Sevinc və kədər - hara qədər?!

 

Toy və yas mərasimlərində israf mərəzi: reallıq, həqiqət... və çıxış yolu

 

Zaman keçdikcə sürətlənən, ölkələri və xalqları bir-birlərinə daha da yaxınlaşdıran qloballaşma prosesi təkcə dövlətlər arasındakı sərhədləri "əritmir", həm də bəşəriyyətin minilliklər boyu zərrə-zərrə qazandığı bəzi dəyərləri mənəvi aşınmaya, dərin deqradasiyaya məruz qoyur. Yüzilliklərin, minilliklərin sınağından üzüağ çıxan milli-mənəvi dəyərlərimiz qloballaşma adlı nəhəng "ələkdən" ya keçə bilmir, ya da keçir, ancaq fərqli forma və mahiyyət qazanır. Əslində hansısa mənəvi dəyərin məhv olmaqdansa, dövrün tələbinə uyğun yeni müsbət çalarlar qazanması və cəmiyyətin yekdilliklə onu qəbul etməsi ən doğru variant və yeganə çıxış yoludur. Ancaq təəssüf ki, bəzən hansısa mənəvi dəyərimiz nəinki yeni müsbət keyfiyyətlər qazanır, əksinə, elə formaya salınır ki, cəmiyyət üçün əlavə problemə, ağır yükə çevrilir.

 

Azərbaycanlılar tarix boyu milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə həmişə sadiq qalıblar, onun mütərəqqi mahiyyətini qoruyub saxlamaqla yaratdıqları mədəniyyətin inkişafı naminə yorulmadan çalışıblar və bunu özlərinə mənəvi borc biliblər. Nəticədə tarixən sosial münasibətlərdə, elə bu münasibətlərin tərkib hissəsi kimi adət-ənənələrimizdə humanist prinsiplər önə çəkilib, insanı sıxıntıya, maddi-mənəvi məşəqqətə sövq edən bütün amillər kənara qoyulub. Ona görə ki, xalqımız həmişə uzaqgörənliklə ictimai münasibətlərdə çətinlik və mürəkkəbliyi deyil, sadəliyi, səmimiliyi və rahatlığı öndə tutub. Bizi buna milli təfəkkürümüz, mənəvi dəyərlərimiz istiqamətləndirib. Amma son zamanlar ictimai münasibətlərimizdə yaranan bəhsə-bəhslik, mənəm-mənəmlik kimi amillərin adət-ənənələrimizin tərkib hissəsi olan yas və toy mərasimlərinə də sirayət etməsi nəticəsində meydana çıxan ifratçılıq cəmiyyətimizin ciddi qüsuruna çevrilib. Hansı meyarlardan yanaşılmasından asılı olmayaraq, əgər bir məsələ əndazəsindən çıxırsa, deməli, ona ziyalı mövqeyindən birmənalı münasibət bildirilməli və ictimai qınaq sayəsində düzgün məcraya yönəldilməlidir. Çünki cəmiyyət içində elə məsələlər var ki, onları yalnız qanunlarla tənzimləmək olmaz, ictimai mövqe və qınaq daha həlledici rol oynaya bilər.

 

İsraf və ifratın son həddi

 

Bu gün cəmiyyətimizdə yas mərasimlərini "təmtəraqla", mahiyyətinə uyğun olmayan formada keçirmək dəb halını alıb. Ən qəribəsi də odur ki, bu təmtəraq və hədsiz israf həm ehsan süfrəsində, həm dəfn mərasimində, həm də qəbir daşlarının hazırlanmasında, qəbirin üstünün götürülməsində özünü açıq büruzə verir, necə deyərlər, yas mərasiminin əvvəlindən sonunadək israfın həddi-hüdudu olmur.

Ehsan süfrəsində bir neçə xörək verilməsi, cürbəcür şirniyyat və bahalı sular qoyulması, hətta uzaq Afrikadan və Amerikadan gətirilmiş müxtəlif meyvələrin düzülməsi adi hal alıb. Daha çox ziyafət masasına bənzəyən bu cür ehsan süfrələrinə məntiqli izah tapmaq mümkün deyil. Çünki hansı nəzər nöqtəsindən yanaşırıq-yanaşaq, bunun bir adı var: hədsiz israf.

Bu məsələdə, əsasən imkanlı şəxslər öndə gedirlər, amma bir çox hallarda kasıb ailələr də bəhsə-bəhsə düşüb "qonşudan" geri qalmaq istəmirlər. Belələri borc-xərc edərək, hətta kredit götürərək, yaxud qiymətli əşyalarını sataraq bahalı ehsan süfrəsi açırlar. Elə insanlar var - dünyasını dəyişmiş doğmasına ehsan süfrəsi açmaq, bahalı qəbir daşı düzəltdirmək üçün böyük məbləğdə borc eləyir, sonra aylarla, illərlə onu qaytarmaq məcburiyyətində qalırlar. Təbii ki, bunun ən azı iki səbəbi var: ya belə insanlar dini cəhətdən savadsızdırlar, zənn edirlər ki, bu yolla vəfat etmiş doğmalarına mənəvi borclarını qaytarırlar, ya da qohum-qonşusunun, tanış-bilişinin qınağından ehtiyatlanırlar.

Matəm günlərində saqqal saxlamaq, yüksək səslə ağlamaq, şivən qoparmaq kimi adətlər bu gün də geniş yayılıb. Əlbəttə, İslam dini yaxınlarını itirənlərin kədərdən ağlamalarını qadağan etmir. İnsan psixologiyası üçün bu, normal haldır. Lakin bunu daha çox özünü göstərmək məqsədilə edənlərə, üz-gözünü cırıb, saçını yolanlara da haqq qazandırmır. Əslində, onların bir çoxunun hərəkətləri saxta, məntiqləri isə çox sadədir: "Qoy elə ağlayım ki, ətrafdakılar necə kədərləndiyimi görsünlər". Təəssüf ki, bəziləri bunu, hətta peşə səviyyəsinə gətirib, ondan qazanc mənbəyi kimi istifadə edirlər. Məsələn, xalq arasında pullu, məxsusi "ağı deyənlərin", "vay-şivən qoparanların" olması hər kəsə bəllidir.

Kədər də müqəddəs hissdir, onu saxtalaşdırmaq insanın heysiyyətinə hörmətsizlikdir. Üstəlik, məsələnin psixoloji tərəfi də var. Bəzən yas mərasimlərində elə "şivən" qopardırlar ki, nəinki hüzür sahibi, hətta orada iştirak edənlər də ciddi sarsıntı keçirirlər. Bu cür sarsıntı insan psixologiyasında dərin izlər qoya bilər. İnsanın kədərini yüksək səslə ağlamadan, haray-həşir qoparmadan, necə deyərlər, göz yaşını ürəyinə axıtmaqla ifadə etməsi mümkündür. Hətta insan səsi çıxmadan kədər və üzüntüdən huşunu itirə, bayıla da bilər. Bunların hamısını başa düşmək, qəbul etmək olar, amma insanın, bütövlükdə cəmiyyətin psixologiyasına zərər vuran ifrat "çılğınlığ"a haqq qazandırmaq heç bir halda mümkün deyil. Təəssüf ki, ifrat və israf mərəzi qəbiristanlarımızdan da yan keçməyib. Bakının mərkəzində, son vaxtlar isə rayonlarımızda elə qəbiristanlar var ki, panteona bənzəyir: bahalı heykəllər, tunc, mərmər, qranitdən büstlər, türbəvari tikililər...

Bir neçə il öncə Bakıya Azərbaycanda dini adət-ənənələrlə bağlı araşdırma aparmaq üçün xarici ölkələrin birindən iki tədqiqatçı gəlmişdi. İxtisasca dinşünas olan tədqiqatçılar bir neçə məkana, xüsusilə bir qəbiristana getmək istədiklərini bildirdilər. Səbəbini soruşduqda, məlum oldu ki, Azərbaycanda bəzi insanların sağ ikən özlərinə məzar hazırlatdırdıqlarını, hətta qəbirüstü abidə düzəltdirdiklərini eşidiblər. Qəbiristana gedib eşitdiklərini gördükdən sonra tədqiqatçılar şoka düşmüşdülər. İnana bilmirdilər ki, Bakıda bu qədər "bahalı" məzar ola bilər. Ən qəribəsi də odur ki, tədqiqatçılar yarıciddi, yarızarafat gördükləri qəbiristanın açıq səma altında muzeyə çevrilməsini təklif etdilər.

İnsanların dünyasını dəyişmiş yaxınlarına dəyər verməsi təbiidir. Qəbiristanların təmiz saxlanması, yaşıllığa qərq edilməsi, ora su çəkilməsi, yol salınması təqdirəlayiqdir. Çünki mərhuma ehtiram göstərilməyən cəmiyyətdə dirinin qiyməti bilinməz. Amma qəbiristanlarımız təmiz, yaşıllıq olduğu halda məhəllələrimizin çirkli olmasının, yollarımızın kənarındakı ağacların susuzluqdan qurumasının məntiqi izahını vermək müşkül məsələdir. Görəsən, yaxınlarının məzarı üstündə türbə tikməklə, bahalı heykəl və büstlər qoymaqla onların müqəddəsləşdiyini zənn edirlər, yoxsa bununla kədərlərini azaltmağa, yaranmış boşluğu doldurmağa çalışırlar?! Cavab nə olursa-olsun, məntiqli və tutarlı deyil.

 

Yas mərasimləri və adət-ənənələrimiz

 

Yas mərasimlərində əsrlərin yadigarı olan ənənələrimizi görməmək və qiymətləndirməmək mümkün deyil. Məsələn, vəfat etmiş insanın qohumlarına başsağlığı vermək üçün uzun yol qət edərək hüzrə gəlmək, onların yanında olmaq, kədərlərinə şərik çıxmaq, ehtiyaclarını nəzərə alıb kömək göstərmək və digər adətlərimiz buna bariz nümunədir.

Məsələyə bir qədər də fəlsəfi və humanist mövqedən yanaşmaq olar; ölüm hər bir insanın qarşılaşacağı acı həyat həqiqətidir. Varlı, kasıb, güclü, zəif - hər kəs onunla mütləq üzləşəcəkdir. Təbii ki, əzizlərimizin yoxluğuna kədərlənib üzülməyimiz, gözyaşı axıtmağımız mərhəmət və sevginin ifadəsidir. Ona görə də belə saf, ülvi, humanist hisslər xoşagəlməz hallara yol açmamalıdır.

Xalqımızın yas adətlərinə görə, qadın və kişi məclisləri ayrı təşkil olunur və kədəri bölüşmək mahiyyəti daşıyır. Bu, təkcə İslamdan qaynaqlanan doqma deyil, tarixi əski türklərə qədər uzanan ənənədir. Qədimdə qadın məclislərində "ağlaşma" adəti öz həzinliyi və spesefik xüsusiyyəti ilə seçilirmiş. Saç yolmaq, üz cırmaq əvəzinə, ifratçılıqdan uzaq olan mərsiyə kimi bayatı söyləyərək həzin ağlamaq ənənəsi var imiş. Özü də bu missiyanı hamı icra etməzmiş, onu təcrübəli, səsi gözəl, el içində hörməti böyük olan ağbirçək qadınlara həvalə edərmişlər. Bu adətə elə indi də bəzi yas mərasimlərimizdə rast gəlmək mümkündür.

İslamı qəbul etdikdən sonra xalqımızın yasla bağlı adət-ənənələri milliliklə diniliyin çuğlaşması prosesindən keçib. İslamla ziddiyyət təşkil edən adətlərimiz unudulub, digərləri isə milli koloritin atributları kimi mövcudluğunu qoruyub. Bu baxımdan vəfat etmiş insana israf və ifratdan uzaq olmaq şərti ilə yas saxlamaq həm milli, həm də dini dəyərlərimizdə humanist ənənə kimi önə çıxıb.

Süfrə açıb, məclisə gələnləri doyurmaq isə tamam başqa məsələdir. Bunu milli adətlərimizlə əlaqələndirmək tamamilə yanlışdır. İş ondadır ki, adət-ənənələrimizə görə, əvvəllər olduğu kimi, vəfat edənin ailəsinə xörək hazırlanıb aparılmalıdır. Bu həm də dinimizdən qaynaqlanır. Ötən əsrin ortalarına kimi bu ənənəyə respublikamızın, demək olar ki, hər yerində əməl olunurdu. Ancaq təəssüf ki, sonralar unuduldu.

 

İslam dinindən baxış

 

Din xadimləri də təsdiq edirlər ki, İslamda doğmasını itirmiş insanlara təsəlli və başsağlığı vermək dinimizin əxlaq prinsiplərindəndir və müsəlmanlar arasında birlik və qardaşlıq hissindən qaynaqlanır. Bu baxımdan istər yaxın, istər uzaq olsun, bir müsəlmana bəla, müsibət üz verdikdə digər müsəlmanlar onu öz dərdləri sayır, kədərini bölüşməyin məsuliyyətini hiss edir, başsağlığı verməyə tələsirlər. Amma gedib yas yerində israfı gördükdə təəssüf hissi keçirirlər.

Əgər mərhuma dinimizin tələb etdiyi meyarlar çərçivəsində ehtiram edilsə, ifratçılıq tamamilə aradan qalxar. Ona görə ki, İslam dini yas ədəb-ərkanı ilə bağlı həyatımıza çox mütərəqqi prinsiplər gətirmiş, mərhumun ailəsini çətin vəziyyətə salan heç bir tədarük nəzərdə tutmamışdır.

İlahiyyatçıların da qeyd etdiyi kimi, hətta "yas mərasimi" kəlməsi dini baxımdan doğru səslənməyən ifadədir. Çünki İslama görə, vəfat etmiş insan üçün yalnız dəfn mərasimi keçirilir və müəyyən dini ayinlər icra olunaraq son mənzilə yola salınır. Daha sonra yas, yaxud təziyə saxlanılır və bunun da müddəti üç gündür. Dini ədəbiyyatda və qaynaqlarda bununla bağlı kifayət qədər ətraflı məlumat var.

Məsələn, Həzrət Məhəmməd (s) qadının yas saxlamasını misal göstərməklə buyurmuşdur: "Allaha və Axirət gününə iman edən qadına ölü üçün üç gündən artıq yas tutmaq halal deyil. Ancaq əri üçün dörd ay on gün yas tutması müstəsnadır" (əş-Şevkani).

İlahiyyatçıların fikrincə, qadının əri üçün yas saxlaması ilə bağlı hədisdə göstərilən müddət Qurani-Kərimdə də əksini tapmışdır. Bu baxımdan əri üçün yas saxlayan qadın müəyyən işləri görməməlidir. Məsələn, ətriyyatdan, sürmə çəkməkdən, diqqətçəkən libaslar geyinməkdən, qızıl-zinət əşyaları taxmaqdan çəkinməlidir. Ehtiyac olmadan yas müddəti bitənə qədər ər evindən çıxmamalıdır.

Deməli, dinimiz uzunmüddətli yas saxlamağı yalnız mərhumun zövcəsinə şamil etmişdir. Yerdə qalan qohum-əqrəba üçün yalnız üç gün müəyyənləşdirmişdir. Ona görə də, üç gündən sonra başsağlığı vermək cənazə sahiblərinin kədərini təzələmək kimi qəbul edildiyindən, dinimiz bunu müsbət qarşılamır. Amma dəfnində iştirak edə bilməyən, uzaqda yaşayan qohum-əqrabanın üç gündən sonra başsağlığı verməsinə icazə verilir və bu, "zamanı keçmiş təziyə" kimi qəbul edilir. Əgər mərhumun evi hər kəsin rahat şəkildə gəlib başsağlığı verməsi üçün münasib deyilsə, geniş yer hazırlayaraq ziyarətçiləri orada qəbul etmək olar. Bunu, hətta Həzrət Peyğəmbər (s) şəxsi təcrübəsində göstərmişdir. Hicrətin beşinci ilində baş vermiş Mutə döyüşündə şəhid olan əmisi oğlu Cəfərin, yaxın səhabələri Zeyd ibn Harisənin və Abdullah bin Rəvahanın təziyəsi üçün üç gün məsciddə gözləmiş, beləcə ona başsağlığı vermək üçün gələnlərə rahat şərait yaratmışdır.

Önəmli məqam kimi qeyd etmək lazımdır ki, İslamda, ümumiyyətlə, səmavi dinlərdə mərhumun cənazə namazında, dəfnində iştirak etmək daha vacib sayılır. Amma təəssüf ki, bu gün başsağlığı vermək istəyənlər əsasən üç və ya yeddi mərasimində iştirak etməyə üstünlük verirlər. Halbuki, mərhumun yaxınlarının təsəlliyə ehtiyacı ilk gündə daha çox olur. Doğmasını itirmiş insanlar üç, yeddi, qırx mərasimində təsəlli tapmaq əvəzinə, yas mərasiminin "qayğıları" ilə məşğul olmaq məcburiyyətində qalırlar.

Məsələnin "ehsan süfrəsi" tərəfinə gəldikdə isə qeyd edilməlidir ki, cənazə hələ evdə ikən, kədər və üzüntülü halda nəinki yemək hazırlanmalı, hətta ziyarətçilərə süfrə də açılmamalıdır. Çünki cənazəni torpağa tapşırmadan süfrə açmaq qəbahət sayılır. Yuxarıda qeyd edildiyi kimi, dinimiz əslində yaxın qonşuların mərhumun ailəsi üçün tədarük görmələrini, bir həftə boyu yemək hazırlayıb göndərmələrini buyurur. Bu şəkildə qonşuluq haqqı ödənərək, mərhumun ailəsinin dərdinə şərik çıxmaq məqbul sayılır.

"Ehsan süfrəsi"ndən məqsəd xeyir iş görüb savab qazanmaqla, mərhuma "rəhmət oxutdurmaq", axirətinin yaxşı olması üçün dua etməkdir. Bu məsələdə hədər yerə, həddindən artıq israfa yol vermək dinimizlə daban-dabana ziddir. Çünki İslamda "ehsan" yalnız süfrə açmaq anlamına gəlmir. Bu, mərhumun ruhu naminə görülən bütün xeyir əməlləri ehtiva edir. Xeyir əməldə israfa varmaq isə heç bir halda bəyənilməyən işdir. Müqəddəs Kitabımızda bununla bağlı buyurulur: "Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!" (əl-İsra, 29).

Bu məsələdə təkcə İslam dininin qayda-qanunlarına yox, həm də müsəlman xalqlarının adət-ənənələrinə, yas mərasimlərini keçirmə formalarına nəzər salmaq maraqlı olardı. Təbii ki, dəfn mərasimi dini mahiyyətdə olduğu üçün bütün müsəlman cəmiyyətlərində, demək olar, eynidir. Amma bunu hüzn mərasimi və ehsan süfrəsi haqqında söyləmək çətindir. Çünki mərhum üçün ehsan vermək hər xalqın milli xüsusiyyətinə və həyat tərzinə görə dəyişir. Lakin bu da həqiqətdir ki, istər İslamın meydana çıxdığı Ərəbistan yarımadasında və ərəb ölkələrində, istər türk dünyasında, istərsə də İslamı ən son qəbul etmiş Malayziya və İndoneziyada ehsan süfrələrində bizdəki qədər israfa və ifrata yol verilmir. Adətən ehsan süfrəsi sadə, dəbdəbədən uzaq olur.

 

Digər səmavi dinlərdə yas mərasimləri

 

Digər səmavi dinlərdə də israfa münasibət birmənalı mənfidir. Çünki bütün səmavi dinlərdə məqsədsiz, hədər yerə israf etmək Tanrının ruzi kimi bəxş etdiyi sərvətə arxa çevirmək anlamına gəlir. Elə buna görə də, istər İudaizmdə, istər Xristianlıqda toy və yas adət-ənənəsinə münasibət fərqli olsa da, israfa və bədxərcliyə münasibət eynidir. Onu da nəzərə almaq lazımdır ki, hər dinin öz şəriəti var və dəfn mərasimi, yas adətləri həmin şəriətə uyğun keçirilməlidir.

İudaizmə görə, dünyasını dəyişmiş insanın qohumları həm dəfnə qədər, həm də dəfndən sonra yəhudi ehkamlarının müəyyən etdiyi qaydaları tətbiq edirlər. Yas saxlamaq yalnız yaxın qohumlara şamil edilir: ata, ana, oğul, qız, bacı, qardaş (ögey olsa belə), həyat yoldaşı.

Yaxını vəfat etmiş qohumlara saç kəsdirmək, üz qırxmaq, yuyunmaq, kosmetikadan istifadə etmək, təntənəli mərasimlərdə, şənliklərdə iştirak qadağandır. Yas saxlayan həmçinin ət yeməməli, şərab içməməli, ağır iş görməməli, sənətkarlıqla, ticarətlə məşğul olmamalıdır. O, hətta dua oxumaqdan, xeyir-dua verməkdən belə azad edilir.

Yəhudi şəriətində dəfn mərasimində həddi aşmaq, ifrata varmaq doğru hesab olunmur. Belə ki, yaxın qohumlar mərhumun dəfnini layiqli şəkildə yerinə yetirməli, lakin kədəri ifadə etməkdə həddi aşmamalıdırlar. Vay-şivən qoparıb üz cırmağa, saç yolmağa, bədənə xəsarət yetirməyə və s. qətiyyən yol verilməməlidir. Lakin bunun əvəzində imkana görə, kasıb insanlara sədəqə vermək adəti var.

Təziyə zamanı mərhumun gördüyü yaxşı işlər xatırlanır, Tanrı və insanlar qarşısında göstərdiyi xidmətlər yad edilir. Mərhum torpağa tapşırıldıqdan sonra, mərasimdə iştirak edənlər iki cərgə dayanaraq yaxınlarına başsağlığı verirlər.

Mərhumun dəfnindən sonra təşkil olunan ehsan süfrəsi haqqında xüsusi vurğulanmalıdır ki, yəhudilikdə bu məsələ ilkin mərhələdə İslamda olduğu kimi mərhumun qonşuları və dostlarının üzərinə düşür. Onlar yas saxlayanlara qayğı göstərməli və öz evlərindən yemək gətirməlidirlər. Adətən çörək, yumru kökə və suda qaynadılmış yumurta hazırlanır. Bunun da öz mənası var. Dairəvi formaya məxsus bu qidalar hüzn və kədərin "diyirləndiyini" - dünyada hər bir insanın onunla qarşılaşacağını xatırladır.

Dəfndən sonra yeddi gün yas saxlanılır və bu müddət ərzində müəyyən qaydalar tətbiq olunur. Məsələn, yas saxlayan şəxs şənbə günü sinaqoqa getmək istisna olmaqla evdən bayıra çıxmır, təzə paltar geyinmir, intim münasibətlər yaşamır, dırnaq tutmur və bu kimi qadağalara riayət edir. Yas saxlanılan evdə güzgülər örtüklə örtülür, mərhumun canını tapşırdığı otaqda onun ruhuna yeddi gün şam yandırılır.

Yəhudilikdə yeddisindən sonra iyirmi üç gün də əlavə yas saxlanılır ki, bununla da bir ay tamamlanmış olur. Əgər mərhum ata, yaxud anadırsa, övladları on iki ay, yəni bir il yas saxlayırlar. Ənənəyə görə, yeddisindən sonra qəbirə başdaşı qoyulur. Bu, ailənin bütün üzvlərinin üzərinə düşən vəzifədir. Başdaşı sadə olmalı, insan, yaxud heyvan rəsmləri çəkilməməlidir. Qəbrin üzərinə əklil qoymaq da olmaz.

Xristianlığın yasla bağlı adətlərində İudaizmlə oxşar cəhətlər olsa da, bu dinin özünəməxsus ayinləri, ənənəsi mövcuddur. Məsələn, pravoslavlarda dəfndən sonra mərhumun ailə üzvləri, adətən, yaxın qohumları, dostları, əzizləri yas mərasiminə dəvət edirlər. Çağırılmayanlar isə mərasimdə iştirak etməməyə, bununla da ailəni maddi sıxıntıya salmamağa çalışırlar.

Ümumiyyətlə, dəfnə qədər evdə təmizlik işləri aparılır, yığılan zibillər yandırılır və ev büxur tüstüsü ilə ətirlənir. Mərhumun dəfninə qədər evdə xeyrat süfrəsi açılmasına tədarük görülür. Pravoslav ənənəsində "xeyrat süfrəsi" məfhumu qidanı dadmaqla icra olunan ibadət anlayışı ilə bağlıdır və müəyyən qaydalara əsaslanır. Bu mənada adətən xeyrat süfrəsi üç dəfə - mərhumun üçü, doqquzu və qırxı günü açılır - bu da müəyyən dini inancla - ruhun o biri dünyaya mərhələli köçməsi ilə bağlıdır.

Yas mərasimləri qəbirüstü ziyarətlə başlayır və evdə ehsan süfrəsi ilə davam edir. Süfrə ətrafında toplaşanlar təamdan dadmaqla dualar oxuyub, mərhumun yaxşı əməllərini xatırlayıb, şəxsi keyfiyyətlərindən bəhs edirlər. Ənənəyə görə, ilk sözü ailə başçısı deyir və daha sonra məclisi aparmaq yaxınların xahişi ilə hörmətli qonaqlardan birinə həvalə olunur. Ziyarətçilər gedəndən sonra mərhumun yaxınlarının gün batana kimi hamama gedib yuyunmaları da geniş yayılmış ənənədir.

İsrafa, dəbdəbəli həyatdan qaynaqlanan şan-şöhrətə mənfi münasibət xristianlığın əsas ehkamlarından irəli gəlir. Bu baxımdan dəbdəbədən uzaqlaşıb sadə həyat sürmək ənənəsi bu dində təsadüfi yaranmamışdır. Ona görə də, yas mərasimlərinin şöhrətpərstlik aləti kimi istifadəsi xristianlığın prinsiplərinə zidd hesab olunur. Bunu bütpərəstlikdən qalma adət hesab edənlər də var. Çünki bütpərəst inanca görə, təmtəraq və dəbdəbə ilə axirət yurduna yola salınan mərhumun aqibətinin yaxşı olacağına etiqad əski zamanlardan mövcuddur. Amma xristianlıqda bu inanc məqbul hesab edilmir.

Bir sözlə, İudaizmdə və Xristianlıqda vəfat etmiş insan üçün dini ehkamlar çərçivəsində ehsan mahiyyətli xeyrat süfrələrinin açılması ənənəsi mövcud olsa da, israfa və ifrata yol verməmək əhəmiyyətli məsələ kimi hər iki dinin prinsiplərində özünü qabarıq büruzə verir.

Ümumiyyətlə, yas mərasimi ilə bağlı üç səmavi dində oxşar məqamlar kifayət qədərdir və məsələyə ümumi yanaşma, demək olar ki, eynidir. Təbii ki, bu, hər üç dinin ilahi mahiyyət daşımasından və ayrı-ayrı xalqların, toplumların bir-birilərinin mədəniyyətindən, adət-ənənələrindən bəhrələnməsi zərurətindən irəli gəlir.

 

Din xadimlərimiz və yas mərasimlərimiz

 

Onu da etiraf etməliyik ki, bu məsələdə məsuliyyətin böyük hissəsi din xadimlərinin üzərinə düşür. Çünki məhz onlar yeri düşdükcə ictimaiyyət arasında təbliğat aparmaqla "ziyafət masası"na çevrilmiş yas məclislərinin dindən uzaq olduğunu izah etməli, sadə təşkil olunan yas məclisini qınaq obyektinə çevirənlərin dini baxımdan, hətta günah işlədiklərini mədəni şəkildə açıqlamalı, borc-xərclə verilən ehsanın mərhumun ruhuna heç bir savab qazandırmadığını açıq şəkildə deməlidirlər. Amma deyirlərmi, bəzən isə... demək istəyirlərmi?!

Ümumiyyətlə, yas mərasimləri ilə bağlı önəmli məqamlardan biri məclisi idarə edən din xadimlərinin dünyagörüşü, biliyi ilə yanaşı, həm də mədəni səviyyəsi, davranışı, hətta geyim formasıdır. Təmiz, səliqəli, sadə geyinmiş, özünü səviyyəli, intellektual, sözün həqiqi mənasında kübar insan kimi təqdim edən və bunu ətrafdakılara qəbul etdirməyi bacaran din xadiminin idarə etdiyi yas mərasimi, şübhəsiz ki, dinimizə, milli adət-ənənələrimizə, ümumilikdə, bəşəri dəyərlərə zidd ola bilməz.

Təəssüf ki, birbaşa cəmiyyətin mənəvi dəyərləri və mədəniyyəti ilə bağlı olan yas mərasimləri bu gün sözün həqiqi mənasında böyük və gəlirli biznes sahəsinə çevrilib. Ümumi şəkildə mərasim xidmətləri adlanan bu biznes çadır kirayələnməsindən tutmuş mollanın müəyyənləşməsinə, mərhumun yuyulmasından başlamış məzarın qazılmasına qədər böyük sahəni əhatə edir. Belə olduğu təqdirdə çörəyi yas məclislərindən çıxan, orta statistik molladan "axına qarşı" üzməyi tələb etmək sadəlövhlük olardı. Deməli, əsas diqqət cəmiyyətin oxumuş, ziyalı təbəqəsinə və əsl din xadimlərinə yönəldilməlidir. Yalnız cəmiyyətdəki ictimai qınaq, dini maarifləndirmə və nüfuzlu insanların şəxsi nümunələri sayəsində ciddi nəticəyə nail olmaq mümkündür.

Cəmiyyətin hərəkətverici qüvvəsi hesab edilən ziyalı təbəqəsi bütün dövrlərdə öndə gedib, xalq və dövlət üçün avanqard funksiyasını yerinə yetirib. Zaman-zaman təqib və təzyiqlərə məruz qalmış, amma həmişə xalqın içində və yanında olan əsl din xadimlərimiz isə bütün dönəmlərdə bu təbəqənin tərkib hissəsi olublar. Ruhanilərimiz ziyalılarımızla birgə üzərlərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirib, ümummilli məsələlərin həllində yaxından və aktiv iştirak ediblər. Deməli, bu gün cəmiyyətimizin üzləşdiyi "ifrat və israf" probleminin həllində fəal iştirak etmək Azərbaycan ruhaniliyinin tarixi missiyasından irəli gələn müqəddəs vəzifədir.

O da nəzərə alınmalıdır ki, din xadimləri onların arxasınca gedən onlarla, yüzlərlə, hətta minlərlə insanın əməllərinə görə ən azı mənəvi məsuliyyət daşıyırlar. Bu gün din xadimləri, xüsusilə axund və imamlar geniş təbliğat imkanlarına, daha konkret desək, milyonlarla insan üçün əlçatmaz sayılan minbərə - söz kürsüsünə malikdirlər. Bəzən səslənən fikirlər, edilən çağırışlar kifayət qədər effektli olmur, bir çox hallarda etinasız qarşılanır. Lakin insanlar minbərdən söylənilən fikirlərə nəinki ciddi yanaşır, hətta bu fikirlərə dəqiq və səhvsiz əməl etməyə çalışırlar. Bu baxımdan yas mərasimləri ilə bağlı din xadimlərinin həm mövqeyi, həm də fikirləri doğru və aydın olmalıdır ki, insanlar yanlış yola yönəlməsinlər.

 

Toylarımız: unudulan ənənələr, əndazəsiz "müasirlik"

 

İfrat və israf baxımından cəmiyyətdəki mövcud problemlər yas mərasimləri ilə müqayisədə toy məclislərində daha çoxdur. Dəbdəbəli, bahalı restoranlar, zəngin menyu, həddən ziyadə israf... hər kəs buna şahiddir. Əslində, ailənin qurulması üçün şənlənmək, qohum-əqrabanı bir araya toplamaq xalqımızın əsrlərdən yadigar qalmış milli adət-ənənəsidir. Amma hər işdə bir əndazə olmalıdır. Təəssüf ki, toylarımızda milli kolorit getdikcə unudulur, bu mərasim yad təsir altına düşür və əcaib formaya salınır. Toy hər bir xalqın mənəvi dəyərlərini, mədəni səviyyəsini, mətbəx mədəniyyətini, ümumilikdə isə milli kimliyini əks etdirən şəffaf aynadır. Bu gün həmin aynanı o qədər çirkləndirmişik ki, bəzən ona baxanda xəcalət çəkməli oluruq.

Şəhər həyatı, məişət qayğıları, gündəlik problemlər... bəlkə də, bunları nəzərə alıb şəhər toylarının axşam saat 6-dan sonra başlanmasına haqq qazandırmaq olar. Amma bu saatdan sonra toy mərasimini 30 növ soyuq və isti yeməklə bəzəmək, süfrəyə müxtəlif şirələr və meyvələr düzmək, üstəlik, bütün bunları 500-600 insanın toplaşdığı qapalı zalda yüksək, çox vaxt da zövqsüz musiqinin sədaları altında qonaqlara təqdim etməyin məntiqli izahı yoxdur. Mətbəx mədəniyyətimizə, musiqi zövqümüzə, ümumiyyətlə, adət-ənənələrimizə zidd olan belə mərasimi toy adlandırmağa adamın dili də gəlmir. Əvvəllər toya xeyir-dua vermək, zövq almaq, mənəvi dinclik tapmaq üçün gedərdilər. Amma bugünkü toylarımızdan nəinki mənəvi zövq ala, rahatlıq tapa bilirik, əksinə, siqaret dumanı ciyərlərimizi, zövqsüz musiqi beynimizi-qulaqlarımızı, saat 9-dan sonra gənclərin vecsiz rəqsi isə gözlərimizi döyəcləyir. Bu isə adama yorğunluqdan, baş ağrısından, bir də ruh düşkünlüyündən başqa heç nə vermir.

Adət-ənənələrimizə görə, toya qohum-əqraba, yaxın dostlar və qonşular dəvət edilməlidir. Amma bu gün toyların sanbalı menyunun və müğənninin qiyməti, qonaqların, xüsusilə nüfuzlu vəzifəli və ya imkanlı şəxslərin sayı ilə ölçülür. Bəlkə, elə buna görədir ki, bəzi toylarda qonaqlara nəzər salanda adamda iclas təəssüratı oyanır.

Ola bilsin ki, kimlərsə toya dəvət edilənlərin sayının çox olmasını maddiyyatla, sosial amillərlə izah etsin. Amma kimin necə qəbul etməsindən asılı olmayaraq, həqiqət belədir ki, bundan toy sahibindən daha çox restoran sahibi xeyir götürür. Masada qalan xörəklər, şirələr, müxtəlif meyvə və tərəvəz isə milyonlarla insanın ehtiyacı olduğu halda israf edilir.

Təbii ki, məsələnin dini tərəfi də var. Məsələn, İslam Peyğəmbəri Həzrət Məhəmmədin qızı həzrət Fatimənin toyu müsəlmanlar üçün gözəl nümunə ola bilər. Rəvayət edildiyinə görə, Peyğəmbərimiz qızının toyunda qoyun kəsərək qonaqlar üçün sadə xörək hazırlatmış və mərasimə qatılanlardan nikaha şahidlik etmələrini istəmişdir.

Toy məsələsi ilə bağlı bir detala da diqqət yönəltmək istərdim. Məlumdur ki, milli-dini rəngarənglik əvvəl-axır qarşılıqlı zənginləşmə prosesinə qədəm qoyur. Bu mənada ölkəmizin etnoqrafiyası diqqətəlayiq təcrübəyə malikdir. Başqa sözlə desək, Azərbaycanda yaşayan milli azlıqların biz azərbaycanlılardan bəzi sosial-məişət detallarını "götürməsi" xalq şənliklərində, xüsusilə də toy mərasimlərimizdə müsbət cəhətlərin yaşarlılığına sübut ola bilər. Bunu həmyerlilərimiz olan bəzi pravoslav rusların, yaxud da yəhudilərin, əsasən də dağ yəhudilərinin şölənlərində (toy mərasimlərində) müşahidə etmək mümkündür. Belə ki, onlar da bizim sayaq nişan aparmaqdan, paltarbiçdi etməkdən, xına yaxmaqdan, bəzənmiş maşın karvanında gəlin aparmaqdan.., hətta bizim musiqinin sədaları altında Azərbaycan rəqslərini də ifa etməkdən şərəf duyurlar.

İsrailə köç edən keçmiş bir çox yurddaşımız orada öz toylarını elə günü bu gün də bizim adət-ənənələrlə bəzəyirlər, ona yeni kolorit vururlar. Deməli, adət-ənənələrimiz yaxşı olduğu üçün ondan bəhrələnirlər, bəs onda nə üçün yaxşı olanı bayağılaşdırırıq, xalqımızın ruhundan süzülüb gələn müqəddəs özünütəsdiq elementlərinə yekəxanalıq cizgiləri qataraq, tay-tuşdan, qonum-qonşudan bu yolla fərqlənmək istəyirik. Bir şeyin ki, həyata, məntiqə bağlılığı yoxdur, ona qurşanmağın da mənası yoxdur. Tarixi, ənənəvi olan gözəldir, əlavələr öz kökünə yapışmırsa, deməli yaşarı deyil. Ata-baba meyarı bu tərəzinin boyundan keçib bizə çatmışdır.

 

Bəs nə etməli?

 

Qeyd edilənlərdən aydın görünür ki, israf anlayışı din və dindarlığa tamamilə ziddir. Elə isə haqlı bir sual meydana çıxır: nəyə görə dinin yasaqladığı ənənəni "yaşatmalıyıq"?! Yox, əgər məqsəd savab qazanmaqdırsa, bunun üçün körpələr və qocalar evi, maddi sıxıntı çəkən ailələr var. Onlara kömək göstərmək, maddi və mənəvi dayaq durmaq cəmiyyət üçün daha xeyirli, Yaradanın dərgahında isə daha savab deyilmi?!

Deməli, nə qədər qəribə səslənsə də, bu gün cəmiyyətdə böyük maddi xərc tələb edən ehsan süfrələrinə qarşı geniş izahat işi aparmaq, ifratçılığın tədricən aradan qaldırılmasına çalışmaq və bu yolda nümunə göstərmək çox vacib məsələdir. İnsanların artıq həyat tərzinə sirayət etmiş bu "adəti", təbii ki, birdən-birə aradan qaldırmaq çətindir, amma mümkündür. Məsələn, təmtəraqlı "ehsan süfrəsini" mərhumun ailə üzvlərinə təsəlli verildiyi, onun yaxşı keyfiyyətlərinin xatırlandığı çay süfrələri ilə əvəz etməliyik. Təziyə üçün məclisə uzaq yoldan gələnləri nəzərə alıb, onlara israfa varmadan ayrıca ehsan süfrəsi açmaq da mümkündür.

Yas mərasimi ilə bağlı digər məsələlərdə də ciddi islahatlara ehtiyac var. Bəziləri bu islahatları dövlətin aparmasını, inzibatçılıq yolu ilə həyata keçirilməsini məqsədəuyğun sayırlar. Hətta, əks təqdirdə ciddi nəticə olmayacağını iddia edənlər də var. Təbii ki, bu sahədə bəzi məsələlərin inzibati qaydada, qanunvericilik çərçivəsində həlli mümkündür. Lakin elə məsələlər var ki, onları qanuna salmaq, inzibati yolla həll etmək ağlabatan deyil. Məsələn, yas məclisinə "ağı deyən"lərin gətirilməməsini, ehsan süfrəsinin dəbdəbədən uzaq olmasını, bahalı qəbir daşlarından istifadə edilməməsini inzibati yollarla necə həll etmək olar?! Deməli, problemin həlli həm də insanların özündən, məsələyə necə yanaşmalarından asılıdır.

Ədalət naminə demək lazımdır ki, son dövrlər yas mərasimləri ilə bağlı müsbət tendensiya yaranıb və mərasimlər xeyli sadələşib. Məsələn, əvvəlki dövrlərlə müqayisədə indi mərhuma cümə axşamlarının verilməsi o qədər də kütləvi xarakter daşımır. Üstəlik, üç və yeddi mərasimləri çox vaxt birləşdirilir. Təbii ki, bütün bunlar sağlam dini maarifləndirmənin və təbliğatın nəticəsidir. Ən önəmlisi də odur ki, cəmiyyət bu prosesi müsbət qarşılayır və dəstəkləyir. Ümumiyyətlə, müşahidələr və aparılan araşdırmalar göstərir ki, cəmiyyətin mütləq əksəriyyəti istər yas, istərsə də toy mərasimlərində mövcud ifratçılığın əleyhinədir. Sosial statusundan asılı olmayaraq insanlar bu sahənin tənzimlənməsini cəmiyyətin normal inkişafı baxımından vacib sayırlar. Amma iş ondadır ki, bir çoxları tərəddüd edir, "ictimai qınaqdan" çəkinərək şəxsi nümunə göstərmək istəmirlər. Əslində, cəmiyyət israf və ifratı ictimai qınaq obyektinə çevirməlidir. İctimai qınaq məsələsinə, məncə, həm də digər problemlərin açarı kimi baxmaq lazımdır.

Hər zaman ilk addımı atmaq, önə çıxmaq çətin olur. Amma nə qədər çətin olsa da, biz bu addımı atmalı, milli-mənəvi dəyərlərimizin saflığını qorumalı və gələcək nəsillərə ötürməliyik.

 

 

Hidayət ORUCOV,

Azərbaycan Respublikası Dini

Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

 

Xalq qəzeti.- 2011.- 21 sentyabr.- S. 3.