Ümummilli lider
Heydər Əliyev: Azərbaycanı özlərinin tarixi Vətəni
hesab edən insanlar sarsılmaz birlik nümayiş etdirməlidirlər
Vətəndən
kənarda yaşayan soydaşlarımızın ürəkləri
gərək daim Azərbaycanın nəbzi ilə bir vursun.
Harada yaşamasından, vəziyyətinin ağır və
çətinliyindən asılı olmayaraq, gərək hər
kəs öz Ana Vətəni haqqında
düşünsün. Azərbaycanlılar artıq bilirlər
və daha çox bilməlidirlər ki, indi bizim, nəhayət
müstəqil dövlətimiz - Azərbaycan Respublikamız
var. Bu, müqəddəs Azərbaycan torpağıdır, deməli,
harada olursan ol, hansı ölkədə yaşayırsan
yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın
müstəqilliyi, ərazi bütövlüyü haqqında,
Azərbaycan xalqının bu günü və gələcəyi
haqqında düşünməlisən...
Bütün dünya azərbaycanlılarının ümummilli lideri, müstəqil Azərbaycan Respublikasının xilaskarı və banisi Heydər Əliyev 16 il bundan əvvəl - 1994-cü il fevralın 23-də Londonun "Hilton" otelində bu fikirləri söyləyərkən, tam səmimi deyirəm, fərəhdən gözlərim yaşardı. Böyük Britaniyaya rəsmi səfəri çərçivəsində ulu öndər həmin gün vaxt tapıb Londonda yaşayanlarla görüş keçirirdi. Həmin görüşdə Heydər Əliyev bizimlə çox səmimi söhbət etdi və əslində, xaricdə yaşayan azərbaycanlılar aparılacaq işin, dövlət siyasətinin ilk konturlarını nəzərimizə çatdırdı və dəyərli tövsiyələrini verdi. Bu barədə bir qədər sonra...
Əvvəlcədən qeyd etmək istəyirəm ki, zəmanəmizin siyasət nəhəngi və təcrübəli dövlət xadimi olan Heydər Əlirza oğlu xalqın iradəsi və təkidi ilə hakimiyyətə qayıtdığı ilk gündən bəyan etdi ki, müstəqil Azərbaycan Respublikası müxtəlif səbəblər üzündən dünyanın ayrı-ayrı ölkələrində yaşayan bütün azərbaycanlıların Vətənidir. Odur ki, həm Vətəndə, həm də qürbətdə yaşayan bütün soydaşlarımızın həmrəyliyinə nail olmaq lazımdır. Elə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması da bu müqəddəs amala xidmət edir. Təsadüfi deyil ki, ulu öndər dünyanın hansı ölkəsinə rəsmi, dövlət və işgüzar səfərlərə gedirdisə, ilk növbədə həmin məmləkətdə yaşayan soydaşlarımızla görüşməyə çalışır, fikir mübadiləsi aparır, onları bir-biri ilə və Vətənlə əlaqələrini gücləndirməyə səsləyirdi.
Ümummilli lider 1994-cü il yanvarın 9-da xaricdə yaşayan soydaşlarımızın bir qrupunu Bakıda qəbul edərkən xüsusi olaraq vurğuladı ki, ölkənin ağır vaxtında prezident seçiləndə, prezident kürsüsünə qalxanda da, and içəndə də mən təkcə Azərbaycanın ərazisində olan azərbaycanlılara yox, bütün dünyada yaşayan azərbaycanlılara müraciət etdim. Bildirdim ki, respublikanın bu ağır dövründə hər bir azərbaycanlı, damarlarında azərbaycanlı qanı olan hər bir insan gərək bu gününə yansın, münasibətini bildirsin, kömək etsin. Çünki azərbaycanlının Azərbaycandan başqa Vətəni yoxdur. Almaniyada yaşaya bilərsiniz, həm də çox firavan yaşaya bilərsiniz. Fransada, Amerikada da yaşaya bilərsiniz, varınız da, dövlətiniz də olar. Amma o ölkələr sizin Vətəniniz ola bilməz... Hər bir millətin, hər bir insanın ana torpağı onun Vətənidir. Azərbaycanlıların da Vətəni Azərbaycandır... İndi şükürlər olsun ki, Azərbaycan müstəqil bir dövlətdir. Nə Rusiyanın, nə Sovetlər Birliyinin, nə də başqa bir dövlətin tərkibində deyil. Hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır.
Heydər Əliyev əlavə etdi ki, bu yaxınlarda mən Prezident Fransua Mitteranın dəvəti ilə Fransaya səfərə getmişdim... Fransaya gedəndə xahiş etdim ki, orada yaşayan azərbaycanlılar toplaşsın və onlarla görüşüm. Hava limanından birbaşa öz iqamətgahıma gəldim və Fransada ilk görüşüm orada yaşayan azərbaycanlılarla oldu. Az adam toplaşmışdı. Bu o demək deyil ki, Fransada azərbaycanlılar az yaşayır. Xeyr, çox yaşayır. Amma, sizin dediyiniz kimi, pərakəndə, dağınıqdırlar, bir-biri ilə əlaqələri azdır, birləşməyiblər, bəziləri hələ də, öz vətənlərini tanımır, öz vətənləri olduğunu dərk etmirlər.
Fransadakı soydaşlarımızdan fərqli olaraq İngiltərədə yaşayan azərbaycanlıların mütəşəkkil şəkildə bir yerə toplaşaraq ulu öndərin ziyarətinə gəlməsi onu son dərəcə məmnun etdi. Öz çıxışında bunu xüsusi qeyd etdi ki, sizin təşəbbüsünüzlə olan bu görüşə görə çox sevindim. Birincisi ona görə ki, başqa ölkələrdə, Avropada olan azərbaycanlılarla görüşmək mənim üçün çox mühüm hadisədir. İkincisi də düşündüm ki, azərbaycanlılar bir yerə yığışıb, demək, bir-biri ilə əlaqə saxlayıb görüşə bilərlər.
Ümummilli lider çıxışında belə bir etiraf da etdi: "Xalqımızın çox gözəl xüsusiyyətləri, ənənələri var, qədim tarixi var. Ancaq qüsurlu cəhətləri də var. O da bundan ibarətdir ki, bir-birimizlə möhkəm əlaqə saxlaya bilmirik. İnciməsəniz deyə bilərəm ki, düşdüyünüz mühitdə bəziləri əriyib başqalarına qarışır, öz milli mənliyini saxlaya bilmirlər. Bu, bizim nöqsan cəhətimizdir. Hesab edirəm ki, indi Azərbaycan müstəqil dövlət olandan sonra, digər ölkələrdə yaşayan azərbaycanlılar Azərbaycan kimi bir Ana Vətəni olduğunu dərk edəndən sonra bu çatışmazlıq, bu nöqsan da aradan götürülə bilər... Mən bugünki görüş münasibətilə sizi təbrik edirəm və hamınıza bir-birinizlə daha sıx əlaqələr saxlamağı, bir-birinizlə mehriban olmağı, yaxın olmağı, bir-birinizə dayaq olmağı arzulayıram".
Ulu öndər dərin məzmunlu, proqram xarakterli çıxışında müstəqilliyin ilk mərhələsində rəhbərliyin səriştəsizliyi nəticəsində Azərbaycandakı mövcud durumun acınacaqlı olması barədə ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan sosial-iqtisadi böhran içərisindədir, son illərdə iqtisadiyyat dağılmışdır. Vaxtilə yaradılmış böyük sənaye, kənd təsərrüfatı potensialı bərbad vəziyyətə düşmüşdür, elm, təhsil ocaqlarının çoxu pis gündədir. Sosial sahə çox ağır vəziyyətdədir. Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ vilayətindən savayı, 7 rayonu - torpaqlarımızın 20 faizi işğal olunmuşdur. Bu rayonlardan bir milyondan artıq vətəndaşımız qaçqın düşmüş, ev-eşiyini, var-dövlətini, el-obasını itirmişdir.
Heydər Əliyev Azərbaycandakı o vaxtkı real mənzərəni gözlərimiz önündə canlandırandan sonra bizim nə cür ağır hisslər keçirdiyimizi duyaraq, əlavə etdi ki, o, gələcəyə ümidlə, nikbinliklə baxır. Arxayın ola bilərsiniz, sizin qarşınızda bunu tam cəsarətlə deyirəm: Prezident kimi mən xalqımızın bütün imkanlarını hərəkətə gətirərək, Azərbaycan Respublikasının müdafiə qüdrətini möhkəmləndirməyə çalışıram və çalışacağam. Azərbaycan öz torpaqlarını uğurla qoruyacaqdır. Hər birimiz Vətən yolunda, dövlətimizin yolunda, müstəqil Azərbaycanın yolunda şəhid olmağa hazırıq və heç kim bizi bu yoldan döndərə bilməyəcəkdir... Azərbaycan xalqı aciz xalq deyil, onun qəhrəmanlıqla dolu keçmişi var... Əsrlər boyu başına gəlmiş bəlaların hamısından xalqımız öz gücü, cəsarəti, qəhrəmanlığı sayəsində çıxmışdır və indi də çıxacaqdır.
Ümummilli lider xarici dövlətlərdə Azərbaycan diasporunun yaradılması, formalaşması məsələsinin vacibliyinə diqqətimizi yönəldərək qarşımızda konkret vəzifələr qoydu: "Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin vəzifəsi Azərbaycana kömək etməkdən ibarətdir. Yenə də deyirəm, kimin nə imkanı varsa, kimin əlindən nə gəlirsə, onu da etməlidir. Xüsusən Azərbaycanın indiki vəziyyətini dünya ictimaiyyətinə, Avropa ölkələrinə, dövlət dairələrinə, informasiya orqanlarına doğru-düzgün çatdırmağa çalışmaq lazımdır. Belə hesab edirəm ki, xaricdə Azərbaycan diasporu formalaşır, o, gündən-günə inkişaf edəcək və Azərbaycana, öz Vətəninə köməyini heç kəs əsirgəməyəcəkdir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz burada, İngiltərədə yaşayan azərbaycanlılar da, haradan gəlməyindən asılı olmayaraq, daha sıx birləşəcək, bir-birinizlə, Azərbaycanla əlaqə saxlayacaqsınız, ona əlinizdən gələn köməyi əsirgəməyəcəksiniz".
Heydər Əliyev təqribən dörd ildən sonra - 1998-ci ilin iyul ayında Böyük Britaniyaya növbəti səfəri zamanı da orada yaşayan soydaşlarımızla yenə görüşdü. Lakin bu dəfə tamam başqa mənzərə idi. Onun tapşırıq və tövsiyələrinə əməl edərək, biz orada diaspor fəaliyyətini gücləndirmiş, bir sıra uğurlara imza atmışdıq. Bu barədə ulu öndərə məlumat verəndə o, çox məmnun qaldı.
Yeri gəlmişkən deyim ki, hər iki görüşdə ümummilli liderin hüzurunda Böyük Britaniyada yaşayan azərbaycanlılar adından çıxış etmək səadəti mənə nəsib oldu.
Ulu öndərin birinci görüşdəki tarixi çıxışından sonra mən söz alaraq bildirdim ki, Azərbaycanın bu ağır günündə, müstəqilliyinin ikinci dəfə itirilməsi təhlükəsinin yarandığı bir vaxtda Sizin kimi dünya səviyyəli siyasətçinin xalqın tələbi ilə dövləti idarə etməyə razılıq verməsi xarici ölkələrdə yaşayan bütün soydaşlarımızın ürəyincə olmuşdur. Biz artıq hiss edirik ki, Vətənimizi üzləşdiyi böhrandan çıxarmağa qadir, hər cür xəta-bəladan qurtarmağı bacaran, dünya siyasətinə dərindən bələd olan ağıllı, təcrübəli liderimiz var. Biz xalqımızın yaman günündə belə bir çətin missiyanı üzərinizə götürdüyünüzə görə Sizə öz minnətdarlığımızı bildiririk. Və bəyan edirik ki, biz həmişə Sizin yanınızdayıq. Sizin bu tarixi çıxışınız, tövsiyələriniz diaspor fəaliyyətimizdə bizim proqramımız olacaqdır. Doğma Vətənimiz üçün nə lazımdırsa, onu etməyə hazırıq. Qarabağın işğal olunması xalqımızın tarixinə qara ləkədir. Biz öz torpaqlarımızı geri qaytaracağıq. Mən özüm də silah götürüb müqəddəs torpaqlarımız uğrunda müharibəyə getməyə həmişə hazıram.
Həmin tarixi görüşdən xeyli vaxt keçir. Bu müddətdə Azərbaycan ulu öndər Heydər Əliyevin, 2003-cü ildən sonra isə onun siyasi kursunu yaradıcı surətdə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm uğurlara imza atmışdır.
Ümummilli lider Heydər Əliyevin gərgin zəhməti, zəngin dövlətçilik təcrübəsi və yenilməz iradəsi nəticəsində ölkədə siyasi proseslər normal məcraya düşdü, Azərbaycanda siyasi sabitlik tam şəkildə bərqərar oldu, güclü iqtisadi inkişaf üçün etibarlı baza yarandı. Son illərdə Azərbaycan iqtisadi artım baxımından birinci yerə çıxdı, bir neçə il dalbadal dünyada iqtisadi artım sürətinə görə lider dövlət oldu. Ölkəmiz indi də qabaqcıllar sırasındadır.
Bu inkişaf xaricdə yaşayan soydaşlarımızın fəallığında, Azərbaycan diasporunun fəaliyyətində də özünü göstərdi. Bu sahədə fəallığın artmasına daha bir güclü təkan 2001-ci il noyabrın 9-10-da ümummilli liderimizin təşəbbüsü və rəhbərliyi ilə Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi oldu. Həmin möhtəşəm tədbirdə dünyanın 36 ölkəsindən seçilmiş 1105 nümayəndə, habelə 906 qonaq iştirak edirdi. Heydər Əliyev həm noyabrın 9-da qurultayda, həm də noyabrın 10-da "Gülüstan" sarayında qurultay nümayəndələrinin şərəfinə verilən ziyafətdə son dərəcə əhatəli nitq söylədi. Bu çıxışlarda Azərbaycan diasporlarının, ayrılıqda hər bir azərbaycanlının sonrakı fəaliyyət proqramlarının konturları öz əksini tapmışdı.
"Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam". - Dahi şəxsiyyətin bu fikri böyük qürur hissi ilə səsləndirməsi bütün salonu ayağa qaldırdı. Mən elə o vaxt əmin oldum ki, rəhbərin bu alovlu çıxışı hələ qəflət yuxusunda olan dünya azərbaycanlılarını silkələdi, özünü, mənsub olduğu xalqın böyüklüyünü, şərəfli keçmişini duymağa, başa düşməyə sövq etdi.
Həmin qurultayda qəbul edilən qətnamə Azərbaycan diasporu üçün istiqamətverici sənəd oldu. Qurultayda xüsusi olaraq vurğulandı ki, müstəqil Azərbaycan Respublikası bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzidir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan dövləti durur. Azərbaycanı özlərinin tarixi Vətəni hesab edən insanlar milli dövlətçilik ideyaları ətrafında birləşməli, sarsılmaz birlik nümayiş etdirməlidirlər.
Bu da xüsusi qeyd olundu ki, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir. Biz azərbaycançılığı, milli-mənəvi dəyərləri, adət-ənənələri yaratmalıyıq.
Ümummilli lider öz nitqində ana dilimizin qorunub inkişaf etdirilməsi zərurəti üzərində daha geniş dayandı. O dedi: "Arzu edirik ki, hansı qitədə, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı o ölkənin dilini də mənimsəsin, o ölkənin adət-ənənələrindən də istifadə etsin, o ölkənin şəraitinə uyğunlaşsın. Amma Azərbaycan dilini yaşatsın və inkişaf etdirsin. Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik. Xüsusən, başqa ölkələrdə yaşayan azərbaycanlılar. Ona görə də mən arzu edərdim ki, hər bir ölkədə Azərbaycaq icmasında azərbaycanlılar həmrəy olsunlar, bir-birinin dərdinə yansınlar və bizim milli dəyərlərimizi birlikdə gözləsinlər, milli bayramlarımızı qeyd etsinlər... Azərbaycan dilini yeni nəslə, uşaqlara çatdırmaq üçün müəyyən tədris imkanları yaratsınlar.
Birinci qurultayda məhz ulu öndərimizin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası (DAƏŞ) yaradıldı. Bu gün də fəxr edirəm ki, ümummilli liderimiz həmin forumda mənim namizədliyimi "mənim dostum Qulamrza Səbri Təbrizi" kimi, DAƏŞ sədrinin birinci müavini vəzifəsinə təklif etdi. Mənim üçün həyatda bundan böyük və qiymətli mükafat olmayıb.
Onu da qeyd edim ki, xaricdə yaşayan soydaşlarımızın fəallığının artmasında, diasporlarımız arasında əlaqələrin yaradılmasında və onların fəaliyyətinin bir məcraya yönəldilməsində DAƏŞ-in çox mühüm rolu olmuşdur. Dünyanın bir sıra ölkələrində, o cümlədən İngiltərədə, ABŞ-da, Norveçdə... Azərbaycan dilini öyrənən məktəblər, dərnəklər, kurslar təşkil etdik və oraya yüzlərlə dərs vəsaiti, bədii və tarixi əsərlər göndərdik. Azərbaycanın mədəni irsinin qorunması ilə bağlı müxtəlif tədbirlər, konfrans, seminar və simpoziumlar keçirdik.
Digər tərəfdən, Azərbaycanın qarşılaşdığı Dağlıq Qarabağ problemi ilə bağlı, habelə xalqımıza qarşı törədilmiş haqsızlıqlar - 20 Yanvar faciəsi, Xocalı soyqırımı, soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyası, güneyli bacı və qardaşlarımızın hüquqlarının pozulması və s. barədə əsl həqiqətləri dünyaya çatdırmağa çalışmışıq. Bundan başqa, Azərbaycanın geniş iqtisadi potensialını, təbiətini, turizmin inkişafı üçün gözəl imkanlarını təbliğ etməklə doğma Vətənimizə həm də xarici sərmayədarları cəlb etməyə səy göstərmişik.
Şəxsən mən, ömrünün 50 ildən çoxunu mühacirətdə keçirmiş və həyatını Azərbaycan diasporunun yaranmasına və inkişafına sərf etmiş bir azərbaycanlı kimi, çox sevinirəm ki, ulu öndərimiz Heydər Əliyevin siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımız diasporlarla işin təşkilini, bu sahədə daha səmərəli yollar axtarılmasını daim diqqət mərkəzində saxlayır.
Dünya Azərbaycanlılarının ikinci qurultayı məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirildi. Həmin qurultayda çıxış edən cənab İlham Əliyev xaricdə yaşayan soydaşlarımızın fəallığının artdığını, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diasporların işindəki uğurları qeyd etməklə yanaşı, əsas diqqəti qarşıda duran vəzifələrə yönəltdi. Qeyd etdi ki, xaricdə yaşayan soydaşlarımız daha da güclənməlidirlər, təşkilatlanma prosesi daha sürətlə getməlidir. Onlar yaşadıqları ölkələrin siyasi dairələrinə, siyasi təsisatlarına daha fəal inteqrasiya etməlidirlər. Eyni zamanda biznes aləmində yüksək mövqe qazanmaq üçün bütün imkanlardan istifadə etmək lazımdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə çox böyük xidmətlərindən biri də bu oldu ki, 2007-ci ilin mart ayında Bakıda Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumunu təşkil etdi. Həmin forumda Azərbaycan Prezidenti öz nitqində bildirdi ki, biz bu tədbiri Türkiyə-Azərbaycan diaspor forumu kimi nəzərdə tutmuşduq. Fəqət bu gün 48 ölkənin nümayəndəsi Azərbaycandadır və geniş mənada, bu gün beynəlxalq birlik Azərbaycandadır, bizim ətrafımızdadır. Bu, bizi daha da zənginləşdirir.
Prezident İlham Əliyev öz nitqində dedi: "Bugünkü forumun ən böyük önəmi və deyə bilərəm ki, tarixi nailiyyəti ondadır ki, artıq biz öz fəaliyyətimizi birləşdiririk. Əminəm ki, bu gündən sonra türk və Azərbaycan diaspor təşkilatları vahid orqanizm kimi çalışacaqlar. Bütün işlərdə öz fəaliyyətini əlaqələndirəcək, bizimlə, dövlətlərlə məsləhətləşmələr aparacaqlar...
Bizi narahat edən problemlər də var. İlk növbədə, bir daha demək istəyirəm ki, bizə - Türkiyəyə, Azərbaycana qarşı çox mütəşəkkil, böyük maliyyə imkanlarına malik olan dünya erməni diasporu, erməni lobbisi işləyir.
Bəlkə də yeganə ölkələrik ki, bizim əleyhimizə dünyanın istənilən yerində güclü təbliğat maşını, yenə də deyirəm, böhtan, yalan və tarixi təhrif edərək, bizi ləkəmələk istəyən qüvvə işləyir.
Bir tərəfdən, bu problem, digər tərəfdən, Azərbaycanın işğal olunmuş torpaqları, Türkiyəyə qarşı əsassız ittihamlar, qondarma "soyqırımı"nın tanıdılması cəhdləri - bütün bunlar bizim xalqlarımıza qarşı yönəldilən əməllərdir. Xocalı soyqırımını törədən vəhşilər bizi soyqırımda ittiham edirlər və bəzi hallarda onların yalan təbliğatı uğurlar gətirir. Bir çox hallarda xarici ölkələrin onlar tərəfindən pulla, rüşvətlə ələ alınmış riyakar siyasətçiləri onların səsinə səs verirlər. Bu, ədalətsizliyin zirvəsidir. Bu, mənəviyyatsızlığın zirvəsidir. Biz buna qarşı mübarizə aparmalıyıq, aparmalıyıq və aparmalıyıq! Türk diplomatlarını qətlə yetirən, onlara qarşı terror aktları törədən erməni terorist təşkilatları nədənsə qınaq obyektinə çevrilmir. Onların məkrli hərəkətləri nədənsə, qınaq obyektinə çevrilmir. Avropa ölkələrində həbs olunmuş erməni terrorçuları bir müddətdən sonra azadlığa buraxılırlar. Bəs orada qətlə yetirilən bizim soydaşlarımız insan deyilmi? Biz bu ikili standartlara nə qədər göz yummalıyıq? Biz bununla nə qədər barışmalıyıq? Biz görürük ki, bəzi hallarda ədalət prinsipi tamamilə aradan qaldırılır. Biz bunun qarşısına nəyi çıxarmalıyıq? Ancaq göz gücümüzü, başqa amil yoxdur! Biz güclənməliyik, hərtərəfli - hərbi, iqtisadi, siyasi cəhətdən, bütün cəhətlərdən və birgə fəaliyyət göstərməliyik!"
Bu gün dünyada fikir Azərbaycanın xeyrinə dəyişir. Daha ermənilərin hay-küyü, yalanı, timsahsayağı göz yaşları, yaltaqcasına onun-bunun əlini-ayağını yalamaları keçmir. Bizlərdə belələri barədə deyərlər ki, "daha onların hənasının rəngi gedib". İndi Avropada vay-şivənə, qara-qışqırığa yox , təmkinli, məntiqi çıxışlara, konkret faktlara söykənən ağıllı təbliğata inanırlar. Ermənilər yüz ilə yaxındır ki, dəridən-qabıqdan çıxırlar ki, qondarma "erməni soyqırımı"nı dünyaya sırısınlar. Hələ ki, bir şey alınmır, Heç alınmayacaq da. Dünya artıq "başıbəlalı, fağır millət" qiyafəsinə girmiş ermənilərin canavar xislətinə, yırtıcı təbiətinə bələddir.
Deməli, Azərbaycan dövlətinin xarici siyasəti, dünya azərbaycanlılarının və diasporlarımızın fəaliyyəti düzgün istiqamətdədir.
Bu əziz bayramda bütün soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, onlara xoşbəxtlik, firavan həyat, ailə səadəti arzulayır və fikrimi ümummilli liderimiz Heydər Əliyevin Dünya azərbaycanlılarının I qurultayındakı son sözləri ilə bitirmək istəyirəm: "Qoy, çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin!" Amin!
Qulamrza Səbri TƏBRİZİ,
Dünya Azərbaycanlıları
Konqresinin sədri,
Böyük
Britaniyanın Edinburq Universitetinin
professoru
Xalq qəzeti.- 2011.- 1 yanvar.- S. 8.