DAİM "Qızıl Buta" mükafatı üçün keçirdiyi sorğunun nəticələrini elan edib

 

Dünya Azərbaycanlıları İctimai Mərkəzinin hər il müxtəlif mövzularda keçirdiyi genişmiqyaslı sorğular ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanır. Bunun nəticəsidir ki, həm sorğunun nəticələrini gözləyənlər, həm də bilavasitə sorğuda iştirak etmək istəyənlər ildən-ilə çoxalır. Elə "Qızıl Buta" mükafatı üçün keçirilmiş sorğuda iştirak edənlərin əvvəlki illərə nisbətən daha çox olması da deyilənlərin sübutudur.

 

Mərkəzdən kütləvi informasiya vasitələrinə (www.modern.az.internet saytı) verilən məlumatda bildirilir ki, qurumun respublikada keçirdiyi bu sorğuda iştirak etmiş respondentlərin 19 faizi iş adamı, 14 faizi elm xadimləri, 16 faizi məmurlar, 21 faizi tələbələr, 3 faizi işsizlər, 27 faizi isə müxtəlif peşə sahibləridir. Yəni, sorğuda əhalinin ölkədəki ictimai-siyasi proseslərə münasibət bildirmək baxımından fəal olan bütün zümrələri iştirak ediblər. Rəyi soruşulanların 54,1 faizi kişilər, 45,9 faizi isə qadınlardır.

Sorğunun nəticələrinə diqqət yetirən istənilən şəxs buradakı obyektivliyin və ədalətli mövqe nümayiş etdirilməsinin şahidinə çevrilir. Qaliblər sırasında ali dövlət xadimləri, deputatlar, yaradıcı ziyalılar, elm-incəsənət xadimləri, ali təhsil təmsilçiləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, adamları, xeyriyyəçilər, səhiyyə işçiləri, qeyri-hökumət təşkilatları və ayrı-ayrı şirkətlər də vardır. "Qızıl Buta" mükafatına layiq görülənlərdən biri - dörd beynəlxalq akademiyanın akademiki, Azərbaycan, Rusiya Federasiyası və Türkiyə yazıçılar birliklərinin, eləcə də Avrasiya Yazıçılar Liqasının üzvü, yazıçı filosof Hacı Fərhad Mirzənin "Kəlamlar" kitabı haqqında Azərbaycan, türk, rusingilis dilində çoxsaylı elmi məqalələr qələmə alınıb. Kitabın özü isə Bakı, AnkaraMoskvada ümumilikdə 30 min tirajla nəşr olunaraq oxuculara təmənnasız paylanılıb. Bu yaxınlarda isə "Kəlamlar" ingilis və ərəb dilli oxuculara təqdim olunacaq. Ancaq Hacı Fərhad Mirzənin onlarca orden, medal və təltifinin sırasına yeni yazılan "Qızıl Buta" mükafatı onun xeyriyyəçilik fəaliyyətinə görə verilib.

www.hacıfərhadmirza.az adlı internet saytında göstərildiyi kimi, indi haqqında söhbət açdığımız xeyriyyəçi ziyalımız müstəqil dövlətimizin qorunması və qüdrətləndirilməsi üçün çoxsaylı tədbirlər həyata keçirmiş, Qarabağ uğrunda döyüşlərin getdiyi illərdə öz vəsaiti ilə ordu üçün texnika, geyim, ərzaq alınmasına kömək etmişdir. Müqəddəs amal uğrunda - Vətən yolunda şəhid olanların ailələrinə hərtərəfli qayğı göstərmiş, cəbhədən əlil və yaralı kimi qayıtmış insanların müalicəsini təşkil etmiş, erməni işğalı nəticəsində öz ata-baba yurdundan didərgin düşmüş yüzlərlə soydaşımıza yeri yaradaraq onların özlərini dolandırmasını təmin etmişdir. Respublikanın iqtisadi cəhətdən ağır günlərində Bakıətrafı qəsəbələrdəki internatlara, uşaq evlərinə, yetimxanalara daim təmənnasız qayğı göstərən Hacı Fərhad Mirzə taleyinə bu kövrək ünvanlarda yaşamaq yazılmış uşaqların sevimlisinə çevrilmişdi. Elə bu güno, öz xeyriyyəçilik əməllərini geniş miqyasda davam etdirir. Bu gün də 300 nəfər qaçqın və kimsəsiz soydaşımız onun sayəsində yerləri ilə təmin olunub. Məhz Hacı Fərhadın təşəbbüsü və vəsaiti ilə indiyədək 500-dən çox kimsəsiz və qayğısız uşaq sünnət olunub, onlara hərtərəfli yardım edilib.

Ancaq ölkə ictimaiyyəti və region mətbuatı Hacı Fərhad Mirzəni daha çox müasir kəlam məktəbinin yaradıcısı, kitabları beynəlxalq aləmdə maraqla qarşılanan yazıçı-filosof kimi tanıyır. BMT yanında İctimai Təltiflər Şurasının təsis etdiyi A.S.Puşkin adına Qızıl medal başda olmaqla onlarca beynəlxalq mükafatı da soydaşımız məhz kəlam yaradıcılığına görə alıb. "Qızıl Buta"nın bütün laureatlarını təbrik edirik.

 

 

Natəvan İSMAYILLI

 

Xalq qəzeti.- 2011.- 23 sentyabr.- S. 5.