Basqal

 

Qədim yurd yerlərimiz

Mənbələr nə deyir...

 

Bəşər sivilizasiyasının ilkin ocaqlarından olan Azərbaycan zaman-zaman dünya mədəniyyəti xəzinəsinə çox töhfələr verib. Yaşı minillərlə ölçülən şəhər və yaşayış məntəqələri, xalq ustalarının böyük sənətkarlıqla inşa etdikləri tarixi abidələr, yaşayış evləri, müxtəlif təyinatlı dini-ictimai binalar və s. şərəfli keçmişimizin yadigarları, qürur və iftixar mənbəyimizdir. Bu sıraya mənəvi mədəniyyət yadigarlarını - ulu dastanlarımızı, nağıllarımızı, rəvayətlərimizi, bal kimi süzülən bayatı və nəğmələrimizi, elm-ədəbiyyat, şeir-sənət, təbabət və s. sahələr üzrə təqdim etdiyimiz mədəniyyət nümunələrini də əlavə etsək, böyük bir siyahı alınar.

Əsrlərin, qərinələrin tükürpədici hadisələrinə, xoş və kədərli günlərinə, qanlı savaş və qovğalarına şahidlik edərək günümüzə qədər yaşayan Basqal qəsəbəsi də həmin nümunələrdən hesab edilə bilər.

Mənbələr Basqalın tarixini eramızın əvvəllərinə aparıb çıxarır. Kəlağayı ustalarının məşhur məskəni olan bu qədim diyar İsmayıllı rayonunun ərazisində - Baş Qafqaz dağlarının cənubundakı Niyaldağ silsiləsinin ətəyində qərarlaşıb. Çiyin-çiyinə dayanmış və hündürlüyü 2100 metrə çatan dağlar bu yerlərin əzəmətinin, qüdrətinin rəmzidir.

Ərazi mənbəyini dağların zirvəsindən götürən Göyçay, Girdman və Ağsu çaylarının qolları ilə çox parçalanıb. Ərazidə meşə və dağ-çəmən landşaftı daha geniş yayılıb. Nəcib maral, sürətli dağ keçiləri, ürkək cüyür sürüləri, köngər, çöldonuzu və s., quşlardan ular, kəklik, qırqovul və s. bu dağların yaraşığı, bəzəyidir.

Basqal kəndindən üzüyuxarı qalxdıqca hava sərinləşir. Düzənlik və dağətəyi hissədə iqlim mülayim, isti və quru, yüksək dağlıq ərazilərdə isə soyuqdur. Dağ aşırımları, dərələr və döngələr boyu qıvrıla-qıvrıla cığırlar, çay daşlarından salınmış yollar adamı heyrətə gətirir. Bir neçə yerdən sıldırım qayalar arasından süzülən şəffaf bulaq sularının səsi könülləri oxşayır. Elə bu əsrarəngiz gözəlliklərinə görə də Basqal əsrlər boyu Şirvan şahlarının gəzinti və istirahət yeri olub.

1932-1933-cü illərdə İsmayıllının mərkəzi olmuş Basqal kəndində təqribən 2000-ə qədər əhali yaşayır.

 

"Basqal" toponiminin işığında

 

Azərbaycan tarixşünaslığında "Basqal" toponimi haqqında müxtəlif fikirlər mövcuddur. Akademik Z.Bünyadovun fikrincə "Basqal" qədim türk sözü olub, "bas" və "qala" sözlərinin birləşməsindən əmələ gəlib, "qala bas", "qala ucalt", "baş qala" və s. mənalarını ifadə edir.

Bəzi araşdırıcılar isə "Basqal" toponiminin "Pəsqala" (yəni, "gizli qala") sözündən əmələ gəldiyini yazır. Toponimin türk dilindəki "basqı" (mənbə və ya bulaq mənasında) və "yal" (yəni, "dağ yalı") sözündən ibarət olmaqla "yaldakı bulaq" və ya "bulaq olan yal" mənalarını ifadə etdyini söyləyənlər də var. Yeri gəlmişkən, bu yozum Basqalın təbii-coğrafi şəraitinə daha çox uyğun gəlir.

Bundan əlavə, "Basqal" toponimini "dağ yolu" kimiizah edən və türk dillərindəki "baskı" (mənbə) və "yal" komponentlərinin birləşməsindən əmələ gəlməsi haqda fikirlər də mövcuddur. Yeri gəlmişkən, Azərbaycan dilinin dialektlərində "basalax", "basmax", "basna" kimi sözlər "nəsil", "tayfa", "çeşid", "növ" mənalarında işlənməklə, "qal" /kal, /xal/ tərkibləri ilə "kalın" sözünün kökü kimi dilimizdə qədimdən "sıx", "yığış", "cəmləşmiş" "kütlə" mənalarını ifadə edir. Həqiqətən də basqallılar tarixən bu ərazidə uzun illər kompakt şəkildə yaşayaraq, bir növ öz kiçik cəmiyyətlərini yaratmışlar.

Tarix elmləri doktoru Qafar Cəbiyev "Basqal" toponimini açarkən onun qədim türk mənşəli "Moğal", "Baykal", "Ural", "Abdal", "Niyal" sözlərilə zahiri oxşarlıqlarını da nəzərə almağı tövsiyə edir. Bu fikir müxtəlifliyi fonunda və deyilənlərə rəğmən bizdüşünürük ki, istənilən halda sözügedən adın daha ciddi tarixi-etnoqrafik tədqiqata ehtiyacı var.

 

Hər saxsı parçası, hər məzar daşı, Nəsildən-nəsilə bir yadigardır

 

Hazırda Basqalda I-IX əsrlərə aid "Qalalar" yaşayış yeri, IX-XII əsrlərə aid Niyal qalası, X-XI əsrlərə aid "Qalalar" istehkamı, Şeyx Məhəmməd (XVI əsr) və Hacı Bədəl (XIX əsr) məscidləri, XVII əsrə aid hamam, Qalalar məhəlləsi (XIV əsr), qədim qəbiristanlıq (XVII əsr), Kürəbənd su (XVIII əsr) və Kürəbənd kanalizasiya (XIII-XIV əsrlər) şəbəkələri, Bədəl bulağı (XIV əsr), Qoşabulaq (XVI əsr), Xarabiyan bulağı (XVII əsr), Hacı Cəbi (və ya Çələbi) bulağı (XVIII əsr), Micqohun bulağı (XIX əsr), Dambulu bulağı (XIX əsr), Pahpahqı bulağı (XVIII əsr), Hüseyn bulağı (XIX əsr), Bədo bulağı (XIX əsr), Hacıbağır mülkü (XVIII əsr), Məşədi Məhəmmədin karxanası (XIX əsr), Muğbatın (XIX əsr), Baba dayının (XIX əsr), Bal Əfəndinin (XIX əsr), Hacı Məmmədtağının (XIX əsr) və Bəşir kişinin mülkləri kimi memarlıq abidələri var. Bundan başqa, Basqal qoruğunun ərazisində 300-dən artıq yaşı olan çinar ağacı, Basqal qəsəbəsini iki hissəyə ayıran və ətrafındakı dərədən axan Basqal çayı, Əmrəki təpəliyindən açılan füsunkar mənzərə, dağətəyi meşə massivis. landşaft abidələri də böyük diqqət və maraq kəsb edir. Onların bir çoxu tanınmış şəxsiyyətlərlə, bətnində çoxlu sayda sirləri və hadisələri gizlədən müxtəlif əfsanə və rəvayətlərlə bağlıdır.

Basqalın "Dəmirçibazar", "Kələküçə", "Qəlibgah", "Qalabaşı", "Dərəməhəllə" və s. məhəllələri də bu kəndin zəngin tarixinin maraqlı səhifələrini təşkil edir. Hər birinin içində böyük və incə mənalar uyuyan həmin adlar və mikrotoponimlər bu gün tədqiqatçıların yolunu gözləyir.

Yuxarıda adını çəkdiyimiz və budaqları səmanın bağrını dələn qocaman çinarın kölgəsinə sığınan Basqalın qocaman sakinləri - 85 yaşlı Ağayev Paşa Hacıbala oğlu, 84 yaşlı Abbasov Üzeyir Xeyrulla oğlu və 80 yaşlı Əliyev Sabir Dadaş oğlu söhbət əsnasında bildirdilər ki, vaxtilə burada XI, XII və XIV əsrlərə aid məscidlər də olub. Həmin məscidlər çox da uzaq olmayan keçmişdə- sovet dövründə dağıdılaraq məhv edilmişdir.

Basqalın cənub tərəfində yerləşən "Qalalar" adlanan ərazi isə Basqalın təqribən 1800-2000 il əvvəl şəhər tipli yaşayış yeri - istehkam olduğu barədə müəyyən fikirlər söyləməyə imkan verir.

 

Evləri var xana-xana...

 

Bu da haqqında danışdığımız Basqal evləri. Ərazidə yararlı torpaq sahələrinin azlığı tarixən evlərin sıx şəkildə tikilməsinə rəvac verib. Vahid plan əsasında tikilməsə də, Orta əsr Şərq məhəllələrini xatırladan və pillə-pillə ucalan bu evlər boz çay daşlarından elə incəliklə və zövqlə qurulub ki, sanki tikilməyib, hörülüb, toxunub. Sal daş döşənmiş döngələr kəndin mərkəzində qovuşur. Dəhşətli zəlzələlər, qanlı davalar nəticəsində diyarın müxtəlif kompazisiyalı tikililərinin bir hissəsi uçulub-dağılsa da, bir hissəsi bu günyaşamaqda davam edir. Onlardan biri də dağların ətəyində yerləşən və XVII əsrə aid məsciddir ki, xeyli uzaqdan açıq-aydın görünür. Lakin tacları, naxışları ilə göz oxşayan bu məscidin, təəssüflər olsun ki, indi keçmiş şöhrətinin yalnız quru əks-sədası qalıb. Abidə baxımsızlıq üzündən bərbad hala düşüb. İldən-ilə divarları, günbəzləri uçan bu memarlıq incisi, tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir.

Ümumiyyətlə, məxəzlərdən oxuduqlarımız və Basqalda canlı olaraq gördüklərimiz vaxtilə buranın şəhər, yaxud da şəhər tipli yaşayış məskəni olduğundan xəbər verir. Elə XIX əsr müəllifi V.Lebedov-Konstroietes "Qafqaz" qəzetinin 1882-ci il, 310-cu sayında dərc olunmuş qeydlərində Basqalı məhz şəhər kimi təqdim edir: "...Basqal şəhərinə qəza mərkəzi Şamaxıdan Rusiya atlarından kiçik, lakin zərif və iti yerişli kəhər atla gəldik. ...Basqal şəhərinə axşam vaxtı yetişdik...".

Xatırladaq ki, Basqalda indiqüsursuz işləyən kürəbənd - kanalizasiya sistemi, məscid, karvansarahamam qurğuları da onun qədim və abad şəhərlərimizdən biri olduğunu deməyə tam əsas verir.

 

Qədim ipəkçilik diyarı

 

Qeyd olunduğu kimi, müasir Basqal iki hissədən ibarətdir. "O tay" adlanan hissə təxminən keçən əsrin 30-40-cı illərində salınıb. Orada bir neçə ipək emalı sexi olub. Çayın sol sahili isə qədim Basqaldır. Qədim Basqalın baş küçəsi bazar meydanından başlayaraq çay qırağı ilə Kələfrəc yolunadək uzanır. Bu küçə sakinlərinin əksəriyyəti toxucu və boyaqçı olub. Yəni, buranın əhalisi çox qədimlərdən toxuculuqla, ən çox da ipək toxuculuğu ilə məşğul olub. Bu fakt çoxsaylı mənbələr və səyahətçilərin məlumatları ilə də təsdiqlənir. Məsələn, 1293-cü ildə İranda və Azərbaycanda olmuş venesiyalı səyyah M.Polo Şirvan vilayətindən bəhs edərkən yazıb: "...Burada şəhər və qalalar olduqca çoxdur, çoxlu ipək vardır. İpək və zərxara parçaları toxunur; belə gözəl parçaları dünyanın heç yerində görməzsən". Burada, əslində, söhbətin Basqaldan getdiyi heç bir şübhə doğurmur. Görkəmli Azərbaycan tarixçisi S.Aşurbəyli yazır ki, hələ XII-XIII əsrlərdə Şirvan şəhərləri, xüsusilə Şamaxı özünün ipək məmulatı, ətraf kəndlərdə yetişdirilən ipəyi ilə şöhrət qazanmışdı. Burada istehsal olunan ipək məmulatı Qafqazın başqa şəhərlərinə, habelə Şərq ölkələrinə aparılırdı. XVIII əsrdə isə Şirvan ipəyi İtaliyaFransaya ixrac olunmağa başlayıb. Bu isə o deməkdir ki, Basqal elə o vaxtlardan Azərbaycanın çox mühüm ipək istehsalı mərkəzi kimi tanınıb. Şamaxının ipək parça istehsalında Basqalın mühüm yer tutması, həmçinin zaman-zaman bu sahənin tərəqqisi və tənəzzülü barədə görkəmli tarixçi V.N.Leviatov, N.A.Abelov, Fituni və başqaları da məlumat veriblər. Tarixçi-etnoqraf Arif Mustafayevin yazdığına görə, Basqal sənətkarları ipəyi əsasən Şəki, Qaraməryəm, Bığır, Vəndam, Qəbələ, İsmayıllı, Ordubad, Kutaisi və Səmərqənddən alırdılar. Bu da öz növbəsində Basqal ipəkçilərinin Azərbaycanın, o cümlədən dünyanın müxtəlif şəhərləri ilə geniş iqtisadi və ticarət əlaqələrindən xəbər verir.

Tarixin kəşməkeşli illərini öz nurlu simalarında yaşadan uzunömürlü basqallılar bildirdilər ki, keçmişdə ipəkçilikdə istifadə olunan rəngləri yabanı dağ otlarından, çiçəklərdən və s. alırdılar. Tut ağacının payızda tökülən yarpaqlarından, qantəpərdən, nazgülündən, boyaqkökündən, palıd, qoz, nar, badam və qarağacın yarpaq və qabığından, sumaxdan, sarağandans. müxtəlif və keyfiyyətli boyalar əldə edirdilər. Bu boyalar daha şux olub, rəngini və parıltısını uzun illər itirmirdi.

Basqal ustalarının bədii təfəkkür məhsulu olan nəfis kəlağayılara hələ uzaq keçmişdə ayrı-ayrı ölkələrdə böyük maraq olub. Bunun da başlıca səbəbi Basqal kələğayılarının özünəməxsus orijinal kompazisiyası, rəmzi mənası, bəzək elementləri, eyni zamanda rəng koloriti olub.

XIX yüzilliyn ortalarından başlayaraq Rusiya və Qərbi Avropa ölkələrində keçirilən beynəlxalq sərgilərdə Azərbaycan özünün çoxçeşidli sənətkarlıq məmulatı ilə çıxış etməyə başlayıb. Bu sərgilərdə Basqal ustalarından Əliabbas Cəbrayıl oğlu, Məşədi Həbibulla Hacı Abbas oğlu, Hacıbağır Mirzə oğlu, Hacıələkbər Hacıseyid oğlub. yüksək mükafatlara layiq görülüblər. 1862-ci ildə Londonda keçirilən ümumdünya sərgisində isə basqallı toxucu Nəsir Əbdüləziz oğlu kəlağayı və qanovuz parçaya görə sərginin medalı və xüsusi diplomu ilə təltif olunub.

Bu insanların adları indi də xatırlanır. Basqalda fəaliyyətdə olan yeganə kəlağayı sexinin nəzdində yaradılmış muzeyin şərəf lövhəsində bu insanların da şəkilləri layiqli yerini tutub. Turistlər və xarici qonaqlar bu muzeyə böyük maraq göstərirlər. "Heyratı" (və ya Heratı), "Bəstənigar", "Gəlinlik", "Qızılı", "Mixəyi" və s. kəlağayıları isə bu müzeyin ən qiymətli eksponatlarıdır. Deyirlər ki, vaxtilə "Heyratı" kəlağayısı elə şöhrət qazanıbmış ki, bütün RusiyaAvropa ölkələrinə səs salıbmış.

Kələğayılardakı incə rənglər düzümünü və ilmələrin sirrini bizə 50 yaşlı usta Abbasəli Talıbov izah edirdi. O, nəsildən-nəsilə keçən bu sənətin incəliklərindən həvəslə söhbət açır, hazırladığı kəlağayı nümunələrinin naxışlarını az qala həzin bir bayatı kimi söyləyir: bu da səkkiz qanadlı ulduz - qızıl gül-çiçək, onların arasında - tən ortada xonçadır, gəlin köçən qızlara şirni aparılan xonça...

...Bu sənət bizdə nəsillikcədir. Mən atam Əlişahdan, o öz atası Talıbdan, o da ulu babam Nağıdan öyrənib. Milli Azərbaycan Tarixi Muzeyində onların da toxuduqları kəlağayılar nümayiş olunur... Abbasəli Talıbov kəlağayı növləri ilə bağlı sualımıza cavab verərkən onlarca kəlağayının adını çəkdi: "Yeddi rəng" (ispirəy), "Heyratı", "Bəstənigar", "Gəlinlik" (qıraqları yaşıl, ortası qırmızı), "Noxudu", "Mixəyi", "Yaşıl-qara", "Yemişani", "Zeytuni", "Ağzəmin-zanbağı", "Ağzəmin-qızılı", "Qızılı" və s. Müxtəlif zoomorf, həndəsi və nəbati naxışlarla zəngin olan bu kəlağayıların hər birinin adının fəlsəfəsi, təyinatı, xalq məişətində özünəməxsus yeri olub

Həqiqətən də belədir. Kəlağayı milli baş örtüyü kimi hələ orta əsrlərdən bəri qadınlarımızın geyim dəstini tamamlayıb. El şənliklərində nişanlı oğlan evindən qız evinə göndərilən bayram xonçaları arasında içinə ipək parça, "Gəlinlik" adlanan güllü-butalı kələğayılar da olardı. Sarı, qırmızı, yaşıl, parçalardan allı-güllü paltar geyinmiş, başlarına bər-bəzəkli kələğayı örtmüş qız-gəlinlər, ahıl və ağbirçəklər meydana girib milli musiqinin ahənginə uyğun rəqs edərdilər. Təsadüfi deyil ki, əsrlər boyu kələğayı gözəl örtük və yaraşıqlı geyim növü kimi bir çox aşıqların yaradıcılığında da mühüm yer tutub. Məsələn, Aşıq Abbas Tufarqanlı demişdir:

 

Başına örtüb kəlağayı gəzər,

Əyri tel üstündən ipək düymələr.

Belinə yaraşıb qızıl düymələr,

Çəpgənli, çarqatlı bədən, gəzər.

 

Məlumatçımızın sözlərinə görə, gündə 25-30 kəlağayı istehsal etmək mümkündür. Keçmişdə eni-uzunu 2 metr olan ipək kəlağayılar da toxunub ki, onlardan həm də yorğanüzü kimi istifadə olunub.

Qeyd etdimiz kimi, Basqalın kələğayı ustaları tarixən Avropanın və Şərqin bir çox ölkələri ilə ticarət əlaqələri saxlayıblar. Bu barədə bizə maraqlı bir əhvalat da danışdılar: Bir basqallı Hindistana vağam (sarağan - boyaq bitkisi) gətirməyə gedir. Görür ki, yerli əhali vağamdan tonqal qalayıb, ətrafında mərasim icra edirlər. Basqallı onlara: Bunu niyə yandırırsınız, bu ki çox qiymətli bitkidir, - deyərək odu söndürməyə çalışıb. Yerli camaat isə sitayiş etdikləri odu təhqir etdiyinə görə basqallını möhkəmcə döyüblər. Məsələni aydınlaşdırandan sonra isə onunla dostlaşıb lazım olan yardımı göstəriblər.

Qonağı olduğumuz kəlağayı sexində - mizin üzərində müxtəlif formalı, neçə-neçə incə naxışlardan xəbər verən qəliblər düzülüb. Onların arasında buta şəkilli, müxtəlif həndəsi və nəbati naxışlar üçün nəzərdə tutulan qəliblər də diqqəti cəlb edir. Həmsöhbətim bildirdi ki, möhkəm olduğuna görə qəlibləri, adətən, meşə armudu ağacının oduncağından hazırlayırlar.

Budur, usta Abbasəli söhbət edə-edə yeni bir kəlağayının naxışlanması prosesinə başlayır. Bizimlə bərabər olan italiyalı qonaqlar - professor LuiciOrlatibu mənzərəni heyranlıqla seyr edirlər. Qəliblər bir-birini əvəz etdikcə ipək parça gözümüzün qarşısında nəfis, nağıllar aləmini xatırladan bir sənət əsərinə çevrilir...

Heyrətini saxlaya bilməyən professor Luici Abbasəlinin yanında əyləşərək naxışlama prosesində iştirak edir. Sonda isə o, yaxın günlərdə toyu gözlənilən qızı üçün hədiyyə olaraq kəlağayı sifariş edir. Üzərində isə öz əllərilə "Azərbaycan, Basqal" sözlərini yazır. "Bu, qızımın toyuna ən gözəl hədiyyə olacaq", - deyir.

Sovet hakimiyyəti illərində Basqalda 4 kəlağayı sexi fəaliyyət göstərib. İndi isə onlardan yalnız biri işləyir. Başqa bir kələğayı ustası - Nizaminin sözlərinə görə, dayanmış kələğayı sexlərini müasir avadınlıqlarla təchiz edib, cüzi xərclə işə salmaq mümkündür. ÖzüBasqalda bu sənəti yeni nəslə öyrədə biləcək Qadir Səfiyev kimi təcrübəli ustalar da var.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Basqalda elm və təhsil də qədim tarixə malikdir. 25 avqust 1887-ci ildə burada müəllim kadrları hazırlayan məktəb açılıb. Bu gün də fəaliyyət göstərən Basqal məktəbinin isə düz 110 yaşı var. Həmin məktəbin əsası XIX əsrin sonlarında tanınmış maarifçi Məmmədəli Nəsibzadə tərəfindən qoyulub.

Basqal elinin öz xalq mahnıları, rəqsləri də olubonlar Azərbaycanın digər bölgələrində də geniş yayılıb. Həmin rəqslərdən biri "Basqalı" adlanır. "Basqalı" rəqsi ritmik, vüqarlı hərəkətlər düzümündə gedir. Bu hava üzərində, adətən, gözəlləmə və ya xoş əhvalı təcəssüm etdirən qoşmalar da oxunur.

 

Epiloq əvəzi

 

Basqal Azərbaycan SSR Nazirlər Sovetinin 28 iyul 1989-cu il tarixli 316 saylı qərarı ilə Dövlət Tarix və Mədəniyyət Qoruğu elan olunub. Lakin uzun illər ərzində bu qərarın yerinə yetirilməsi istiqamətində heç bir görülməyib. Təkcə onu demək kifayətdir ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarında Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin siyahısına Basqaldan cəmi iki obyekt (XVI əsrə aid məscid və hamam) daxil edilib.

Nə yaxşı ki, 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-2014-cü illərdə "Basqal" Dövlət Tarixi-Mədəniyyət Qoruğunun inkişafı üzrə xüsusi Dövlət Proqramını təsdiqləyib. Həmin proqramda Basqal qəsəbəsinin geniş mədəni irsturizm potensialının müasir dövrün tələbatına müvafiq və beynəlxalq standartlara uyğun formada üzə çıxarılması nəzərdə tutulur. Bu məqsədlə Basqal tarix və mədəniyyət abidələri üzərində konservasiya, bərpa, rekonustruksiya işlərinin aparılması, muzeykitabxana-informasiya fəaliyyətinin gücləndirilməsi, qeyri-maddi mədəni irsin (adət-ənənə, folklor, xalq dekorativ-tətbiqi və təsviri sənəti) qorunması və təbliği, turizm xidməti infrastrukturunun inkişafı və turizm məhsulunun yaradılması, turizm marketinqinin aparılması və bu məqsədlə hüquqi-normativ, idarəçilik, maliyyələşdirmə, elmi-metodiki, insan resursları, ortakiçik sahibkarlıq vərdişlərinin aşılanması, qoruğun infrastruktur və beynəlxalq əməkdaşlıq kimi təminat mexanizmlərinin təkmilləşdirilməsi kimi vacib işləri gündəmə gətirib.

Arxeolojietnoqrafik tədqiqatları da nəzərdə tutan bu iri miqyaslı proqramın icrasına yaxın zamanlarda başlanılacağı gözlənilir.

 

 

Tofiq BABAYEV,

 

Tahir ŞAHBAZOV,

AMEA Arxeologiya və Etnoqrafiya

İnstitutun əməkdaşları, tarix üzrə

fəlsəfə doktorları

 

Xalq qəzeti.- 2011.- 25 sentyabr.- S. 8.