Peşəkarlıq Azərbaycan Ordusunun hədəfidir

 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyində keçirilən müşavirədə ordumuzun yüksək döyüş hazırlığına malik olduğunu və hərbi qulluqçularımızın ruh yüksəkliyini xüsusi vurğulayan dövlət başçısı ölkənin öz müdafiə qüdrətini daim artırmasını xalqımızın təbii haqqı kimi dəyərləndirmiş, Azərbaycan ordusunu bütün cəhətlərdən Ermənistan ordusundan daha güclü və peşəkar bir silahlı qurum kimi xarakterizə etmişdir. Onu da xüsusi vurğulamışdır ki, Silahlı Qüvvələr quruculuğuna aid xərclər bundan sonra da sistemli şəkildə artırılacaqdır.

 

Silahlı Qüvvələrimiz uğurla komplektləşdirilir

 

Məlum olduğu kimi, oktyabrın 1-dən Azərbaycan Prezidentinin həqiqi hərbi xidmətə çağırış və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərmanına əsasən Silahlı Qüvvələrin komplektləşdirilməsi işinə başlanılacaq. Xüsusi əhəmiyyət daşıyan bu möhtəşəm tədbir ordu quruculuğu sahəsində kifayət qədər strateji xarakterə malikdir. Axı Vətənə xidmət hərbi çağırışdan başlayır və əyninə əsgər forması geyinən hər bir gəncdə hərbi xidmət haqqında ilkin təəssüratlar onun çağırış vərəqəsi aldığı, hərbi komissarlığın həyətinə qədəm basdığı andan formalaşır. Etiraf edək ki, əvvəllər bu sahədə mövcud olan kifayət qədər ciddi boşluq və problemlər ordunun fəaliyyət mexanizminə mənfi təsir göstərirdi. İnsanların süni şəkildə qruplara bölüşdürülməsi, çağırışçılar arasında ayrı-seçkilik salınması, rüşvətxorluq və s. Silahlı Qüvvələrimizin nüfuzuna xələl gətirən amillərdən idi. Bu mənada müvafiq istiqamətdə təxirəsalınmaz zəruri islahatların həyata keçirilməsi və yeni qaydaların tətbiqi Müdafiə Nazirliyi rəhbərliyinin prinsipial mövqeyini ortaya qoydu.

Qısa zaman kəsiyində hazırlanan və vaxtında həyata keçirilən islahatlar artıq öz səmərəsini verməkdədir.

 

Kadr hazılığına xüsusi önəm verilir

 

Bu gün ordumuzun kadr potensialını artırması istiqamətində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin, Təlim və Tədris Mərkəzinin müstəsna rolu vardır. Bu sırada əsas yerlərdən birini də Silahlı Qüvvələr üçün ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi-tədqiqatların aparılmasını təmin edən Hərbi Akademiya tutur. 1999-cu ildə yaradılmış bu təhsil ocağı az müddətdə ordunun kadr potensialının artırılması işinə layiqli töhfələr verdi. Bu gün bütün ali hərbi məktəblərimizdə təlim-tədris işi Azərbaycan Respublikası Müdafiə Nazirinin 15 iyul 1998-ci il tarixli əmri ilə qüvvədə olan "Ali hərbi məktəblər haqqında əsasnamə"nin, eləcə də bakalavr ixtisası təhsili standartlarının tələblərinə uyğun təşkil edilir. Peşəkar pedaqoji heyət təhsildə yeni uğurların qazanılmasında mühüm rol oynayır. Məktəblərdə onlarla elmlər doktoru, professor, elmlər namizədi və dosent kursantlara elmin sirlərini öyrədir. Təlim-tədris ilinin semestr imtahanlarının test üsulu ilə keçirilməsi obyektivlik prinsipinin qorunmasına zəmin yaratmışdır. Yeri gəlmişkən, 2011-2012-ci tədris ilindən etibarən məktəbdə kursantların biliyinin qiymətləndirilməsi də Avropa Transfer Kredit Sistemi üzrə aparılacaq ki, bu da onların intellektual imkanlarını daha da artıracaq. Bu da öz növbəsində ordumuzun müdafiə qüdrətinin günbəgün artırılması deməkdir. Hərbi təhsil ocaqlarımızda bir sıra xarici ölkə gənclərinin hərb elminə yiyələnməsi buradakı təhsilin yüksək keyfiyyətindən xəbər verən amillərdəndir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev bu mühüm və vacib məsələ haqqında danışarkən demişdir: "Əminəm ki, ali hərbi məktəbi bitirmiş məzunlar Azərbaycan ordusunda ləyaqətlə xidmət edəcək və ölkənin müdafiə qüdrətini möhkəmləndirəcəklər".

 

Peşəkarlıq üçün stimul

 

Son yeddi il ərzində dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin 14 dəfə artırılması, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər ordu mənsublarında yüksək döyüş əhval-ruhiyyəsi yaratmışdır. 18 iyun 2010-cu il tarixdə müdafiə və təhlükəsizlik xərclərinin daha 400 milyon manat artırılması nəticəsində hərbi xərclərimiz 2 milyard 150 milyon dollaradək yüksəlmişdir. Milli Məclisin məlum sessiyasından sonra, 23 iyun 2010-cu il tarixdə ölkə başçısının imzaladığı sərəncama əsasən hərbi qulluqçular üçün xidməti yaşayış evlərinin tikintisinə daha 5 milyon manat vəsait ayrılmışdır. Bu sırada ölkə başçısının şəxsi tapşırığı ilə müxtəlif hərbi qarnizonlarda bir sıra sosial, mədəni və məişət obyektləri ilə birlikdə inşa olunan beş hərbi şəhərcik kompleksi də xüsusi qeyd olunmalıdır. Tikintisi yaxın vaxtlarda başa çatdırılacaq, ümumilikdə 627 mənzilə malik yaşayış binaları da ömrünü hərb sənətinə həsr edən gizir və zabitlərimiz üçün dövlətin dəyərli töhfəsidir. 20 sentyabr 2010-cu il tarixdə ölkə başçısının imzaladıfğı növbəti sərəncama əsasən, Müdafiə Nazirliyində çalışan hərbi qulluqçuların və mülki işçilərin aylıq vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 10 faiz artırılmışdır. Nəhayət, ölkə başçısının 25 iyun 2011-ci il tarixli sərəncamı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki əməkdaşlarının maaşı müvafiq olaraq daha 25 və 10 faiz artırılmışdır. Ümumiyyətlə, son bir neçə il ərzində hərbçilərimizin vəzifə və rütbə maaşları, sığorta məbləğləri davamlı şəkildə artırılmış, onlara verilən ipoteka kreditlərinin faiz göstəriciləri güzəştli şərtlərlə müəyyənləşdirilmişdir.

Silahlı Qüvvələrin döyüş hazırlığını artırmaq məqsədilə təxminən 1 milyard ABŞ dollarından artıq dəyərdə modern silah və texnika hərbçilərimizin ixtiyarına verilmişdir. İstismarda olan silahların müasir tipli optik gündüz və gecəgörmə nişangahları, müşahidə cihazları ilə kompleksləşdirilməsi, müasir tipli cihazların alınması və hərbi hissələrə təhvil verilməsi Silahlı Qüvvələrimizin döyüş imkanlarını ikiqat artırmışdır. Atəşin və döyüşün müasir tipli idarəetmə sistemlərinin fəaliyyəti nəzarət altında saxlanılmış, birləşmələrin zirehli texnikası üzərində modernləşdirmə işləri davamlı şəkildə reallaşdırılmışdır. Tank əleyhinə raket sistemlərinin döyüşə hazırlığı və radiolokasiya stansiyalarının fasiləsiz fəaliyyəti tam təmin edilmişdir. İdarəetmə sistemlərinin təkmilləşdirilməsi, vahid idarəetmə, nəzarət, rabitə və avtomatlaşdırılmış rabitə sisteminin tətbiqi üzrə işlərin artan sürətlə davam etdirilməsi cari ildə qoşunlarımızın döyüş hazırlığı sahəsində yeni keyfiyyət göstəricilərinə yiyələnməsi ilə nəticələnmişdir. Azərbaycan dövlətinin ordu quruculuğu ilə bağlı siyasəti ən yaxın gələcəkdə Silahlı Qüvvələrimizin daha böyük uğurlara imza atacağından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev bu mühüm və vacib məsələ haqqında danışaraq demişdir: "Ermənistandan fərqli olaraq, iqtisadiyyatımızı, ordumuzu Azərbaycan xalqının iradəsi və zəhməti hesabına qururuq. Xalqımızın zəhməti hesabına qazanılmış gəlirlər Azərbaycan üçün ən vacib olan ordu quruculuğu sahəsinə yönəldilir. Biz gələcəkdə də bu işləri davam etdirəcəyik." Azərbaycan Prezidentinin fikirlərini yüksək dəyərləndirən ordu mənsubları dövlətin qayğı və etimadına cavab olaraq hər il ayrı-ayrı təlim mərkəzlərində keçirilən onlarla müxtəlif xarakterli döyüş təlimlərində əsl peşəkarlıq nümayiş etdirir, xidməti vəzifələrini layiqincə yerinə yetirirlər.

 

 

İbrahim RÜSTƏMOV,

əməkdar jurnalist

 

Xalq qəzeti.- 2011.- 30 sentyabr.- S.7.