İstiqlal tariximizin şanlı səhifəsi

 

(əvvəli qəzetin 18 sentyabr 2011-ci il tarixli sayında)

 

Sentyabrın 15-i gündüz saat 3-ə qədər davam edən döyüşlər nəticəsində Bakını işğal altında saxlayan erməni, rus ingilislərin müqaviməti qırıldı. Əslində, bu, bir-iki gün əvvəldən bəlli idi. Odur ki, ingilislər sentyabrın 14-ü axşamdan etibarən limandan gəmilərə doluşaraq Ənzəliyə üz tutmuşdular. Məqsədinə çatmayıb məğlub vəziyyətdə Ənzəliyə dönən 39-cu ingilis batalyonuna komandanlıq edən Denstervilin yerinə general Tomson göndərilmişdi. Nümayəndələr Bakının azad olduğu gun sentyabrın 15-i saat 10:30-da İran konsulluğunun yanında bayrağın qaldırıldığı avtomobillə 15-ci Qafqaz diviziyasının qərargahına gələrək şəhərin Qafqaz İslam Ordusuna təslim edilməsi şərtlərini müzakirə etmək istədiklərini bildirdilər. Qafqaz İslam Ordusu komandanlığının tapşırığı ilə 5-ci Qafqaz diviziyasının qərargah rəisi podpolkovnik Rüştü bəy danışıqlar üçün gəlmiş 2 nəfərlə 6 maddədən ibarət saziş layihəsi hazırladı. Sazişin şərtlərinə görə, Bakı qəhrəman Azərbaycan Türk ordusunun rəşadəti nəticəsində xalqımıza qaytarıldı.

Senyabrın 16-da qələbə münasibətilə Türk - Azərbaycan hərbi hissələrinin Bakı ətrafında paradı keçirildi. Paradda Xəlil Paşa, Nuru Paşa, Əliağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbayacan parlamentinin hökumətinin üzvləri, bu qələbəni sevinc ruh yüksəkliyi ilə qarşılayan Bakı ətrtaf kəndlərin sakinləri iştirak edirdilər. Paraddan sonra adları çəkilən şəxslər, hökumət rəsmiləri qoşun bölmələrinin müşayəti ilə Bakıya daxil oldular.

Müstəqil Azərbaycan dövlətinin yeni paytaxtına çevrilmiş Bakının azad edilməsi ilə bağlı hökumətin başçısı Fətəli xan Xoyski öz minnətdarlığını və təbrikini Nuru Paşaya bu sözlərlə bildirmişdi: "...Komandanız altında bulunan cəsur Türk əsgərlərimiz tərəfindən Azərbaycanın baş kəndi olan Bakının düşməndən təmizlənməsi münasibəti ilə millətim, zati-həmiyyəti-pərvəranələrinizə və dünyanın ən cəsur və soylu əsgəri olan türk oğullarına minnətdar olduğumu ərz etməklə iftixar edərim".

Qafqaz İslam Ordusunun fəaliyyət göstərdiyi bu dövrdə Lənkəran bölgəsi istisna olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri çərçivəsində Azərbaycan hakimiyyəti bərqərar olundu. Bakı düşməndən azad olunduqdan sonra Azərbaycan Cumhuriyyətinin rəhbərliyi Bakıya köçdü.

Azərbaycanın əsas əraziləri - Bakı, Gəncə, Naxçıvan, Qarabağ, Quba, Şamaxı, Salyan və digər ərazilər erməni-daşnak, "Sentrokaspi" və bolşevik qüvvələrindən təmizlənsə də ölkənin cənub əraziləri - Lənkəran qəzası erməni-daşnak və rus-bolşevik qüvvələrinin əlində qalmışdı. Daşnakbolşevik dəstələrinin Lənkəran qəzasında hakimiyyətdə olduğu dövrdə, qadın-kişi, uşaq-qoca baxmayaraq, minlərlə silahsız-günahsız dinc insanı qətlə yetirmişdilər. Təkcə bu sətirlərin müəllifinin doğulduğu Kərgəlan kəndində müxtəlif vaxtlarda 70-dən artıq adamı güllələmiş, qılıncdan keçirmişdilər. Rayonun Gərmətük, Mamusta və digər kəndlərində adamları qadınlı-kişili çəltik dərzləri saxlanılan anbara salaraq odlamışdılar.

1919-cu ilin mayında milli hökumətin hakimiyyətinin qurulması və daşnak-bolşevik qüvvələrindən cənub ərazilərinin təmizlənməsi üçün Camal Paşa öz dəstəsi ilə Lənkərana göndərildi. 1919-cu il avqust ayının 4 -də milli hökumətin hərbi naziri Səməd bəy Mehmandarov Lənkərana qoşun dəstəsi göndərilməsi haqqında əmr imzaladı. General-mayor Həbib bəy Səlimov dəstənin komandiri təyin olundu.

Lənkəran əməliyyatı başlanmazdan əvvəl S. Mehmandarov bölgə əhalisinə müraciət edərək əllərində olan silahları milli hökumətin qüvvələrinə təhvil verməyə çağırdı. 1919-cu il avqustun 23-də Lənkərana çatan Milli Ordu qüvvələri qısa müddətdə bölgəni erməni-daşnak və rus-bolşevik qüvvələrindən təmizlədi. Lənkəran qəzasında milli hökumət bərqərar olmaqla, ümumilikdə, respublikanın ərazi bütövlüyü təmin edildi.

1919-cu il sentyabrın 15-i Bakının azad edilməsinin 1 illiyi dövlət tərəfindən yüksək səviyyədə qeyd edildi. 15 sentyabrda keçirilən Azərbaycan Parlamentinin təntənəli iclası, əsasən, bu məsələyə həsr edilmişdi. İclasa sədrlik edən H.Ağayev çıxışına belə başladı: "Möhtərəm məbuslar! Bugünkü bayramın nə qədər şərəfli, nə qədər tarixi olduğunu hər kəs düşünüranlar. Bu gün düz bir ildir ki, Azərbaycanın milli mərkəzi hesab olunan Bakı zalimlər əlindən xilas olmuşdur. Böyləliklə ən müqəddəs hesab etdiyimiz paytaxtımız olan Bakını almış bizə vermişlərdi. Əfəndilər qan bahası türklük və islamlıq uğrunda şəhid vermişlər. Vətənimizi xilas edən turk igidlərini yad etmək ilə bərabər, onu da əlavə edirəm ki, biz azəri türkləri böyük qardaşımız olan türklərin canfədalıqlarını heç vaxt unutmayacağız və müşkülat ilə qan bahasına alınmış və bizə bəxş olunmuş istiqlalımızı müdafiə etməyi əhd edib hər şeydən müqəddəs tutaraq əqsai (gələcək) muradımıza nail olacağıq. Bu gün azəri cəmiyyəti-xeyriyyəsi türk şəhidlərinin adına əbədi bir nişangah qoyur. Rica edirəm saat 11-də bulvarda vaqe olacaq rəsmi keçiddən sonra qəbiristana buyurub tədbirimizdə iştirak edəsiniz".

İclasdan sonra parlament üzvləri və minlərlə azərbaycanlı Çəmbərəkənd qəbiristanlığında Bakının azadlığı uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini yad etmək üçün böyük mərasim keçirdilər.

1918-ci ildə ölkəmiz müstəqilliyə qovuşub müsəlman Şərqində ilk olaraq özünün demokratik cümhuriyyətini yaratdıqdan sonra respublikamızın ərazilərini, doğma Bakımızı erməni daşnak, menşevik və bolşeviklərdən, habelə ingilislərin "Sentrokaspi " qüvvələrindən təmizləyib xalqımızın xilası - azadlığa çıxması uğrunda böyük şücaətlər göstərərək canlarını qurban vermiş qəhrəman türk əsgər və zabitlərinin doğma torpağa qovuşduğu yerdə xalqımız onların əziz xatirəsini əbədiləşdirməyi qərara almışdı... Bu müqəddəs məkanda abidə - memorial kompleks yaradılmış və burada bir xalqın iki dövlətinin - Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin bayraqları dalğalanmaqdadır. İnşallah, əbədi olaraq dalğalanacaqdır.

Bura əvvəllər də babalarımızın uyuduğu müqəddəs məkan olmuşdur. Erməni daşnaklarının 1905,1907, xüsusi ilə 1918-ci ildə Bakıda - qocaya-cavana, qadına-uşağa baxmadan, hətta hamilə qadınların belə qarnını diri-diri yararaq - vəhşicəsinə öldürdükləri şəhidlərimiz də bu yerdə torpağa tapşırılmışlar. Demokratik Cümhuriyyətin müdafiə naziri çar Rusiyasındakı ən görkəmli sərkərdələrdən biri yüksək əsgəri mükafatlarla, habelə brilyant qaşlı qızıl qılıncla təltif olunmuş general-leytenant Səməd bəy Mehmandarovunİkinci Cahan Savaşında - Böyük Vətən müharibəsində özünün xüsusi döyüş taktikası ilə tanınmış, böyük şücaətlər göstərmiş, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun da nəşi burada torpağa tapşırılmış və üstündə abidə ucaldılmışdır.

Sovetlər dönəmində uzun illər burada yatan şəhidlərimizi bizə unutdurmağa, xalqın yaddaşından silməyə çalışmışlar. Bu yerdə həm də Azərbaycanın bugunkü müstəqilliyi yolunda - 20 YanvardaQarabağ uğrundakı döyüşlərdə şəhid olmuş Azərbaycan oğulları da əbədiyyətə qovuşmuşlar. Azərbaycanın müstəqilliyi yolunda canlarını fəda etmiş şəhidlərin xatirə kompleksiburada ucaldılmışdır. Bu gün dünyanın hər yerindən respublikamıza gələn rəsmi qonaqlarictimai xadimlər bu müqəddəs məkanı ziyarət edirlər. Türkiyənin dövlət və hökumət rəhbərləri dəfələrlə bu yeri ziyarət etmişlər.

Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev, dövlət və hökümət rəhbərləri, Milli Məclisin deputatları, ictimaidin xadimləri dövlət bayramlarında və hüzn günlərində bu yeri ziyarət edirlər. Şəhidlər Xiyabanına gələn hər kəs müstəqilliyimiz yolunda canlarını qurban vermiş turk qardaşlarımızın abidəsi önündən keçərkən hörmətlə baş əyib, ruhlarına dualar edirlər.

15 Sentyabr tariximizdə və taleyimizdə tutduğu şərəfli yeri və qəlbimizdə müqəddəsliyi ilə seçilən bir gündür. Gəlin bu tarixi günü və müstəqlliyimiz uğrunda şəhid olan qəhrəmanları unutmayaq.

 

 

Mehman FƏRZULLAYEV,

naşir-publisist

 

Xalq qəzeti.- 2011.- 22 sentyabr.- S. 6.