Beynəlxalq Xartiya diabet xəstələrinin həyat və sağlamlıqlarını dəstəkləyir

 

Diabet - həlli tələb edilən çox mühüm səhiyyə və sosial məsələdir. Beynəlxalq Diabet Federasiyasının (BDF) məlumatına görə, bu gün 300 milyon insan diabet xəstəliyindən əziyyət çəkir. Aparılan hesablamalara görə, dünya səhiyyəsi 2010 - cu ildə diabetə 378 milyard dollar xərcləmişdir və bu da dünya səhiyyə xərclərinin 12 faizi qədərdir. Güman edilir ki, 2030 - cu ilə qədər bu rəqəm 490 milyarda çata bilər.

 

BMT-nin diabetə dair qətnaməsində deyilir: "Diabet insanı zəiflədərək kəskin ağırlaşmalara gətirib çıxaran, müalicəsi baha başa gələn xroniki xəstəlikdir. Bu isə Dünya Səhiyyə Təşkilatına üzv olan dövlətlər və eləcə də, bütün dünya üçün təhlükə təşkil edir və ümumdünya inkişaf məqsədlərinə, o cümlədən, Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq yolunda maneə yaradır".

Diabetli xəstələrin üzləşdiyi xoşagəlməz münasibət və ayrı-seçkilik, onların müəyyən xidmətlərdən istifadə etmələrinə, iş tapmalarına və hətta evlənmələrinə əngəllər törədir ki, bu da onların cəmiyyətdə, ictimai həyatda fəal iştirak etmələrinə mane olur. Səhhətinə biganə qalmaq, bəzən isə ayrı-ayrı millətlərin və icmaların mentalitetinə uyğun olaraq diabetə tutulmuş insanların onu gizlətmək cəhdləri nəticəsində xəstəliyin ağırlaşmalara gətirib çıxarması vəziyyəti daha da çətinləşdirir.

Beynəlxalq Diabet Federasiyasının prezidenti Maykl Herst demişdir: "Əgər diabet xəstəliyi müəyyən edilmirsə və ya mövcud texnologiyalardan, qanda şəkərin miqdarını aşağı salan vacib dərmanlardan istifadə etmək imkanı əldə edə bilmirsə, uşaqlar da, böyüklər də yaşamaq və sağlam həyat sürmək hüququndan məhrum edilmiş olurlar". Yaşamaq və sağlam həyat sürmək insanın əsas hüququdur. Hətta bir çox inkişaf etmiş ölkələrin şəkərli diabet üzrə milli proqramlarının olmasına baxmayaraq onlarda nəzərdə tutulan mühüm tədbirlərin böyük bir hissəsi yerinə yetirilməmiş qalır və xəstələrin sağlam yaşamaq hüququ pozulur.

Şəkərli diabetə məruz qalmış insanların hüquqlarının pozulması çoxdan idi ki, Beynəlxalq Diabet Federasiyasını bu məsələyə ciddi münasibət bildirməyə və konkret addım atmağa sövq edirdi. Nəhayət BDF bu ilin aprel ayında Brüsseldə 300 milyondan çox diabet xəstəsinin əsas hüquqlarını müəyyən etdi. Azərbaycan Diabet Cəmiyyətinin sədr müavini Akif Muxtarov "Diabet xəstələrinin hüquq və vəzifələri haqqında Beynəlxalq Xartiya" adlanan sənəd barədə məlumat verdi:

- BDF 160-dan çox ölkədə fəaliyyət göstərən 200-dən artıq diabet assosiyasiyasının baş qərargahıdır. Federasiya 1950- ci ildən dünya diabet icmalarına rəhbərlik edir. BDF-in vəzifəsi dünyada diabetli xəstələrə qayğı göstərilməsi, xəstəliyin qarşısının alınması və müalicəsi problemlərini ön plana çəkməkdir. Məhz BDF-in rəhbərliyi ilə keçirilən "Diabetlə mübarizə uğrunda birləşin" kampaniyası sayəsində 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən diabetə dair qətnamə qəbul edilmişdir.

"Diabet xəstələrinin hüquq və vəzifələri haqqında Xartiya" xəstələrin, onların valideynlərinin, xəstələrə tibb xidmətləri göstərən insanların qayğı, məlumat, təlimat və sosial ədalət, özlərinin vəzifələrini tanıması hüquqlarını müəyyən edir. Həmçinin diabetli xəstələrin sağlamlığını və həyat keyfiyyətini mümkün qədər yaxşılaşdırmaq; onlara mümkün qədər normal həyat sürmək imkanı yaratmaq; xəstələrin cəmiyyətdə bütün potensiallarını reallaşdırmaq sahəsində qarşılaşdıqları maneələri azaltmaqya aradan götürmək kimi vəzifələr qoyur, onların hüquqlarını, eləcə də vəzifələrini müəyyənləşdirir, səhiyyənin keyfiyyətinin qlobal surətdə yaxşılaşmasının, xəstələrə qayğı, müalicə, xəstəliyin qarşısının alınması və təlimat ala bilmələri sahəsində bütün ölkələrin və xalqların can atdıqları "qızıl standart"ı təqdim edir.

Beynəlxalq sənədə görə diabetli xəstələrin qayğı hüquqları bunlardır: irqindən, milli mənsubiyyətindən, cinsindən və yaşından asılı olmayaraq erkən diaqnozlaşdırma, qayğı və müalicə, o cümlədən, psixi-sosial qayğı və dəstək almaq; hansı şəraitdə qayğı görə bilmələrindən asılı olmayaraq, onların ehtiyaclarını nəzərə alan və təcrübəyə əsaslanan müntəzəm, etibarlı məsləhət, təlimat və müalicə almaq; hər bir səhiyyə təşkilatında səhiyyə sektorunun həyata keçirdiyi müasir təhsil və müalicə kampaniyalarından yararlanmaq; hamiləlik dövründə və doğuşdan sonra yüksək keyfiyyətli xidmət və qayğı imkanlarından faydalana bilmək; uşaqlıq və yeniyetməlik dövründə keyfiyyətli xidmət və qayğı görmək; hər hansı bir bədbəxt hadisə zamanı və ya fövqəladə vəziyyətlərdə müvafiq qayğı göstərilməsinin davam etdirilməsi; səhiyyə işçiləri tərəfindən hörmət və ləyaqətlə rəftar edilməsi, o cümlədən, şəxsi, dini ya mədəni, həm də ailə ənənələri ilə bağlı inamlarına hörmətlə yanaşılması; diabet xəstəsi olmaları barədə məlumatın gizli saxlanılması, öz razılıqları olmadan digərlərinə bildirilməməsi, hər hansı bir tədqiqat proqramında iştirak edib-etməmələri haqqında xəstənin özünün qərar verməsi; səhiyyə xidməti göstərən, diabet xəstələrinə qayğı və müalicənin yaxşılaşdırılması sahəsində iştirak edən insanlara həm fərdi, həm də kollektiv şəkildə dəstək vermək. Xartiyada diabet xəstələrinin və onların valideynlərinin məlumat və təlimat almaq hüquqları göstərilib. Buna xəstənin özünü idarə etmək məqsədi daşıyan təlimatları almaq, diabet sahəsində ən yeni müalicənin və ya dərman preparatlarının adı, dozası, onların fərdi olaraq hər bir xəstəyə təsiri və mümkün ola bilən kənar təsirləri barədə məlumat almaqs. daxildir.

Sənəddə sosial ədalət hüququ belə müəyyən edilib: xəstə olmalarını gizlətməyə ehtiyac duymadan cəmiyyətin tamhüquqlu üzvü olmalı, hamı tərəfindən hörmət və ləyaqətlə rəftar edilməlidirlər; dövlətin maddi imkanları və milli proqramları çərçivəsində zəruri dərman preparatları və monitorinq texnologiyaları ilə təmin edilməlidirlər; işə götürülərkən və eləcə də sonralar vəzifə pilləsində irəliləyərkən onlara ədalətlə yanaşılmalı, eyni zamanda, diabet xəstələrinin fəaliyyətini məhdudlaşdıra bilən müəyyən sahələrin də olması nəzərə alınmalıdır; hər növ sığorta əməliyyatları zamanı və sürücülük vəsiqəsi alarkən heç bir ayrı-seçkiliyə yol verilməməlidir; məktəbəqədər yaş dövründə, məktəbdə, dərsdən kənar məşğələlərdə, eləcə də yerlərində tam dəstək görməli, təmiz və təhlükəsiz şəraitdə tibbi təyinatları yerinə yetirmək, müayinə və dərmanları qəbul edə bilmək üçün fərdi yerlər ayrılmalı və vaxt verilməlidir; xəstələrin özlərinin nümayəndəli təşkilatlarını yaratmaqbu təşkilatların işində iştirak etmək, səhiyyə təşkilatlarından və onunla bağlı orqanlardan öz təşkilatları üçün kömək istəmək imkanı olmalıdır.

Xartiya diabetli xəstələrin vəzifələrini də müəyyən etmişdir: xəstələr onlarla məşğul olan tibb işçilərinə səhhətlərinin hazırkı durumu, qəbul etdikləri bütün dərmanlar, allergiyaları olub-olmaması, yaşadıqları sosial şərait, həyat tərzi və xəstəlikləri ilə bağlı məlumat verməlidirlər ki, onlar hər bir xəstəyə müvafiq olan məsləhət və müalicəni müəyyən edə bilsinlər; xəstələr razılaşdırılmış qayğı, müalicə planının həyata keçirilməsinə özləri nəzarət etməlidirlər; sağlam həyat tərzi sürmək ideyasını qəbul etmək, onu həmişə nəzarətdə saxlamaq xəstələrin diabeti idarə etmələrinin bir hissəsi olmalıdır; öz ailələrinə, məktəbə, yerinə və həmkarlarına diabet xəstəsi olmaları barədə məlumat verməlidirlər ki, onlar lazım gələrsə, kömək edə bilsinlər; diabet xəstəsi olan digər insanlaraonlara tibbi xidmət göstərənlərə anlayışla, hörmətlə yanaşmalıdırlar.

Təqdim edilən Xartiya Ümumdünya İnsan Haqları Bəyannaməsinin insan sağlamlığı haqqında əsas müddəalarını özündə əks etdirməklə yanaşı, Uşaqların hüquqlarına dair Konvensiya, Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına dair KonvensiyaFiziki cəhətdən əngəlli insanların hüquqlarına dair Konvensiya kimi mühüm sənədlərin qəbul edilməsinə yol açır.

"Diabet xəstələrinin hüquq və vəzifələri haqqında Beynəlxalq Xartiya"nın nəşr edilməsi həlledici bir vaxta təsadüf edir. BDF belə hesab edir ki, bir nəslin həyatı ərzində diabet xəstələrinin sayı 500 milyon nəfərə çatacaq. Diabet xəstələrinin hüquqları ilə əlaqədar Xartiyanın yayılması diabet epidemiyası probleminin həll edilməsi sahəsində beynəlxalq səviyyədə əlaqələndirilmiş və razılaşdırılmış tədbirlərin görülməsi üçün BDF-nin tələblərinin əsas müddəasıdır. Buna görə də BDF bütün hökumətləri və təşkilatları diabet xəstələrinin həyat və sağlamlıqlarını dəstəkləyən bu Xartiyanın prinsiplərini imzalamağa və onların həyata keçirilməsinə səy göstərməyə çağırır.

 

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2011.- 27 sentyabr.- S. 8.