"Bəs Qarabağ?!" layihəsinin təqdimatı oldu

 

Qloballaşmanın, bəşəri dəyərlərin təbliğ edildiyi dövrdə münaqişə ocaqlarının həll edilməsi vacibdir və bu baxımdan gənclərimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırmaqla öhdəsinə düşən vəzifəni uğurla yerinə yetirir. Bu fikirlər Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) təşkil etdiyi "Bəs Qarabağ?!" yazı müsabiqəsinin bağlanış mərasimində səsləndirilib. 

 

"Facebazar" şirkətinin dəstəyi ilə baş tutan layihə çərçivəsində nəşr olunmuş məqalələrdən ibarət "Bəs Qarabağ?!" jurnalı tədbirdə təqdim olunub. Tədbiri giriş sözü ilə açan təşkilat sədri Gülsel Səfərova bildirib ki, altı aydan çox davam edən layihə çərçivəsində nüfuzlu təhsil ocaqlarında 10-dan artıq təqdimat keçirilib və "Bəs Qarabağ?!" adlı yazı müsabiqəsinə gənclərin marağı gözlənildiyindən də çox olub. "Biz bu müsabiqəni ona görə təşkil etdik ki, bu münaqişə və yaranmış beynəlxalq vəziyyət barədə həvəskar yazarların münasibətini də öyrənək və işıqlandıraq. Finalçıların sadə dillə yazdıqları məqalələri bir jurnalda topladıq və nəşri rus və ingilis dillərində də çap etməyi planlaşdırırıq" - deyə G.Səfərova əlavə etdi.

Tədbirdə çıxış edən Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili (ARGTMŞ) Fuad Muradov qeyd etdi ki, Azərbaycanı narahat edən ən vacib məsələ kimi ərazi bütövlüyü uzun müddətdir müzakirə edilməsinə baxmayaraq, hələ də beynəlxalq ictimaiyyətdə birmənalı münasibət yoxdur. O, münaqişənin həlli ilə bağlı məsələyə beynəlxalq hüquq çərçivəsində yanaşılmasının vacibliyinə toxundu. İndiyə kimi parlamentin bu sahədə bir sıra addımlar atmasını, bir sıra dövlət və beynəxalq təşkilatların bu istiqamətdə Azərbaycanın xeyrinə olan qətnamələr qəbul etmələrini uğur kimi qiymətləndirdi. O, həmçinin gənclərimizin münaqişə ilə bağlı məqalələrlə çıxış etmələrini və fəallıq göstərmələrini təqdirəlayiq hesab etdi.

"İrəli" İctimai Birliyininn sədri, millət vəkili Ceyhun Osmanlı AGAT-ın bu təşəbbüsünü yüksək qiymətləndirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, həqiqətləri və həlli yolları barədə tədbirlərin keçirilməsinin vacibliyini vurğuladı. "Qarabağın işğalda olması faktını unutmamaq lazımdır. Bu mövzuda hər cür tədbirlər keçirərək bu torpaqların bizim olduğunubir gün qaytarılacağını gənc nəslə aşılamaq lazımdır" - deyə millət vəkili əlavə etdi.

Prezident Administrasiyası, Gənclər və İdman Nazirliyinin və digər təşkilatların nümayəndələrinin də iştirak etdiyi tədbirdə finalçılar öz məqalələri ilə iştirakçıları tanış etdilər. Sonda qaliblər mükafatlandırıldı. Birinci yerə Səma İsalı, ikinci yerə Əli İsmayılov, üçüncü yerə Laləzar İsmayılova layiq görüldü.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2011.- 24 sentyabr.- S. 8.