Ağsuda müstəqilliyin
20 illiyi geniş tədbirlərlə qeyd edilir
Bu gün ölkənin hər yerində
olduğu kimi, Ağsuda da müstəqilliyimizin 20 illiyi ilə
əlaqədar olaraq yubiley tədbirləri keçirilir. Rayon
bayram içindədir. Hər yerdə maraqlı tədbirlər
təşkil olunur. Hamısı da bir-birindən maraqlı.
Tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzində "Müstəqilliyimiz milli sərvətimizdir" mövzusunda dəyirmi masa keçirilib. "Müstəqilliyimiz iyirmi ildə" mövzusunda fotosərgi nümayiş olunub. Rayon Gənclər və İdman İdarəsi "Gənclər Evi"ndə "Müstəqillik tarixi nailiyyətdir" mövzusunda yığıncaq keçirilib. Ümumrayon toplantısının iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül dəstələri düzdülər. Sonra isə Heydər Əliyev Mərkəzinə toplaşanlara müstəqilliyimizin banisi ümummilli lider Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.
Mədəniyyət sarayında keçirilən tədbirdə isə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tədbir iştirakçılarını müstəqilliyimizin 20 illiyi münasibətilə təbrik etdi və bu dövrdə Ağsu rayonunda inkişafla bağlı konkret faktları sadaladı. Bildirdi ki, son vaxtlar rayonda böyük quruculuq işləri həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rayona tarixi səfərini bu gün hər bir ağsulu qürur hissi ilə xatırlayır.
Ə.Seyidəliyev "Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir" mövzusunda geniş məruzə etdi. O, göstərdi ki, bu gün dövlətin qazandığı bütün uğurlar məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev siyasətini layiqincə yaşatmaqla yanaşı, dövlət idarəçiliyində yeni məktəb yaradan İlham Əliyevin həyata keçirdiyi dərin məzmunlu və çoxşaxəli siyasi kurs isə dövlət müstəqilliyimizi daha da möhkəmləndirir.
Məruzə ətrafında Təhsil Şöbəsinin müdiri Tahir Xasi, Mənzil-İstismar İdarəsinin rəisi Sərdar Bayramov, İcra Hakimiyyəti başçısının Ağsu şəhəri üzrə nümayəndəsi Cavan Cavadov çıxış etdilər. Sonra rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə görə bir qrup şəxs dövlət müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar rayon icra hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif olundu.
Sonda tədbir iştirakçılarına Heydər Əliyev parkının yay konsert kompleksində Mədəniyyət və Turizm Şöbəsinin bədii özfəaliyyət kollektivinin Bakı şəhərindən dəvət olunmuş incəsənət ustaları ilə birgə təşkil etdiyi konsert proqramı təqdim olundu.
Dövlət müstəqilliyinin 20-ci ildönümü ilə bağlı tədbirlər oktyabr ayının 14-dən davam edəcəkdir.
İ.MUSAOĞLU
Xalq qəzeti.- 2011.- 29 sentyabr.- S.
7.