Masallı: sosial-iqtisadi inkişaf
proqramları uğurla icra
edilir
Bu
gün Masallı ölkəmizin sürətlə inkişaf
edən qabaqcıl rayonlarından biridir. Ötən hər ay,
il burada yeni bir uğurun tarixinə çevrilir, adamların həyatında
silinməz izlər buraxır. Azərbaycan özünün
dövlət müstəqilliyini bərpa edəndən sonra
ulu öndər Heydər Əliyevin
düşünülmüş və uzaqgörən siyasəti
nəticəsində ölkədə möhkəm
ictimai-siyasi sabitlik yaradılmış, əminamanlıq bərpa
olunmuş, iqtisadiyyatın inkişafı təmin edilmiş və
əhalinin güzəranı yaxşılaşmağa
başlamışdır. Bu tərəqqi meylləri
Masallıdan da yan keçməmiş, rayon özünün
inkişafının yeni dövrünə qədəm
qoymuşdur. Artıq 20 ildir ki, Masallı yenidənqurma və
quruculuq yürüşünün ön sıralarında irəliləyir.
...Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci ilin
oktyabrında Masallıya səfərini xatırlayıram.
Rayona əsl bayram əhval-ruhiyyəsi hakim kəsilmişdi.
Müstəqil respublikamıza rəhbərlik etdiyi ilk beş
ilin uğurlu yekunlarından bəhs edən ulu öndər bu
rayonun inkişafından da razı qaldığını dilə
gətirdi, yerli əhalinin dövlətçiliyə sədaqətini
nümunə göstərdi və hər kəsi daha firavan həyat
naminə fədakarlıq göstərməyə səslədi.
Bu zaman sürəkli alqış sədaları meydanı
bürüdü, "Xalq - Heydər, Heydər - xalq"
şüarları ətraf dağlarda belə dəfələrlə
əks-səda verdi. Camaat ölkə rəhbərinin ürəkdən
gələn xoş sözlərinə hədsiz dərəcədə
sevinirdi.
Ondan sonrakı illərdə Masallı daha da inkişaf elədi, aqrar islahatlar, emal sənayesinin bərpası, əhalinin işıq, qaz və içməli su təchizatı yaxşılaşdı. Artıq adamlar adi qaydada ev tikmək deyil, məhz daha gözəl ev tikmək yarışına qoşuldular, qapılarda xarici minik avtomobilləri görünməyə başladı. Şəhərin özünəməxsus memarlıq siması formalaşdı, buradakı dövlət idarələrinin inzibati binaları təzələndi, təhsil, səhiyyə və mədəniyyət sahələri dirçəldi, xidmət sferası genişləndi, rayonda neçə-neçə bankın filialı açıldı.
Varislik ənənəsini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev bütün ölkədə olduğu kimi, Masallıda da sosial-iqtisadi inkişafı şəxsi nəzarətində saxlayır, vaxtaşırı rayona səfərlər edir, abadlıq-quruculuq işlərinə dövlət vəsaitləri ayırır. Elə bu il aprel ayının 14-də Masallıya növbəti səfəri zamanı dövlətimizin başçısı rayonda aparılan abadlıq işləri ilə yaxından tanış olmuş və bəyənmişdir: "Biz Masallının inkişafının yeni mərhələsini yaşayırıq. Çünki Masallıda gedən işlər, bu gün mənə göstərilən layihələr, təqdimat yaxın zamanlarda rayonda demək olar ki, əsas sosial məsələlərin həllinə gətirib çıxaracaqdır".
Prezidentin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə sakinlər gündəlik qayğı və diqqətə görə Azərbaycan rəhbərinə dərin minnətdarlıqlarını çatdırmışlar. Onlar həmçinin kənd yollarının tikintisi və digər bu kimi problemlərin də həlli üçün dövlət başçısından kömək göstərilməsini xahiş etmişlər.
Səfərdən cəmi beş gün sonra bu işlərin reallaşması istiqamətində konkret əməli addım atıldı. Prezidentin 19 aprel 2011-ci il sərəncamı ilə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 2 milyon manat vəsait ayrıldı. Üç ay keçər-keçməz isə, 30 iyul 2011-ci il tarixli sərəncamla Ərkivan-Boradigah- Rüdəkənar avtomobil yolunun tikintisi üçün Masallıya daha 3,5 milyon manat vəsait ayrıldı. Hazırda həm rayonun abadlığı, həm də həmin yolun tikintisi üzrə sürətli, keyfiyyətli, hər kəsin ürəyindən xəbər verən möhtəşəm tədbirlər həyata keçirilir.
Masallıya budəfəki səfərimdə həmin işlərlə yaxından tanış oldum. Rayon Şahmat məktəbinin qarşısında səkilər yenidən qurulur. Yüzlərlə kvadratmetr sahəyə plitələr döşənir. Binaların fasadları zövqlə təzələnir. Fəhlələr buranı əsl hünər meydanına çeviriblər. Yaxınlıqdakı telekommunikasiya qovşağının qəzadan sonra yeni tikintisində də işlər sürətlə aparılır.
Bir qədər aşağıda, başdan-başa yenidən qurulmuş Nizami Gəncəvi adına parkın ərazisindəki Mədəniyyət evində isə sözün əsl mənasında əsaslı yenidənqurma aparılır. Binanın yalnız ilkin hörgü daşları qalıb. İnşaatçılar ona ikinci həyat bəxş etməkdən ötrü əllərindən gələni edirlər. Çox keçməz ki, Mədəniyyət evi də Nizami parkına yaraşan bir tərzdə gözlər önündə canlanar.
Rayon mərkəzinin Heydər Əliyev adına prospekti də aylardır ki, yenidən qurulur. Buradakı primitiv görkəmli ticarət köşkləri götürülüb, qalan obyektlər təzələnib, hazırda bir sıra başqa binalar da sürətlə tikilməkdədir. İcra hakimiyyətinin işçiləri bütün işlərə ciddi nəzarət edir, yaranan problemlərin yerindəcə həli üçün operativ tədbirlər görürlər. Bütün səylər ona yönəldilib ki, şəhərin baş küçəsi sayılan və ulu öndərin adını daşıyan prospekt daha da genişləndirilsin və nümunəvi şəkil alsın. Axı, şəhər haqqında ilkin təəssürat məhz baş küçədən formalaşmağa başlayır.
Masallıda yol tikintisi barədə ayrıca danışmağa dəyər. Rayon ərazisindən keçən respublika və yerli əhəmiyyətli yollarda qızğın iş gedir. Rayona səfəri çərçivəsində Prezident İlham Əliyev Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunda, həmçinin Masallının Sərçuvar kəndi ərazisində aparılan tikintiyə hazırlıq işləri ilə tanış olmuş və tövsiyələrini vermişdi. İndi orada başlanan işlər cədvəl üzrə, gecikdirilmədən aparılır.
Aprel ayında rayon üçün ayrılmış vəsaitin hesabına kəndarası yolların, o cümlədən Kalinovka-Qızılağac, Şıxlar-Kalinovka və Tatyan-Güllütəpə yollarının əsaslı təmiri həyata keçirilir. Eyni zamanda, qeyd etdiyim kimi, şəhərin mərkəzi prospekt və küçələrində geniş abadlıq işləri layihəsi icra olunur. İlin ilk yarısında Masallıda 7 kilometrədək yola asfalt döşənib. Cari təmirlər də davam etdirilir.
İyul ayının sonunda yol tikintisinə ayrılmış vəsaitlə Ərkivan-Boradigah-Rudəkənar avtomobil yolunun inşası sürətlənir. Bu yol 69 min nəfərin yaşadığı 34 məntəqəni birləşdirəcək. Yolun keçdiyi Mahmudavar kəndində dostlarla görüşdən sonra rayon mərkəzinə qayıdanbaş axşam olsa da, yolun bir hissəsinin bağlandığını və orada inşaatçıların gərgin çalışmalarının şahidi oldum. Maşınımız evlərin arası ilə, Hişkədərə kəndinin içindən keçərək birtəhər özünə yol tapıb asfalta çıxdı. Əslində, bu müvəqqəti çətinlik yolçuların çox tezliklə ideal rahatlığa qovuşacaqlarından soraq verirdi. Mən də bu hissdən və ulu öndərin abidəsinin qoyulduğu yeganə kənd olan, məktəbində zəngin bir Heydər Əliyev muzeyi yaradılan Mahmudavarda olmağımdan məmnunluq keçirirdim.
Yeri gəlmişkən, kənddə görüşümüz zamanı muzeyin yaradıcısı, tarixçi alim Musarza Mirzəyev yolun çəkilişindən, rayonun ümumi tərəqqisindən hədsiz razılığını dilə gətirdi:
- Prezidentimiz sağ olsun ki, dövlət əhəmiyyətli, böyük magistrallarla yanaşı, adi kəndarası yolların da tikintisinə önəm verir. Bu layihə reallaşaraq ölkəmizin işlək bir cənub arteriyasını təşkil edəcək. Əhalinin firavanlığına, iqtisadiyyatın və turizmin daha da inkişafına səbəb olacaq. Masallı və Astara ilə yanaşı, Yardımlı, Lənkəran, Biləsuvar rayonlarının əhalisi üçün də rahatlıq yaradacaq. Bu, get-gedə qüdrətlənən Azərbaycanın reallıqlarındandır. Qazımız, işığımız, suyumuz var, indi də yolumuz yenidən qurulur. Doğma Masallımız isə göz önündəcə gözəlləşir, rayon mərkəzini gəzəndə istər-istəməz qürür duyursan. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev hər həftə yerlərdə əhali ilə görüşlər keçirməyi ənənəyə çevirib. Camaatın qayğı və problemlərin həlli üçün əlindən gələni edir. Nəticədə həyat şəraitimiz sürətlə yaxşılaşır. Bu canlanma, vüsət yurdunu sevən hər kəsi fərəhləndirir.
İcra hakimiyyəti başçısının son vaxtlar Kalinovka, Həsənli, Xırmandalı kimi kəndlərdə keçirdiyi görüşlər xüsusilə yaddaqalan olub. Hər görüş hansısa mühüm problemin həllini tapması, hansısa çətinliyin yenilməsi, hansısa uğurun təməli deməkdir. Bunu gözəl bilən sakinlər görüşlərə həvəslə gəlir, açıq söhbət etməkdən çəkinmir, hakimiyyətin doğmalığından, yaxınlığından məmnun olurlar.
Masallıda təhsilə xüsusi diqqət yetirilir. Builki "Bilik günü"ndə Hüseynhacılı və Yolağac kəndlərinin hər birində 180 yerlik yeni məktəblərin açılışı olub. Beləliklə də son beş ildə istifadəyə verilən yeni məktəblərin sayı 24-ə çatıb. Uşaq-Gənclər Şahmat Məktəbi də yeni görkəmdə qapılarını zəka oyunu həvəskarlarının üzünə açıb. Bu ay rayonda daha beş məktəb binasının tikintisinə başlanıb. Bunlar 360 yerlik Köçəkli və Qodman, 220 yerlik Dəmirçi, 80 yerlik Ərəb və Kubin məktəbləridir. Kubin məktəbi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunur. Hazırda 360 yerlik Sığıncaq məktəbinin inşasına hazırlıq gedir. Gəyəçöl kənd uşaq bağçasının da əsaslı təmirinə başlanıb.
Rayonun həyatında baş verən yeniliklər qonaqların da diqqətindən yayınmır. Ötən ay Beynəlxalq Dostluğun Gücü klubu ictimai birliyinin xəttilə Slovakiyanın paytaxtı Bratislava şəhərindən bir qrup turist Masallıya gəlib. Qonaqlar görməli yerləri gəzib, istehsal sahələrində olub, Olimpiya İdman Kompleksinə, parklara baxıb, İstisuya səfər ediblər. Onlar Masallıdan zəngin təəssüratla qayıtdıqlarını qeyd ediblər.
Bəli, dövlət müstəqilliyimizin bəhrələri Masallının hər bir guşəsində özünü bariz şəkildə göstərir. Bu diyarın hazırkı növrağı gözəldir, sabahı daha da cazibədar olacaq.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 27 sentyabr.- S.
6.