Azərbaycan Turizm İnstitutunda Ümumdünya Turizm Günü qeyd edilmişdir
Azərbaycan
Turizm İnstitutunda Ümumdünya Turizm Günü münasibətilə
geniş proqramlı tədbir keçirildi. İnstitutun turzmin
təşkili və idarə edilməsi fakültəsinin
dekanı, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəsir Nəsirli
tədbirə toplaşanları bayram münasibətilə təbrik
etdi və sonra bütün dünyada qeyd edilən
günün tarixindən söz açdı.
Bildirildi
ki, 1925-ci ildən bəri müxtəlif adlar altında Cenevrədə
fəaliyyyət göstərən turizm təşkilatı
1970-ci il sentyabr ayının 27-də Ümumdünya Turizm Təşkilatı
kimi beynəlxalq miqyaslı struktur şəklində
formalaşmışdır. 1979-cu ildən baş qərargahı
Madrid şəhərinə köçən təşkilat
sentyabrın 27-si tarixini Ümumdünya Turizm Günü kimi təsis
etmişdir. O vaxtdan etibarən 32 ildir ki, dünyanın bir
çox ölkələrində bu gün əsl turizm
bayramı kimi böyük təntənə ilə
keçirilir.
Çıxışının
sonunda Nəsir müəllim dedi: "Bizlər isə bu
bayramı daha bir əlamətdar hadisə ilə, Azərbaycanda
elan edilən "Turizm ili" çərçivəsində
qeyd edirik. Bu il institutumuz beynəlxalq əməkdaşlığın
genişləndirilməsi çərçivəsində
Dünya Turizm Təşkilatına assosiativ üzv qəbul
olunmuşdur".
Bayram tədbirində ATİ-nin kafedra müdiri, tarix elmləri namizədi Bahadur Bilalov çıxış edərək, Azərbaycanın turizm potensialı, iqtisadiyyatı, bu prioritet sahənin perspektivlərindən danışdı. Ölkəmizin turizm ixtisaslı kadrlara tələbatı olduğunu xüsusi vurğuladı. Turizmi təkcə gözəllik deyil, mədəniyyət prizmasından dəyərləndirdi.
Birləşmiş Millətlər Təşkilatı İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi Envira Selimoviç Ümumdünya Turizm Günü münasibətilə tədbir iştirakçılarını təmsil etdiyi qurumun adından təbrik etdi, yeni uğurlar arzuladı.
Ümumdünya Turizm Gününə həsr olunmuş tədbir böyük konsert proqramı ilə başa çatdı. Tədbir iştirakçıları həmçinin tələbə-fotoqrafların Azərbaycan turizminin inkişafını əks etdirən və bütün gün ərzində sərgilənən fotolarına baxdılar.
Z. BƏŞİRQIZI
Xalq qəzeti.- 2011.- 29 sentyabr.- S.
7.