2010-cu il Azərbaycanın
xarici siyasətində mühüm uğurlarla yadda qaldı
Böyük
dövlət xadimi, milli tariximizin ən görkəmli
simalarından olan Heydər Əliyev deyirdi ki, dövlətin
siyasi kursu konkret olaraq bir istiqamətə yönəlsə də,
bu kursun müəyyən prinsipləri mütləq zamanın
tələbləri ilə uzlaşdırılır. Yəni
biz təxminən 15-16 il əvvəl öz fəaliyyətimizi
dövlət müstəqilliyinin əbədiləşdirilməsi
istiqamətində qururduqsa, həmin dövrdən 7-8 il sonra
beynəlxalq aləmə inteqrasiyanın dərinləşdirilməsini
əsas vəzifə kimi icra edirdik.
Daha bir neçə il sonra hədəfimiz iqtisadi inkişaf baxımından regionda şəriksiz lider ölkə səviyyəsinə qalxmaq idi. 1993-cü ilin yayından etibarən qarşıya qoyduğumuz bütün vəzifələri layiqincə, yüksək səviyyədə yerinə yetirmişik. Artıq dünya ictimaiyyəti Azərbaycanı çoxsaylı islahatlar aparılan ölkə, vətəndaş cəmiyyətinin yaradılması istiqamətində irimiqyaslı layihələr həyata keçirən və böyük uğurlara imza atan dövlət kimi tanıyır. Ona görə də bu gün Azərbaycan dövlətinin qarşısında duran ən mühüm məsələ məhz Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu ildə həyata keçirdiyi tədbirlər bir daha sübut edir ki, dövlətimiz və dövlət başçımız bu məsələni daim diqqət mərkəzində saxlayır.
2010-cu ilin bəxtinə düşən siyasi-diplomatik gedişlərin ümumi mənzərəsinə qısa da olsa nəzər salaq. Bu məqsədlə qələmə aldığımız sətirləri hazırlayarkən Azərbaycan Respublikası İşlər İdarəsinin Prezident Kitabxanasının internet sayıtını hazırlayan mütəxəssislərin ərsəyə gətirdiyi "Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyəti" elektron nəşrindən istifadə etmişik. Nəşrin birinci fəsli "Xarici siyasət fəaliyyətinin xronikası" adlanır (www.foreinqpol.rreslib.az). İki il əvvəl hazırlanmış bu nəşr dövri olaraq yeniləşdirilir və daha da zəngin olur.
İlin ilk ayında - yanvarda Azərbaycan Prezidenti İlham Əliyevin ilk beynəlxalq informasiya vasitəsinə verdiyi müsahibə də, ilk xarici səfəri də bilavasitə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ Münaqişəsinin ədalətli şəkildə həll edilməsi məqsədinə xidmət edirdi. Yanvarın 19-da dövlət başçımız "Yevronews" telekanalının müxbiri Laura Davidskunun suallarını cavablandırarkən ölkəmizin ərazi bütövlüyünün bərpasının bizim üçün ən vacib məsələ olduğunu söyləmişdi. İki gün sonra ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edərkən isə Prezident qeyd etmişdi ki, Azərbaycanın Ermənistana edə biləcəyi güzəştlər tükənmişdir. Biz öz torpaqlarımızın işğal altında saxlanılması ilə barışa bilmərik.
Yanvarın 25-də 2010-cu ilin ilk xarici səfərinə çıxan İlham Əliyev Soçidə Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Prezidenti Serj Sarkisyanla keçirilən üçtərəfli görüşdə Azərbaycanın mövqeyini daha qəti şəkildə ortaya qoymuşdu. Yanvar ayının daha əlamətdar hadisəsi isə dövlət başçımızın İsveçrəyə işgüzar səfəri olmuşdur. Davosda Dünya İqtisadi Forumunun "qlobal enerji mənzərəsi" adlı iclasında, sonra isə "Neft və qaz geosiyasəti: yeni sərhədlər" mövzusunda təşkil edilmiş sammitdə çıxış edən dövlət başçımız həmin iki gündə dünyanın müxtəlif qütblərini təmsil edən 11 dövlət və hökumət başçısı ilə görüşmüş, "Bloomberq" informasiya agentliyinə müsahibə vermişdir. Bütün bu görüş və tədbirlərin hamısında Prezident İlham Əliyevin əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə nail olmaq idi. Bu tendensiya fevral ayında da geniş şəkildə davam etdirildi. Ayın 4-dən 6-dək Almaniyada işgüzar səfərdə olan Prezident İlham Əliyev Berlində kansler Angela Merkel ilə görüşündə də, 46-cı Münhen Təhlükəsizlik Konfransında da, həmin şəhərdə Alman-Azərbaycan Forumunun iştirakçıları ilə görüşdə də, eləcə də Münhendə ABŞ, Türkiyə və İran rəsmiləri ilə görüşlərində də hərtərəfli danışıqlar aparmışdı. Dövlət başçımız orada əsasən işğal olunmuş ərazilərimizin azad edilməsi məsələsini gündəliyə gətirirdi.
Azərbaycan Prezidentinin növbəti səfəri aprelin 6-dan 8-dək Estoniyaya reallaşdırılan dövlət səfəri olmuşdur. Həmin səfər sübut etdi ki, Azərbaycan dünyanın istənilən ölkəsi ilə qarşılıqlı, səmərəli, eyni zamanda ikitərəfli və çoxtərəfli əməkdaşlığa böyük önəm verir.
Bu zaman güdülən əsas məqsəd odur ki, həmin əməkdaşlıq xalqımızın və dövlətimizin mənafeyinə xidmət etmiş olsun. Elə mayın 8-də və 9-da Moskvada işgüzar səfərdə olanda da Prezident İlham Əliyev 1941-45-ci illərin Böyük Vətən müharibəsindəki Qələbənin 65 illiyi münasibətilə Rusiya paytaxtında keçirilən bayram tədbirlərində iştirak etməklə həmin qanlı müharibədə həlak olmuş yüz minlərlə soydaşımızın xatirəsinə ehtiram nümayiş etdirmişdi. Üstəlik, torpaqlarının 20 faizi işğal altında olan dövlətin başçısı üçün bu qəbildən olan tədbirlər çox vacib idi. Çünki Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün aparılan danışıqlara xüsusi töhfələr vermək iqtidarındadır.
Ancaq ekspertlərin fikrincə, bu məsələdə Türkiyə Cümhuriyyətinin oynadığı və oynayacağı rol da danılmazdır. Dövlət başçımızın iyun ayının 7-dən 9-dək Türkiyədə işgüzar səfərdə olarkən keçirdiyi görüşlər də həmin tezisin təsdiqi kimi səslənirdi. İstanbulda Prezident Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan, Makedoniya Prezidenti Georgi İvanov və digər rəsmi şəxslərlə görüşlərdə Azərbaycanın yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsi daim diqqət mərkəzində idi. Məhz həmin danışıqların yaratdığı fəallaşma fonunda Rusiyanın Sankt-Peterburq şəhərində, "Konstantinovski" sarayında görüşən (17 iyun) Dmitri Medvedev, İlham Əliyev və Serj Sarkisyan dalana dirənmiş danışıqların fəallaşdırılması üçün çıxış yollarını axtarmışdılar.
Konfiliktoloqların fikrincə, Prezident İlham Əliyevin iyun ayında İstanbulda və Sankt-Peterburqda keçirdiyi görüşlərin və apardığı danışıqların yaratdığı fəallaşma fonu iyul ayında ABŞ-ın Dövlət katibi Hillari Klintonun Bakı səfərinə zəmin yaratmışdı. ATƏT-in Minsk qrupunun digər həmsədri kimi Vaşinqton təmsilçisi Bakıda qeyd etmişdi ki, adı çəkilən münaqişə ölkələrin ərazi bütövlüyünün bərpası şərtilə, sülh və danışıqlar yolu ilə həll edilməlidir.
2010-cu ilin isti keçən yayı regiondakı ictimai-siyasi proseslərdə də bir qaynarlıqla müşayət olunurdu. Məhz həmin qaynarlığın nəticəsi idi ki, iyulun 10-da Ukraynada Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşü keçirildi. Görüşdə çıxış edən Prezident İlham Əliyev MDB rəsmilərini bu quruma üzv olan ölkələrdəki münaqişələrin tezliklə və ədalətli şəkildə həll edilməsinə çağırdı. Dövlət başçımız həmin çağırışla sentyabrın 15-də İstanbulda - Türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantısında da çıxış etdi. Sentyabr Azərbaycan dövləti üçün Prezident İlham Əliyevin BMT Baş Məclisinin tribunasından çıxış etməsi ilə də yaddaqalan oldu. Səfər çərçivəsində və sammitdə Nyu-Yorkda bir çox ölkələrin siyasətçiləri ilə görüşən Prezident İlham Əliyev dünya ictimaiyyətinin işğalçı Ermənistanı cilovlamağa çağırdı.
İlin yaddaqalan məqamlarından biri də Azərbaycana dost ölkə və strateji tərəfdaş kimi xüsusi önəm verən Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə göstərdiyi maraq idi. Belə ki, Soçi və Peterburqda keçirilən üçtərəfli görüşlərin təşkilatçısı olmuş Prezident Dmitri Medvedev bu qəbildən olan növbəti görüşün oktyabrın 27-də Həştərxanda keçirilməsinə nail oldu. ATƏT-in Astana samiti ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaxşı imkan yarandığını gözləyən Dmitri Medvedev Ermənistan prezidentinin növbəti şıltaqlığı ilə üzləşdi. Maraqlıdır ki, Azərbaycan Prezidentinin Türkiyə və Rusiyadan sonra bir ildə təkrar səfərə getdiyi üçüncü ölkə Ukrayna oldu. Oktyabrın 28-də Kiyevə səfər edən Prezident İlham Əliyev GUAM çərçivəsində Azərbaycanla əhatəli şəkildə əməkdaşlığı olan Ukraynada çoxsaylı görüşlər keçirdi və bir sıra sənədlərin imzalanmasına nail oldu. Qeyd edək ki, Ukrayna BMT çərçivəsində müzakirə olunan bütün məsələlərdə Azərbaycanın mövqelərini müdafiə edir.
Noyabr ayında Azərbaycanın xarici siyasətində çox mühüm olan daha bir nəticə əldə edildi. Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti zirvə görüşünün Bakıda keçirilməsi, eyni zamanda, əvvəlki sammitlərin hamısından fərqli olaraq ilk dəfə Bakıda beş ölkənin dövlət başçısının birgə bəyənnamə imzalanması Azərbaycan diplomatiyasının böyük uğuru idi. Həmin ay NATO-nun Lissabonda keçirilən sammiti də bizim üçün əhəmiyyətli oldu. Prezident İlham Əliyev sammit tribunasından növbəti dəfə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıraraq qeyd etdi ki, bu münaqişənin həll edilməmiş qalması təkcə bizim region üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olaraq qalır. Dövlət başçımız həmin qətiyyətli mövqeyini dekabrın ilk günündə ATƏT-in Astanada keçirilən sammitinin tribunasından da səsləndirdi və Avropada təhlükəsizlik və əməkdaşlıq missiyasını öz üzərinə götürmüş qurum rəhbərlərinin nəzərinə çatdırdı ki, Ermənistan dövlətinin yeritdiyi siyasət məhz təhlükəsizliyə və əməkdaşlığa maneədir.
Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının dekabrın 10-da Moskvada keçirilən iclasında quruma üzv olan ölkə rəhbərləri Prezident İlham Əliyevin Azərbaycan xalqı və dövləti adından bəyan etdiyi növbəti qətiyyətin şahidi olmuşlar: "Biz öz torpaqlarımızın işğal altında qalması ilə barışa bilmərik". Ayın üçüncü ongünlüyünün əvvəlində İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən sammitinin iştirakçıları da dövlət başçımızın qeyd edilən qətiyyətini eşitmişlər.
Beləliklə dövlət başçımız 2010-cu ildə 16 dəfə xarici səfərdə olmuş, Serbiya, İordaniya, Belarus, Bolqarıstan, Mavritaniya, Türkiyə, Rusiya, Gürcüstan, Rumıniya, Qazaxıstan, İran, Türkmənistan və başqa ölkələrin dövlət başçıları ilə Bakıda, 50-dən artıq dövlət və hökumət başçıları ilə isə beynəlxalq təşkilatların sammit və toplantılarında görüşmüşdür. Bütün bu görüş və danışıqların əsas mövzuları ölkəmizin beynəlxalq aləmə inteqrasiyasının genişləndirilməsi, Xəzərin Azərbaycan sektorundan hasil edilən karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi üçün müəyyən edilən marşrutların şaxələndirilməsi üçün aparılan danıhışlar idi. Ən başlıcası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün aparılan danışıqların nəticə verməməsindən yaranan narahatlıqlar idi. Fakt odur ki, 2010-cu ildə dünyanın bütün ölkələrinin və beynəlxalq təşkilatlarının Ermənistanı işğalçı dövlət kimi tanımasına nail olmuşuq.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 1 yanvar.- S. 1-2.