Müstəqil Azərbaycan
təkcə xalqımız üçün
deyil, bütövlükdə region üçün xüsusi töhfələr verir
Biz...
20 ildir müstəqilik. Biz tariximizlə, mədəniyyətimizlə
qürur duyuruq. Bu gün müstəqil və azad xalq kimi
yaşamağımız ən böyük qürurverici
amildir. Azərbaycanın gələcəyi Azərbaycan
xalqının əlindədir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bu
gün beynəlxalq aləmdə özünəməxsus yeri
və mövqeyi olan, ictimai-siyasi, sosial-iqtisadi, elmi-texniki və
tarixi-mədəni baxımdan mühüm inkişaf yolu
keçmiş müstəqil Azərbaycan dövləti öz
tərəqqisinin yeni dövrünü yaşayır.
Respublikamız
dövlət müstəqilliyini bərpa etməsinin 20-ci
ildönümünü, sözün həqiqi mənasında,
möhtəşəm uğurlar fonunda qeyd edir. Hələ
yubiley ilinin əvvəlində - yanvar ayının 14-də
Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2011-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında yekun nitqi söyləyən Prezident İlham Əliyev
qeyd etmişdi ki, 1991-ci ildə keçmiş SSRİ-dəki
bütün müttəfiq respublikalar müstəqillik əldə
etmişdilər. Azərbaycan isə o zaman öz müstəqilliyini
bərpa etmişdi: "Çünki bizim müstəqilliyimizin
tarixi 1991-ci ildən deyil, 1918-ci ildən başlayır. Məhz
buna görə Azərbaycanda 28 May günü xüsusi təntənə
ilə qeyd olunur. Bizim üçün müstəqilliyimizin əsas
tarixi 28 May 1918-ci ildir. 1991-ci ildə Sovet İttifaqının
dağılması nəticəsində bütün başqa
respublikalarla bərabər Azərbaycan da müstəqilliyə
qovuşdu, daha doğrusu, dediyim kimi, müstəqilliyini bərpa
etdi. Bu yubileyi biz Azərbaycanda geniş qeyd etməliyik".
Dövlət
başçımızın hələ yeni ilin
başlanğıcında səsləndirdiyi bu
çağırış ölkə ictimaiyyəti tərəfindən
böyük maraq və diqqətlə
qarşılanmış, bu yubileyin daha möhtəşəm
şəkildə qeyd edilməsi üçün həm
ölkə daxilində, həm də xaricdə
reallaşdırılacaq çoxsaylı tədbirlər
planı tərtib olunmuşdu. Dövlət müstəqilliyimizin
bərpasının 20 illiyi münasibətiylə keçirilən
ilk böyük tədbirin müəllifi və təşəbbüskarı
bilavasitə ulu öndərin adını daşıyan fondun
olması da təsadüfi deyildir. Çünki bu yubileyi bizə
böyük xilaskar, ulu öndər Heydər Əliyevin siyasi
müdrikliyi və möhtəşəm dövlətçilik
təcrübəsi bəxş etmişdir. İlk tədbirə
gəlincə isə qeyd edək ki, bu il fevralın 17-də
Parisdə dövlət müstəqilliyimizin 20 illiyinə və
"Azərbaycan" kitabının təqdimatına həsr
olunmuş təntənəli mərasimdə Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
da iştirak etmiş və öz geniş
çıxışında bu yubileyin Azərbaycan
üçün olan əhəmiyyətindən söz
açmışdır.
Həmin
tədbirdən sentyabrın 23-də "Gülüstan"
sarayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin
İnkişafına Yardım Assosiasiyasının (AVCİYA)
təşkilatçılığı ilə
reallaşdırılan iki günlük beynəlxalq bayram tədbirinə
qədər onlarla yubiley mərasimi keçirilmişdir. Bu
silsilə davam edir. Politoloq və ekspertlərin fikrincə, hər
birimiz üçün əziz və qürurverici olan Azərbaycanın
dövlət müstəqilliyinin 20 illiyi tədbirlərinə
ölkə əhalisinin bu şəkildə qatılması və
hərənin öz töhfəsini verməsi tamamilə təbiidir.
Ancaq yubileyə ən böyük töhfə Prezident
İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət
və bu siyasətin göz qabağında olan nəticələridir.
Yubiley ilində elə bir həftə olmur ki, dövlət
başçısı ya paytaxtda, ya da regionlarda bir neçə
mühüm sosial obyektin açılışında
iştirak etməsin və ya hansısa mühüm qurğunun
təməlini qoymasın. Təkcə məktəblilərin
yay tətilində olduğu 3 ay müddətində Prezident
İlham Əliyev 28 orta məktəbə getmiş, təmir və
bərpa işlərinin vəziyyəti ilə şəxsən
tanış olmuşdu. Ekspertlərin fikrincə, dövlət
başçısının bu addımları Azərbaycanın
gələcəyi üçün narahatlıq keçirən
liderin məsuliyyəti kimi dəyərləndirilir.
Çünki bizim güclü təhsilimiz, müasir təhsil
müəssisələrimiz və intellektual səviyyəli gənclərimiz
olarsa - onda Azərbaycan öz dövlət müstəqilliyinin
30, 40-50 illik yubileylərini daha yüksək səviyyədə
qeyd edə bilər. Prezident İlham Əliyevin 20 illik yubiley ərəfəsində
reallaşdırdığı tədbirlər məhz həmin
məqsədə xidmət edir və bu tendensiya ümumxalq təqdiri
qazanır.
Azərbaycanda
Vətəndaş Cəmiyyətinin İnkişafına
Yardım Assosiasiyasının sentyabrın 23-də təşkil
etdiyi beynəlxalq bayram tədbirində dünyanın 58
ölkəsindən 300-dən artıq tanınmış
ictimai-siyasi xadim, o cümlədən Avropa Parlamenti, Avropa
Şurası Parlament Assambleyası, ATƏT, Avronest, Avropa
ölkələri parlamentlərinin deputatları, dövlət
xadimləri, Nobel mükafatı laureatları, ABŞ-ın
regional şirkətlərinin nümayəndələri,
keçmiş konqresmen və senatorlar, alim və biznesmenlər
iştirak edirdilər. Tədbirdə, AVCİYA-nın
prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov, Prezident
Administrasiyası ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov, Milli Məclis
sədrinin birinci müavini Ziyafət Əsgərov, Baş
nazirin müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov və
digər natiqlər çıxış edərək müstəqil
Azərbaycan dövlətinin son 20 ildə üzləşdiyi
problemlər, ölkənin sosial-iqtisadi inkişafının təmin
edilməsi üçün dövlətin həyata
keçirdiyi layihələr və dövlət müstəqilliyimizin
əbədiləşdirilməsi üçün
reallaşdırılan siyasi kursun nəticələri barədə
geniş məlumat verdilər. Avropanı və ümumiyyətlə,
bütün dünyanı təmsil edən tədbir
iştirakçılarının nəzərinə
çatdırıldı ki, bu gün beynəlxalq aləmdə
dövlətlərin siyasi kursunun göstəricisi kimi qiymətləndirilən
bir neçə xüsusi məqam vardır ki, onlardan birincisi
insan hüquqları, ikincisi isə azad mətbuat məsələsidir.
Son 20 ildə Azərbaycanda 3600-dən çox qeyri-hökumət
təşkilatı, onlarla siyasi partiya, 4500-ədək mətbu
orqan (50-dən çoxu informasiya agentliyidir) yaradılıb və
fəaliyyət göstərirsə, həmin rəqəmlər
bu dövlətin siyasi kursunun göstəricisi kimi qiymətləndirilə
bilər. Deməli, bu ölkədə həm əsas insan
hüquq və azadlıqlarının qorunması, həm də
azad mətbuatın fəaliyyəti yüksək səviyyədə
təmin olunub. Dövlət siyasətinin mühüm bir hissəsinin
insanların sosial-rifah halının daha da
yaxşılaşdırılmasına istiqamətləndirilməsi
isə artıq bütün dünyada yeni nümunə kimi qəbul
edilir. Xarici siyasətdə əldə etdiyimiz uğurlar Azərbaycanı
beynəlxalq ictimaiyyətin ən vacib subyektlərindən
birinə çevirib. Bu işdə Heydər Əliyev neft
strategiyasının əhəmiyyəti isə xüsusilə
qeyd olunmalıdır.
2003-cü
ilin oktyabrından sonra Azərbaycan təkcə regionda deyil,
ümumilikdə Avrasiya məkanında söz sahibinə
çevrilmişdir. Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində xüsusi rolu olan Azərbaycan
dövləti qitə miqyaslı bütün tədbirlərdə
ən çox arzuolunan qonaq kimi iştirak edir. Cənubi Qafqaz,
Xəzər dənizi hövzəsi və Mərkəzi Asiyada
reallaşdırılan istənilən iqtisadi layihədə
Azərbaycan söz sahibidir. Rəsmi Bakının
iştirakı olmadan heç bir layihə
reallaşdırılmır. Prezident İlham Əliyevin fikrincə,
bütün bunların təməlində ulu öndər Heydər
Əliyevin müdrikcəsinə işləyib
hazırladığı siyasi kurs dayanır.
Sentyabrın
23-də "Gülüstan" sarayında keçirilən
tədbirdə həmin məqamı xüsusilə
vurğulayan Azərbaycan Prezidenti demişdir: "Müstəqilliyimizin
tarixində 1993-cü il müstəsna əhəmiyyətə
malikdir. Qeyd etdiyim kimi o zaman, mürəkkəb durumda
xalqımız çox müdrik və tarixi bir seçim
etmiş, Heydər Əliyevi ölkənin Prezidenti
seçmişdir. Böyük nüfuza və şöhrətə
malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini
qoymuş, əvvəlcə vətəndaş müharibəsi
dayandırılmış, Ermənistanla atəşkəsin bərqərar
olması ilə bağlı saziş imzalanmışdır.
Bir sıra mühüm siyasi və iqtisadi islahatlara
başlanmışdır". Prezident İlham Əliyev
müstəqilliyin ilk illərində üzləşdiyimiz
problemləri yada salır, həmin problemlərin aradan
qaldırılması üçün ulu öndər Heydər
Əliyevin reallaşdırdığı titanik layihələri
xatırladır və nəticənin Azərbaycan
üçün əhəmiyyətini göstərən
indiki faktlara diqqət çəkir: "Azərbaycan
iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil
edir. Bu rəqəm bundan sonra da artacaqdır... Dünya
İqtisadi Forumunun rəyinə görə, Azərbaycan rəqabətlilik
baxımından dünyada 55-ci, MDB məkanında isə
birinci yerdə olan dövlətdir. Bu da həyata
keçirdiyimiz islahatların göstəricisidir". Dövlət
başçımızın fikrincə bu gün Azərbaycan
Avropa üçün inamlı və güclü tərəfdaş
ola bilər: "Bu gün Avropa strukturları, institutları
ilə Azərbaycanın əlaqələri məhz bu amil
üzərində qurulub və əminəm ki, bu, əlaqələrimizin
inkişafının möhkəm təməli
olacaqdır".
Bu isə
o deməkdir ki, Azərbaycanın dövlət müstəqilliyi
təkcə xalqımız və ölkəmiz
üçün deyil, bütövlükdə region və
dünyadakı dostlarımız üçün böyük
önəm kəsb edir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 25 sentyabr.- S.
7.