"Azərbaycan Dəmir Yolları" QSC: böyük uğurların astanasında

 

Azərbaycan bu il müstəqilliyinin 20 illik yubileyini qeyd edir. Bu 20 il ərzində biz böyük və şərəfli yol keçmişik.

 

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

 

"Azərbaycan Respublikasında Dəmir Yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"ndan

- Dəmir Yolu nəqliyyatı haqqında qanun layihəsinin işlənib hazırlanması;

-Yalama və Böyük-Kəsik sərhəd-keçid stansiyalarında yolların, enerji təchizatı və rabitə qurğularının və xidməti binaların yenidən qurulması;

- Sürətin artırılması və təhlükəsiz hərəkətin təmin olunması məqsədi ilə 317 km uzunluğunda baş yolların əsaslı təmiri;

- Bir neçə körpünün rekonstruksiyası;

- 50 ədəd yeni dəyişən cərəyanlı elektrovozun alınması;

-13 ədəd TE10 tipli teplovozun əsaslı təmir edilməklə modernləşdirilməsi;

- Biləcəri lokomotiv deposunun əsasında lokomotivlərin əsaslı təmiri bazasının yaradılması;

- Neftneft məhsullarının daşınması üçün 300 ədəd yeni çən vaqonlarının alınması;

-Quru yüklərin daşınması üçün vaqonların alınması;

- Ələt vaqon deposunun və vaqonların yuyulması məntəqəsinin yenidən qurulması;

- 25 ədəd yeni sərnişin vaqonunun alınması;

- Azərbaycan Dəmir Yolunun Yalama - Biləcəri hissəsində optik-lifli rabitə xəttinin yaradılması;

- Osmanlı-Astara sahəsində optik lifli rabitə xəttinin yaradılması;

- Azərbaycan Dəmir Yolunda yük və sərnişin daşımalarının avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması;

- Azərbaycan Dəmir Yolunun işarəetmə və bloklama sisteminin dispetçer mərkəzləşdirilməsi idarəetməsinin yaradılması;

- Dəmir Yolunun Bakı - Böyük-Kəsik sahəsində 27,5 kvt-lıq dəyişən cərəyanlı dartı sisteminə keçməsinin təmin edilməsi;

- 10 ədəd ADM tipli texniki istismar və təmir maşınlarının (drezinlərin) alınması;

- Dəmir Yolu nəqliyyat sisteminin ixtisaslı fəhlə, aliorta ixtisas təhsilli kadrlarla təmin edilməsi.

 

 

Dövlət müstəqilliyi – 20

 

Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi islahatlar kursu respublikamıza böyük uğurlar gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafını təmin etmişdir. Ümummilli iderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz "Bakı-Tbilisi-Qars" və "Şimal-Cənub" beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir. Hələ XX əsrin sonlarında Azərbaycan ikinci dəfə müstəqilliyini elan edəndən sonra MDB ölkələri ilə əlaqələrin kəsilməsi, respublikamızın düşdüyü iqtisadi və siyasi böhran Dəmir Yolundan da yan keçməmiş, qısa müddətdə öz mənfi təzahürlərini göstərmişdir. Vaqon təsərrüfatı günü-gündən iflic vəziyyətinə düşmüş, qatarların hərəkəti məhdudlaşmış, işçilərin sosial vəziyyəti daha da ağırlaşmışdır.

 

Yalnız ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra digər sahələrdə olduğu kimi, Dəmir Yolunda da geriləmənin qarşısı alınmış, həyata keçirilən radikal islahatlar nəticəsində ilbəil inkişafa nail olunmuşdur. Xüsusilə 1996-cı ildən sonra Dəmir Yolu özünün inkişaf və çiçəklənmə dovrünü yaşayır. Həmin dövrdə sərnişin qatarlarının respublikamızda təmiri prosesi mənimsənilmiş, daxili imkanlar hesabına yeni firma və ekspress qatarlar istifadəyə verilmişdir. Son illər ərzində isə nəqliyyat sisteminin əsas sahələrindən biri olan Dəmir Yolunun perspektiv inkişafı üçün ölkə rəhbərliyi tərəfindən mühüm qərarlar qəbul olunub, sərəncamlar imzalanıb. Dəmir Yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 iyul 2009-cu il tarixli "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" sərəncam imzalaması, əslində yeni bir mərhələnin başlanğıcı idi. 15 fevral 2010-cu ildə Nazirlər Kabineti tərəfindən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsi və strukturu təsdiq olundu və bu, işlərin sürətlənməsinə təkan verdi. Bununla da gələcəkdə Azərbaycanın Dəmir Yolunda islahatların aparılması və restrukturizasiyası, habelə Dəmir Yolu nəqliyyatında mövcud infrastrukturun və Dəmir Yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsi istiqamətində yeni islahatlar prosesinə start verildi.

Görülən işlərin məntiqi davamı kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 6 iyul 2010-cu ildə "Azərbaycan Respublikasında Dəmir Yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Bu sərəncam Dəmir Yolunun tarixində ən mühüm sənəddir. Proqramda Azərbaycan Dəmir Yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb. Dövlət Proqramının əsas məqsədi Azərbaycanın tranzit potensialının artırılması, Dəmir Yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini təmin etməkdir.

Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncamdan irəli gələn vəzifələrin icra olunması istiqamətində hazırda Dəmir Yolunda gərgin gedir. Dövlət Proqramında nəzərdə tutulmuş Tədbirlər Planının yerinə yetirilməsi məqsədi ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov müvafiq əmr imzalamış, sədrin birinci müavini Əlirza Süleymanovun rəhbərliyi ilə komissiya yaradılmışdır. Tədbirlər planında nəzərdə tutulmuş işlərin qrafik üzrə yerinə yetirilməsinin təhlil edilməsi, bu istiqamətdə "Azərbaycan Dəmir Yolları" QSC sədrinin 19 avqust 2010-cu il tarixli əmrinin icrasının təmin edilməsi ilə bağlı mövcud vəziyyətin araşdırılması və aparılan işlərin səmərəliliyinin təmin edilməsi məqsədilə hər həftənin cümə günü "Layihələrin icrası vəziyyətinin müzakirəsi" keçirilir. Layihə İşçi Qrupunun, Məsləhətçi Şirkətin və Dəmir Yolu mütəxəssislərinin iştirakı ilə keçən müzakirələrdə investisiya layihələrinin reallaşması istiqamətində texniki sənədləşmələrin sürətləndirilməsi məsələləri müzakirə olunur. Aparılan texniki-iqtisadi hesablamalara görə Dəmir Yolu nəqliyyatının 2010-2014-cü illərdə yenidən qurulmasına 2,4 milyard manat sərmayə qoyulması nəzərdə tutulur. Bu vəsait xarici kredit, investisiya layihələri və Dəmir Yolunun daxili imkanları hesabına təmin ediləcək. Ötən müddət ərzində "Azərbaycan Respublikasında Dəmir Yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamdan irəli gələn vəzifələrin icra olunması istiqamətində bir sıra vacib işlər görülmüş, gərgin müzakirələr aparılmışdır.

Beynəlxalq Maliyyə Hesablama Sisteminin tətbiqi ilə bağlı G&G Consulting (Türkiyə) şirkətinin keçirdiyi treninqlər də Dövlət Proqramının icrası istiqamətində ən mühüm tədbirlərdən biridir. Birinci mərhələdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin idarə aparatında çalışan baş mühasiblər, ikinci mərhələdə Dəmir Yolunun xətt boyu yerləşən təşkilat, idarə və müəssisələrin baş mühasibləri treninqlərdə iştirak etmişlər. G&G Consulting şirkətinin layihə qrupunun rəhbəri Ceyhan Günər və qrupun üzvləri Ümmuhan Astan, Saime Önce, Vedat Ekergil, Hasan Turgut treninqlərdə "Mühasibatın fundamental prinsipləri", "MHBS və MUBS", "İnzibati hesabatlar üçün hesablar planının əhəmiyyətliliyi", "Qərarvermə prosesində maliyyə hesabatlarının rolu və maliyə hesabatlarının təhlili", "İdarəetmə hesabatları", " Kommersiya təşkilatları üçün Milli mühasibat uçotu standartlarının MHBS və MUBS ilə müqayisəsi", "Xərc və gəlir mərkəzləri, xərc və məsrəf maddələri", "maya dəyərlərinin hesablanması", "maya dəyərlərinin hesablanması və avtomatlaşdırılmış mühasibatlıq sistemi", "Peşəkar mühasiblər üçün etika məcəlləsi" və digər məsələlər barədə təlimlər keçmişlər.

Məlum olduğu kimi, ölkə başçısının dəstəyi sayəsində Dəmir Yolunun inkişafına, idarəetmənin və infrastrukturun təkmilləşdirilməsinə yönəlmiş "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi"nin maliyyələşdirilməsi məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) ilə Azərbaycan hökuməti arasında 450 milyon ABŞ dolları məbləğində Kredit Sazişi imzalanmışdır. Bu layihə çərçivəsində Bakı-Böyük Kəsik sahəsi boyu enerji təchizatının əvəz edilməsi, işarəvermə sisteminin yenilənməsi və lokomotivlərin alınması ilə bağlı xidmətlər üzrə KELS konsorsium məsləhətçi şirkət ilə 3 sentyabr 2010-cu ildə müqavilə imzalanmışdır.

Şərq-Qərb Dəmir Yolu dəhlizi boyunca yarımstansiyalar, kontakt şəbəkə və işarəvermə avadanlığı daxil olmaqla 27,5 kvt-luq sistemin layihələndirilməsi, təchizatı və quraşdırılması üzrə podratçıların seçilməsi məqsədilə ixtisas uyğunluğu prosedurunda iştirak etmək üçün 10 şirkət birliyindən müraciətlər daxil olmuşdur. Eyni zamanda, bu layihə çərçivəsində dəmir yolları üçün 50 ədəd yeni dəyişən cərəyanlı elektrik lokomotivlərinin satınalınması nəzərdə tutulmuşdur.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində nəzərdə tutulmuş institusional islahatlarla əlaqədar bazar iqtisadiyyatı prinsiplərinin tətbiq edilməsi, sağlam rəqabət mühitinin yaradılması məqsədi ilə "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi" Layihəsi çərçivəsində müasir beynəlxalq maliyyə-uçot sistemi əsasında yeni mühasibat sisteminin tətbiqi ilə bağlı modernizasiya proqramının həyata keçirilməsi üçün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti və G&G Consulting şirkəti arasında müqavilə bağlanmışdır. Müqavilənin icrası istiqamətində artıq şirkət tərəfindən Dəmir Yolu rəhbərliyi və mütəxəssisləri ilə sıx əməkdaşlıq şəraitində konkret tədbirlər həyata keçirilir.

"Azərbaycan Respublikasında Dəmir Yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" çərçivəsində dövlət investisiyaları hesabına həyata keçirilən layihələrin icrası istiqamətində "Pirallahı qəsəbəsini sahillə birləşdirən dambada sahilbərkitmə işlərinin görülməsi" tədbiri üzrə 2010-cu ildə dövlət büdcəsindən ayrılmış 2160,0 min manat vəsait hesabına 400 paqonometr uzunluğunda sahilbərkitmə işləri görülmüşdür.

Dəmir Yolu nəqliyyatının fəaliyyətinin iqtisadi, hüquqi və təşkilatı əsaslarını müəyyən edən "Dəmir Yolu nəqliyyatı haqqında" Azərbaycan Respublikasının qanun layihəsi, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təklifləri nəzərə alınmaqla, Nəqliyyat Nazirliyi tərəfindən hazırlanmış və Ədliyyə Nazirliyinə təqdim edilmişdir. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətini tənzimləyən, işlənib hazırlanması təklif olunan digər normativ-hüquqi sənədlərin siyahısı tərtib edilmiş və təsdiq edilərək bu sənədlər üzrə texniki tapşırıq hazırlanmışdır.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Neft Dağılmalarının Qarşısının alınması tədbirlərində potensialın yaradılması üzrə məsləhətçi şirkət ESER ProjectEngineering Co. İnc (Türkiyə) ilə 25 sentyabr 2010-cu ildə müqavilə bağlanmış və bu sahədə işə başlanmışdır.

Müştərinin yükdaşıma xidmətlərindən razı qalmasına dair sosioloji sorğunun keçirilməsi üzrə məsləhətçi AzeConsulting şirkəti ilə 1 noyabr 2010-cu ildə müqavilə imzalanmışdır.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 5 ədəd ÇME-3 seriyalı teplovoz Çexiya Respublikasının Nümburq şəhərindəki "Dəmir Yolu nəqliyyatı vasitələrinin təmiri" zavodunda əsaslı təmir olunaraq ölkəyə gətirilmişdir.

Dövlət Proqramına uyğun olaraq, vaqonlokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, Bakı - Böyük-Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələrin icrası istiqamətində mühüm addımlar atılır.

Dövlət Proqramının əsas məqsədi Azərbaycanın tranzit potensialının artırılması, Dəmir Yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini təmin etməkdir.

Artıq ölkə başçısının dəstəyi sayəsində Dəmir Yolunun inkişafına, idarəetmənin və infrastrukturun təkmilləşdirilməsinə yönəlmiş "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi"nin maliyyələşdirilməsi məqsədilə Çexiyanın "İxrac" Bankı ilə 215 milyon avro məbləğində Kredit Müqaviləsi imzalanmışdır. Bu vəsaitə Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yol əsaslı təmir olunacaq.

Bu məqsədlə qurğuların, çevirici tirlərin, maşın və mexanizmlərin, avadanlıqların və onların ehtiyat hissələrinin alınması üzrə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti və Çexiyanın Moraviya STEEL şirkətinin törəmə şirkəti olan "M STEEL PROJECT" arasında Çərçivə müqaviləsi imzalanmışdır. Çexiyanın "Trşinets celezarnı" zavodundan 41210 ton 65 tipli relsin alınması razılaşdırılmışdır. İndiyədək 200 kilometrdən artıq relsehtiyat hissələrinin bir qismi ölkəyə gətirilmişdir.

Əsaslı təmir üçün tələb olunan 583280 ədəd dəmir-beton şpal razılaşmaya əsasən Ələt şpal zavodunda ("Azərinşaatservis") istehsal olunacaqdır. Məlumat üçün bildirək ki, Ələt şpal zavodunda şpal istehsalına başlanılıb. Şpala olan tələbatı ödəmək məqsədilə artıq üçnövbəli sistemi tətbiq olunub.

10 iyun 2011-ci ildə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Ağstafa-Tatlı sahəsinin 97-ci kilometrində əsaslı təmir prosesinə start verildi. Əsaslı təmiri "Azərbaycan Dəmir Yolları"QSC "Dəmiryolservis" MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri aparır. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini saatda 140 kilometrə çatdırmaq mümkün olacaq. Ümumiyyətlə, gələcəkdə Bakı - Böyük Kəsik istiqamətində 870 kilometr yolun əsaslı təmir olunması gözlənilir. İndiyədək:

5 iyul 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 96-94-cü kilometrində 2 km yolun əsaslı təmiri həyata keçirildi.

21 iyul 2011-ci ildə 94-93-cü kilometrdə növbəti 1 kilometr yol əsaslı təmir olunmuşdur.

11 avqust 2011-ci ildə 93-92-ci kilometrdə növbəti 1,5 kilometr yol əsaslı təmir olundu.

24 avqust 2011-ci ildə 92-91-ci kilometrdə növbəti 1,5 kilometr yol əsaslı təmir olundu.

21 sentyabr 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 90-89-cu kilometrində daha 1,425 kilometr yol əsaslı təmir olunacaq.

Saloğlu-Poylu mənzilinin 73-cü kilometrliyində Kür çayı üzərində ikinci Dəmir Yolu körpüsünün tikintisinə başlanmış, qatarların təhlükəsizliyinin təmin edilməsi, hərəkət sürətinin yüksəldilməsi məqsədilə Saatlı-Becar mənzilinin 98-ci kilometrliyində Araz çayı üzərində yerləşən metal körpünün rekonstruksiyası başa çatmışdır.

Bundan başqa, Dövlət Proqramının icrası istiqamətində, Almaniyanın "Robel" firmasında istehsal olunanyol işçilərinin əl əməyinin yüngülləşdirilməsinə xidmət edən yeni texnikalar "Robel 13.86", "Robel 10.35", "Robel 30.82", "Robel 13.44" alınıb gətirilmişdir.

14 yanvar 2011-ci ildə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı giriş nitqində ölkə başçısı İlham Əliyev demişdir: "Dəmir Yolunun inkişafı üçün proqram icra edilir. Hava nəqliyyatını mən qeyd etdim, bizim kifayət qədər müasir təyyarə parkımız varbu park ancaq ən yüksək keyfiyyətə malik təyyarələrdən ibarətdir. Beynəlxalq aeroportlar tikilibdir. Yəni demək istəyirəm ki, bu sahədə işlərin böyük hissəsi görülübdür".

2011-ci ildə Bakı-Tbilisi-Qars Dəmir Yolunun tikintisi davam etdiriləcəkdir. Bu layihəyə biz böyük əhəmiyyət veririk. Demək olar ki, bu layihənin icrasına başlanması təşəbbüsü Azərbaycan tərəfindən irəli sürülmüşdürindi üç ölkənin birgə səyləri nəticəsində bu layihə uğurla icra edilir. Qarşıdakı illərdə bütün işlər başa çatdırılmalıdır və bu, bizim növbəti böyük uğurumuz olacaqdır".

Hazırda Dəmir Yolu öz inkişaf tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu dönəmdə hər kəsin məsuliyyəti bir az da artıb. Sərnişin və yük daşımalarına olan tələbatı tam ödəmək üçün bu mərhələdən yetərincə yararlanmaq üçün var qüvvəmizlə çalışırıq. Çünki yeniləşmə, modernləşmə prosesinin sürətlə aparılması "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin güclü tərəfdaş olmasını bir daha sübuta yetirəcəkdir. Digər tərəfdən respublikamızın inkişafı və tərəqqisində həmişə öndə gedən dəmiryolçular ordusu dövlət başçısının rəhbərliyi ilə bugünkü tərəqqi və müasirləşmə proseslərinə də öz sanballı töhfələrini vemək əzmindədirlər.

 

 

Qurban NƏZİROV,

"Azərbaycan Dəmir Yolları"

QSC-nin sədr müavini, respublikanın

əməkdar mühəndisi, texnika elmləri

üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2011.- 21 sentyabr.- S. 5.