"Kür qırağının əcəb
seyrangahı var..."
Söhbət son illər Zərdabda
əldə edilmiş böyük uğurlardan, dinamik
inkişafdan gedir
Hər
dəfə Zərdaba yolum düşəndə
qeyri-ixtiyarı yadıma böyük şairimiz Vaqifin məşhur
misrası düşür: "Kür qırağının
əcəb seyrangahı var..." Aradan gör neçə qərinə,
neçə əsr keçib, dövran dəyişib,
çox küləklər əsib. Amma bu qərinələrin
fərqinə varmayan ana Kür yenə də bəzən
coşub sahilləri aşır, bəzən də lal
axarı ilə sanki təmkinini pozmur.
Kürün
sahili boyu uzanan küçəylə addımlayırıq...
Ürəkaçan, gözoxşayan mənzərələr
bir-birini əvəz edir. Müasir üslubda tikilmiş
müxtəlif təyinatlı binalar, yeni salınan park və
xiyabanlar, səliqə ilə əkilmiş və qayğı
ilə quluq edilən ağaclar, güllər, fəvvarələr,
bulaqlar, işıqlandırma sistemi adamın qəlbini riqqətə
gətirir. Kürdən əsən sərin külək isə
yayın ən qızmar çağlarında belə sərinliyini,
rahatlığını bu yerlərdən əsirgəmir.
Söhbət,
əlbəttə, təkcə sahilboyu küçələrdən,
mənzərələrdən getmir. Bu gün Zərdab
köhnə sərhədlərini aşaraq bütün istiqamətlərə
genişlənmiş, böyümüş, şəhərdə
yeni binalar tikilmiş, yollar, səkilər çəkilmiş,
park və xiyabanlar salınmışdır. Diqqəti cəlb
edən vacib cəhətlərdən biri də budur ki, əvvəllər
az qala hər addımda rast gəlinən və şəhərin
arxitektura görkəminə ciddi xələl gətirən
yöndəmsiz köşklər götürülmüş,
əvəzində müasir üslubda, yüksək zövq və
səliqə ilə ticarət şəbəkələri
inşa edilmiş müxtəlif təyinatlı binalar
ucaldılmışdır. Bu şəhəri gəzib
yaxından tanış olduqdan sonra tərəddüd etmədən
Zərdabı güllər, çiçəklər şəhəri
də adlandırmaq olar. Çünki bütün
yaşıllıqlar da saysız-hesabsız
gül-çiçək kolları var.
Son
illər, xüsusilə, ötən 4 il ərzində
respublikamızın bütün regionlarında olduğu kimi,
Zərdab rayonunda da Dövlət Proqramları uğurla icra
olunur, büdcə vəsaiti və daxili imkanlar hesabına
genişmiqyaslı tikinti-quruculuq işləri həyata
keçirilir, əhalini narahat edən sosial problemlərin həlli
istiqamətində konkret tədbirlər görülür.
Bunu müxtəlif təşkilatlardan aldığımız
konkret faktlar və rəqəmlər də təsdiq etdi. Diqqət
edin: 2007-ci ildə rayonda əsas kapitala yönəldilən
investisiyalar 1 milyon 295 min manat təşkil edirdisə, 2010-cu
ilin sonuna bu rəqəm 7 milyon 961 min manat təşkil
etmiş, 2011-ci ilin 6 ayında isə bu rəqəm 15,3 milyon
manat olmuşdur. Ümumi daxili məhsul istehsalı 2007-ci ildəki
37 milyon manatdan 2010-cu ildə 56 milyon manata, 2011-ci ilin altı
ayında isə 44,9 milyon manata yüksəlmişdir. Rayonun
büdcəsi 2007-ci ilə nisbətən 2011-ci ildə 2 dəfə,
şəhər təsərrüfatının
inkişafına ayrılan vəsaitin həcmi isə 4 dəfə
artmışdır. Bunlar sadəcə rəqəmlər yox,
Azərbaycan dövlətinin regionlara artan diqqət və
qayğısının göstəricisidir.
Zərdab
əsasən kənd təsərrüfatı rayonudur. Son illər
iqtisadiyyatın bu sahəsində əsaslı irəliləyiş
əldə olunmuşdur. Dövlət
başçısının kənd təsərrüfatı
məhsulları istehsalçılarına
qayğısından ruhlanan rayon fermerləri 2009-cu ildə
52382 ton taxıl istehsal etmişlər ki, bu da 2003-cü ilə
nisbətən 2,5 dəfə çox olmaqla, adambaşına
1 ton məhsul istehsalı deməkdir. 2010-cu ildə Kür,
Göyçay və Türyançay çaylarının
daşması nəticəsində kənd təsərrüfatına
ciddi ziyan dəymiş, məhsul istehsalı nisbətən
azalmış və 34498 ton təşkli etmişdir. 2011-ci ildə
isə məhsul istehsalına yenidən diqqət
artırıldığından 41673 ton və ya əvvəlki
ilə nisbətən 7175 ton çox taxıl istehsal
edilmişdir.
Hazırda
rayonun fərdi təsərrüfatlarında iri malın
sayı 53204, qoyun-keçilərin sayı isə 108590
başa çatdırılmışdır. Bu da əvvəlki
illərlə müqayisədə xeyli çoxdur. Bostan, tərəvəz
və digər kənd təsərrüfatı məhsulları
istehsalında da irəliləyiş əldə olunmuşdur.
Ölkəmizin
hər yerində olduğu kimi, Zərdab rayonunda, onun qəsəbə
və kəndlərində də sosial problemlərin həlli,
insanları narahat edən məsələlərə diqqət
və qayğı başlıca vəzifələrdəndir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı ilə bağlı 2004-2008 və 2009-2013-cü
illəri əhatə edən birinci və ikinci Dövlət
Proqramlarında nəzərdə tutulan tədbirlərə
uyğun olaraq hazırda rayonda geniş tikinti-abadlıq işləri
görülür və daxili imkanlar səfərbər olunaraq
quruculuq işlərinin dinamikası artırılır.
2008-ci
ildə Rayon Prokurorluğu üçün müasir tipli
inzibati bina tikilib istifadəyə verilmiş, Dəli
Quşçu, Dəkkəoba, Çallı, Gəlmə və
Qoşaoba kəndlərinin daxili yollarının bir hissəsinə
asfalt döşənmişdir. Körpükənd,
Qoruqbağı, Məlikmahmudlu, Əlvənd və
Şahhüseynli kəndlərində modul tipli sutəmizləyici
qurğular, hər bir kənddə 10 bulaq
quraşdırılmış və əhali içməli su
ilə təmin edilmişdir. Şəftəhal və
Bıçaqçı kəndlərində daha məhsuldar
su nasosları istifadəyə verilərək, torpaqların
suvarılması xeyli yaxşılaşmışdır.
Şəhərin Heydər Əliyev prospektində yenidənqurma
işlərinə başlanılmış, küçələrə
yeni asfalt döşənmişdir.
2009-cu ildə də işlər eyni ahənglə davam etdirilmişdir. Rayon icra hakimiyyəti, Əhalinin Sosial Müdafiəsi Mərkəzi üçün yeni inzibati binalar tikilmişdir. Heydər Əliyev İdeoloji Mərkəzinin inşası başa çatdırılmışdır. Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun büstü qoyulmuşdur. 54 kilometr uzunluğunda Göyçay - Ucar - Zərdab elektron rabitə xəttinin çəkilişi başa çatdırılmışdır.
Qumlu yaşayış massivinə 6 kilometrlik qaz xətti çəkilmiş, rayon mərkəzini Dədə Qorqud meydanından Qoşaoba və Təzəkənd kəndləri ilə birləşdirən 2 kilometrə qədər yola təzə asfalt döşənmişdir. 200 yerlik uşaq incəsənət məktəbinin yeni binasının istifadəyə verilməsi, Alıcanlı, Hüseynxanlı, Xanməmmədli, Gəlmə və Nəzəralılı kəndlərində əhalinin pay torpaqlarının suya olan tələbatını yaxşılaşdırmaq məqsədilə yerli nasos stansiyalar quraşdırılması, Yuxarı Seyidlər, Məlikli, Gödəkqobu, Məmmədqasımlı və Yarməmmədbağı kəndlərində də modul tipli sutəmizləyici qurğular və 50 bulağın əhalinin istifadəsinə verilməsi də həmin ilin uğurlarındandır. Heydər Əliyev prospektinə, Ramiz Kərimov, 1 May, Babək İsmayılov, Şəhriyar, Cəfər Cabbarlı, Azərbaycan küçələrinə təzə asfalt döşənmişdir.
Ölkədə təhsilə diqqət Zərdabda da öz uğurlu nəticəsini göstərmişdir. Bunun nəticəsidir ki, son dövrdə rayonda 6 yeni məktəb binası tikilib istifadəyə verilmiş, 4 məktəbin istilik sistemi bərpa olunmuşdur. Zərdab şəhər 3 saylı orta məktəbin, 1 və 2 saylı uşaq bağçalarının binaları əsaslı təmir olunmuşdur.
2010-cu ildə Kür, Göyçay və Türyançay çayları zərdablıları çox ciddi sınağa çəksə də ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, rayon rəhbərliyinin çevik və yüksək təşkiatçılıq qabiliyyəti sayəsində rayon təbii fəlakətdən itkisiz qurtara bilmişdir.
Yeri gəlmişkən, yaddan çıxarmaq olmaz ki, 1978-ci ildə ulu öndər Heydər Əliyev, 2010-cu ildə isə Prezident İlham Əliyev Zərdabı və zərdablıları Kür çayının yaratdığı təbii fəlakətlərdən xilas etmişdir. Dövlət başçısının göstərişinə əsasən 2010-cu ildə baş vermiş təbii fəlakət nəticəsində ziyan çəkmiş 51 ailəyə rayonun "32 hektar" adlanan ərazisində yeni evlər tikilib istifadəyə verilmişdir. Hazırda 20-dən çox ailəyə yeni fərdi yaşayış evi, Şəftəhal kəndində tibb məntəqəsi, Qoruqbağı kəndində uşaq bağçası, Çallı kəndində doğum evi, Ağabağı kəndində məktəb binası tikilməkdədir.
2010-cu ildə, nəhayət, uzunluğu 26 kilometr olan Zərdab - Mollakənd yolu asfaltlaşdırılmış, Zərdab - Otmanoba yolu istiqamətində, 15-ci məhəllədə qaz xəttinin çəkilişi başa çatmış, Qaravəlli kəndində yeni qaz xətti istifadəyə verilmişdir. Köhnə çörək zavodunun binasında yenidən qurulan və 60 nəfərə qədər sakinin işlə təmin olunacağı nəzərdə tutulan süd məhsulları emalı zavodunda işlər davam etdirilir və bu günə qədər 1 milyon 312 min manatlıq iş görülmüşdür.
2010-cu ildə həmçinin ümumi ərazisi 5 hektara qədər olan və ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda yenidənqurma işləri davam etdirilmiş, parkda sahəsi 1600 kvadratmetr olan Heydər Əliyev Mərkəzinin tikintisinə start verilmişdir.
Ötən il rayonda ilk dəfə Telemetrik Seysmik Stansiya inşa olunmuşdur, 13 nəfər Qarabağ əlili üçün fərdi yaşayış evi tikilmiş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xətti ilə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi yaradılmışdır. Modul tipli sutəmizləyici qurğuların tikintisinin planlaşdırıldığı Alıcanlı, Dəli Quşçu, Qaravəlli, İsaqbağı kəndlərində və Bəyimli qəsəbəsində artıq 3 qurğunun quraşdırılmasına başlanılmış, Alıcanlı kəndində isə artıq su qurğusu istifadəyə verilmişdir. Bütövlükdə isə bu gün Zərdabın 13 kəndini əhatə edən 19769 nəfər əhali içməli su ilə təmin olunmuşdur.
2011-ci ilə də zərdablılar uğurla başlamışlar. Heydər Əliyev prospektində və pakında yenidənqurma işləri davam etdirilmiş, möhtəşəm Heydər Əliyev Mərkəzi artıq istifadəyə hazır vəziyyətə gətirilmişdir. Şəhərin küçələrinə, Heydər Əliyev parkına Türkiyə Respublikasından gətirilmiş 6 və 9 metr hündürlüyündə 100-ə qədər müasir tipli elektrik dirəkləri quraşdırılmışdır. Üzərində milli ornamentlərimizin təsviri olan parkın giriş qapısı yenidən qurulmuşdur. Parkda Heydər Əliyev Mərkəzinin ətrafında 2400 kvadratmetr sahəyə mərmər döşənmiş, ətrafı yaşıllaşdırılmış, yeni oturacaqlar quraşdırılmışdır.
Bu ilin 6 may günü isə Zərdabın və zərdablıların tarixinə qızıl hərflərlə yazılmışdır. Həmin gün dövlət başçısı Prezident İlham Əliyev Zərdaba səfər etmiş, Heydər Əliyev parkı, Heydər Əliyev Mərkəzi ilə tanış olmuş və rayon ictimaiyyətinin nümayəndələri ilə səmimi söhbət etmişdir. Ölkə Prezidenti görüşdə regionlarda qazlaşdırmaya, elektrik enerjisi ilə təchizata, su, kanalizasiya xətlərinin, kənd yollarının çəkilişinə böyük ehtiyac olduğunu vurğulamışdır. Həmin tarixi səfərin sevinclərini yaşayan zərdablılar mayın 11-də yeni bir şad xəbər eşitmişlər. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra rayonların, o cümlədən Zərdab rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalamış və Prezidentin ehtiyat fondundan bu məqsədlə 2 milyon manat vəsait ayrılmışdır.
Zərdaba və zərdablılara göstərilən bu yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdar olan zərdablılar böyük ruh yüksəkliyi ilə daha böyük fəallıq nümayiş etdirmişlər. Odur ki, son vaxtlar rayonda aparılan tikinti-quruculuq işlərinin sürəti artmış, keyfiyyəti xeyli yaxşılaşmışdır. Qısa müddətdə şəhər ərazisində qülləsi 42 metr hündürlüyündə olan Bayraq meydanının tikintisinə başlanılmış və 14 iyul 2011-ci il tarixdə - ümummilli liderin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəlişinin 42-ci ildönümü ərəfəsində istifadəyə veririlmişdir. Şəhərin 4 yol adlanan ərazisində, Zərdabın girişində, Heydər Əliyev prospektində Türkiyə Respublikasında istehsal olunmuş hündürlüyü 10,5 metr, eni 23 metr olan, Avropa standartları səviyyəsində hazırlanmış, üzərində ulu öndərin portreti, dövlət rəmzləri, müxtəlif tablolar və minlərlə rəngli işıq lampaları olan müasir tipli giriş qapısı quraşdırılmışdır.
Şəhərdə inşa olunmuş 16 mənzilli yaşayış binası şəhid ailələrinin və Qarabağ əlillərinin istifadəsinə verilmişdir. 5 kommunal binanın dam örtüyü tamamilə dəyişdirilmiş, küçə və dalanlara 22 min kvadratmetr asfalt döşənmişdir. Heydər Əliyev parkında 2 fontan istifadəyə verilmiş, abadlıq və yaşıllaşdırma işləri davam etdirilmişdir. Kür çayı boyunca 60,7 kilometr məsafədə 8 metr enində bəndbərkitmə işləri aparılmışdır.
Hazırda rayonda abadlıq işləri uğurla davam etdirilir. Heydər Əliyev parkında "Gənclər evi" tikilir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Rayon Hissəsi üçün yeni inzibati binanın tikintisində işlər başa çatmaq üzrədir. "4 yol" adlanan ərazidə yolun kənarlarında hasarlar hörülür və müasir üslubda milli ornamentlərlə üzlənir.
Gəlmə və Salahlı kəndlərinin qazlaşdırılması işinin davam etdirilməsi ilə yanaşı, Zərdab şəhərinin içməli su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılıması işləri xeyli sürətlənmişdir. 8 kənddə yeni poçt binalarının, "32 hektar" adlanan qəsəbədə 130 yerlik, Lələağacı və Aşağı Seyidlər kəndlərində 80 yerlik məktəblərin tikintisinə başlanılmışdır. Pərvanlı kənd orta məktəbi üçün yeni binanın tikintisinə hazırlıq işləri görülür.
Təhsil, səhiyyə və mədəniyyət müəssisələrində təmir işləri, həmin müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində də işlər uğurla gedir. Təhsilə göstərilən diqqətin nəticəsidir ki, 2007-ci ildə ali məktəbə qəbul olunanların sayı cəmi 47 nəfər olduğu halda, 2011-ci ildə bu rəqəm 100 nəfərə çatmışdır.
Ölkə Prezidentinin müvafiq sərəncamları ilə şəhər 1 və 3 saylı orta məktəblər "İlin ən yaxşı məktəbi", şəhər 2 saylı orta məktəbin əməkdar müəllimi Çimnaz Məmmədova "İlin ən yaxşı müəllimi" adına layaq görülmüşdür. Son illər "Əməkdar müəllim" adına layiq görülənlərin, "Tərəqqi" medalı ilə təltif olunanların sayı xeyli artmışdır.
Zərdablılar yaxşı işlədikləri kimi, mənalı yaşamağı və yaxşı istirahət etməyi də bacarırlar. Son illər respublikamızın görkəmli elm və mədəniyyət xadimləri, incəsənət ustaları ilə keçirilən görüşlər əhali arasında böyük marağa və razılığa səbəb olmuşdur. Dövlət bayramlarının, tarixi günlərin geniş və rəngarəng təşkili xüsusilə maraq doğurur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın, millət vəkili Jalə Əliyevanın, görkəmli elm adamları Ziyad Səmədzadənin, Vasim Məmmədəliyevin, mərhum Fuad Qasımzadənin, Teymur Bünyadovun görüş və çıxışları, Azərbaycan Dövlət Akademik Milli, Gənc Tamaşaçılar, İrəvan və Mingəçevir teatrlarının qastrol səfərləri əhali arasında böyük marağa səbəb olmuş və unudulmaz xatirəyə çevrilmişdir.
Silahlı Qüvvələr Günü ərəfəsində Respublika Müdafiə Nazirliyi və Zərdab Rayon İcra Hakimiyyətinin respublikanın tanınmış generallarının, çoxsaylı qonaqların iştirakı ilə keçirdiyi "Azərbaycan Respublikasına xidmət edirəm!" mövzusunda hərbi-vətənpərvərlik bayramı böyük əks-səda doğurmuş, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin təşkilində mühüm rol oynamışdır.
M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayevin və professor Çingiz Cərullazadənin rəhbərliyi ilə həkim kollektivlərinin son 4 ildə bir neçə dəfə rayonda olmalarına, yüzlərlə insanı müayinə və müalicə etmələrinə görə zərdablılar Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya minnətdardırlar.
Bəli, bu gün Zərdab rayonu ulu öndər Heydər Əliyevin Azərbaycan üçün müəyyən etdiyi sabitlik və tərəqqi yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə bütün regionlarımız kimi Zərdab şəhəri və onun yaşayış məntəqələri öz simalarını tanınmaz dərəcədə dəyişmişdir. Yeniləşmə və yüksəliş davamlıdır, ürəkaçandır. İnsanlar sabaha dərin inam və ümidlə yaşayır, bu amallar uğrunda əzmlə çalışırlar.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2011.- 22 sentyabr.- S.
6.