Regionların
inkişafına dövlət qayğısı gücləndirilir
Son illər həyata keçirilən
düzgün siyasətin nəticəsidir ki, ölkəmizdə
qeyri-neft sektoru sürətlə inkişaf etmiş, bir
sıra əhəmiyyətli sosial proqramlar
reallaşdırılmışdır. Azərbaycanın
iqtisadi qüdrətinin artması bölgələrimizin
inkişafına da müsbət təsir göstərmişdir.
Belə ki, regionlarda infrastruktur layihələri həyata
keçirilmiş, bir milyona qədər yeni iş yeri
açılmış, əhalinin maddi rifahı
yaxşılaşmışdır.
Prezident
İlham Əliyevin bölgələrə ardıcıl səfərlər
etməsi, əhalinin problemləri ilə maraqlanması
regionların sürətli inkişafına göstərilən
diqqət və qayğının bariz nümunəsidir.
Dövlət başçısının
imzaladığı 2004-2008-ci illər üçün
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının, eləcə də "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
uğurla icra edilməsi nəticəsində bölgələrin
sürətli sosial-iqtisadi inkişafına nail olunmuşdur.
Dövlət Proqramında regionlarımızın mövcud
potensialından daha səmərəli istifadə etməklə
yerlərdə sənayenin və kənd təsərrüfatının
inkişafını sürətləndirmək, sahibkarlara hərtərəfli
yardım göstərmək, əhalinin həyat səviyyəsini
daha da yaxşılaşdırmaqla yoxsulluq problemini aradan
qaldırmaq əsas məqsəd kimi qarşıya
qoyulmuşdur.
Hazırda
regionlarda həyata keçirilən kompleks tədbirlər
çərçivəsində infrastruktur layihələri
uğurla icra edilir, əhalinin qaza, içməli suya olan tələbatı
ödənilir. Kənd yollarının
asfaltlaşdırılması, magistral yolların çəkilməsi
əhalinin gediş-gəlişini daha da
yaxşılaşdırır. Kənd təsərrüfatının
inkişafı üçün fermerlərə kreditlər,
subsidiyalar verilir. Bütün bunlar və bölgələrdə
mövcud olan bəzi problemlərin həll edilməsi əhalinin
güzəranını daha da yüksəldir.
Uğurların əldə olunmasında görülən işlərin sistemliliyini təmin edən yuxarıda adları çəkilən dövlət proqramlarının əhəmiyyətli rolu danılmazdır. Yeri gəlmişkən, burada bir məqamı qeyd etmək istərdik. Dövlətimizin başçısı İlham Əliyev ikinci regional proqramın icrasını da daim diqqət mərkəzində saxlayır, mütəmadi şəkildə yerlərdə olur, görülən işlərlə ciddi şəkildə maraqlanır, qarşıya çıxan problemlərin həlli ilə bağlı konkret tapşırıqlar verir. Bu, bir müddət bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qobustan rayonuna səfəri çərçivəsində də özünü bir daha qabarıq büruzə vermişdir. Dövlətimizin başçısı İlham Əliyev Qobustan rayonuna səfəri çərçivəsində müasir taxıl anbarı kompleksi ilə də tanış olmuşdur. Dövlət başçısının diqqətinə çatdırılmışdır ki, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən respublikamızın regionlarında taxıl məhsullarının saxlanılması üçün ümumi dəyəri 39,7 milyon manat, tutumu 267 min ton olan 17 taxıl anbarı kompleksinin inşasına 21,4 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin icrası artıq başa çatdırılmışdır. Eyni zamanda vurğulanmışdır ki, Qobustan rayonu ərazisində "İlk Aqrokom" MMC tərəfindən inşa edilən, ümumi dəyəri 2,1 milyon manat olan taxıl anbarı kompleksinin tutumu 10 min tondur. Fond tərəfindən bu layihənin maliyyələşdirilməsinə 700 min manat güzəştli kredit verilmişdir. Layihə üzrə hər birinin tutumu 2,5 min ton olan 4 taxıl anbarından, laboratoriya və digər köməkçi binalardan ibarət kompleks Türkiyənin "Altuntaş" və yerli "Asena Ko" MMC-nin doldurma, boşaltma, qurutma avadanlıqları və elektron idarəetmə panelləri ilə təchiz edilmişdir. Layihənin icrasına 2010-cu ilin yanvarında başlanılmış, bu ilin sentyabrında başa çatdırılmışdır.
Azərbaycan Prezidenti daha sonra Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısına məlumat verilmişdir ki, 38 hektar ərazidə inşa olunan mərkəz külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilmişdir. Bu isə ölkədə alternativ enerjinin hər üç yolla əldə edilməsi istiqamətində görülən işlərin real nümunəsidir. Bildirilmişdir ki, poliqon ərazisində hər birinin gücü 0,9 meqavata çatan üç külək turbini, 1,8 meqavat gücündə günəş enerjisi stansiyası və 1 meqavat gücündə bioenerji qurğusu yaradılmışdır. Burada, eyni zamanda, tənzimləyici qurğu, su anbarı, sınaq meydanı, emalatxana fəaliyyət göstərir. Ərazidə yaradılan xüsusi avtodayanacaqda isə elektrik enerjisi ilə işləyən avtomobillərin akkumulyatorlarını cərəyanla doldurmaq mümkündür. Bir neçə dəqiqə ərzində enerji ilə təchiz edilən avtomobil 250 kilometr məsafə qət edə bilər. Laboratoriyada isə mərkəzdə istifadə olunan qurğuları yoxlamaq və eksperimentlər aparmaq mümkündür. İki tədris otağında təlim və tədris kurslarının təşkili nəzərdə tutulmuşdur. Poliqonda və mərkəzdə texnoloji proses dispetçer məntəqəsindən idarə olunur. Ümumilikdə agentlik tərəfindən ölkə ərazisində 21 ölçü-müşahidə stansiyasının tikilməsi nəzərdə tutulmuşdur ki, bunun birincisi Qobustandakı mərkəzdə yaradılmışdır.
Dövlətimizin başçısı günəş enerjisinin əldə olunması üçün ayrıca sahədə yerləşən panelləri də müşahidə etmişdir, mərkəzin sınaq-təcrübə sahəsi ilə tanış olmuşdur. Ölkə rəhbəri həmçinin mərkəzdə istifadə olunan qurğular, o cümlədən ölkəmizdə istehsalı nəzərdə tutulan foto-elektron panellərin nümunələrinə baxmış, ərazidə yaradılan təcrübə istixanasının fəaliyyəti ilə tanış olmuşdur. Bildirilmişdir ki, burada alternativ enerji ilə istənilən bitkini lazımi temperaturda yetişdirmək mümkündür. Mərkəzdəki 330 kubmetr tutumu olan soyuducu kamerada müsbət 5 dərəcədən mənfi 5 dərəcəyədək temperatur yaradıla bilər.
Burada bir cəhəti də xatırlatmaq yerinə
düşər. Ölkəmizin
enerji təhlükəsizliyi prioritet vəzifədir. Dövlət başçımız bu sahəyə
daim diqqət və qayğı göstərir. Elə sentyabrın 21-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Xəzər
rayonunun Şüvəlan qəsəbəsində yerləşən
"Şimal" elektrik stansiyasının 409 meqavat
gücündə ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma
mərasimində iştirakı bunun bariz ifadəsidir. Xatırladaq ki, buxar-qaz qurğusunun inşası
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dövlət
zəmanətli krediti hesabına həyata keçiriləcəkdir.
2010-cu ilin avqust-noyabr aylarında keçirilən beynəlxalq
tenderin nəticələri əsasında Yaponiyanın
"Toyo Engineering Corporation" və Azərbaycanın
"Azenco" Açıq Səhmdar Cəmiyyəti konsorsiumu
ilə "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti
arasında müqavilə imzalanmışdır. Layihənin əsas
əhəmiyyəti ondan ibarətdir ki, buxar-qaz qurğusunun
faydalı iş əmsalı 56,1 faiz, 1
kilovat-saat elektrik enerjisinin istehsalına sərf olunan şərti
yanacağın miqdarı 220 qram təşkil edəcəkdir.
Layihəyə əsasən inşa olunacaq qurğu ildə 3,2 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcəkdir.
Prezident
İlham Əliyev qobustanlılarla görüşü
zamanı da ölkəmizdə enerji təhlükəsizliyinin
təmini ilə bağlı demişdir: -Bu gün Qobustanda
çox gözəl və tarixi hadisə baş verir. Mənə verilən məlumata görə, Azərbaycanda,
dünyada ilk dəfə olaraq hibrid tipli müasir günəş
və külək elektrik stansiyasının
açılışını qeyd edirik. Bu, həm Qobustan, həm də ölkəmiz
üçün çox gözəl hadisədir. Çünki bu, müasirlikdir, yenilikdir, yeni
texnologiyalardır. Biz həm bu
texnologiyaları hazırda xaricdən alırıq, eyni zamanda,
Azərbaycanda indi tikilməkdə olan günəş
batareyaları zavodu da yaxın zamanlarda işə
başlayacaqdır. Beləliklə, biz
birinci mərhələdə Qobustan şəhərini tam
şəkildə alternativ, yəni bərpa olunan enerji ilə
təmin etməliyik. Əgər bu layihə uğurlu
olarsa, - mən şəxsən buna şübhə etmirəm,- ondan sonra biz bu gözəl təcrübəni
başqa şəhərlərdə və rayonlarda tətbiq
edə biləcəyik. Buraya böyük
investisiyalar qoyulubdur. Həm günəş
batareyaları quraşdırılıb, həm də külək
elektrik stansiyasının fəaliyyəti üçün
lazımi avadanlıq gətirilibdir. Eyni
zamanda, burada tədris işləri də yüksək səviyyədə
təşkil ediləcək, təcrübə mübadiləsi
aparılacaqdır. Bir sözlə,
Qobustan, hesab edirəm ki, alternativ və bərpa olunan enerjinin
istehsalı üçün nəinki Azərbaycanda,
bütün bölgədə öz sözünü deyəcəkdir.
Qobustan rayonunun imkanları, demək olar ki,
böyük dərəcədə artacaqdır. Eyni zamanda, hər bir vətəndaş
üçün ucuz enerjidən istifadə etmək onun ailə
büdcəsinə də böyük dəstək
olacaqdır. Çünki bu, həm ucuz, həm
bərpa olunan enerjidir. Ümid edirəm ki,
yaxın zamanlarda vətəndaşlar da bu stansiyanın səmərəsini
və ümumiyyətlə, bu yeniliyin imkanlarını
lazımınca qiymətləndirəcəklər.
Azərbaycan
Prezidenti İlham Əliyev Qobustan rayonuna səfəri çərçivəsində
"Kafur-pas" MMC-nin tinglik mərkəzi ilə də tanış olmuşdur. Dövlətimizin
başçısına məlumat verilmişdir ki, adətən,
Azərbaycanın müxtəlif ərazilərində əkilən
ağac və bəzək kolları xarici ölkələrdən
idxal olunur. Qobustanda yaradılan tinglik mərkəzi
isə bu məsələnin daha sərfəli yolla həllinə
şərait yaradır. Ağac, kol bitkilərinin
reabilitasiyasının təşkili və dekorativ bitkilərin
becərilməsi üçün seçilən bu ərazi
bütün lazımi şəraitlə təmin edilmişdir.
Tinglik mərkəzinə üç kilometr məsafədən
su xətti çəkilmişdir. Suvarma
sistemi avtomatlaşdırılmışdır. Mərkəzdə su deposu
yaradılmışdır. Açıq su
deposunun üzərində dördmərtəbəli hotel
tikilir. Ərazidə inzibati bina ilə
yanaşı, istirahət guşələri, üç
meydança, müxtəlif attraksion qurğuları
yaradılmışdır. Buradakı iki
süni göldə balıq saxlanılır. Zövqlə əkilmiş gözoxşayan ağac və
gül kolları burada istirahət edənlərdə xoş təəssürat
yaradır. Hazırda mərkəzin ərazisində
70 adda 20 mindən çox ağac və bəzək kolu əkilmişdir.
Təsərrüfatda qeyd olunmuşdur ki, gələcəkdə
burada botanika, zoologiya və idman dərnəklərinin təşkili
də nəzərdə tutulmuşdur. 53 nəfərin
çalışdığı tinglik mərkəzində
Qırğızıstandan gətirilən dəvə yunundan
qırğız yurtları da qurulmuşdur. Mərkəzə gələn şəxslər
burada da istirahət edə bilərlər.
Xatırladaq ki, regionlarda idmanın inkişafı da diqqət
mərkəzində saxlanılır. Bu, Şamaxı
rayonunda da belədir. Prezident İlham Əliyev
Şamaxıya səfəri çərçivəsində
Olimpiya İdman Kompleksində aparılan yenidənqurma işləri
ilə tanış olmuşdur.
Bildirilmişdir ki, burada yenidənqurma işlərinə
ötən il başlanmışdır.
Layihəyə əsasən 2,5 min
kvadratmetr sahəsi olan əsas binanın və digər
yardımçı binaların fasadı müasir
örtüklə və xüsusi dizayna malik şüşələrlə
üzlənir. Kompleksin bütün elektrik,
işıqlandırma, havalandırma, su təchizatı və
kanalizasiya sistemləri yenilənir. Kompleksin
böyük idman zalında da yenidənqurma işləri
aparılır, burada idmanın bütün növləri
üzrə yarışların keçirilməsi
üçün hər cür şərait
yaradılacaqdır. Üzgüçülük
hovuzunun tavanı iki metrədək
qaldırılmışdır. Dam
örtüyünün metal konstruksiyaları dəyişdirilmişdir.
Hovuz yeni müasir avadanlıqla təchiz edilir.
Hazırda hovuzda havalandırma və sutəmizləyici
qurğular quraşdırılır.
Azərbaycanda turizmin inkişafı da diqqət mərkəzində
saxlanılır. İndi elə bir bölgə yoxdur ki,
orada turizm infrastrukturu yaradılmasın. Şamaxı
rayonunda da turizmin genişləndirilməsinə mühüm əhəmiyyət
verilir. Prezident İlham Əliyevin
Şamaxıya səfəri çərçivəsində də
bu, bir daha özünü göstərmişdir. Burada
dövlət başçısı "Şirvan"
mehmanxanasında aparılan yenidənqurma işlərinin
gedişi ilə tanış olmuşdur. Diqqətə çatdırılmışdır
ki, bina 1974-cü ildə inşa edilmiş, ötən ilə
qədər istifadədə olmuşdur. Binanın
istifadəyə yararsız olması nəzərə
alınaraq 2010-cu ilin fevralından mehmanxanada təmir işlərinə
başlanmışdır. Onmərtəbəli,
36 nömrəsi olan mehmanxananın sahəsi 6 min kvadratmetrdir.
Hazırda binanın interyerində son tamamlama
işləri görülür. Burada yenidənqurma
işlərini bu ilin dekabrında başa çatdırmaq nəzərdə
tutulmuşdur. Xatırladılmışdır
ki, mehmanxana kompleksi böyük turizm potensialı olan
Şamaxıda qonaqların qəbul edilməsində
mühüm rol oynayacaqdır. Bundan əlavə,
rayona dincəlməyə gələnlərin rahat şəraitlə
təmin olunmasına geniş imkanlar açacaqdır.
Ölkədə
bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar
olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən
də regionların inkişafına yönəldilməsi, əlverişli
sahibkarlıq və biznes mühitinin formalaşdırılması,
işsizlik probleminin həlli, əhalinin maddi rifah
halının yaxşılaşdırılması məsələləri
bu gün Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin
prioritet istiqamətləri kimi diqqəti cəlb edir. İdarəetmə
sisteminə dinamizm və müasirlik çalarları gətirən
dövlət başçısı İlham Əliyev hər
yeni il üçün hökumətin həyata
keçirməli olduğu tədbirlərin əhatə dairəsini
və vaxtını dəqiq müəyyənləşdirməklə
onların icra prosesini şəxsi nəzarətdə
saxlayır, habelə ölkənin strateji resurslarını
milli inkişafa təkan verən qlobal layihələrin
reallaşdırılması yönündə səfərbər
edir. Bu baxımdan son illərdə qeyri-neft
sektorunun inkişafı naminə həyata keçirilən tədbirlər
öz müsbət nəticələrini vermişdir.
Vaqif Bayramov
Xalq qəzeti.- 2011.- 23 sentyabr.- S.
1.