Gənclər Azərbaycan
həqiqətlərinin dünyaya
çatdırılmasında fəaldırlar
Dünyanın hansı nöqtəsində
yaşamalarından asılı olmayaraq,
soydaşlarımızın qazandığı hər bir
uğur həm də Azərbaycanın uğurudur. Azərbaycandan
kənarda yaşayan həmvətənlərimiz elm, təhsil
və digər sahələrdə çalışmaqla
yanaşı, həm də olduqları ölkədə diaspor
işində fəallıq göstərirlər. Bu
yaxınlarda redaksiyamızın qonağı olmuş,
hazırda Almaniyada Frankfurt Sülh Araşdırmaları
İnstitutunun əməkdaşı, siyasi elmlər doktoru Azər
Babayev də belələrindəndir.
Onunla söhbətimiz Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Almaniyadakı elmi fəaliyyəti, soydaşlarımızın Vətəndən uzaqda təşkilatlanması, diasporumuzun bu günü və gənclərimizin diaspor quruculuğundaki fəaliyyəti barədə oldu.
O, 2001-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra təhsilini Almaniyada davam etdirib. Ayxstet İnqolştat Universitetində magistr təhsili alıb. Mannhaym Universitetində doktorluq müdafiə edərək elmi dərəcə alması onun növbəti uğurlarındandır.
Azər Babayevin sözlərinə görə, Almaniyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın təşkilatlanması və cəmiyyətə inteqrasiyası uğurla davam edir. Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzində cəmləşən diaspor təşkilatlarımız həmvətənlərimizin birgə fəaliyyətində, ölkəmizdə müxtəlif sahələrdə baş verən mühüm yenilikləri, xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, Qarabağ həqiqətləri barədə bilgilərin Almaniya cəmiyyətinə çatdırılmasında fəallıq göstərirlər. Bu işdə həmçinin Azər Babayevin Avropanın nüfuzlu dərgilərində; "Şərqi Avropa", " Oriental", Adanauer Fondunun dərc etdiyi nəşrlərdə və s əcnəbi dillərdə işıq üzü görən elmi məqalələri oxucular münaqişə barədə obyektiv informasiya verir.
"Elmi məqalələrimin çoxu dünyada baş verən bir sıra müharibə və münaqişələrin təhlili ilə bağlıdır. Bunlar arasında Qarabağ münaqişəsi və onun həlli yolları, ölkəmizin müəyyən ərazilərinin işğal altında qalması faktoru, Azərbaycanın münaqişənin həllində tutduğu konstruktiv mövqedən bəhs edən məqalələr xüsusi yer tutur. Çalışıram ki, bu yazılarla Avropa ictimaiyyəti münaqişə barədə həqiqətlərdən daha ətraflı xəbərdar olsun. Qarabağ həqiqətləri ilə bağlı mühazirələrdən sonra əcnəbi ziyalıların daha çox şey öyrəndiyini hiss edirəm. Məqsədimiz ölkə həqiqətlərinin dünyaya daha dolğun çatdırılmasına nail olmaqdır."
- deyə həmsöhbətim əlavə etdi.
Onun sözlərinə görə İKT Gənclər
Forumunun Mədəniyyətlərarası Dialoq üzrə əlaqələndiricisi
Leyla Əliyevanın rəhbərlik etdiyi və müxtəlif
ölkələrdə uğurla davam edən "Xocalıya ədalət"
kampaniyası Qarabağ həqiqətlərini beynəlxalq
ictimaiyyətə çatdırmaq baxımından öz səmərəsini
verməkdədir. Azər Babayev gənclərimizin
Almaniyadakı fəaliyyətlərindən söhbət
açdı. Onların bir çoxu burda müxtəlif sahələrdə,
xüsusilə də tibb sahəsində təhsil alır, hərtərəfli
peşəkar kadr kimi yetişirlər. Bu gənclərin Vətəndən
uzaqda təşkilatlanması, cəmiyyətə
inteqrasiyası, milli-mənəvi dəyərlərimizi, bayram
adətlərimizi qoruyub saxlaması isə onların əsasən
vahid bir birlikdə toplanması sayəsində mümkün
olur. " Almaniyada 2008-ci ildə qeydiyyatdan keçmiş Azərbaycanlı
tələbələrin və elm adamlarının birliyi bu
işdə əlindən gələni edir. Mən eyni zamanda bu təşkilatda
regional koordinator kimi fəaliyyət göstərirəm. Gənclərimiz
ölkəmizi öz qabiliyyəti, fəaliyyəti və
çıxışları ilə təmsil edirlər."
2010-cu il
xaricdə yaşayan və fəaliyyət göstərən
soydaşlarımızın, xüsusilə də gənclərin
həyatında mühüm tədbirlərlə yadda
qaldı. Bunlardan ən diqqətçəkəni isə
Frankfurt şəhərində keçirilmiş, Azər
Babayevin də iştirak etdiyi Dünya Azərbaycanlı Gənclərinin
Birinci Forumu oldu. Onun sözlərinə görə, fəal gənclərin
toplaşdığı bu mühüm tədbir gənclərin
müxtəlif aspektlərdə fikir mübadiləsinin
aparılması, gənclərin diaspor quruculuğu sahəsində
fəallığının artırılması və təkliflərlə
yadda qaldı. O, qeyd etdi ki, belə görüşlər gənclərimizin
təşkilatlanmasında və qarşılıqlı əməkdaşlığında
vacib rol oynayır.
Gələn il isə dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız Dünya Azərbaycanlılarının Üçüncü qurultayında iştirak etmək üçün Bakıya toplaşacaq. Azər Babayev ümid edir ki, bu qurultay da həmvətənlərimizin fikir mübadiləsində, qarşılıqlı əməkdaşlığı sahəsində və qarşıdakı illər ərzində görüləcək işlərin müəyyən edilməsi baxımından öz töhfəsini verəcək.
İlin son günü- 31 Dekabr bütün azərbaycanlılar üçün ikiqat əlamətdar bayramdır. Həmin gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü soydaşlarımızın məskunlaşdıqları hər yerdə, eləcə də Almaniyada qeyd edilir. Həmsöhbətim bu bayramla bağlı təəssüratlarını da bölüşdü: "Həmrəylik günü bizim üçün ən önəmli günlərdən biridir. Bugün artıq Azərbaycan müstəqil bir ölkədir. Harada olsaq da, həmrəylik günü soydaşlarımız arasında müxtəlif səviyyələrdə qeyd edilir. Almaniyada da diaspor nümayəndələrimiz bu günü xüsusi qeyd edirlər. Arzum budur ki, bu həmrəylik təkcə tədbirlərlə kifayətlənməsin. İlin bütün günlərində hər kəs Vətəndə və ondan uzaqlarda yaşamasından asılı olmayaraq, həmrəy olmağa can atsın, milli mənəvi dəyərlər, Vətən təəssübkeşliyi və milli ideyalar ətrafında birləşib xalq və dövlətçiliyimizin inkişafı üçün daha səmərəli işlər görsün."
Biz də xaricdə fəaliyyət göstərən həmsöhbətimizin arzularına qoşulur, dünya azərbaycanlılarını həmrəylik günü münasibətilə təbrik edirik. Qoy 2011-ci ildə soydaşlarımız harda yaşamalarından asılı olmayaraq, daha böyük uğurlar qazansınlar.
Əfsanə
BAYRAMQIZI
Xalq qəzeti.- 2011.- 1 yanvar.- S. 5.