"İllər
görməmişdik bu illər kimi..."
Ölkəmizin dövlət
müstəqilliyinin bərpasından ötən 20 ildə
dağlar diyarı Lerik sürətli inkişaf yolu
keçmişdir
Bildiyimiz
kimi, Prezident İlham Əliyevin bu il yanvarın 21-də
imzaladığı sərəncamla dövlət müstəqilliyimizin
bərpasının 20 illik yubileyinin ölkəmizin həyatında
müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi
hadisə olduğu nəzərə alınaraq, müstəqillik
illərində Azərbaycan Respublikasının
qazandığı parlaq nailiyyətlərin təbliği məqsədi
ilə xüsusu Tədbirlər Planı təsdiq
edilmişdir. Sərəncamın icrası ilə bağlı
Lerik rayonunda da silsilə tədbirlər keçirilir.
...Sentyabrın
20-də, ölkədə "Neftçilər
günü" qeyd olunan zaman mənim Lerikə ezamiyyətə
getməyimdə, bəlkə də, bir münasiblik vardı.
Kimsə soruşa bilər: axı, Lerik hara, neft hara? Mənsə
deyirəm ki, "Neftçilər günü"nün Lerikə
qismən də olsa, dəxli var. Çünki, illərdir ki,
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhz
bu dağlar diyarına hamilik edir və rayonun sosial-iqtisadi
inkişafında qəhrəman neftçilərimizin rolu
heç də az deyil.
Rayonda dövlət müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş konfransda icra hakimiyyətinin başçısı Rövşən Bağırovun məruzəsi maraqla dinlənildi, müstəqillik dövrünün möhtəşəm uğurlarına güzgü tutuldu. Məruzəçi dedi ki, dövlətimiz 1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz suverenliyini beynəlxalq aləmə bildirmişdir. Dövlət müstəqilliyimizin qısa bir müddətdə dünya birliyi ölkələri və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınması ilə respublikamız beynəlxalq hüququn subyektinə çevrilmişdir. Həmin gün tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil olub. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni və gerbi dövlət atributları kimi qəbul edilib.
Sonra natiq böyük siyasi uzaqgörənliklə Qarabağ münaqişəsində atəşkəsə nail olan, cənub və şimal bölgələrində separatçılıq meyllərinin qarşısını alan, "Əsrin müqaviləsi"nin imzalanmasını reallaşdıran, 1994-cü il oktyabr və 1995-ci il mart çevriliş cəhdlərini uğursuzluğa düçar edən ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edərək qısa zaman kəsiyində qazanılan uğurları Lerikin timsalında konkret faktlarla diqqətə çatdırdı. Bu uğurlar, həqiqətən də, neçə onilliklər ərzində keçilən inkişaf yoluna bərabərdir.
Ötən əsrin 30-cu illərində inzibati rayon kimi təşkil edilmiş Lerik ucqar dağlıq bölgədə yerləşən, gözdən-könüldən uzaq bir yaşayış məntəqəsi idi. Sovet hakimiyyəti illərində buraya əməlli-başlı avtomobil yolu da çəkilməmişdi. Lerikin işıq, qaz, su problemləri də həllini tapmamışdı. Emal sənayesi, istehsal sahələri yox dərəcəsində idi. Əhali yalnız heyvandarlıqla məşğul olur, darıxdırıcı həyat tərzi sürürdü. Rayon mərkəzinin küçələri belə asfalt üzünə həsrət idi. Nəhayət, müstəqillik dövründə Lerikin də üzünə gün doğdu. Rayonun sosial-iqtisadi inkişafı sürətləndi. Həyat gözəlləşdi.
Son illərin statistikasına nəzər salsaq, məsələn, təkcə təhsil sahəsində görünməmiş tərəqqiyə nail olunduğunu görərik. Rayonda 24 məktəb, 3 uşaq bağçası inşa olunub, 26 məktəbdə əsaslı təmir işləri aparılıb. Elə rayonun işgüzarlığı ilə seçilən camaatı da inkişafda xeyli irəli gedib, dövlətçiliyimizə sədaqətini dönə-dönə sübuta yetirib. Ulu öndərimiz Heydər Əliyev zamanında bunu lazımınca dəyərləndirib: "Lerikin təbiəti çox gözəldir. İnsanları zəhmətkeş və mehribandır. Mənim Lerik əhalisinə xüsusi hörmətim var".
Müstəqilliyin ilk onilliyində ümummilli liderin Lerikdən olan adi bir fermeri - Xanış Şahıyevi özünə dost sayması, onunla dəfələrlə görüşməsi və Lerikdəki vəziyyətlə yaxından maraqlanması o dövrün qürur gətirici və unudulmaz gerçəkliklərindəndir. Bu fakt Azərbaycanda dövlət müstəqilliyinin dönməzliyini təmin etmiş dahi bir insanın, dünya şöhrətli ictimai-siyasi xadimin öz xalqına, sadə zəhmət adamlarına doğmalığını və rəhbərə ümumxalq məhəbbətini əyani şəkildə göstərən bir örnəkdir.
Varislik ənənəsini layiqincə davam etdirən Prezident İlham Əliyev Lerikin inkişafına xüsusi diqqət göstərir. Dövlət başçısının tapşırığı ilə 56 kilometrlik Lənkəran-Lerik magistral avtomobil yolu yenidən qurulmuş və 2005-ci ilin sentyabrında ilk dəfə rayona gələn Prezident bu yolun açılışında şəxsən iştirak etmişdir. O vaxt mən də dövlət televiziyasının çəkiliş qrupunun üzvü kimi həmin mərasimə qatılmışdım və leriklilərin xoşbəxt çöhrələrinin işıqlı ifadəsini indiki kimi xatırlayıram. Dövlət müstəqilliyinin rayona bu misilsiz töhfəsindən hədsiz sevinən sadə adamlar bir-birinə gözaydınlığı verir, Prezidentə minnətdarlıq duyğularını böyük qürurla ifadə edirdilər.
Bir il sonra, 2006-cı ilin oktyabrında yenidən Lerikə gələn dövlət başçısı əhalini daha bir tarixi hadisə - rayona təbii qaz verilməsi ilə sevindirmişdir. Bunu bayram kimi qeyd edən leriklilər deyirdilər ki, səksən ilə yaxın yaşı olan rayonun tarixində dəfələrlə gündəliyə gətirilmiş, lakin heç vəchlə həllini tapmamış qaz xəttinin çəkilişi məhz Azərbaycanın müstəqilliyi dövründə, möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişinə əsasən qısa vaxt ərzində reallığa çevrildi. Sovetlər dövründə, nəhəng dövlətin maliyyə vəsaitinin aşıb-daşmasına baxmayaraq, Lerikə qaz xəttinin çəkilməməsi üzündən əhali olmazın əzab-əziyyətə qatlaşırdı, meşələrin məhvolma təhlükəsi yaranmışdı. İndi isə təbii qaz leriklilərin həyatına, məişətinə daxil oldu. Bu, müstəqilliyin nailiyyətidir.
Rayona mavi yanacağın verilməsi mərasimindəki çıxışında Prezident İlham Əliyev dövlətimizin get-gedə daha da qüdrətləndiyini vurğulamışdır: "Bu gün Lerikə çəkilən qaz kəmərinin istifadəyə verilməsi bir daha bizim gücümüzü göstərir. Mən çox şadam, çox sevinirəm ki, Lerik rayonunun əhalisini narahat edən çox ciddi problemlər qısa müddət ərzində öz həllini tapıbdır. Keçən il biz burada yolun açılışını qeyd edirdik, bu gün qaz verilməsini qeyd edirik, əminəm ki, sonrakı illərdə də çoxlu bayramlarımız olacaqdır".
O zaman texnoloji baxımdan çox mürəkkəb layihə sayılan magistral qaz kəməri uğurla çəkilib qurtarmışdı. Masallının Tüklə kəndindən başlayaraq Lerikin mərkəzinədək 40 kilometrdən artıq müxtəlif diametrli qaz xətləri çəkilmişdi. Kəmərin yolu çətin dağ relyefində 36 yol və 6 çay keçidindən, 12 kilometr uzunluğunda sıldırım qayalıqlardan, 10 kilometrlik sıx meşə zolağından keçmişdir. Artıq beş ildir ki, 9500 nəfər əhalisi olan Lerik şəhərində mavi yanacaqdan istifadə edilir.
Dövlət müstəqilliyimizin verdiyi imkanların Lerikdə bacarıqla reallaşdırılması birmənalıdır. Regionların sosial-iqtisadi inkişafı üzrə 1-ci Dövlət Proqramının Lerikə aid müddəaları əsasən yerinə yetirilib. Bu işlərin reallaşmasında ARDNŞ-in xüsusi rolu olub. Camaatın rayonda yüksək zövqlə abadlıq-quruculuq işləri aparması, təbii gözəlliklərə yeni naxışlar vurması əsl yurdsevərlik nümunəsi sayıla bilər.
...Bir neçə saat öncə yanından ötüb keçdiyimiz Piran kəndinin müasir məktəb binasının təməlqoyma gününü xatırlayıram. Lənkəran - Lerik yolunun 20 kilometrliyindəki bu kənddə Heydər Əliyev Fondunun dəstəyi və Dövlət Neft Şirkətinin vəsaiti ilə tikiləcək 320 yerlik məktəbin təməlinə icra hakimiyyətinin başçısı Rövşən Bağırov, ARDNŞ prezidenti Rövnəq Abdullayevlə sabiq deputat həmkarı Miri Qənbərov beton qarışığı atdılar, tikintiyə xeyir-dua verdilər. Həmin qış günündə piranlıların üz-gözündə, sanki, bahar çiçəkləri açmışdı.
Sonra hamımız zirvələrə aparan yollarla Lerikə qalxdıq. Qəsəbədə də bayram idi. Ucalardan ucada dördmərtəbəli, 16 mənzilli yaşayış binası istifadəyə verilirdi. Şən musiqi sədaları dağlara yayılırdı. Şəhid ailələrinə, Qarabağ əlillərinə yeni mənzillərin orderləri paylandı. Çıxış edənlər sosial problemlərinin həllinə görə dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Rayon rəhbərliyinin verdiyi qiymətli hədiyyələrlə bəzədilmiş yaraşıqlı mənzillərə baxış keçirildi.
Jurnalistlərə müsahibə verən Rövnəq Abdullayev dedi ki, Azərbaycan neftindən əldə edilən gəlirin hesabına daimi işığı, qazı və suyu olan belə gözəl binaların tikilməsi ölkəmizdə məhz insan amilinə üstünlük verilməsinin daha bir sübutudur. Neft kapitalı əsl mənada insan kapitalına xidmət göstərir.
Ondan bir
neçə ay sonra Lerikdə yenə bayram idi. Prezident
İlham Əliyevin imzaladığı 13 iyun 2008-ci il tarixli Sərəncama
əsasən rayonun mərkəzi Lerik qəsəbəsinə
şəhər statusu verilmişdi. Təbii gözəllikləri
ilə hər kəsi heyran qoyan Lerik paytaxtdan 323 kilometr uzaqda
yerləşsə də, burada yaradılan müasir
infrastruktur, abadlıq-quruculuq işləri, şəhər mədəniyyətinin
bir çox elementləri sayəsində ucqar qəsəbə
beləcə şəhərə çevrildi. Bunu nəzərə
alan Prezident İlham Əliyevin Lerikə rəsmən şəhər
statusu verməsini sakinlər haqlı olaraq tarixi hadisə
sayır, iftixar hissi keçirirdilər. Rayona yeni icra
başçısı təyin olunmuş R.Bağırovun
tezliklə birgə səylərlə qəsəbənin
şəhər statusu almasına nail olmaqla bağlı vədinin
yerinə yetirilməsi hər kəsi sevindirirdi.
Sonra rayon
mərkəzindəki meydan abadlaşdırıldı, burada
ulu öndərin abidəsi ucaldıldı, milli ornamentlərlə
zəngin Heydər Əliyev Mərkəzi tikildi, İcra
Hakimiyyəti üçün üçmərtəbəli
inzibati bina inşa olundu. Mərkəzi rayon xəstəxanası
başdan-başa yenidən quruldu, mədəniyyət evi,
"Uzunömürlülər muzeyi", dövlət
orqanlarının binaları yeni görkəmdə araya-ərsəyə
gətirildi, küçə və meydanlar təzələndi.
Göz önündəcə Lerik əsl şəhər kimi
sərgiləndi. İkimərtəbəli, 18 mənzilli daha
bir yaşayış binası tikilərək imtiyazlı ailələrə
verildi.
Lerik
şəhərə xas portret cizgiləri ilə
dolğunlaşmaqda davam edir. Dövlət müstəqilliyimizin
yubileyi ərəfəsində leriklilərin üzü
gülür, könlü qanadlanır. Dağlar öz cəlalına
baxıb sevinir. Lerikin timsalında ölkənin davamlı
inkişaf strategiyasının çox fərəhli amilləri
özünü aydın göstərir.
Əgər
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi
ulu öndərin tarixi xidməti, 1994-cü ildə
imzalanmış "Əsrin müqaviləsi" ümummilli
liderin şah əsəri sayılırsa, regionların
sosial-iqtisadi inkişafı üzrə 1-ci və 2-ci Dövlət
Proqramları da möhtərəm Prezidentimiz İlham Əliyevin
xalqa xidmət missiyasının tarixi nailiyyətlərindəndir.
Məhz bu proqramların sayəsində son illərdə Lerikdə
genişmiqyaslı tikinti, quruculuq, abadlıq işləri
görülüb. Parklar, xiyabanlar salınıb, küçələrə
asfalt döşənib, səkilərə plitələr
düzülüb, işıqlandırma sistemləri təzələnib,
ağaclar, dekorativ gül kolları əkilib. Müasir estetik
tələblərə cavab verməyən yöndəmsiz
ticarət köşkləri yeniləri ilə əvəz
edilib, yaşayış evlərinin, inzibati binaların dam
örtükləri dəyişdirilib. Gənclərin asudə
vaxtının səmərəli, əhalinin istirahət
saatlarının mənalı keçməsində
mühüm rol oynayan 500 yerlik şəhər stadionu təmir
olunaraq istifadəyə verilib.
Rayonda əhalinin
içməli suya tələbatının
yaxşılaşdırılması məqsədilə
yaşayış məntəqələrində artezian
quyuları qazılıb və digər tədbirlər həyata
keçirilib. Abonentlərin elektrik enerjisi ilə təminatında
əvvəllər mövcud olan problemlərin, demək olar ki,
hamısı aradan qaldırılıb. Bu gün rayon əhalisinə
fasiləsiz enerji verilir. Bunun nəticəsində Lerik gecələr
də ecazkar görünür. Rəngli fəvvarə
qurulmuş park sakinlərin sevimli istirahət mərkəzlərindən
birinə çevrilib.
Şəhərin
girəcəyində İkinci Dünya müharibəsində
və Qarabağ savaşında həlak olmuş lerikli əsgərlərin
xatirəsinə gözəl bir park salınıb. Qonaqlar
öncəliklə buranı ziyarət edib rayon haqqında
ilkin təəssüratlarını formalaşdırırlar.
Bura həm də vətənpərvərlik meydanı kimi
urvatda tutulur. Elə şəhərin girişində çay
daşlarından ucaldılan "Qalaqapı" da bu
torpağın mərdlik, mübarizlik ruhunu özündə cəmləşdirir.
Lerikin mərkəzində
ulu öndərin tunc abidəsi yerləşən meydanın
arxasında yaşıl libaslı dağlar, dağların
qoynunda isə gözəl imarətlər ucalır.
Buradakı Pilləkən meydanı da ərazinin gözəlliyinə
əlavə rəng qatır. Gül-çiçəkli, əlvan
çəmənli, fəvvarəli meydan Lerik şəhərinə
xüsusi yaraşıq verir, onu daha gözəl göstərir.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov deyir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla gerçəkləşən, daxili siyasətin prioriteti sayılan regional inkişaf proqramı iqtisadi siyasətin strateji istiqamətlərinin ardıcıl həyata keçirilməsinə şərait yaradır. Bölgələrimizin tarazlaşdırılmış və hərtərəfli düşünülmüş inkişafı, bu siyasətin sosial oriyentasiyası əhalinin güzəranının davamlı şəkildə yaxşılaşmasına öz təsirini göstərmişdir. Ölkə iqtisadiyyatının bütün sahələrində tərəqqi meylləri dinamik xarakter daşıyır.
İcra hakimiyyəti başçısının dönə-dönə vurğulamasına görə, aparılan genişmiqyaslı işlər dövlət başçısının diqqət və qayğısının nəticələridir. Prezidentin son illərdə üç dəfə Lerikə səfər etməsi bunu bir daha aydın göstərir: "Bütün bunlar xalqla Prezidentin canlı əlaqəsinə sübutdur. Belə iş üsulu biz rayon rəhbərləri üçün də nümunədir. Məsuliyyətimiz artır, daha yaxşı işləməyə can atırıq". İcra başçısı onu da deyir ki, Lerikdə həyata keçirilən işlərdə Dövlət Neft Şirkətinin, xüsusilə onun prezidenti Rövnəq Abdullayevin zəhməti danılmazdır. O tez-tez rayonda olur, bizə yaxından kömək edir.
Rayon rəhbərliyinin yerlərdə əhali ilə görüşləri artıq ənənə halını alıb. Həmin görüşlərdə qaldırılan bütün məsələlər nəzərə alınır və həlli üçün müvafiq addımlar atılır. Əksər məsələlərin həyata keçirilməsinin nəticəsidir ki, rəhbərlik növbəti dəfə kənd sakinlərinin görüşünə ürəklə gedir. Çünki deməyə söz, göstərməyə iş var. Bu ilin əvvəlindən icra başçısı idarə və təşkilat rəhbərləri ilə birlikdə 30-dək səyyar qəbul və görüş keçirib.
Rayonda davam edən abadlıq-quruculuq yürüşü əhalinin nikbinliyini daha da artırır. Görüşlərimizin birində rayonun hörmətli ağsaqqallarından olan Qəhrəman Əliyevin söylədikləri yadıma düşür: "Nikbinliyimiz dövlət qayğısı ilə bağlıdır. Möhtərəm Prezidentimiz son illərdə dəfələrlə rayonumuza gəlib, sosial problemlərimizin həllinə əməli dəstək verib. Dövlət başçımızın bizə doğma münasibətindən hədsiz dərəcədə razıyıq. Birinci Dövlət Proqramı üzrə Lerikdə çox iş görülüb. İkinci Dövlət Proqramı da elə bu zəmində uğurla reallaşır. Rayonumuzun rəhbərliyi də yetərincə işgüzar və təşəbbüskardır. Orada bacarıqlı adamlar cəmləşib. Onlar tez-tez yaşayış məntəqələrinə, ən ucqar kəndlərə əhali ilə görüşlərə gedib adamların dərd-səri ilə maraqlanır, əllərindən gələn köməkliyi göstərməkdən zövq alırlar. Hamı əlbir olub doğma Lerikimizin tərəqqisinə çalışır".
Prezident İlham Əliyev ötən ilin yayında Lerikə növbəti səfərində bir sıra sosial obyektlərin açılışında iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərək həyata keçirilən tədbirləri təqdir edib: "Mən çox şadam ki, Lerikdə inkişaf çox sürətlə gedir. Mən artıq üçüncü dəfədir ki, Lerikdəyəm. Hər dəfə gələndə yeni müəssisələr, yeni obyektlər açılır, abadlıq işləri aparılır. Bunları görürəm və çox sevinirəm. Rayonun, sözün əsl mənasında, inkişafı həm yerli sakinlər, həm də bütün ölkə üçün çox vacibdir. Çünki Lerik paytaxtdan uzaqda yerləşən dağ rayonudur. Dağ rayonlarına, paytaxtdan, mərkəzdən uzaqda yerləşən bölgələrə xüsusi diqqət göstərilməlidir və bu diqqət göstərilir".
Leriklilərin çox gözəl təbii şəraitdə yaşadıqlarını söyləyən dövlətimizin başçısı burada turizm, istirahət-əyləncə mərkəzləri şəbəkəsinin yaradılması vacibliyini önə çəkib. Artıq ölkə rəhbərinin tövsiyəsi əməli işlərlə və uğurla həyata keçirilir. Turizm obyektlərində yeni kotteclər, müasir istirahət meydançaları tikilir. Buraya dincəlməyə gələnlərin sayı ilbəil artır. "Relax", "Cənub", "Təbəssüm", "Səfa", "Meşəbəyi", "Xəyal" və digər mərkəzlərdə hər mövsümdə eyni vaxtda yüzlərlə qonaq dincəlir. Onların arasında əcnəbilər də çox olur. Ötən ildən tikilən "Akva-park"da son tamamlama işləri gedir. Burada istirahətin daha da rəngarəng keçməsi məqsədilə qarşıdakı illərdə kanat yolların çəkilişi də nəzərdə tutulur.
İkinci Dövlət Proqramında Lerik rayonuna aid 13 sahə üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu tədbirlər bir-bir reallaşdırılır. Nəticədə dağlar diyarı daha da gözəl və cəlbedici olacaq. Şəhərin yeni Baş planına əsasən, Lerikdə bu il beş min kvadratmetr istinad divarı bərpa olunub. Səkilərə iki min kvadratmetrlik ağlay plitəsi, təxminən bir o qədər də tamet döşənib. Şəhərin küçə və yollarına minlərlə kvadratmetr asfalt örtüyü salınıb, yeni müasir işıqlandırma sistemləri qurulmaqla 130 ədəd təzə elektrik dirəyi küçə və meydanlarda yerləşdirilib. Mindən çox ailənin qaz təchizatı həyata keçirilib. İyun ayında ARDNŞ prezidenti Rövnəq Abdullayev və Milli Məclisin deputatı İqbal Məmmədovun iştirakı ilə 3700 nəfərə yaxın sakini olan 6 kəndə təbii qaz verilib, 500-dən yuxarı abonent mavi yanacaqla təmin edilib. Diametri 320 millimetr olan 8345 metr uzunluğunda və diametri 160 millimetr olan 1168 metr uzunluğunda polietilen boruların çəkilməsi, ümumi uzunluğu 19400 metr olan kəndlərarası paylayıcı kəmərlərin tikintisi çox böyük sürət və keyfiyyətlə aparılıb. Qaz təchizatına görə sakinlərinin sevindiyi kəndlər Cəngəmiran, Pirzəküçə, Blaband, Lüləkəran, Xəlifəküçə və Osnağaküçədir. Cəngəmirandan ağsaqqal Məmmədhüseyn Babayev, Blabanddan Əliqulu Əkbərov və başqaları Lerikin tarixində ilk dəfə olaraq kəndlərə qaz verilməsini ürəkdən alqışlayıblar. Daha 9 kəndə qaz xəttinin çəkilməsi üçün tədbirlər görülməkdədir. Bunlar Kiravurd, Ərdədilə, Gürdəsər, Əliabad, Camaşayır, Soru, Bilnə, Hıramo və Noda kəndləridir.
Dünya Bankının köməkliyi ilə Lerik şəhərində su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması ilə bağlı tikinti işlərinə başlanmaqdadır.
Xatırladaq ki, Cəngəmiran kəndində yeni qaz xəttinin istismara verildiyi gün orada daha bir obyektin - icra hakimiyyətinin daxili imkanları hesabına tikilmiş 35 yerlik uşaq bağçasının da açılışı olub. Dörd otağı, bir yeməkxanası və bir oyun zalı olan bağçada fidan balalar üçün hər cür şərait yaradılıb. Məktəbəqədər tərbiyə ocağı rayon icra hakimiyyəti tərəfindən həm məişət avadanlığı, həm də yataq dəstləri və oyuncaqlarla təmin edilib. Kənddə bayram bayrama qarışıb.
Lerik şəhərində tikilən bazar artıq istismara hazırdır. Hazırda küçələrdə pərakəndə ticarətlə məşğul olan vətəndaşların bu bazarda yerləşdirilməsinə başlanıb. Ticarət mərkəzi kəndlilərin öz məhsullarını sərfəli şəkildə satması baxımından xüsusilə əhəmiyyətlidir. Bu məhsullara tələbat da böyükdür. Axı, ekoloji cəhətdən təmiz qidalar, ərzaqlardır.
Lerikdə yeni istehsal sahələri yaradılır, köhnələr fəaliyyətini bərpa edir. Bunların nəticəsi olaraq 1600-ə yaxın yeni iş yeri açılıb. Müstəqillik əldə etdiyimiz illər ərzində təkcə Lerik şəhəri abadlaşmayıb, eyni zamanda adamların rifah halı yaxşılaşıb. Bu rayonda adambaşına düşən gəlir 234,4 manata çatıb. Ümumi məhsul buraxılışının həcmi ötən ilə nisbətən 3 faiz, pərakəndə əmtəə dövriyyəsi 12 faiz, pullu xidmət 3,2 faiz və təmir-tikinti işləri 13 faiz artıb. İlin əvvəlindən bank filialları və kredit təşkilatları kiçik sahibkarlığın inkişafı məqsədilə əhaliyə iki milyon manatlığadək kreditlər verib.
Yuxarıda qeyd etmişdik ki, Lerikdə təhsil sahəsi də inkişaf etməkdədir. Təkcə ötən dərs ilində 12 yeni məktəb binası tikilərək istifadəyə verilib. Tədris müəssisələrinin maddi-texniki bazası gücləndirilib, onlar kompyuter dəstləri ilə təchiz olunub. Bu dərs ili ərəfəsində də məktəblərin təmir və tikintisi sahəsində az iş görülməyib. Daxili imkanlar hesabına 6 məktəbdə təmir aparılıb. Hamarmeşə məktəbi üçün inşa olunan 220 yerlik, Veri kənd məktəbi üçün tikilən 180 yerlik binalarda son tamamlama gedir. Bu günlərdə yeni təhsil ocaqları qapılarını müəllim və şagirdlərin üzünə açacaq. Yeri gəlmişkən, ötən dərs ilində attestat almış 390 məzundan 227 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 118 nəfəri tələbə adına layiq görülmüşdür.
...Dövlət müstəqilliyimizin bərpasının 20 illiyi ərəfəsində Lerikə ezamiyyətim zamanı dostlarımla məhz şəhərin mərkəzində, Dövlət bayrağı meydanında görüşdüyümün fərqinə vardım. Bu, təsadüf idimi, ya zərurət - deyə bilmərəm. Amma faktın özü məmnunluq yaradan rəmzilikdən xali deyil. Otuz beş metr yüksəklikdəki qüllədə üçrəngli, ay-ulduzlu bayrağımız əzəmətlə dalğalanırdı. Bu qumaşın arasında küləklər sanki sehirlənirdi. Baxdıqca ürəklərimiz fərəhlə döyünür, bizsə müstəqilliyin ucqar bölgəyə töhfələri ilə öyünürdük.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 29 sentyabr.- S.
7.