Azərbaycanın
idman mükafatları xəzinəsinə daha 675 medal
Onlardan 206-sı
Olimpiya növlərində qazanılmışdır
Azərbaycan idmançıları
bu gün son bir ildə keçilmiş yolu xatırlayarkən
beynəlxalq meydanda göstərdikləri hünər,
qazandıqları qələbə və medallarla haqlı
olaraq fəxr edə bilərlər. İdmanımızın ən
yaxşı nümayəndələri artıq astanasında
dayandığımız 2011-ci ilə böyük qürur
hissi ilə qədəm qoyurlar: 2010-cu ildə ölkə
idmanının xəzinəsinə daha 675 medal - 226
qızıl, 202 gümüş və 247 bürünc
mükafat əlavə olunmuşdur. Xüsusilə diqqətəlayiqdir
ki, qazanılmış medalların 206-sı (67+59+80) olimpiya
növlərinin payına düşür.
Başqa
cür ola da bilməz. Artıq heç kim üçün
sirr deyil ki, insan həyatının ayrılmaz tərkib hissəsi
olan bədən tərbiyəsi və idmana Azərbaycanda
xüsusi qayğı var, ölkəmizdə gənc
istedadların aşkara çıxarılması, onların
ustalığının artırılması vahid komanda şəklində
fəaliyyət göstərən bütün idman təşkilatlarımızın
diqqət mərkəzindədir. Dövlətin, şəxsən
Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab
İlham Əliyevin gündəlik qayğı və diqqəti,
hərtərəfli köməyi ilə əhatə
olunmuş idmanımızın ildən-ilə daha
böyük uğurlar qazanması və onun yüksək
nüfuzunun beynəlxalq dairələrdə də yekdilliklə
etiraf olunması, əlbəttə ki, bütün xalqımızı
ürəkdən sevindirir, idmançılarımızı
isə yeni-yeni qələbələrə ruhlandırır. Məhz
dövlət başçımızın təşəbbüsü
ilə respublikada inşa edilmiş otuza qədər müasir
Olimpiya İdman Kompleksində yaradılan ideal şəraitdə
təcrübəli məşqçilərin rəhbərliyi
ilə müntəzəm və məqsədyönlü məşqlər
öz gözəl bəhrəsini verir, idman aləmi hər il
yeni-yeni çempionlarımızın meydana
çıxmasından xəbər tutur.
Azərbaycan
Gənclər və İdman Nazirliyi mütəxəssislərinin
2010-cu ildə ölkənin ən yaxşı
idmançısı hesab etdikləri yunan-Roma üsulu ilə
güləşən Həsən Əliyevin adı hələ
bir il əvvəl çoxlarına tanış deyildi. İndi
isə o, ustalığı və yenilməz qələbə
əzmi sayəsində bir ildə iki "qızıl fənd"
işlətmiş, apreldə doğma Bakıda ümummilli
lider Heydər Əliyevin adını daşıyan əzəmətli
İdman-Konsert Kompleksində Avropa çempionu olmuş,
sentyabrda isə Moskvada dünya çempionatının
qızıl medalını qazanmışdır.
İstedadlı güləşçinin bu uğurları, eləcə
də iyulda ulu öndər Heydər Əliyevin xatirəsinə
həsr edilən "Qran Pri" yarışlarının
final mərhələsində fəxri kürsünün zirvəsinə
yüksəlməsi Beynəlxalq Güləş
Federasiyası (FİLA) rəhbrlərinin də diqqətini cəlb
etmiş və onlar gənc "klassikimizi" 2010-cu ildə
dünyanın ən yaxşı yunan-Roma güləşçisi
hesab etmişlər. Bir ildə bu qədər yüksək
ad-san qazanmaq isə hər idmançının işi deyil.
Elə
burada xatırlatmaq yerinə düşər ki, 2010-cu ildə
dünyanın ən yaxşı sərbəst üsulla
güləşəni də Azərbaycan
yığmasının üzvüdür. Bir-birindən
inamlı qələbələrindən böyük zövq
aldığımız Xetaq Qazyumov da Həsən kimi, arxada
qalan bir ildə həm Avropa, həm də dünya
çempionatında qızıl medalların sevincini
yaşamış və FİLA-nın mükafatının
layiqli sahibi olmuşdur.
Dünyada
güclülərdən biri kimi tanınan güləş
yığmamızın üzvləri ilə yanaşı, digər
növlərin də nümayəndələri ili yüksək
nəticələrlə başa vurmuşlar. Dünya və
Avropa çempionatlarının gümüş
mükafatçıları avarçəkənlər Sergey
Bezuqov və Maksim Prokopenko, elə həmin
çempionatların bürünc medallarını
qazanmış cüdoçu Elxan Məmmədov, Avropa
çempionu taekvondoçu Təvəkkül Bayramov, qitə
çempionatının gümüş
mükafatçısı boksçu Elçin Məmişzadə,
dünya çempionu karateçi Rəfael Ağayev,
qrossmeysterlər Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov,
Vüqar Həşimov və bir çox başqalarının
da uğurlarını məmnuniyyətlə yada salmaq olar.
Mötəbər
beynəlxalq yarışların fəxri kürsüsünə
yüksəlmiş bir sıra qadın
idmançılarımız da 2010-cu ildə yaxşı
ustalıq nümayiş etdirmişlər. Güləşçi
Sona Əhmədli Avropa çempionu olmuş, onun komanda
yoldaşı Yuliya Radkeviç dünya
çempionatının gümüş medalını
qazanmış, bədii gimnastikamızın lideri Aliyə
Qarayeva idman ictimaiyyətimizi dünya çempionatının
üç bürünc medalı ilə sevindirmiş, Avropa
çempionatında da fəxri kürsünün
üçüncü pilləsində təbrikləri qəbul
etmiş, cüdoçu Ramilə Usubovaya dünya
çempionatının bürünc medalı təqdim
olunmuş, Zeynəb Məmmədyarova Ümumdünya
Şahmat Olimpiadasında öz taxtasında ikinci nəticə
göstərmişdir.
Ötən
ilin ən məsul yarışlarından biri də Sinqapurda
keirilmiş Yeniyetmələrin I Yay Olimpiya Oyunları
olmuşdur. İlk dəfə təşkil edilən bu startlar
həm də adlı-sanlı çempionlara layiqli ehtiyat
qüvvə hazırlığına ciddi baxış idi. Azərbaycan
idmanı yetirmələri Olimpiadada cəmi 12 nəfərlə
təmsil olunmalarına baxmayaraq, çətin sınaqlardan
şərəflə çıxıb 8 medal - 5 qızıl
və 3 gümüş mükafat qazanmağı,
ümumkomanda hesabında isə bizim üçün çox
yüksək 11-ci yeri tutmağı bacardılar. Sinqapurdan vətənə
çempion kimi qayıdan beş nəfərdən
dördü güləşçilər, biri isə
ağırlıqqaldıran Nicat Rəhimov oldu. Sonuncunun
müvəffəqiyyəti ölkəmizə ikiqat sevinc gətirdi.
Çünki Olimpiya oyunlarında bu növ üzrə hələ
heç vaxt belə böyük uğurumuz
olmamışdı. Təsadüfi deyil ki, Nicat ilin
yekunlarına görə ölkənin ən yaxşı on
idmançısının siyahısına daxil edilmişdir.
Əldə
olunmuş qələbə və medallar, şübhəsiz,
ayrı-ayrı federasiyaların, idman cəmiyyətləri və
klublarının, məşqçilərin, bütün
mütəxəssislərin gərgin əməyinin bəhrəsidir.
Heç kim dövlətin idmana göstərdiyi böyük
qayğıya layiqli işlə cavab vermək
üçün qüvvə və bacarığını əsirgəmir,
hamı birgə səylə fəaliyyət göstərir. Məhz
belə yorulmaz və məqsədyönlü fəaliyyət
sayəsində həyatın bütün sahələrində
olduğu kimi, idmanda da əsl tərəqqi yolu ilə irəliləyən
Azərbaycan indi bütün dünyada idman ölkəsi kimi
tanınır.
Bununla əlaqədar
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 27-də
Milli Olimpiya Komitəsində öz uğurları ilə
2010-cu ildə ölkəmizin nüfuzunu daha da artıran
idmançı və məşqçilərə
mükafatların təqdim olunması mərasimində belə
demişdir: "Azərbaycan dünyada idman dövləti kimi
tanınır, artıq bir neçə ildir ki,
uğurlarımız qeyd edilir. Azərbaycan Beynəlxalq
Olimpiya Hərəkatında çox fəal iştirak edir və
biz böyük hörmətə malik olan ölkəyik.
Ölkəmizdə beynəlxalq yarışların
keçirilməsi artıq adi hala çevrilibdir. İl ərzində
Bakıda dəfələrlə dünya, Avropa
çempionatları, digər beynəlxalq yarışlar
keçirilir və bizdə olan imkanlar bu yarışların
yüksək səviyyədə təşkili
üçün gözəl şərait yaradır".
Beləliklə,
idmanımızın qələbə və medalları ilə
zəngin olan 2010-cu il finişə çatmış, ən
yaxşılar yüksək mükafatlara layiq
görülmüşlər. İndi biz olimpiyaqabağı
2011-ci ilə qədəm qoyuruq. Bu il ən güclü
idmançılarımızı məsul startlar - London
Olimpiadası - 2012-yə lisenziya xarakterli çoxlu
yarış gözləyir. Qarşıda İngiltərə
paytaxtında keçiriləcək Olimpiya oyunlarına
mümkün qədər çox vəsiqə qazanmaq vəzifəsi
durur. Bu bir də ona görə vacibdir ki, Londonda Olimpiada sayca
30-cu, deməli, həm də yubiley Olimpiadası olacaq. Azərbaycan
idmançıları isə qarşıdakı Olimpiya
oyunlarında iştirakçısı olduqları əvvəlki
belə yarışlarla müqayisədə nəinki daha
mötəbər nümayəndə heyəti ilə təmsil
olunmaq, həm də Pekin-2008-dəkindən də çox
medal qazanmaq əzmindədirlər.
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2011.- 1 yanvar.- S. 7.