bərabər Aralıq dənizi və Cənubi Avropa bazarlarına da ixrac edilməsi nəzərdə tutulur. Yaranacaq əlavə enerji ehtiyacının ödənilməsi məqsədilə holdinqin tərkibində 25 meqavat gücündə külək enerji stansiyasının inşası üçün müvafiq lisenziya alınmışdır. Zavodun və stansiyanın tikilməsi, texnologiyanın yenilənməsi, istehsal xərclərinin azaldılması nəticəsində yaxın illərdə "Petkim"in məhsuldarlığı 6 milyon tona çatdırılacaq və holdinq Türkiyədə neft-kimyası məhsullarına tələbatın 40 faizini ödəmək imkanı qazanacaqdır. Azərbaycanın qardaş Türkiyədəki ən böyük mülkiyyəti olan "Petkim"in istehsal gücünün durmadan artırılması üçün şirkətimizin apardığı ardıcıl tədbirlər yaxın illərdə bu holdinqin regionda iri logistika mərkəzinə, Türkiyənin ən böyük, Avropanın isə aparıcı istehsal komplekslərindən birinə çevrilməsinə yönəldilmişdir.
Şirkətimiz 10-dan artıq ölkədə fəaliyyət göstərən nümayəndəlikləri, İsveçrə, Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya və başqa ölkələrdəki müəssisələri vasitəsi ilə dünya enerji bazarında özünə layiqli yer tutmağa nail olub. Böyük Britaniya, Almaniya, Avstriya, Gürcüstan, Türkiyə, Rumıniya, İsveçrə, Qazaxıstan, Ukrayna və İranda yaradılmış nümayəndəlikləri ARDNŞ-in beynəlxalq fəaliyyətinin təşkilində mühüm rol oynayır, müəssisələrin təsis olunması, müqavilələrin hazırlanması və s. işlərdə yaxından iştirak edir, lazımi tədbirləri operativ olaraq yerinə yetirirlər. Hazırda şirkətin təsisçiliyi ilə yaradılmış 35 birgə müəssisə, 6 alyans Azərbaycanda və dünyanın müxtəlif ölkələrində neft-qaz sənayesinin, demək olar ki, bütün sahələrində uğurla fəaliyyət göstərir.
Xarici ölkələrdə həyata keçirilən investisiya layihələri ARDNŞ-in strateji inkişafına xidmət edir. Bu sırada Gürcüstandakı ən böyük aktivimiz olan Kulevi Qara dəniz terminalı xüsusi qeyd olunmalıdır. Şirkətə məxsus neft və neft məhsullarının dünya bazarına çıxarılmasında əhəmiyyətli rola malik olan bu terminal fəaliyyət göstərdiyi 2008-ci ildən etibarən Azərbaycana Qara dənizdə əlverişli mövqe qazandırmışdır. Artıq Kulevi terminalında yük dövriyyəsi 3 dəfəyədək artırılmış, ümumi yükdaşıma həcmi 6 milyon tona çatdırılmışdır. Bu, təkcə Azərbaycana deyil, region ölkələrinə də böyük mənfəət gətirmişdir. Belə ki, terminal Qazaxıstanın "Tengiz" yatağından hasil olunan xam neft həcmlərinin dünya bazarına nəqli istiqamətində də əhəmiyyətli rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə gedən davamlı inkişaf prosesləri, sürətli iqtisadi artım, əhalinin maddi rifahının günbəgün daha da yaxşılaşması xalqımızın ümumilli lideri Heydər Əliyevin belə bir fikrini təsdiqləyir ki, "Neft digər istehsal sahələrinin inkişafına təkan verməlidir". Azərbaycanın 160 ildən artıq zəngin tarixə və şanlı ənənələrə malik neft-qaz sənayesi əməkçiləri bu gün də öz sələfləri kimi xalqımıza ləyaqətlə xidmət edir, ölkənin sosial-iqtisadi, elmi-mədəni yüksəlişinə mühüm töhfələr verirlər. İnanırıq ki, neftçilər bundan sonra da Azərbaycan cəmiyyətinin avanqard qüvvəsi olaraq Vətənimizin tərəqqisi və daha işıqlı gələcəyi naminə bundan sonra da əzmlə çalışacaqlar.
Rövnəq ABDULLAYEV,
ARDNŞ-in prezidenti
Xalq qəzeti.- 2011.- 20 sentyabr.- S.
8.