Yeni kitablar.

 

"Bir parça həyat"dan "Xilaskar"a qədər yaşanan ömrün elmi qiyməti

 

Ədəbiyyat tarixində xüsusi iz qoymuş görkəmli yazıçıların həyat və yaradıcılığının nəzəri səviyyədə, sistemli elmi tədqiqi aktuallıq kəsb etməklə yanaşı həm də yüksək dəyər daşıyır. Filologiya elmləri doktoru, professor Tofiq Hüseynovun elmi redaktorluğu ilə "Elm və Təhsil" nəşriyyatında çap olunmuş "Aqşin Babayev- həyatı, yaradıcılığı" monoqrafiyasının müəllifi Sevinc Abasova da belə bir dəyərə imza atıb.

 

Yüksək elmi-nəzəri və əsl tədqiqatçı əməyi ilə yazılmış bu monoqrafiyanın oxunaqlı çıxması müəllifin Aqşin Babayev şəxsiyyətinə və yaradıcılığına sonsuz hörmətinin nəticəsində mümkün olub. Yazıçı haqqında ayrı-ayrı illərdə qəzet və jurnallarda, eləcə də müxtəlif ədəbi dərgilərdə çoxsaylı məqalələr yazılsa da, onun yaradıcılığı fundamental araşdırmaya cəlb olunmayıb. İlk dəfə olaraq bu monoqrafiyada yazıçının ədəbi-bədii və elmi pedaqoji fəaliyyətindən əhatəli bəhs edilir.

Monoqrafiyanı oxuduqca mən fikrən 1972-ci ilə qayıtdım. Həmin il Pedaqoji İnstitutun filologiya fakültəsinin ikinci kursunda oxuyurdum. Qrup yoldaşımız Eyvaz Rüstəmov tələbələrə dedi ki, təzə bir kitab almışam, verəcəm hamınız oxuyun, çox maraqlı əsərdir. Bu, yazıçı Aqşin Babayevin "Bir parça həyat" kitabı idi. Əsəri qrupumuzun bütün uşaqları oxudular. Kitab əldən-ələ gəzməkdən və çox oxunduğundan köhnəlmiş və bəzi vərəqləri qopmuşdu. Eyvaz isə kitabın özünə gec qayıtdığından "ay uşaqlar, mənim "Bir parça həyat"ım kimdədirsə, qaytarsın özümə" deyirdi. Beləliklə, yazıçı ilə ilk tanışlığım "Bir parça həyat"la oldu.

Yazıçı Aqşin Babayevin yaradıcılığı və fəaliyyəti geniş diapazona malikdir. Aqşin Babayev şair, nasir, dramaturq, publisist, ssenarist, tərcüməçi, ədəbiyyatşünas alim, ictimai xadim, pedaqoq, onlarla elmlər namizədinin, elmlər doktorunun elmi rəhbəri, opponenti, bir çox dərsliklərin müəllifidir. Ona görə də adıçəkilən monoqrafiya on iki bölümdən ibarətdir və bütün bölümlər məntiqi cəhətdən bir-birini yaxşı tamamlayır.

"Tikdim ki, izim qala..." adlanan birinci bölümdə yazıçının şeir yaradıcılığından geniş söz açan müəllif qeyd edir ki, "2002-ci ildə çap etdirdiyi "Bir içim su istədim" şeirlər kitabı onun yüksək mədəniyyət sahibi, sənətkar şəxsiyyəti, bəzən tələb olunandan da artıq təvazökarlığı haqda çox söz deyir, özü də yaxşı söz, müasir söz deyir". Müəllif öz elmi qənaətlərində dolğun şərhə və əhatəli təhlilə daha çox üstünlük verir. düzgün qeyd edir ki, "Bir içim su istədim" toplusunda müsbət ideal daşıyıcısı olan "lirik mən", "Aqşin Baba" surətində görünür, müasir insanı ayıq olmağa, elinin, vətəninin, ailəsinin qədrini bilməyə, canlı tarixlər olan baba və nənələrə hörmət etməyə" çağırır. Şairə görə məhəbbət tanrı sevgisidirona görə də etiraf edir ki:

 

....Məni heç kəs özünə bağlaya bilməz.

Bu dünyadapul, nə dövlət.

Bir ağam var mənim yer üzündə!

O da məhəbbət!

 

Kitabda toplanan əksər şeirlərin bədii məziyyətlərindən əhatəli söz açan tədqiqatçı bütövlükdə bu toplunu Aqşin Babayevin "Tarixdə insan, insanda tarix" kitabı kimi səciyyələndirir.

Monoqrafiyanın ikinci bölümü "60-70-ci illərdə ədəbiyyat, sənətkar və zaman problemi" adlanır. Müəllif yazıçının bədii yaradıcılığını 60-70-ci illər Azərbaycan bədii nəsrinin ədəbi prosesi kontekstində araşdırmış və elmi-nəzəri ümumiləşdirmələrlə öz fikirlərini şərh etmişdir. A.Babayevin çoxşaxəli yaradıcılıq fəaliyyətini isə bu ədəbi-bədii mərhələnin bir nümunəsi kimi dəyərləndirir.

"Kiçik janrın ibrət dərsləri" bölümündə qeyd edilir ki, A.Babayev bədii yaradıcılığa 50-ci illərdən başlayıb. 1958-ci ildə "Oktyabr işıqları" almanaxında onun "Azadlıq uğrunda" ilk hekayəsi çap olunub. 32-dən çox bədii və elmi kitabın müəllifi olan Aqşin Babayevin "Cazibəli üfüqlər" adlı ilk hekayələr kitabı 1964-cü ildə çap olunmuşdur. Təbiiliyi və orijinallığı ilə seçilən bu hekayələrdə "yazıçı axtardığı insanın gücünə inanır, ona etibar edir, dünyanı əyilməyə qoymamaq üçün kamil insanın əlində olan imkanlara bel bağlayır". "Vida", "Ata canı", "Qara kağız", "Yun köynək", "Ürəyimdən bir səs gəlir", "Saat", "Bircə damla", "Qartal sevgisi", "Göyərçin nəğməsi" və s. hekayələri təhlil edən S.Abasova onları "səmimi təəssüratlar doğuran bədii həqiqətlər" kimi dəyərləndirir. Bu hekayələrdə təsvir olunan hadisələr yüksək sənətkarlıqla, təbii və səlis dillə, dolğun bədii ümumiləşdirmələrlə incələnir. Xalq yazıçısı Mirzə İbrahimov A.Babayevin "Bir ürəyin hərarəti" kitabı haqqında yazdığı "İsti ürəklər" məqaləsində qeyd edirdi ki, "Bir ürəyin hərarəti" kitabındakı əsərlərin böyük əksəriyyəti məhz bu pak səmimiyyətin, inamın, insan həyatındakı işıqlı, gözəl, müqəddəs təzahürlərə hərarətli məhəbbətin məhsuludur. Həm də bu məhəbbət, bu inam zahiri dəbdəbədən uzaqdır, iddiasızdır, bir sıra hallarda çox adi məişət hadisələrindən qidalanmışdır". Yazıçının qələmə aldığı mövzular ilk baxışda sadə görünsə də, onların daşıdığı məna yükü ağırdır. Burada sosial ədalət, düzlük, sədaqət, nəcib, ülvi hisslər və mənəvi-əxlaqi keyfiyyətlər aşılanır. Yazıçıya görə "dünya sevgi nəğməsidir, hər andın, hər düz sözün mayası sevgidir, istəkdir".

Aqşin Babayev yaradıcılığının fəlsəfi-estetik mahiyyətini "Povestlərdən düşən işıq" bölümündə əhatəli təhlilə cəlb edən müəllif onu 60-90-cı illərin povest janrının yeni insan problemi kontekstində, "həyat və bədii həqiqət" prizmasından nəzərdən keçirir. S.Abasova yazıçının müxtəlif illərdə çap olunmuş "Kişilər az yaşadı", "Ayrılıq", "Xalqın oğlu", "Mən də bir əsgərəm", "Halal çörək", "Çovğunlu yollar", "Sabahı görən gözlər", "Söz gülləsi" povestlərinin ideya - bədii özəlliklərini, obrazlar aləminin yeniliyini aydın bədii dilüslub sənətkarlığını konkret elmi- nəzəri materiallar əsasında aşkarlayır. Müəllif belə obyektiv qənaətə gəlir ki, "Bu nəsrdə bəzən sakit sular kimi aramla axan, könüllər yandırıb canlar yaxan, həyatın həyəcan-səksəkə, təəccüb hissi, abır-həya ilə yanaşı son dərəcə dərin milli ruh, milli zövq, yüksək türkçülük, güclü müsəlmançılıq, insanı həyat materialına cəlb etmək, düşündürmək, nəticə çıxarmaq, uzun müddət bədii həyat materialının təsiri altında saxlamaq qüdrəti var".

Povestin adı ilə adlandırılan "Bir parça həyat" bölümündə ustad nasirin klassik ənənələrə sadiqliyi ayrı-ayrı əsərlərin kontekstində sərgilənir. Əsərin adı da heç zaman unudulmayan, "kiçik qismət tarixçəsi","yaşamaq və ömür sürmək", alın yazısı, bəxt və tale, insanın acılı-şirinli, sevincli-kədərli ömür yoludur. Həyatın bütün hadisələri də bu bir parça həyatdan keçir. Povestdə təsvir edilən bütün əhvalatlar kiçik və maraqlı başlıqlarla verilir. Əsərdə qoyulan problemlər bu günöz aktuallığını saxlayır.

"Sosial zaman və bədii həqiqətlər" bölümündə A.Babayevin nəsr yaradıcılığının davamı olan 1989-cu ildə yazdığı "Zəlzələ" romanının təhlili verilir. Zəlzələ məfhumu pislikləri, naqislikləri məhv etməklə yanaşı, həm də həyatı yenidən qurmaq, saf adla yaşamaq mənası kəsb edir. Başqa sözlə, zəlzələ heç də dəhşətli təbiət hadisəsi kimi yox, mənəvi-əxlaqi kamilliyin içərisinə düşən, insanlığa bəla gətirən bütün pis cəhətləri əhatə edir. Əsərin müsbət qəhrəmanları insanları halallığa tapınmağa, alnıaçıq yaşamağa, namuslu olmağa, düzlüyə, cəmiyyətin sağlam qanunlarına riayət etməyə çağırır. İnsanın mənəvi aləminin tənəzzülü təbiət hadisəsindən də dəhşətli qüvvədir. Lakin "bu qorxunc hadisə hər zaman baş vermir. Cəmiyyətin nizamı pozulanda, mənəviyyat ləkələnəndə zamanın psixologiyasına naqislik qarışanda, insaniyyət, haqqaniyyət, vicdaniyyət yoxa çıxanda, qanunların yerini dərəbəylik tutanda baş verir". Burada həyat həqiqəti ilə bədii gerçəkliyin sintezi yüksək sənətkarlıqla müşayiət olunur. Müəllif düzgün qeyd edir ki, yazıçı cəmiyyətin islahında, durulaşmaqda zəlzələdən bir şərtilik vasitəsi kimi istifadə etmişdir.

"Dünyanın axırı" romanı haqqında düşüncələr" bölümündə müəllif qeyd edir ki, yazıçı bu əsərində xüsusi məharətlə xəstə mühitin bədii obrazını yarada bilib. Tədqiqatçı romanda təsvir edilən bütün hadisələri tarixilik işığında nəzərdən keçirir. Və yazıçının bir nasir kimi məharətini də onda görür ki, o, ölkəni bürüyən bütün dəhşətli hadisələri üç hissəli romanında bədii həqiqətlərlə ümumiləşdirə bilib. Tədqiqatçının öz fikirləri ilə ifadə etsək: "Meydan, iyirmi yanvar, Qarabağ, komendant saatı və digər qabarıq tarixi hadisələrdən, rus-erməni təcavüzü nəticəsində torpaqlarımızın iyirmi faizinin işğal olunmasından, ölkənin idarəçilik sisteminin pozulması və keçid mərhələsi vəziyyətindən istifadə edən bir qrup mənəviyyatca şikəst- xəstə insanların irili - xırdalı vəzifələrə soxulması, idarəçilikdə subyektivizmin baş alıb getməsi, bir torpağın, bir millətin insanlarını qruplaşdırmaq, nömrələmək, "bizimkilər-özgələr" kimi tərəflərə ayırmaq siyasətinin sistem halını alması romanda tipik hadisələr, vəziyyətlər və obrazlarla əsaslandırılır. Cəmiyyətdəki haqsızlıqlar, xəstə mühitin törətdiyi fitnə-fəsadlar, dözülməz faciələr əlvan boyalarla yüksək bədii həqiqətlər səviyyəsinə qaldırılır. "Müqəddəslik ki, itdi, dünya düzəlməz. Dünyanın axırıdır" - fikri əsərin əsas ideyasını təşkil edir.

Monoqrafiyanın "Səhnədən-ekrandan - efirdən gələn səslər" bölümündə A.Babayevin 2008-ci ildə çap etdirdiyi "Səhnə, ekran, efir" kitabında müxtəlif illərdə səhnəyə qoyulmuş pyesləri, eləcə də Bələdiyyə teatrında, Musiqili komediya teatrında, Gənc tamaşaçılar teatrında, Sumqayıt musiqili dram teatrında tamaşaya qoyulan, müəyyən qismi televiziya tamaşaları kimi müxtəlif telekanallarda göstərilən və radioda səsləndirilən pyeslərinin təhlili verilir. Sözügedən kitab ümummilli lider Heydər Əliyevə ithaf edilən "Xilaskar" adlı sənədli-publisistik pyeslə açılır. Pyes planetar miqyaslı siyasətçi, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevə dərin məhəbbət hissi ilə yazılıb. Dramaturqun "Bir parça həyat", "Nekroloq", "Dəvətnamə", "Mükafat" tele-pyeslərinin ekran həyatı uğurlu olub. "Yaralar", "Kim nə deyər...", "Olmuş əhvalat", "Əlin cibində olsun", "Oğul" və "Xilaskar" pyesləri isə tamaşaçıların dərin rəğbətini qazanıb.

Böyük oxucu kütləsinin sevimli yazıçısı olan Aqşin müəllim bu gün yenə də öz ənənəvi oxucularının - gənclərin arasındadır. O, Bakı Dövlət Universitetində, Təfəkkür və İctimai-Siyasi Universitetlərində çalışıb, hazırda isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Ədəbi yaradıcılıq və ekran dramaturgiyası" kafedrasının müdiri vəzifəsində çalışır. Aqşin Babayev onlarla aspirantdissertanta elmi rəhbərlik etmişbir sıra namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olmuşdur. Respublikada yüksək ixtisaslı türkşünas alimlərin və ssenarist kadrların hazırlanmasında A.Babayevin böyük xidmətləri olmuşdur. O, həm də Ali Attestasiya Komissiyasının filologiya üzrə Ekspert Şurasının üzvü və sədr müavinidir.

SÖZ ARDI. Tale elə gətirdi ki, mən Aqşin müəllimlə bir fakültədə işləməli oldum. Onunla bir yerdə çiyin-çiyinə işləmək, ünsiyyətdə olmaq mənə ruh yüksəkliyi, xoş ovqat gətirir. Olduqca təvazökar, səmimi və mehriban insandır. Şəxsiyyəti ilə yaradıcılığı arasında üzvi bir vəhdət var. S.Abasovanın yazdığı kimi: "Aqşin Babayev "nəsrinin xəmiri" ümumiyyətlə, təvazökarlıqla yoğrulub".

Sevinc Abasovanın aydın elmi üslubu, duyumlu təhlil tərzi, nəzəri müşahidələri, problemə obyektiv yanaşması tədqiqatçı münasibətinin özünəməxsusluğu ilə seçilir. Yüksək nəzəri səviyyəyə, dərin analitik təhlilə, əhatəli elmi tutumaçeşidli qaynaqlara malik bu monoqrafiya yazıçı-dramaturq, əməkdar jurnalist, filologiya üzrə elmlər doktoru, professor Aqşin Babayevin həyatı və yaradıcılığı haqqında olduqca duyğulu bir təəssürat yaradan orijinal tədqiqat əsəridir. Müəllifin belə bir inamına mən də qoşuluram ki, xalqına, millətinə xidmət edən Aqşin Babayev sənəti yeni-yeni tədqiqatların mövzusu olacaq.

 

 

Vəfa XANOĞLAN,

Azərbaycan Dövlət Mədəniyyət

və İncəsənət Universitetinin dosenti

 

Xalq qəzeti.- 2011.- 27 sentyabr.- S. 7.