Qara Qarayev - Aleksi Maçavariani dostluğu yenidən gündəliyə gətirildi

 

Xalq artisti, professor Tofiq Bakıxanov Tbilisidən - musiqi tədbirindən qayıtmışdır

 

Hələ sentyabrın 15-də "Kavkaz-nevs info" internet saytı xəbər verirdi ki, ayın 22-də Tbilisi Dövlət Konservatoriyasının böyük zalında Tbilisi Dövlət Opera və Balet Teatrının simfonik orkestrinin konserti olacaq. Tədbirin təşkilatçıları bildirirdilər ki, konsertdə görkəmli gürcü və azərbaycan bəstəkarları Aleksi Maçavariani və Qara Qarayevin ölməz əsərləri səsləndiriləcək. Aleksi Maçavarianinin oğlu, tanınmış dirijor Vaxtanq Maçavariani kütləvi informasiya vasitələrinə söyləmişdi ki, mənə Qara Qarayevin musiqisini ifa etmək nəsib olduğuna görə çox xoşbəxtəm. Dirijor elə həmin gündən sentyabrın 22-dək orkestrlə məşq edəcəyini söyləyirdi.

Böyük gürcü bəstəkarı Aleksi Maçavarianinin anadan olmasının 88-ci ildönümü münasibətiylə (sentyabrın 23-ü bəstəkarın ad günüdür) Gürcüstan Mədəniyyət və Tarixi Abidələrin Mühafizəsi Nazirliyinin təşkil etdiyi musiqi gecəsində ölkəmizi dahi bəstəkar Qara Qarayevin tələbəsi, Bakı Musiqi Akademiyasının professoru, xalq artisti Tofiq Bakıxanov təmsil etmişdir.

 

Tofiq Bakıxanov Gürcüstan paytaxtında keçirilmiş möhtəşəm musiqi bayramı haqqında təəssüratlarını bizimlə bölüşərkən dedi:

- Mən Tbilisiyə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təklifi ilə getmişdim. Hərtərəfli əməkdaşlıq etdiyimiz dost ölkədə keçirilən bu qeyri-adi musiqi tədbirində iştirakım hədsiz dərəcədə məmnunedici idi. Çünki konsertdə mənim müəllimim, Azərbaycan musiqi sənətinin görkəmli simalarından olan dahi bəstəkar Qara Qarayevin əsərləri də səsləndiriləcəkdi. Tədbirin gürcüingilis dillərində suvenir şəkildə çap olunmuş proqramında Qara Qarayev haqqında əhatəli söz açılır və qeyd olunur ki, "o, təkcə dahi bəstəkar deyildi, həm də böyük müəllim idi. Qara Qarayevin böyük müəllim olduğunu onun tələbələrinin sırasına baxanda görmək olar: Rauf Hacıyev, Arif Məlikov, Vasif Adıgözəlov, Tofiq Bakıxanov və Firəngiz Əlizadə kimi görkəmli bəstəkarlar məhz Qara Qarayevin tələbələridir. Eləcə də onun oğlu Fərəc Qarayev bu məktəbdən yetərincə bəhrələnib.

Mən gürcü bəstəkarları ilə çoxdan əməkdaşlıq edirəm. Hələ 1956-cı ildə SSRİ xalq artistləri A.Balançivadze, A.Maçavariani, O.Taktakaşvili, S.Sinsadze, Azaraşvilibaşqa bəstəkarlarla yaradıcılıq əlaqələrim olub. 1957-ci ildə mən konservatoriyanın bəstəkarlıq sinfini bitirəndə dövlət imtahanı komissiyasının sədri, professor A.Balançivadze idi. Sonralar o, məni dəfələrlə Tbilisiyə müəllif konsertlərinə və Zaqafqaziya festivallarına dəvət etmişdi. Sentyabrın 22-də Tbilisi Konservatoriyasının böyük zalında keçirilən konsertin birinci şöbəsində Aleksi Maçavarianinin "Təntənəli üvertüra"sı və Qara Qarayevin "İldırımlı yollarla" baletindən ikinci suita səsləndirildi. Böyük musiqi zövqü verən əsərlər idi. İkinci şöbədə isə Maçavarianinin "Otello" baletindən suitanı eşitdik. Bu əsəri Gürcüstan Dövlət OperaBalet Teatrının simfonik orkestri çox böyük ustalıqla ifa etdi. Dirijor böyük bəstəkarın oğlu Vaxtanq Maçavariani idi. Onunla söhbətimiz zamanı söylədi ki, Qara Qarayevin əsərlərini dünyanın bir çox ölkələrində sevərək, musiqiyə qəlbən bağlanaraq ifa edib. Elə bu konsertdə də Vaxtanqın dirijorluğu tamaşaçılar tərəfindən dönə-dönə alqışlandı. Qara Qarayevin əsərləri alqışlandıqca mən özümü daha xoşbəxt hiss edirdim.

Tədbirdən sonra həm Gürcüstan, həm də Azərbaycan televiziyaları mənə qədirbilən Gürcüstan tamaşaçılarının Azərbaycan musiqisinə və ümumiyyətlə, bizim mədəniyyətimizə məhəbbətini yüksək qiymətləndirmək imkanı verdilər. Hər iki müsahibədə bu möhtəşəm tədbirin təşkilatçılarına minnətdarlıq etdim.

Sonda xatırladım ki, bu tədbir mənə çoxsaylı tarixi məqamları xatırlatlı. Məsələn, 1958-ci il martın 3-də "Trud" qəzeti Aleksi Maçavarianinin Moskvada səhnəyə qoyulmuş "Otello" baleti haqqında yazıya belə sərlövhə vermişdi: "Gürcü mədəniyyətinin çiçəklənməsinin parlaq nümayişi". Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin SSRİ xalq artisti fəxri adını aldığı günlərdə isə (1959-cu il) Moskva mətbuatı yazırdı: "Azərbaycan baletinin şərəfli zəfəri".

Əminəm ki, gürcü və Azərbaycan xalqlarının böyük oğulları tərəfindən yaranan dostluq və qardaşlıq əlaqələri hələ yüz illər boyu yaşayacaq. Çünki bu münasibətlərin təməlində təmiz niyyətlər dayanır.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.-30 sentyabr.- S. 8.