C.Məmmədquluzadənin
Ev-Muzeyində açıq qapı günü
"Azərbaycanda
- 2011-ci il turizm ili" çərçivəsində
ölkəmizdə davam edən mədəni-kütləvi tədbirlərə
Cəlil Məmmədquluzadənin Ev Muzeyi də
qoşulmuşdur.
İlk
tədbir olaraq "Turizm - mədəniyyətləri birləşdirən
körpü" devizi ilə açıq qapı günü
keçirildi. Gün ərzində Bakı ictimaiyyətinin
nümayəndələri və şəhərimizin
qonaqları muzeyin fəaliyyəti, görkəmli ədib və
ictimai xadim Cəlil Məmmədquluzadənin həyat və
yaradıcılığı, onun rəhbərlik etdiyi
"mollanəsrəddinçi" hərəkatın ədəbi-mədəni
irsi ilə yaxından danış oldular.
Muzeyin
nəzdində fəaliyyət göstərən "Gənc
turistlər" dərnəyinin 45 saylı orta məktəbin
şagirdləri ilə birlikdə keçirdiyi tədbirdə
mədəni dəyərlərin təbliğində turizmin
rolu, bu yöndə muzeylərin səmərəli fəaliyyəti
diqqət mərkəzində oldu.
Muzeyin
direktoru Pəri Mahmudova bildirdi ki, son illərdə müstəqil
ölkəmizdə turizm hərəkatı sürətlə
inkişaf edir. Azərbaycandakı siyasi sabitlik, sosial-iqtisadi
yüksəliş, mədəni tərəqqi əcnəbi
turistlərin ölkəmizə marağını
artırmışdır. Turizmi gəlirli sahəyə
çevirmək, onu Azərbaycanın zəngin təbii və
mədəni potensialının tanıdılması işinə
yönəltmək üçün dövlət səviyyəsində
məqsədyönlü tədbirlər, proqramlar həyata
keçirilir. Bu sahədə muzeylər də öz
imkanlarını hərəkətə gətirir, əcnəbi
qonaqların maraqlarını önə çəkirlər.
Şərqdə böyük demokrat, istedadlı ədib və
publisist kimi tanınmış Cəlil Məmmədquluzadənin
həyat və yaradıcılığı müxtəlif
ölkələrdən gələn turistlərin diqqətini
çəkir. Onun sərhəd tanımayan humanist
görüşləri, ictimai idealı turistləri heyran
qoyur, unudulmaz təəssürat yaradır. Buna görə də
muzey daim ekspozisiyasını zənginləşdirir, yeni məzmunlu
təqdimatlar hazırlayır.
Muzeyin
böyük elmi işçisi Yeganə Məmmədova Cəlil
Məmmədquluzadə irsinin turizm hərəkatına verə
biləcəyi töhfədən söz açdı, nəzərdə
tutulan işlər barədə məlumat verdi.
Din Tarixi Muzeyinin direktoru Münəvvər Babayeva "Bakı şəhərinin dini abidələri" mövzusunda geniş söhbət açdı. Şagirdlər Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında onları maraqlandıran bir sıra sualın cavabını muzeyin elmi əməkdaşı Fazilə Hümbətovanın ekspozisiya üzrə apardığı ekskursiya zamanı tapdılar.
Sonra uşaqlarla öyrəndikləri ətrafında sorğular keçirildi. 45 saylı orta məktəbin 8-ci sinif şagirdi Pərviz Bayramov cavabları ilə fərqləndi.
Açıq qapı günündə ev-muzeyinin fondlarından hazırlanmış "Cəlil Məmmədquluzadə - Molla Nəsrəddin" sənədli-səyyar sərgisi və "Salnamə" studiyasının çəkdiyi "Mirzə Cəlil ocağı" sənədli filmi nümayiş olundu. Film ulu öndər Heydər Əliyevin Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılışında iştirak etməsinə həsr edilmişdir.
Muzeyin turizm ili ilə bağlı silsilə tədbirləri
davam edir.
Turanə RÜSTƏMLİ,
muzeyin əməkdaşı
Xalq qəzeti.- 2011.- 29 sentyabr.- S.
7.