Səudiyyə Ərəbistanı
Krallığı Azərbaycanın hərtərəfli əməkdaşlıq
etdiyi ölkələrdən biridir
Ulu
öndərin həmin arzusu bu gün həyatımızın
reallığıdır. İndi artıq kütləvi
informasiya vasitələrində dövri olaraq Azərbaycan-Səudiyyə
Ərəbistanı əməkdaşlığının
genişləndirilməsi haqqında materiallar oxuyuruq.
İnternet səhifələrində "Azərbaycanın Səhiyyə
Nazirliyi ilə Səudiyyə Ərəbistanının Səhiyyə
Nazirliyi arasında əməkdaşlıq haqqında sənəd
imzalanmışdır", "Səudiyyə Ərəbistanının
Mədəniyyət və İnformasiya naziri Bakıya gəlmişdir",
"Ər-Riyad və Bakı təhsil sahəsində əməkdaşlığı
genişləndirir", "Səudiyyə Ərəbistanı
azərbaycanlı qaçqın və köçkünlərə
növbəti yardımı etdi", "Azərbaycanlı həkimlər
işləmək üçün Səudiyyə Ərəbistanına
yola düşdülər", "Bakıda Səudiyyə mədəniyyət
günləri keçirilir" və bu kimi sərlövhələrə
tez-tez rast gəlirik. Halbuki, 1994-cü ilin yayına qədər
azərbaycanlılar Səudiyyə Ərəbistanına ancaq
və ancaq həcc ziyarətinə gedərdilər.
Bu xoşbəxtliyin nəsib olduğu soydaşlarımız isə barmaqla sayılacaq dərəcədə az idi. İndi isə Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında dövlətlərarası münasibətlərə aid olan bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Bu tərəqqinin səbəbi ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi və rəsmi Ər-Riyadın bütün müsəlman dünyası ilə yüksək səviyyəli əməkdaşlığa verdiyi önəmdir. Bəzi konkret tarixi məqamlara diqqət yetirək.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasətdə dünyanın bütün ölkələri ilə siyasi və iqtisadi əməkdaşlığa böyük önəm verilsə də, müsəlman ölkələri ilə əlaqələrin bərpası xüsusi əhəmiyyət kəsb edirdi. Avrasiyanın ən böyük enerji və xammal ehtiyatlarından birinə malik olan Yaxın və Orta Şərq ölkələri ilə əməkdaşlıq isə bizim üçün ikitərəfli əhəmiyyət kəsb edirdi. Çünki bu ölkələr maddi cəhətdən zəngin olduqları kimi, mənəvi cəhətdən də bizim üçün doğma və əzizdir. Eyni mədəniyyət, eyni tarix və eyni din bizi əsrlərdən bəri bir-birimizə doğma etmişdir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gələndən dərhal sonra Türkiyə, İran və Səudiyyə Ərəbistanına rəsmi səfərə getmişdi. Ər-Riyad Heydər Əliyevin səfər etdiyi üçüncü müsəlman ölkəsi, eyni zamanda, birinci ərəb ölkəsi idi. Rəsmi Bakı keçmiş SSRİ-nin müsəlman ölkələri arasında Səudiyyə Ərəbistanında öz səfirliyini açan ilk dövlət olmuşdur. Ər-Riyadda Azərbaycan səfirliyi 1994-cü ilin aprelindən fəaliyyət göstərir. Heydər Əliyevin Ər-Riyada səfərindən sonra dövri olaraq Azərbaycandan Səudiyyə Ərəbistanına, Səudiyyə Ərəbistanından isə ölkəmizə çoxsaylı rəsmi və işgüzar səfərlərin reallaşdırılmasına başlanmışdır.
Bu gün rəsmi Ər-Riyad Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların tribunasından Azərbaycanın maraqlarını yüksək səviyyədə müdafiə edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpası şərtiylə həll olunması üçün Ər-Riyad rəsmiləri istənilən müzakirədə Bakının mövqelərini dəstəkləyirlər. Eyni zamanda rəsmi İrəvanın Ər-Riyadla diplomatik əməkdaşlıq yaratmaq barədə bütün müraciətlərinin cavabsız qalmasının da bir səbəbi var - Azərbaycan torpaqlarının işğal altında saxlanılması. Ankara kimi Ər-Riyad da İrəvan qarşısında şərt qoyur - işğal edilmiş Azərbaycan əraziləri azad olunmayınca heç bir əməkdaşlığa start verilməyəcək.
Bundan başqa, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycana əhəmiyyətli miqdarda humanitar yardım göstərən üç-dörd ölkədən biridir. Hələ 1994-cü ildən etibarən mərhum Kral Fəhd İbn Əbdül Əziz Əl Səudun yardım proqramı çərçivəsində azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün külli miqdarda yardım göndərilmişdi. Bura müxtəlif sosial-iqtisadi layihələrin reallaşdırılması üçün ayrılan faizsiz kreditləri, Qarabağ müharibəsi əlillərinin Ər-Riyad və Ciddədə müalicəsini, çoxsaylı azərbaycanlı zəvvarın məhz kralın qonağı kimi Məkkə və Mədinəni ziyarət etməsini və bu kimi bir çox məsələləri də əlavə edə bilərik.
Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın birinci iclasının Bakıda keçirilməsi (2001-ci ilin fevralı) ölkələrarası əməkdaşlığı daha da intensivləşdirmiş, əlaqələri daha da sıxlaşdırmışdı. Yeri gəlmişkən, ulu öndər Heydər Əliyevin neft strategiyasının nəticəsi olan "Əsrin müqaviləsi"ndə (Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının müştərək işlənməsi üçün dünyanın aparıcı neft şirkətlərinin yaratdığı Konsorsiumla Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanmış saziş) Səudiyyə Ərəbistanı Krallığını təmsil edən "Delta" neft şirkəti də iştirak edirdi. Ona görə də 2002-ci il sentyabrın 18-də Bakıda keçirilən Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin təməl daşının qoyulması mərasimində Səudiyyə Ərəbistanı Krallığının neft və mineral ehtiyatlar nazirinin müavini Züheyr Nəvvabın iştirakı da tamamilə gözlənilən idi. Səudiyyə İnkişaf Fondunun Azərbaycanda reallaşdırılan layihələri maliyyələşdirməsi, hökumətlərarası müştərək komissiyanın ikinci iclasının Ər-Riyadda keçirilməsi (fevral, 2004-cü il), Azərbaycan Milli Məclis sədrinin və Qafqaz Müsəlmanları İdarəsinin sədrinin dost ölkəyə səfərləri, eləcə də xarici işlər nazirləri arasında imzalanan "Məsləhətləşmələr haqqında Anlaşma Memorandumu" Bakı-Ər-Riyad əməkdaşlığını genişləndirirdi. Ancaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ildə bu ölkəyə üç dəfə səfər etməsi bir daha sübut etdi ki, Azərbaycan-Səudiyyə dostluq və əməkdaşlıq münasibətləri heç bir iki ölkə arasında olmayan səviyyədədir. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Ər-Riyadla əməkdaşlığı dərinləşdirərək bir daha sübut etdi ki, Azərbaycan Qərb və Avropa dəyərlərinə böyük hörmətlə yanaşmaqla yanaşı, müsəlman dünyasının ayrılmaz parçası olaraq qalır.
Prezident İlham Əliyev Bakıda keçirilən "Sivilizasiyalararası dialoq" forumunda və Bakının İslam Mədəniyyətinin Paytaxtı elan edilməsindən sonra keçirilən tədbirlərdə dönə-dönə vurğulamışdır ki, bu gün bizim hər birimiz müqəddəs dinimiz haqqında söylənilən bədnam ifadələrin heç bir əsası olmadığını sübut etməliyik. Biz bəşəri dəyərlərə ehtiramla yanaşmalı, eyni zamanda, islami dəyərləri qorumalı, mühafizə etməliyik.
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Fəhd bin Əli əl-Dusəri mətbuata verdiyi müsahibələrdə qətiyyətlə bildirir ki, bizim ölkələrimiz iki qardaş müsəlman ölkəsi kimi beynəlxalq sülhə və ədalətə dəstək verir, terrorizmi, separatizmi və insanlığa yad olan bütün pis əməlləri lənətləyirik. Səfir belə bir əminlik ifadə edir ki, iki Müqəddəs Məscidin Xadimi, Kral Abdullah bin Əbdül Əziz Al Səud və onun qardaşı, zati-aliləri Prezident İlham Əliyevin istək və arzuları belə deməyə əsas verir ki, Ər-Riyadla Bakı daha böyük mədəni layihələr həyata keçirə bilər. Çünki ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlıq ən yüksək səviyyədədir. İndi növbə mədəni əməkdaşlığın genişləndirilməsidir. 2008-ci ildə tərəflər arasında təşkil olunmuş qarşılıqlı mədəniyyət günləri bir daha sübut etdi ki, bu sahədəki əməkdaşlıqda daha böyük uğurlar əldə edə bilərik.
Yeri gəlmişkən, bu sətirlərin müəllifi 2001-ci ilin sentyabrında və 2006-cı ilin yanvarında Səudiyyə Ərəbistanı Krallığında olarkən bu ölkənin zəngin tarixinin və mədəniyyətinin çoxsaylı nümunələri ilə tanış olmuş və silsilə yazılar qələmə almışdır. Mədəniyyət və informasiya naziri cənab Yədd ibn Əl-Mədəni o zaman bizə söyləmişdi ki, Səudiyyə Ərəbistanı Krallığına gələnlər burada İki Müqəddəs Məscidi ziyarət etməklə yanaşı, böyük və möhtəşəm ərəb mədəniyyəti ilə tanış olmaq imkanı da əldə edirlər...
Azərbaycanın dostu və tərəfdaşı olan Səudiyyə Ərəbistanı Krallığının Milli bayramını təbrik edən milyonların sırasında "Xalq qəzeti" kollektivinin də olması bizim üçün məmnunluq gətirən haldır.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 21 sentyabr.- S.
7.