Azərbaycanın neft-kimya sənayesi yeni inkişaf dövrünü yaşayır

 

Son illər ölkəmizdə neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin yüksəldilməsi və bu sahədə rəqabət qabiliyyətli məhsulların istehsalının təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilir.

 

Xüsusən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 aprel 2010-ci il tarixli "Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" sərəncamına əsasən "Azərikimya"nın Dövlət Neft Şirkətinin tabeliyinə verilməsi ilə ölkəmizin kimya sənayesi kompleksində yeni inkişaf mərhələsinin əsası qoyulmuşdur. Belə ki, yeni yaradılmış "Azərikimya" İstehsalat Birliyində ilk günlərdən etibarən həm istehsalat, həm də sosial-mədəni sahələr üzrə həyata keçirilən məqsədyönlü tədbirlər və yenidənqurma işləri kimya sənayesinin dirçəlişinə təkan vermiş, bu sahədə yeni-yeni uğurlara yol açmışdır.

Ötən müddətdə birlik üzrə ilk dəfə etilen istehsalatının layihə gücü səviyyəsində işləməsi təmin edilmiş, məhsulların çıxım səviyyəsi yüksəldilmiş, xammala qənaət olunmuş, balans itkiləri minimuma endirilmiş və beləliklə də, məhsulun maya dəyəri aşağı salınaraq rentabellik artırılmışdır. Ən əsası isə birliyin müəssisələrində texnoloji prosesin tamlığı təmin edilmişdir.Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin ilk yarısında tələbatın yüksək olduğu etilen, polietilen, propilen və butilen-butadien fraksiyası istehsalı 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 45-60 faiz artmışdır. Bu isə son illərin ən yaxşı göstəricilərindəndir. Hazırda birliyin istehsal etdiyi məhsulların böyük bir hissəsi xaricə - MDB və Baltikyanı ölkələrə, Türkiyəyə, Çinə, İtaliyaya, Rumıniyaya, Maltaya, ümumilikdə 20-yə yaxın ölkəyə ixrac edilir. Kimya məhsullarının ixrac coğrafiyasının daha da genişləndirilməsi isə Dövlət Neft Şirkətinin qarşısında duran prioritet vəzifələrdəndir.

2010-cu ilin yay mövsümündən etibarən "Azərikimya" İstehsalat Birliyinin ayrı-ayrı müəssiələrində yüksək keyfiyyətli təmir işləri aparılmışdır. Bu da istehsalat prosesinin genişləndirilməsinə və məhsulun maya dəyərinin aşağı salınmasına səbəb olmuşdur. Yeri gəlmişkən, birliyin qabaqcıl müəssisələrindən sayılan Etilen-Polietilen Zavodunda həyata keçirilmiş əsaslı təmirin nəticəsi olaraq 2011-ci ilin ilk yeddi ayında etilen istehsalatında xammal sərfinin normadan aşağı salınmasına nail olunmuş, etilenin çıxımı 27,21 faiz, propilenin çıxımı isə 14,7 faiz olmaqla məqsədli məhsulların istehsalı artmışdır. Bununla yanaşı, son illərdə ilk dəfə olaraq istehsalatın layihə göstəriciləri səviyyəsində işləməsi təmin edilmiş, balans itkiləri azaldılmış və xammala qənaət olunmuşdur. Digər müəssisələrdə də istehsal tempi ötən ilə nisbətən artmışdır. Heç şübhəsiz, bütün bu nailiyyətlər birliyin müəssisələrində, əsas istehsalat sahələrində son bir il ərzində həyata keçirilmiş genişmiqyaslı və məqsədyönlü tədbirlər sayəsində əldə olunmuşdur.

Həmin tədbirlər çərçivəsində əsas xammal olan ilkin emal benzininin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə tərkibi dəyişdirilmiş, bunun da hesabına xammal sərfi normadan aşağı salınmış, etilenin çıxımı 24,3 faizdən 27 faizədək yüksəldilmiş və itkilərin azaldılmasına nail olunmuşdur. Cari ilin yeddi ayında ötən ilin müvafiq dövrünə nisbətən xammal emalı 69 min 105,3 ton artmışdır. Bunun da nəticəsində nəzərdə tutulduğundan 23008,9 ton etilen və 13190,1 ton propilen artıq istehsal edilmişdir ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə orta hesabla 78,8 faiz çoxdur. 2011-ci ilin yeddi ayı ərzində məqsədli məhsulun çıxım faizinin daha çox olmasına səbəb isə EP istehsalatında istifadə edilən xammalın tərkibinə mayequru qazların verilməsidir. Bundan əlavə, yeni tərkibli inqibitorların sistemə verilməsi ilə boru xətlərində tutulmaların qarşısının alınması məqsədli məhsulun çıxımına öz müsbət təsirini göstərmişdir.

Dövlət Neft Şirkəti tərəfindən emal müəssisələri ilə kimya sektoru arasında sıx əlaqələrin yaradılmasına xüsusi diqqət yetirilir. "Azərikimya" Dövlət Neft Şirkətinin tərkibinə verildikdən sonra quru qaz fraksiyalarının birliyin EP-300 istehsalatında emal olunması ilə bağlı mühüm qərarın qəbul edilməsi də məhz bu məqsədə xidmət edir. 2011-ci ilin ilk yarısında Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundan quru qazların birbaşa "Azərikimya" İstehsalat Birliyinə nəqlini təmin etmək üçün 62 kilometr uzunluğunda boru kəməri çəkilib istifadəyə verilmişdir ki, bu da Etilen-Polietilen Zavodunun xammalla davamlı təminatına imkan verir. Cari ilin aprel ayının əvvəlindən həmin boru xətti ilə qazın qəbuluna və emala verilməsinə başlanılmışdır. Bu fraksiyanın tərkibində məqsədli məhsul olan etan-etilenin miqdarının 50 faizə çatması və bununla yanaşı, etilenə çevrilən propan, propilenins. qazların olması polietilen məhsulu üçün xammal sayılan etilenin istehsalının artmasına səbəb olmuşdur. Eyni zamanda, bu mühüm tədbir EP-300 istehsalatını ildə 35 min ton xammalla təchiz etməklə yanaşı, əmtəəlik məhsul olan polietilenin maya dəyərini də xeyli aşağı salacaqdır.

Bu yaxınlarda İqtisadi İnkişaf Nazirliyinin dəstəyilə birliyin ərazisində Kimya Texnoparkının yaradılması işlərinə başlanılmışdır. Xatırladaq ki, burada birliyin istehsal etdiyi məhsullardan xammal kimi istifadə olunmaqla müxtəlif çeşidli yekun istehlak mallarının hazırlanması nəzərdə tutulur. Bu da öz növbəsində çoxlu sayda yeni müəssisə və yerlərinin açılmasına imkan yaradır.

2011-ci ilin yeddi ayı ərzində birliyin müəssisələrində 111 milyon 70,5 min manatlıq əmtəəlik məhsul istehsal edilmişdir ki, bu da nəzərdə tutulduğundan 34 milyon 91,3 min manatya 44,3 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 58,8 faiz çoxdur. Hesabat dövrü ərzində birliyin əsas istehsal müəssisəsi olan Etilen-Polietilen Zavodu istehsal proqnozuna 137,5 faiz əməl edərək, nəzərdə tutulduğundan 27 milyon 606,1 min manatlıq artıq məhsul istehsal etmiş, keçən ilin müvafiq dövrünün səviyyəsini 51,3 faiz ötmüşdür. Sevindirici haldır ki, son zamanlar müəssisədə polietilen, propilen məhsullarının istehsalı getdikcə artır.

Birliyin digər mühüm istehsal sahələri olan Səthi-Aktiv Maddələr və Üzvi Sintez zavodlarında da istehsalın həcminin artırılması və məhsulun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin də müsbət nəticələri getdikcə artır. Təkcə onu demək kifayətdir ki, cari ilin yeddi ayında Səthi-Aktiv Maddələr Zavodunda 7978 ton kaustik soda, Üzvi Sintez Zavodunda isə 6383,2 ton propilen oksidi istehsal olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5948 ton və 5204,1 ton çoxdur. Struktur dəyişikliyi həyat keçirildikdən sonra "Azərikimya" İstehsalat Birliyi tərəfindən 1995-2010-cu illər ərzində yaranmış kreditor borcları, o cümlədən Dövlət Sosial Müdafiə Fondu, enerji, qaz, xammalsair borclar, həmçinin Yaponiya "Eksimbank"ından Etilen-Polietilen Zavodunun buxar-generator qurğusunun tikintisinə görə dövlət zəmanəti ilə götürülmüş kredit tam ödənilmişdir. Bundan əlavə, Azərbaycan Beynəlxalq Bankından 2003-cü ildə götürülmüş kreditin qaytarılmasına başlanılmışdır.

Ötən ilin sonundan etibarən birlik üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara keçidi tamamilə başa çatdırılmış və xarici audit şirkətləti tərəfindən audit yoxlaması aparılmışdır. Birlik üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara keçidi ilə əlaqədar təqdim edilən məlumatların şəffaflığının təmin olunması və anbarlarda uzun müddət istifadə olunmayan hazır məhsul, xammalmateriallar ya təkrar emala verilmiş, ya da realizə edilmişdir. Bütövlükdə isə 2011-ci il yanvarın 1-dən birlik üzrə maliyyə sənədlərinin dövriyyəsi tamamilə SAP ERP sisteminə keçirilmişdir. Qəbul edilmiş qənaət proqramına uyğun olaraq iqtisadi cəhətdən daha əlverişli və daha müasir azot-oksigen qurğusununyeni susoyutma kompleksinin tikilməsi üçün bu sahədə müvafiq təcrübəsi olan xarici mühəndis şirkətləri ilə müqavilələr imzalanmışdır. Cari ilin ötən dövrü ərzində birliyin müəssisələri üzrə enerjidaşıyıcılara, xammalmateriallara qənaət olunması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması, eləcə də istehsalatların sabit və ahəngdar işinin təmin olunması ilə bağlı hazırlanmış kompleks tədbirlər planının icrası təmin olunur ki, bu da ili yüksək göstəricilərlə başa vurmağa zəmin yaradır. Yeri gəlmişkən, işçilərin əmək şəraitini yaxşılaşdırmaq məqsədilə birliyin baş ofisinin, Etilen-Polietilen Zavodunun, təmir-tikinti, avtonəqliyyat və xüsusi texnika idarələrinin inzibati binaları əsaslı təmir olunmuş, texniki avadanlıq və kompyuterlərlə təchiz olunmuşdur.

Hazırda ekologiya sahəsində geniş tədbirlərin həyata keçirilməsi də birliyin qarşısında duran mühüm vəzifələrdəndir. İlin əvvəlindən etibarən bu sahədə xeyli görülmüş, EP-300 istehsalatının məşəl qurğusunda aparılmış yenidənqurma işləri nəticəsində qismən tüstüsüz yanmaya nail olunmuş, bununla da ətraf mühitin çirklənməsinin qarşısı müəyyən qədər alınmışdır. Bundan əlavə, İzopropil spirtinin istehsalında tullantıların azaldılması üçün yeni qızdırıcı kamera və nasosların dəyişdirilməsinə başlanmışdır. Etilen-Polietilen Zavodunun yeni inzibati binası ətrafında geniş miqyasda abadlıq-yaşıllıq işləri görülmüşdür. Ötən müddətdə Bakı-Quba yolu ətrafında 11 min ədəd, bütövlükdə isə tullantılardan təmizlənmiş 35 hektar ərazidə 45 mindən artıq ağac əkilmişdir.

Rabitə və informasiya texnologiyaları sahəsində də bir çox yeniliklər tətbiq edilmişdir. Belə ki, "Azərikimya" İstehsalat Birliyi optik kabel vasitəsi ilə ARDNŞ-in korporativ internet və rabitə şəbəkəsinə qoşulmuş, müasir avadanlıq və texnologiyalar, rəqəmsal telefon rabitə sistemi tətbiq olunmuş, sürətli internet xidməti təşkil edilmişdir. Bununla da, birlikdaxili bütün müəssisələrlə telefon rabitə sistemi yüksək səviyyədə təşkil edilmişoperativlik tam təmin olunmuşdur.

Nəqliyyat və Xüsusi Texnika İdarəsinin maddi-texniki bazasının möhkəmləndirilməsində də ciddi irəliləyişlər müşahidə olunmuş, yeni avtomobillər, müəssisələrin növbəli işdə çalışan əməkçilərinin daşınması üçün avtobuslar, yüksək tonnajlı kranlar, özüboşaldan və "yəhərli" kranlar, müxtəlif tipli ekskavatorlar, avtokarlar və digər mexanizmlər alınmışdır.

2011-ci ilin əvvəllərindən kimya sənayesinin son nailiyyətlərindən istifadə etmək və beynəlxalq təcrübəni öyrənmək məqsədilə "Azərikimya" İstehsalat Birliyi və Türkiyənin Petkim Petrokimya Holding A.Ş. arasında nəzəri və praktiki biliklərin istehsalata tətbiqi və əldə olunmuş təcrübənin müəssisələr arasında mübadiləsi istiqamətində əməkdaşlıq proqramının həyata keçirilməsinə başlanılmışdır.Xatırladaq ki, sözügedən proqram çərçivəsində cari ilin may ayından başlayaraq birliyin texnologiya, mexanika və nəzarət-ölçü cihazları və avtomatika üzrə gənc mütəxəssislərinin kimya sənayesi sahəsindəki yenilikləri öyrənmək və bu biliklərdən istehsalat prosesində faydalanmaq məqsədilə Türkiyənin Petkim Petrokimya Holding A.Ş.-də istehsalat təcrübəsi keçmələrinə start verilmişdir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2011.-29 sentyabr.- S. 1.