Dövlət
müstəqilliyinin bərpası ölkənin su sektorunda
yeni inkişaf mərhələsinin əsasını
qoymuşdur
Azərbaycan xalqı dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümünü qeyd etməyə
hazırlaşır. Tarixi müstəqilliyin ötən hər
bir ili ölkəmiz, xalqımız üçün son dərəcə
məsuliyyətli bir dövr kimi yadda qalmışdır. Təsadüfi
deyil ki, müasir Azərbaycan dövlətçiliyinin qurucusu
və memarı, xalqımızın ümummilli lideri Heyər
Əliyev demişdir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə
etməkdən qat-qat çətindir. Məhz ulu öndərin
müəyyənləşdirdiyi düzgün sosial-iqtisadi
strategiyanın uğurla həyata keçirilməsi nəticəsində
Azərbaycanın dövlət müstəqilliyi əbədi
və dönməz xarakter aldı, ölkəmiz gündən-günə
inkişaf edib çiçəkləndi.
Heç şübhəsiz, ölkənin siyasi müstəqilliyinin qorunub saxlanması və möhkəmlənməsi onun iqtisadi müstəqilliyindən çox asılıdır. Məhz bütün bunlara görə ulu öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə gəldikdən sonra ölkədə siyasi sabitliyin bərpasına nail olmaqla yanaşı, gələcək iqtisadi müstəqilliyin də əsasını qoymaq barədə götür-qoy etdi. Bunun üçün, ilk növbədə, Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının ölkəmizin, xalqımızın gələcək firavanlığının təminatına yönəldilməsini nəzərdə tutan mükəmməl neft strategiyası işlənib hazırlandı. 1994-cü il sentyabr ayının 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanda iqtisadi sabitliyin təməli qoyuldu. Bu da öz növbəsində beynəlxalq maliyyə qurumlarının Azərbaycanda həyata keçirilən iqtisadi və infrastruktur layihələrinə marağını artırdı.
Müstəqilliyini yenicə qazanmış Azərbaycanın məhdud maliyyə ehtiyatları içməli su təchizatı sektorunda iri həcmli layihələri həyata keçirməyə imkan vermirdi. Məhz bütün bunları nəzərə alan ümummilli lider Heydər Əliyev əhalinin su təminatının yaxşılaşdırılması üçün beynəlxalq maliyyə təşkilatlarından kredit cəlb etmək təşəbbüsünü irəli sürdü. 1995-ci ildə ulu öndərin göstərişi ilə fiziki və mənəvi cəhətdən köhnəlmiş Ceyranbatan və Kür sutəmizləyici qurğularının yenidən qurulması üçün Dünya Bankından, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankından dövlət zəmanətli kreditlərin cəlbi üçün danışıqlara başlanıldı. Məhz Heydər Əliyevin böyük qayğısı və beynəlxalq nüfuzu sayəsində ölkəmizin su sektoruna ilk dəfə olaraq güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu. Həmin danışıqların nəticəsi olaraq sözügedən banklar "Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması" layihəsinə güzəştli şərtlərlə 88,7 milyon dollar kredit ayrılmasına razılıq verdilər. Xatırladaq ki, bu, Azərbaycan hökumətinin infrastruktur layihələrinin icrası məqsədilə xarici banklardan aldığı ilk kredit idi.
Beləliklə, 1998-ci ildə layihənin icrasına başlanıldı. Ötən il ərzində Ceyranbatan və Kür sutəmizləyici qurğular komplekslərində, həmçinin Bakı şəhərinin su təchizatı sisteminin əsas istehsal sahələrində yenidənqurma işləri aparıldı. Layihə çərçivəsində Azərbaycan hökumətinin iştirak payı da daxil olmaqla 100,93 milyon dollar xərcləndi. ABŞ, Almaniya, İngiltərə və İtaliya şirkətlərinin iştirakı ilə həyata keçirilən layihənin icrası nəticəsində təmizlənən suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırıldı ki, bu da paytaxt sakinlərinin içməli su ilə təminatına imkan yaratdı. Onu da qeyd etmək lazımdır ki, reabilitasiya xarakteri daşıyan layihə çərçivəsində, eyni zamanda, 25 nasos stansiyası yenidən quruldu, Bakı şəhərinin su kəmərləri şəbəkəsinin qəzalı hissələri dəyişdirildi, laborator və xlorator avadanlıqları, xüsusi təyinatlı maşın və mexanizmlər alındı.
Ötən əsrin 80-ci illərində birinci növbəsi tikilmiş Hövsan Aerasiya Stansiyasının yenidən qurulması və məhsuldarlığının artırılması məsələsi də öz həllini məhz müstəqillik dövründə tapdı. Belə ki, 2006-2009-cu illərdə Fransa hökumətindən alınmış 35 milyon avro məbləğində kredit və 44,9 milyon manat büdcə vəsaiti hesabına "Hövsan Təmizləyici Qurğular Kompleksi, 2 saylı Zığ nasos stansiyası və əsas ötürücü kanalizasiya kollektorlarının yenidən qurulması və genişləndirilməsi" layihəsi icra olundu. Nəticədə, Hövsan Aerasiya Stansiyası yenidən qurularaq məhsuldarlığı sutkada 480 min kubmetrdən 640 min kubmetrə çatdırıldı.
Azərbaycanın iqtisadi müstəqilliyinin getdikcə möhkəmlənməsi, ölkənin maliyyə imkanlarının ilbəil artması, bütün sahələrdə olduğu kimi, içməli su sektorunda və kanalizasiya şəbəkəsində də bir sıra əsaslı yenidənqurma və təmir-bərpa işlərinin həyata keçirilməsinə imkan yaradırdı. Təkcə onu qeyd etmək kifayətdir ki, 2006-cı ildə paytaxtın Buzovna qəsəbəsində məhsuldarlığı sutkada 10 min kubmetr olan bioloji təmizləyici qurğular kompleksi tikilərək istifadəyə verildi. Bununla yanaşı, SSRİ dövründə inşa olunmuş Mərdəkan-Şüvəlan təmizləyici qurğular stansiyası yenidən qurularaq mexaniki təmizləmə stansiyasından bioloji təmizləmə stansiyasına çevrildi. Qurğunun məhsuldarlığı sutkada 15 min kubmetrdən 18 min kubmetrə qədər artırıldı. Bundan əlavə, Sumqayıt şəhərində məhsuldarlığı sutkada 200 min kubmetr təşkil edəcək çirkab sutəmizləyici qurğunun sutkada 100 min kubmetr gücə malik birinci növbəsi tikilib istismara verildi. Hazırda isə obyektin ikinci növbəsi üzrə işlər davam etdirilir.
Azərbaycanın 20 illik müstəqillik dövründə su təchizatı sektorunda həyata keçirilmiş ən böyük layihə isə, heç şübhəsiz, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlıdır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, paytaxtı ekoloji cəhətdən təmiz və keyfiyyətli su ilə təchiz edən Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin təşəbbüskarı da məhz xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. Təsadüfi deyil ki, hələ vaxtilə "Bakıya bol-bol su gətirəcəyik" deyən ulu öndər 2002-ci ilin dekabr ayında keçirilən müşavirədə paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıqlar vermişdir. 2005-ci ilin sentyabrında isə ulu öndərin sosial və iqtisadi strategiyasını uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş və Böyük Bakının su təchizatının yaxşılaşdırılmasına həsr olunmuş müşavirədə layihənin müxtəlif parametrləri müzakirə edilmiş və işlərin başlanmasına qərar verilmişdir.
2007-ci ilin mart ayında ölkə Prezidentinin iştirakı ilə Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli qoyuldu. Beləliklə də, Oğuzdan Bakıya diametri 2 min millimetr, uzunluğu 262,5 kilometr olan özüaxımlı su kəmərinin inşasına başlanıldı. Tikinti işləri ilə yanaşı, kəməri su ilə doldurmaq məqsədilə çoxlu artezian quyusu da qazıldı. Bundan əlavə, ərazidə yarımstansiya quraşdırıldı, dəniz səviyyəsindən 417 metr yüksəklikdə baş suqəbuledici qurğular kompleksi və suyun təmizlənməsi üçün kəmər üzərində çoxsaylı nizamlayıcı qurğular inşa olundu. Yeri gəlmişkən, son illər Azərbaycanın içməli su sektorunda həyata keçirilən ən böyük layihələrdən sayılan Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilmişdir.
Bu su kəmərinin
tikintisi 2010-cu ilin sonunda başa çatdırıldı.
Prezident İlham Əliyevin iştirakı ilə Yeni il ərəfəsində-dekabr
ayının 28-də layihə gücü saniyədə 5
kubmetr olan su kəməri istismara verildi.
Kəmərin
istifadəyə verilməsini ölkəmiz və
xalqımız üçün böyük bir tarixi hadisə
kimi dəyərləndirən ölkə Prezidenti İlham Əliyev
demişdir: "Azərbaycanda su təchizatı ilə
bağlı digər vacib layihələr icra edilmişdir və
icra edilməkdədir. Oğuz-Qəbələ-Bakı su kəmərinin
tikintisi, hesab edirəm ki, tarixi hadisədir. Çünki
bilirsiniz ki, uzun illər ərzində bu layihə ilə
bağlı müxtəlif fikirlər səslənirdi, təkliflər
irəli sürülürdü. Ancaq Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra bu layihə reallaşa
bilmişdir".
Bütövlükdə
isə 1991-2011-ci illərdə ölkəmizin şəhər
və rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin
yaxşılaşdırılması üçün müxtəlif
diametrli borularla 1500 kilometrdən artıq su xətləri, 600
kilometrə yaxın kanalizasiya xətləri çəkilmişdir.
Ötən 20 il ərzində həmçinin ümumi həcmi
106 min kubmetr olan 59 su anbarı, 30 suqəbuledici qurğu, 24 su
nasos stansiyası, 20 kanalizasiya nasos stansiyası tikilmiş, 29 ədəd
su anbarı, 13 ədəd kanalizasiya nasos stansiyası isə
yenidən qurulmuşdur. Müstəqillik dövründə
200-dən artıq artezian və subartezian quyusu
qazılmışdır. Yeri gəlmişkən, 1991-ci ilin
sonunda Bakı şəhəri və Abşeronun kəndlərində
1 milyon 300 minə yaxın istehlakçı içməli su
ilə təmin olunurdusa, müstəqilliyin 20 ili ərzində
onların sayı 2 milyon 280 min nəfərə
çatmışdır.
Azərbaycan
hökuməti müstəqillik dövründə paytaxtla
yanaşı, ölkənin regionlarında da içməli su
təchizatının yaxşılaşması
üçün lazımi tədbirlər
görmüşdür. Bu məqsədlə həm dövlət
büdcəsi, həm də beynəlxalq maliyyə təşkilatlarının
vəsaitlərindən istifadə olunmuşdur. Ötən illər
ərzində Azərbaycan hökuməti su təchizatı və
kanalizasiya layihələrinin reallaşdırılması məqsdilə
Dünya Bankı, Asiya İnkişaf Bankı, Almaniya
İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq
Təşkilatı, Səudiyyə Fondu və digər beynəlxalq
maliyyə qurumları ilə sazişlər
imzalamışdır.
Ölkə
regionlarının içməli su təchizatının əsaslı
şəkildə yaxşılaşdırılması məqsədilə
beynəlxalq maliyyə qurumları ilə imzalanmış ilk
saziş isə Göyçay və Ağdaş şəhərlərini
əhatə etmişdir.
Xatırladaq
ki, həmin saziş 2005-ci ildə Asiya İnkişaf Bankı
ilə imzalanmışdır. Hazırda Almaniya İnkişaf
Bankı Şəki və Gəncə şəhərlərində,
Dünya Bankı 14 şəhər və rayon mərkəzində,
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi isə 10
şəhər və rayon mərkəzində su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulmasını
maliyyələşdirir. Ümumilikdə imzalanmış
kredit sazişlərinə uyğun olaraq beynəlxalq maliyyə
təşkilatları tərəfindən Azərbaycanda
bütün bu işlərin görülməsinə 746 milyon
dollar kredit ayrılacağı gözlənilir. Artıq bu
günədək həmin vəsaitin 97 milyon dollarından
istifadə olunmuşdur.
Regionlarda
su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulmasının sürətləndirilməsi məqsədilə
beynəlxalq təşkilatların ayırdığı
kreditlərlə yanaşı, büdcə vəsaitlərindən
də istifadə olunmasına başlanmışdır. 2011-ci
ilin ikinci yarısından etibarən "Azərsu" ASC
Quba, Lənkəran, Zərdab, Ucar, Kürdəmir,
Hacıqabul, İmişli, Biləsuvar, Qax, Şəmkir, Mingəçevir
şəhərlərinin su təchizatı və kanalizasiya
sistemlərinin yenidənqurulması üzrə tikinti işlərinə
start vermişdir. Hazırda bu istiqamətdə konkret işlər
görülür.
Eyni
zamanda, Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyəti , eləcə də Ərazilərin
Bərpası və Yenidən Qurulması Agentliyi tərəfindən
Tovuz, Ağstafa, Goranboy, Göygöl, Zaqatala, Şabran, Siyəzən,
Oğuz, İsmayıllı və Ağsu şəhərlərində
bu istiqamətdə mühüm tədbirlər həyata
keçirilir.
Ümumiyyətlə,
qarşıdakı 3-4 il ərzində ölkənin
bütün şəhər və rayon mərkəzlərinin
su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulmasının başa çatdırılması
planlaşdırılır. Təsadüfi deyil ki, bu il sentyabr
ayının 8-də Ceyranbatan ultrasüzgəcli sutəmizləyici
qurğunun təməlqoyma mərasimində iştirak edən
Prezident İlham Əliyev bu vacib məqama toxunaraq demişdir:
"Çalışmalıyıq ki, Azərbaycana dünyanın
ən qabaqcıl texnologiyalarını gətirək,
bütün sahələrdə tətbiq edək. Bir daha demək
istəyirəm ki, insan sağlamlığı
üçün əsas olan su təchizatı məsələlərində
biz bu yüksək səviyyəni təmin etməliyik".
Yeri gəlmişkən,
hazırda paytaxt Bakının, eləcə də ölkə
regionlarının sosial-iqtisadi inkişafının daha da
sürətləndirilməsi məqsədilə mühüm
dövlət proqramları həyata keçirilir. "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"
çərçivəsində nəzərdə tutulmuş
tədbirlərin uğurla həyata keçirilməsi bölgələrin
içməli su təchizatının
yaxşılaşdırılmasına imkan yaradır. Bundan əlavə,
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş
"2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı"na uyğun olaraq hazırda
Bakıətrafı qəsəbələrin hər birində
su təchizatı və kanalizasiya sistemlərinin
yaradılması ilə bağlı işlərə
başlanmışdır.
Dövlət
Proqramının icrası nəticəsində paytaxtın
bütün kənd və qəsəbələrinin keyfiyyətli
və dayanıqlı su təchizatı həyata keçiriləcəkdir.
Bakı
şəhəri və Abşeron yarımadasının digər
yaşayış məntəqələrinin su təchizatının
yaxşılaşdırılması məqsədilə
Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksinin ərazisində
yeni ultrasüzgəcli qurğunun inşasına başlanmışdır.
Təməli Prezident İlham Əliyev tərəfindən
2011-ci il sentyabr ayının 8-də qoyulan qurğunun
inşası ilə Bakı və Abşeron
yarımadasının su təchizatında əsaslı
dönüş yaranacaq, eyni zamanda, bu günə qədər
su almayan Pirallahı, Türkan, Zirə, Dübəndi, Qala,
Şüvəlan, Mərdəkan, Binə qəsəbələri
mərkəzləşdirilmiş su təchizatı sistemi ilə
təmin olunacaq.
Həmin
yaşayış məntəqələrinin içməli su
ilə təchizatını həyata keçirmək
üçün Ramana anbarı kompleksindən uzunluğu 65
kilometr olan yeni kəmərin çəkilişi nəzərdə
tutulur. Yeni qurğuda, həmçinin Niderland
Krallığının istehsalı olan müasir
avadanlıqdan istifadə ediləcəkdir. Tam avtomatik rejimdə
idarə olunacaq qurğu elektrik enerjisinə qənaət etməyə
imkan verəcəkdir. Məhsuldarlığı saniyədə
6 kubmetr və ya sutkada 520 min kubmetr olacaq bu qurğuda emal olunan
su Ümumdünya Səhiyyə Təşkilatının
standartlarına cavab verəcək. İstehlakçılara
öz axımı ilə çatdırılması
üçün ultrasüzgəcli qurğuda emal olunacaq su dəniz
səviyyəsindən 190 metr hündürlükdə yerləşən
anbara ötürüləcək və buradan Abşeronun
bütün ərazilərinə paylanacaq.
Göründüyü
kimi, Azərbaycanın iqtisadi qüdrətinin ilbəil
artması, ölkənin maliyyə imkanlarının getdikcə
genişlənməsi, bir çox sahələrdə
olduğu kimi, su təchizatı sektorunda da iri infrastruktur layihələrinin
reallaşdırılmasına səbəb olur. Bütün
bunlar isə, heç şübhəsiz, ən böyük
nemət sayılan tarixi müstəqilliyimizin bəhrəsidir.
Müasir Azərbaycan dövlətçiliyinin banisi,
xalqımızın ümummilli lideri Heydər Əliyevin
düşünülmüş, məqsədyönlü
sosial-iqtisadi strategiyasına əsaslanan islahatların Prezident
İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi
isə gələcək uğurlara, yüksək nailiyyətlərə
etibarlı təminat yaradır.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2011.- 29 sentyabr.- S.
5.