Ağdaş yeni inkişaf mərhələsində

 

Ağdaşa budəfəki səfərimiz maraqlı bir təsadüfə düşdü. Rayon icra hakimiyyətində dedilər ki, bu gün başçının Qaradeyin kəndində səyyar qəbulu keçiriləcək, istəsəniz siz də iştirak edin. Sözün düzü, bu təklif ürəyimizcə oldu. Ona görə ki, Ağdaş rayonunda səyyar görüşlərin hazırlanması və keçirilməsi, ümumiyyətlə, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində maraqlı təcrübə toplandığı, uğurlu nəticələr qazanıldığı barədə çox eşitmişdik.

 

Qaradeyin həm əhalisi, həm də ərazisi cəhətdən rayonun ən böyük kəndlərindən biridir. Son illər digər yaşayış məntəqələri kimi, burada da bir sıra sosial proqramlar işlənib həyata keçirilmiş, tikinti-abadlıq və quruculuq işləri görülmüş, sahibkarlara və iş adamlarına hər cür şərait yaradılmışdır. Əlbəttə, problemlərin tamamilə aradan qaldırıldığını da demək çətindir. Ona görə də düşünürdüm ki, səyyar-qəbulda daha çox həllini gözləyən vacib problemlərdən söhbət açılacaq, konkret təşkilatlar və onların rəhbərləri haqqınıda danışılacaqdır. Ancaq belə olmadı.

İlk növbədə onu deyək ki, Qaradeyin kəndində keçirilən səyyar qəbul, necə deyərlər, adət etdiyimiz ənənəvi formadan xeyli fərqlənirdi. Burada əvvəlcədən hazırlanmış ssenari yox idi. Seçmə adamlar hazırlanmamışdı. İkinci bir tərəfdən, qəbul hər cür rəsmiyyətdən uzaq, açıq, səmimi dialoq, söhbət şəraitində qurulmuşdu. Nə kimsə kimsəyə təsir edirdi, sözünü kəsirdi, nə də sərt ittihamlar səslənirdi.

Diqqəti cəlb edən daha bir məqam ondan ibarətdir ki, səyyar-qəbulda çıxış edənlərin, demək olar ki, hamısı şikayət və iradlarını daha çox təklif və tövsiyə şəklində söylədilər, əməli xarakterli məsələlər üzərində dayandılar. Görünür, elə buna görədir ki, belə qəbullarda irəli sürülən təkliflər, qaldırılan problemlər tezliklə müsbət həllini tapır, qarşılıqlı səylər bəhrəsini verir.

Yeri gəlmişkən, əlavə edək ki, son illər Ağdaş rayonunda vətəndaşların qəbulu, onların ərizə, şikayət və məktublarına baxılması, qəbul günlərinin keçirilməsi sahəsində maraqlı və zəngin təcrübə qazanılmış, bu sahədə ardıcıl, sistemli və operativ iş qurulmuşdur. Təsadüfi deyildir ki, adamlar rayon icra hakimiyyəti başçısının, eləcə də digər rəhbər işçilərin qəbuluna böyük inam və ümidlə gəlir, onları düşündürən, narahat edən məsələlərin müsbət həll olunacağına dərin inam bəsləyirlər. Səyyar qəbullar bir də o mənada maraq doğurur ki, rayon mərkəzindən xeyli aralıda yerləşən vətəndaşlar vaxt və vəsait itirib uzaq yol gəlmirlər. Onları narahat edən məsələlər də yaşadıqları ünvanda həllini tapır.

Əlbəttə, son illər Ağdaşda iqtisadi, sosial və mədəni sahələrdə əldə edilmiş böyük uğurların, sabit və dinamik inkişafın başqa səbəbləri də var: məsələlərin həllinə kompleks münasibət, insan amili, onların vacib sosial problemlərinə həssas münasibət, təşkilat-idarəetmə və iş üslub və metodlarında elmi yanaşma, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə qayğıkeş münasibət və s. Bu yazı üzərində işləyərkən bizə Ağdaş Rayon İcra Hakimiyyətindən bir arayış verdilər. Orada son illər vətəndaşların müraciəti, keçirilən səyyar qəbullar, onların ərizə və şikayətlərinin statistikası göstərilmişdi. Nəticə fərəhlidir. Belə ki, rayon icra hakimiyyətinə daxil olan məktub və müraciətlərin, xüsusilə təkrar şikayətlərin sayı xeyli azalmışdır.

Burada, əlbəttə, söhbət təkcə rayon icra hakimiyyəti başçısının qəbul günlərindən, vətəndaşların ərizə və müraciətlərinə baxılması, bu sahədə toplanmış müsbət təcrübədən getmir. Demək istəyirik ki, son illər Ağdaşda iqtisadi, sosial və mədəni sahədə əldə edilmiş böyük uğurlarda, dinamik inkişafda, heç şübhəsiz digər mühüm cəhətlərlə yanaşı, yuxarıda sadaladığımız amillərin də rolu böyük olmuşdur. Onu da əlavə edək ki, rəhbərlik, təşkilat və idarəetmə, iş üslub və metodlarının hər hansı bir sahəsindən danışarkən yenə də eyni mənzərənin şahidi olarıq. Başqa sözlə desək, son illər rayonda həyatın bütün sahələrində əldə edilmiş böyük uğurların, dinamik inkişafın əsas səbəblərini də elə burada axtarmaq lazımdır.

Elə isə gəlin, bəzi konkret faktlara müraciət edək. Əvvəlcədən qeyd edək ki, həyata keçirilmiş ardıcıl tədbdirlər nəticəsində keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul istehsalı 31,7 faiz, sənaye məhsulu istehsalı 25,5 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 19,4 faiz, pərakəndə əmtəə dövriyyəsi 39,9 faiz artmışdır. Rayon üzrə bütün maliyyə mənbələri hesabına əsas kapitala 19 milyon 213 min manat həcmində, keçən ilin eyni dövrünə nisbətən 7 milyon 463 min manat çox investisiya qoyulmuşdur.

Rayon mərkəzi, o cümlədən bütün qəsəbə və kəndlər öz simasını tamamilə dəyişmiş, daha abad, müasir və gözəl olmuşdur. Ağdaş güllər, çiçəklər, bulaqlar, fəvvarələr şəhərinə çevrilmişdir. Tikinti-abadlıq, quruculuq işləri eyni sürət və keyfiyyətlə davam etdirilir. Xalqımızın böyük oğlu, ümummmilli lider Heydər Əliyevin adını daşıyan muzey və istirahət parkı tamamilə yenidən qurulmuş, parkın ərazisi genişləndirilmiş, 60 min kubmetr torpaq daşınmış, əlavə olaraq 5 min ədəd agac və gül kolları əkilmişdir. Parkda Azərbaycan Bayrağı meydanı yaradılmış, iki müasir tipli fəvvarə quraşdırılmışdır. Şəhərin 18 küçəsi asfaltlaşdırılmışdır.

Yeri gəlmişkən, bir məsələ üzərində daha geniş dayanmaq lazım gəlir. Bu da Heydər Əliyev parkının, Heydər Əliyevin abidə kompleksinin, Heydər Əliyev Mərkəzinin məhz bir ünvanda yerləşməsidir. Bizcə, bunun çox böyük rəmzi mənası var. Ona görə ki, Heydər Əliyev adı, Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev ideyaları xalqa təmənnasız və şərəflə xidmət etməyin ən parlaq nümunəsidir. Ulu öndərin adı ilə bağlı olan bu park, sözün əsl mənasında, böyük bir universitet keçmək, ibrət dərsi almaq, Vətən, onun qəhrəman və şərəfli keçmişi, mübarizə yolu, xoşbəxt bu günü və işıqlı gələcəyi haqqında aydın məlumat əldə etmək məqamıdır. Başqa sözlə desək, burada məlumatlandırmaq, olub-keçənləri götür-qoy etmək, nəticə çıxartmaq, sabaha daha aydın və inamla baxmaq mümkündür. Xalqımızın keçdiyi tarixi mərhələləri əks etdirən elementlərlə tanış olanda bir daha şanlı keçmişimiz, müstəqilliyimizin çətin və şərəfli yolu gözlərimiz qarşısında canlanır. Bu da sözsüz ki, hər bir azərbaycanlının hər gün, hər an görməli, tanış olmalı və dərk etməli olduğu müqəddəs bir həqiqətdir.

Heydər Əliyev muzeyi, sözün əsl mənasında, rayon əhalisinin ziyarət yeridir. Ulu öndərin həyat yolunu, mübarizələrlə dolu fəaliyyətini əks etdirən zəngin sənədlər, foto və arxiv materialları insanların qəlbində qürur və iftixar hissi oyadır, millətə layiqli övlad olmaq duyğusu yaradır.

Əhalinin vacib sosial ehtiyaclarını vaxtında və keyfiyyətlə təmin etmək, o cümlədən elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə təmir-bərpa işləri davam etdirilmiş, 7,8 kilometr uzunluğunda elektrik xətti təmir olunmuşdur. Ağdaş regional elektrik yarımstansiyasının tikintisi davam etdirilmişdir. Şəhərin ayrı-ayrı küçələrində, Ləki qəsəbəsində və 6 kənddə müxtəlif ölçülü qaz xətləri yenisi ilə əvəz olunmuşdur. Rayonun Aşağı və Orta Ləki, Güvəkənd, Əmirarx kəndlərinə təbii qaz xətti çəkilmişdir. Qaz İstismar İdarəsi üçün yeni inzibati binanın tikintisi başa çatmışdır.

5,3 hektar torpaq sahəsini əhatə edən 100 çarpayılıq Mərkəzi Xəstəxananın tikintisinə 2010-cu ildə başlanılmış və hazırda sürətlə davam etdirilir. Ağdaş şəhər S.Vurğun adına 1 nömrəli orta məktəbin və Aşağı Nemətabad kənd orta məktəbinin əsaslı təmirinə başlanılmışdır.

Sənaye müəssisələrinin fəaliyyəti genişləndirilmiş, yeni istehsal sahələri tikilib istifadəyə verilmişdir. Nəticədə, keçən ilin eyni dövrü ilə müqayisədə 25,5 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Sahibkarlara 3 milyon 304 min manat həcmində kredit verilmişdir. Hazırda sahibkarlar tərəfindən Ağdaş şəhərində 2 çoxmərtəbəli yaşayış binasının, istirahət mərkəzinin və bir sıra xidmət obyektlərinin tikintisi davam etdirilir.

İqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılmışdır. 2011-ci ilin məhsulu üçün 29823 hektar sahədə payızlıq və yazlıq kənd təsərrüfatı bitkiləri əkilmişdir. 15622 hektar sahədən 31482 ton taxıl istehsal olunmuşdur. Meyvə-tərəvəz, bağ-bostan məhsulları istehsalı da artmış, keyfiyyət yüksəlmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncamının və Azərbaycan Respubilkası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli, 32 saylı qərarı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi qaydaları"na uyğun olaraq məhsul istehsalçıları arasında geniş iş aparılmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət yardımının verilməsi üçün 41 kənd ərazi komissiyalarında toplanmış məlumatlar-istehsalçıların siyahısı, istifadə olunan əkin sahələri və çoxillik əkmələr barədə məlumatlar, digər sənədlər təhlil edilmiş və respublika komissiyasına təqdim olunmuşdur.

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti, digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması qaydaları"na əsasən 2010-cu ilin əvvəlindən istehsalçılara güzəştli qiymətlərlə 606,8 ton mineral gübrə satılmışdır. Bakı şəhərində keçirilən yarmarkaya rayonun fermerləri tərəfindən 131,4 ton keyfiyyətli və ucuz qiymətlərlə müxtəlif növ kənd təsərrüfatı məhsulları çıxarılmışdır. Hazırda rayonda iri malın sayı 837 baş artaraq 74236-ya, xırda malın sayı isə 1459 baş artaraq 91411-ə çatmışdır. Ötən müddət ərzində ət istehsalı 180 ton artaraq 5454 ton, süd istehsalı 975 ton artaraq 174 468 ton, yumurta 208 min ədəd artaraq 6 milyon 685 min ədəd, yun 1,3 ton artaraq 151,6 ton olmuşdur. Hazırda Ərəbocaq kəndi ərazisində müasir tipli 1200 başlıq heyvandarlıq komplekslərinin tikintisi davam etdirilir.

Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyəti də daim diqqət mərkəzində olmuşdur. Son illər yeni məktəblər, əlavə sinif otaqaları, səhiyyə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş, onların maddi-texniki bazası daha da möhkəmləndirilmişdir.

Göründüyü kimi, Ağdaşda inkişaf və yüksəliş bütün sahələri əhatə edir. Qarşıda duran məsələlərin həllinə kompleks münasibət, elmi yanaşma, daim yenilik axtarışları, insan amili, ulu öndər Heydər Əliyevin ölməz ideya və əməllərinə sonsuz sədaqət, ölkə Prezidenti İlham Əliyevin daxili və xarici siyasət xəttinin yerinə yetirilməsinə yönəldilmiş geniş, hərtərəfli və yaradıcı fəaliyyət bu gün Ağdaş Rayon İcra Hakimiyyətinin, onun yerli strukturunun gündəlik iş üslub və metodlarını müəyyən edən əsas cəhətlərdir.

Ağdaşlılar son illər əldə edilmiş böyük inkişafa, bütün sahələri əhatə edən yüksəlişə görə ilk növbədə ölkə Prezidentinə sonsuz minnətdarlıqlarını bildirir, bu diqqət və qayğıya öz əməli işləri ilə cavab verəcəklərini bəyan edirlər.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2011.- 30 sentyabr.- S. 7.