İnformasiya təhlükəsizliyinə təhdidlər
təhlükəli amilə çevrilmişdir
İnformasiya texnologiyalarının sürətli inkişaf etdiyi bir dövrdə informasiya təhlükəsizliyinin təmin olunması mühüm məsələ kimi qarşıda durur. Bu gün bütün dünya dövlətləri informasiya təhlükəsizliyinin təmin olunması üçün yollar axtarır, bu sahədə davamlı tədbirlər həyata keçirir. Azərbaycanda da bu sahədə müəyyən işlər görülür. Çünki ölkəmiz informasiya təhlükəsizliyinin pozulması nümunələri ilə tez-tez üzləşir. İnformasiya təhlükəsizliyi barədə ətraflı məlumat almaq üçün bu sahənin mütəxəssisi, fəlsəfə doktoru Cahid İsmayıloğlu ilə görüşdük.
Cahid müəllim bildirdi ki, informasiya təhlükəsizliyi deyəndə, zərərli informasiyadan qorunmaq və informasiyaların qorunması prinsipləri əsas götürülür. Biz artıq informasiya cəmiyyətində yaşayırıq. Təbii ki, bu cəmiyyətdə informasiya ən mühüm resurs sayılır. Dövlətin, cəmiyyətin və vətəndaşların həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Hazırda müasir cəmiyyət tədricən bundan asılı vəziyyətə düşüb. Buna görə də informasiyanın qorunması və informasiyadan qorunmaq çox mühüm, deyərdim ki, həyati bir məsələdir.
- Yeni texnologiyaların informasiya təhlükəsizliyinə nə kimi təsiri var?
- İinternetin sürətli inkişafı, yeni veb texnologiyalar əsasında yaradılmış proqram təminatı sistemlərinin mühafizəsi məsələnin kökündə dayanır. Yeganə yol mühafizəni gücləndirmək, hər gün baş verən yenilikləri öyrənmək və gündəmdə saxlamaqdır.
Əsasən milli dəyərli internet resurslarının təhlükəsizliyi diqqət mərkəzində olmalıdır. Çünki daha çox bu növ informasiya resurslarına daim haker hücumları həyata keçirilir. Azərbaycan, ümumiyyətlə dünya informasiya məkanına bu cür müdaxilələrdən sığortalanmayıb. Bu hücumlar əsasən Azərbaycanla müharibə vəziyyətində olan işğalçı Ermənistanın informasiya strukturları, xaricdə (əsasən Rusiyada) ermənipərəst, erməni lobbisinin idarəsində olan qruplar, fərdlər tərəfindən həyata keçirilir. Hücumlar mütəmadi şəkildə həyata keçirilir, daha çox Azərbaycan üçün əlamətdar olan Xocalı soyqırımının ildönümü, 20 Yanvar faciəsi, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü və bu kimi günlərdə daha çox müşahidə edilir.
Bunlar onu göstərir ki, artıq dövlətlər arasında baş verən münaqişələr virtual məkana da keçmişdir. Çox vaxt bunu "informasiya müharibəsi" adlandırırlar.
Yalnız Ermənistan deyil, Rusiya, Çin, ABŞ və digər ölkələrin ərazilərindən Azərbaycana aid internet resurslarına haker hücumları qeydə alınmaqdadır. Ümumiyyətlə, nə qədər ki, virtual informasiya mühiti var, informasiya müharibəsi mövcudluğunu daim saxlayacaq.
- Bu cür halları terror hadisəsi kimi qiymətləndirmək olarmı?
- Terrorizm, separatizm, ekstremizm müasir texnologiyalardan çox məharətlə istifadə
edir və bu hal təhlükəni
daha da artırır.
Terrorçuların internet vasitəsi ilə asan yolla,
iz buraxmadan məlumat əldə etmələri, şəbəkələşmələri,
sıralarını genişləndirmələri
halları bu təhlükələrdəndir.
Azərbaycanın işğal altında olan ərazilərinin bir çox internet resurslarında ayrı dövlət kimi göstərilməsi, bəzi
xəritələrdə ayrı
sərhədlər daxilində
yer verilməsi bu yolla separatizmin
də varlığını
qoruya bilməsini sübut edir.
- Azərbaycanın informasiya
məkanına müdaxilələrlə
necə mübarizə
aparılmalıdır?
- Fikrimcə, mübarizə
üç istiqamətdə
təşkil olunmalıdır.
Resursların tam şəkildə qorunmasını təşkil
etmək və hücumlardan sığortlanmaq.
Bunun üçün ilk növbədə
beynəlxalq təcrübə
öyrənilməli, müdaxilə
hallarının qarşısının
alınmasını təmin
edən proqram təminatları tətbiq
edilməlidir.
Edilən hücumların keyfiyyətini,
kəmiyyətini, qüvvəsini,
xarakterini və s. izləmək, öyrənmək,
nəzarətdə saxlamaq
da çox vacibdir. Hücumları bəzi hallarda
əks-hücumla cavablandırmaq
lazımdır.
Əlbəttə ki, üçüncü hal bir o qədər
də tövsiyə olunmur, çünki belə hallar beynəlxalq normativlərə
əsasən cinayət
ünsürü sayılır. Düşmən dövlətin də bu hallara adət
etməsi təbii hala çevrilib, çünki söhbət
işğalçı, cinayətkar
bir ölkədən
- Ermənistandan gedir.
- Kibercinayətkarlıq informasiya
təhlükəsizliyinə hansı təhdidlər törədir?
- Kibercinayətkarlıq yeni
cinayət növüdür.
Yeni texnologiyaların sürətli
inkişafı və yayılması bu növ cinayətin meydana gəlməsinə gətirib çıxartdı.
Kibercinayətkarlıq kompyuter sistemi
vasitəsilə törədilən
cinayətlərdir. Qanunsuz bank əməliyyatları,
hakerlik, piratlıq, uşaq pornoqrafiyasının
istehsalı, qadağan
olunmuş, cinayət tərkibli, təxribat xarakterli informasiyaların yayılması və digər halları bu xarakterli cinayətlər
hesab etmək olar.
Kibercinayətlərin izlərinin gizlədilməsi
təcrübəli kibercinayətkar
üçün mümkün
olası bir haldır. Belə cinayətlər ildən-ilə
artmaqdadır. İnformasiyaların məhv edilməsi, dəyişdirilməsi, oğurlanması
və ya internet resurslarına ziyan vurulması halları daha geniş yayılıb.
2008-ci ildə Azərbaycan
Avropa Şurasının
"Kibernetik cinayətkarlıq
haqqında Konvensiya"sını
imzalayıb.
Bununla bağlı
Cinayət Məcəlləsində
elektron daşıyıcılara
müdaxilə edilməsi
ilə əlaqədar
məsuliyyət nəzərdə
tutulub.
- Belə hallar hansı yolla araşdırılır?
- Yenə eyni üsulla, yəni kompyuter sistemi ilə informasiyanın mənbəyi, təyinatı,
marşrutu, vaxtı, tarixi, həcmi, davamlılığı təyin
edilir. Bu cür
cinayətlərin araşdırılması
üçün cinayətkarın
tətbiq və istifadə etdiyi üsullardan istifadə olunduğu zaman daha tez nəticə
əldə etmək mümkündür. Həmçinin bu üsullar cinayətkarın istifadə
etdiyi üsullardan daha təkmil olmalıdır.
İnternet provayderlərinin (və hostinq provayderlerin) informasiya bazası araşdırılaraq da dəlillər əldə
edilə bilər.
Müdaxilə xarici ölkədəndirsə
"Kibercinayətkarlıq haqqında" Konvensiyanın
şərtlərinə əsasən,
hücuma məruz qalan ölkə hücumun araşdırılması
üçün həmin
ölkənin hüquq-mühafizə
orqanları ilə birgə işləmək
hüququna malikdir.
- Virusların informasiya təhlükəsizliyinə təsiri
nədən ibarətdir?
- Kompyuter virusları informasiya təhlükəsizliyinə
ən böyük təhdiddir və əsasən təhlükəsizlik
səddinin aşılması
üçün məqsədyönlü
şəkildə göndərilir.
Virusların miqdarı
hər an artmaqdadır,
hər gün on-on beş yeni
növ virus meydana çıxır. Hətta səhv
etmirəmsə, 30 noyabr
Beynəlxalq İnformasiya
Təhlükəsizliyi Günü
kimi qeyd edilir və bu, dünyada ilk virusun yaranması ilində elan edilmişdir.
Virusların vurduqları ziyan milyonlarla dollar dəyərində
ölçüldükdən sonra informasiya təhlükəsizliyi haqqında
mövcud təsəvvürlər
dəyişdi. Bundan sonra mütəxəssislər
informasiya təhlükəsizliyinin
təmini məsələləri
haqqında ciddi düşünməyə başladılar.
Virusların sayının artması
ilk növbədə onunla
bağlıdır ki,
proqramlaşdırmanı bir
qədər öyrəndikdən
sonra istənilən şəxs virus yaza bilər. Bu işdə ona leqal və
qeyri-leqal ədəbiyyat,
virusların yazılması
üçün xüsusi
proqram təminatları
kömək edə bilər. Hətta müxtəlif mutasiya
generatorları mövcuddur
ki, onun köməyi ilə sadə virusdan mürəkkəb virus yaratmaq
olar.
- Viruslar necə yayılır?
- İnternet virusların
daha geniş və sürətli yayılması üçün
böyük magistral açdı. İnformasiya texnologiyaları sahəsindəki
hər bir yenilik virusların yaradılması və yayılması üçün
yeni imkanlar yaradır. Yaxın vaxtlara kimi viruslar disketlər və digər daşıyıcılar vasitəsilə
yayılırdı. İndi internetdə
viruslar bioloji virusların real dünyada
yayılmasından daha
sürətlə artır.
Virusların vurduğu ziyan milyon dollarlarla ölçülməyə başlayandan
sonra dünyada
antivirus proqramlarına böyük
tələbat yarandı. Bu da yeni biznes
sahəsinin yaranmasına
səbəb oldu.
Bilmək olmaz, bəlkə
də virusların yaranmasının və yayılmasının bu biznes ilə yaxın əlaqələri
mövcuddur. Öncə virus yaradılır, yayılır,
sonra isə antiviruslar satışa çıxarılır. Hər halda,
viruslarla mübarizə
davam etdirilməlidir.
Müsahibəni yazdı: Mehdi
MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 30 sentyabr.- S.
5.