Yeni il
maskaradları
Yeni il hər şeydən öncə
xoş əhval-ruhiyyə, şənlik deməkdir. Uşaqlardan
tutmuş yaşlılara qədər, ən çox da yeniyetmə
və gənclər bu sevimli bayramı elə maraqlı,
yaddaqalan tədbirlərlə qeyd etməyə
çalışırlar ki, o xoş duyğular sonralar yaddaşlarda
şirin xatirələrə çevrilsin.
Yeni il tədbirləri içərisində əsasən Avropa və Amerika ölkələrində təşkil edilən maskarad və karnavallar öz orijinallığı ilə daha çox seçilir. Gənclər belə təbdirlərə böyük ruh yüksəkliyi ilə qatılırlar. Teatr məzhəkələrini xatırladan belə şənliklərdə hər kəs özünü sərbəst hiss edir, öz duyğularını sevdikləri insanlarla paylaşa bilir.
2011-ci ilin qarşılanması ilə bağlı ənənəvi maskaradlarda dovşan maskasının daha çox dəbdə olacağı şəksizdir. Axı bu il dovşan bürcü üstündə gəlir. Deyilənlərə görə, bu bürc altında doğulanlar adətən şən və həlim xasiyyətli olurlar, özlərinə etibarlı dost qazanmağı sevirlər. Hesablanıb ki, son illər karnaval və maskaradlarda ən çox təsadüf olunan elə dovşanın və bir də onun əbədi rəqibi - canavarın maskası olub. Bu maskalar şimal qonşumuz Rusiyada keçirilən maskaradlarda da çox dəbdədir. Buna "Bax, görərsən!" ("Nu poqodi!") məşhur cizgi filminin də təsiri çox olub.
Qərb ölkələrində, xüsusilə ispandilli toplumlardakı maskaradlarda dahi Servantesin ölməz bədii obrazı olan Don Kixotun, eləcə də onun sədaqətli nökəri Sanço Pansanın maska və əlbisələri çox istifadə olunur. Buna səbəb Don Kixotun bir bədii qəhrəman obrazı olaraq hədsiz populyarlığıdır. Bir məqama da diqqət yetirilir. Adətən şənliklərdə Don Kixot obrazına girənlər arıq və uzunboylu gənclər olursa, Sança Pansa balacaboy və gömbullardan seçilir.
Bu məqamda cəngavərlər və onların avropalıların həyat tərzinə, davranış və düşüncələrinə nüfuzedici təsirləri barədə qısa da olsa söz açmağın məqamının çatdığını düşünüruk. Cəngavərlik ənənələri orta əsrlər Avropasında yaranaraq formalaşıb və bir neçə yüz il ərzində qitədə dəbdə qalaraq insanların həyatında silinməz izlər buraxıb. Cəngavərlərin dostluq, düzlük, darda olanlara və qadınlara kömək etmək, çətinlik və təhlükələrdən qorxub geri çəkilməmək kimi təqdirəlayiq məziyyətləri onlara daim nüfuz qazandırıb.
Orta əsrlərdə peşəkar döyüşçülərin qarşılıqlı kömək və müdafiəyə ehtiyacları yaranmışdı. Onlar bu məqsədlə "Bir ideya və nümunəvi davranış tərzinə sadiq qalaq!" şüarı altında birləşdilər. Bu prosesin dini ayrı-seçkilik baxımından müəyyən mənfi çalarları olsa da, bütövlükdə Avropa xalqlarının mədəni inkişafına faydası oldu. Belə ki, Roma imperiyasının süqutundan sonra təxminən beş əsr davam edən "kədərli yüzilliklər" ərzində Avropada məskunlaşan varvar tayfalarının davranış qaydaları nəzərəçarpan dərəcədə yaxşılaşdı.
Bütün ömürləri boyu hunlar, normanlarla vuruşan varvar xalqları birdən-birə mədəni etmək çətin idi. Onlar çox asanlıqla xəyanət edir və yalan danışa bilirdilər. Səhər tezdən əsirləri öldürməyəcəklərinə söz versələr də, axşam onları qətlə yetirirdilər. Yeni davranış qaydaları və ənənələrinə cəngavərlər həm özləri ciddi-cəhdlə riayət edir, həm də başqalarından tələb edirdilər. Əks təqdirdə, pis və yaramaz əməllərinə görə hər kəs sərt cəzalandırılırdı.
Bu qaydalar Avropanın müxtəif yerlərində
müxtəlif idi. Lakin
ümumi qaydalar da vardı. Cəngavərlər xidmət
etdikləri ali və yüksək mənsəbli şəxslərə
sonsuz sədaqətli olmalarını özlərinə şərəf
bilirdilər. Orta əsrlərdə cəmiyyətdə
özündən yuxarıda duran şəxsə xidmət etməyi
rusvayçılıq hesab etmirdilər. Təki cəngavərin
yaxşı xidmətçi olmasına şübhə yeri
qalmasın və öz borcunu axıradək ləyaqətlə
yerinə yetirə bilsin. Cəmiyyətdə
etimadsızlığın hələ güclü olduğu
dönəmlərdə xidmətdə sədaqət ən nəcib
əməllərdən sayılırdı.
Gənc cəngavərlərdən
tələb olunurdu ki, krala və Allaha sədaqət andı
içsin. Bundan başqa cəngavər səxavətli
olmalı, ona ehtiyacı olanlara qarşı xeyirxahlıq
göstərməyə borclu idi. O, söz verirdi ki,
başqaları ilə, xüsusən də özündən
zəif olanlara həlim və yumşaq davranacaq,
yaxşılıq və xeyirxahlıq etməklə
şan-şöhrət qazanacaq, lakin özünü
yerli-yersiz tərifləməyəcək.
Cəngavərlər öz həyatlarını Kral Arturun məşhur "Dəyirmi stol"unun qəhrəmanları kimi aparmağa çalışırdılar. Onlar Böyük Karlın sarayındakı igidlərdən də nümunə götürməyi şərəf sayırdılar. Cəngavərlər ser Lanselot kimi cəsur, Roland kimi sədaqətli olmaq arzusunda idilər. Onlar daim əzəmətli, vüqarlı yerişlə gəzmək və gözəl danışmaq istəyirdilər. Onların əyin-başları kasıb ola bilərdi, ciblərində pulları olmasa də eyib sayılmırdı, təki onları həqiqi cəngavər sayaydılar.
Beləcə, cəngavərlik qaydaları yaxşı davranış məktəbinə çevrildi. Cəngavərlər nəzakətli olmaları, təmiz və səliqəli geyimləri, mədəni və pafoslu nitqləri ilə cahil və nadanlara örnək olurdular. Onların zərif cinsə münasibəti xüsusilə təqdirəlayiq idi. Qadınlara böyük rəğbət və ehtiramla yanaşırdılar. Hətta qadınları rəqsə nə vaxt və necə dəvət etməyin, onlara hansı söz və ibarələrlə müraciət etməyin qaydaları vardı. Bütün bu qayda və etiketlər orta əsr avropalısının həyatını maraqlı edirdi.
Heyf ki, insanların düşünüb tapdığı hər hansı başqa qurum kimi cəngavərlik də ona ehtiyac olmadığı məqamda tarixin səhnəsindən silinməyə məhkum idi. Bəşər tarixinin utanc səhifələri olan səlib yürüşlərindən sonra Avropada şəhərlər sürətlə böyüməyə və ticarət genişlənməyə başladı. Barıtın kəşfi isə hər hansı bir cəngavərin əvvəlkitək hünər göstərmək imkanlarını azaltdı və onun ağır qılıncı odlu silahın qarşısında zəif və gücsüz oldu. Cəngavərlər cəmiyyətdə "artıq adamlara" çevrilir və tez-tez gülüş obyekti olurdular. Onların ideallara sədaqəti artıq heç bir əməli əhəmiyyət daşımırdı. Deyilənlərə görə, Don Kixot sonuncu xeyirxah cəngavər olub. Onun ölümündən sonra köhnə silahlarını satıb borclarını ödəmişdilər.
İndi nə cəngavərlər, nə də onların təşkilatları var. Onların heç birbaşa davamçıları da yoxdur. Amma cəngavərlər barədə xoş xatirələr, hekayətlər qalıb. Buna görə də maskarad və karnavallarda Don Kixotun və Sanço Pansanın maskalarını, əlbisələrini geyinənləri görəndə çöhrələrdə xoş təbəssüm yaranır. Yəqin elə buna görədir ki, Yeni il axşamı və ya hər hansı bir təntənəli məclisdə bir gəncə onun həqiqi cəngavər olduğunu deyəndə o, bunu özü üçün şərəf sayır.
Mahmud QƏZƏNFƏROĞLU
Xalq qəzeti.- 2011.- 1 yanvar.- S. 2.